“Əfsanələr paytaxtı”nın həqiqətləri

  

1. HƏQİQƏT VƏ ƏFSANƏ, YAXUD TARİXİ YADDAŞ ENERJİSİNİN XİLASKAR GÜCÜ

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” Proqramına əsasən, Qafqazın ilkin yaşayış, sivilizasiya ocaqlarından olan 2300 yaşlı Şabran şəhərinin “ƏFSANƏLƏR PAYTAXTI” elan edildiyini eşidəndə, ən əvvəl bu qədim türk yurdunun HƏQİQƏTLƏRİ haqqında düşündüm. Qəlbimdən keçdi ki, əlahəzrət tarix əfsanələrdən daha çox həqiqətlərə inanır; həqiqət əfsanədən daha əzizdir. Həqiqətlər tarix dumanına bürünüb qeybə çəkiləndə əfsanələr ilğım kimi peyda olur; necə deyərlər, həqiqətlər qurtaran yerdə əfsanələr başlayır.

Söz sehrinə, bədii düşüncə tilsiminə düşdüyümüz ən qədim əfsanələrin, əsatirlərin, miflərin kökündə, mayasında nə vaxtsa unudulan, unudula-unudula qurtaran, qeybə çəkilən, enerjisi tükənən həqiqətlər dayanır. Göydən düşən, ildırımdan yaranan Misri qılınc mifdir, Sultan Səlim Yavuzun Çaldıran döyüşündə istifadə etdiyi topun “damarına” qədər işləyən Şah İsmayıl Xətai qılıncı həqiqətdir. Uluca nağıl və dastanlarımızda kəsilmiş qanlı qolun qüdrətiylə, qılınc möcüzəsiylə vurulub salınan bədheybət div başları əfsanədir, 22 il ərəb xilafətinə qarşı mərdi-mərdanə vuruşan, tarixin qalibiyyət zirvələrini fəth edən Babək qılıncı həqiqətdir! “Ya sən İslamı qəbul eylə mənim dinimə gəl, Ya mən İsanı tutum, dini-kəlisaya gəlim” tolerant beyti sözdür, Vətən eşqinə susayan, Vətənin qanlı yaralarını ruhunun yanıq dodaqlarıyla öpüb oxşayan, təkbaşına düşmən ordusunun içərisinə girib yaralı Qarabağın qisasını ala-ala xoşbəxtliyin tanrısal ŞƏHİDLİK MƏQAMINA yüksələn Mübariz İbrahimov qəhrəmanlığı həqiqətdir!..

Və bu gün həqiqətlərdən əfsanələrə dönüş yox, əfsanələrdən həqiqətlərə QAYIDIŞ zamanıdır! Ona görə mən ulu yurdum Şabranın – “Əfsanələr paytaxtı”nın HƏQİQƏTLƏRİ haqqında danışmaq istəyirəm.

 

lll

 

Şabran tarixinin ən böyük, əzəli həqiqəti o oldu ki, 2300 il bundan əvvəl Qafqaz dağlarının Xəzərlə öpüşdüyü-görüşdüyü düzəngahda unikal bir şəhərin ilkin bünövrə daşları qoyuldu, möhtəşəm memarlıq abidələri ucaldıldı. İllər, qərinələr, əsrlər, minillər keçdikcə, şöhrəti dünyaya yayılan bu qeyri-adi şəhər qədim tarix kitablarında tərifləndi, nüfuzlu səyahətnamələrdə öyüldü, Qafqazın qədir-qiymətinə, Şərqin şöhrətinə döndü.

Ən böyük həqiqətlərdən biri də bu idi ki, Şabran Şamaxıdan xeyli əvvəl qüdrətli Şirvanşahlar dövlətinin ilk paytaxtı olmaq qismətiylə şərəfləndi. 1600 illik Şirvanşahlar dövlətinin ilk paytaxtı olan Şabran şəhəri nəinki Azərbaycan, Qafqaz, bütün Şərq və dünya tarixinə öz möhürünü vurdu, öz sanballı səhifəsini yazdı...   

Qəlbimizdə qürur doğuran bir həqiqət də odur ki, Şabran əsil türk, SABİRLƏR, SABİRAN şəhəri kimi dünyaya gəldi, qədim türk memarlıq, şəhərsalma mədəniyyətinin tipik faktı kimi tikildi, müəyyən zamanlarda etnik əlvanlığına, çoxinanclı, çoxdinli tolerant mədəni mühitinə baxmayaraq, bütün tarixi boyu ilkin milli mənsubiyyətini, məhz Oğuz-Azərbaycan maddi və mənəvi mədəniyyətinə, türk etnogenetik ilkinliyinə məxsusluğunu tanrı, tale əmanəti kimi qoruyub saxladı...

“Əfsanələr paytaxtı”nın bu əzəli həqiqətləri haqqında düşünə-düşünə qədim İpək yolunda dünyanın şimalından cənubuna tələsən bir karvanın əbədiyyət simfoniyası kimi möcüzəli zınqırov səslərini eşidirəm...

 

lll

 

Dəmirqapı Dərbənd qalasından, ulu HUN qapısından keçən karvan nə müddətdir ki, Qafqaz dağlarının ətəkləriylə üzü cənuba doğru gedir, durub-dincəlmədən irəliləyir, suya həsrət çay yatağı kimi cadar-cadar təşnə yollar yorurdu. “Diri-diri dəriyə, dəri-dəri diriyə” bənzəyən (Allah sənə rəhmət eləsin Mikayıl Rəfili! – S.E.) qoca Karvanbaşı “Yorulmuşuq! Dəvələr ayaq üstə quruyub daşa dönür, qəflə-qatır gözündən uçqunlayır, qum kimi tökülüb itir, bir hovur ayaq saxla” çağırışına məhəl qoymadan irəliləyir, ağappaq saç-saqqalında itib-batan gözlərinin dan yeri işığında arzularının səhərinə, sevdasının şəhərinə, muradının mənzil başına tələsirdi – Bir az dözün, – deyirdi özü boyda sirr olan ixtiyar Karvanbaşı, – Gülüstani-İrəmin bahar qönçəsi kimi açılan qapılarına, dünyanın cənnətməkan şəhəri, Şərqin şan-şöhrəti Şabranın minbir möcüzəli xoşbəxtlik səltənətinə az qalıb. Karvanbaşı ağappaq saç-saqqalında itib-batan gözlərinin işığıyla belə deyirdi, yayın damarları körükləyib Qanı qaynadan, sacda qovurğa təki ruhu qovuran cırhacırında kösöv kimi yanıb tüstüləyən sümük əllərini qaşına qaldırıb zəndlə uzaq üfüqlərə baxırdı, qarışqa inadıyla səbrinin səhərinə can atırdı..

Qədim İpək yolunun bu aşkar gizlinlərini – sirli səslərini elə yaxından, elə qəribə aydınlıqla eşidirəm ki, ətrafa baxmaqdan özümü saxlaya bilmirəm. Tarix səslərinin efirdə, əngin göylərdə, sonsuz səmalarda dolaşan susmaz xatirə dalğalarıdırmı, qan-gen yaddaşının sirli-sehrli bəlirtisidirmi, – bilə bilmirəm... Bildiyim odur ki, mən “Əfsanələr paytaxtı”nın 2300 illik bol-bəhərli həqiqətləri haqqında düşünürəm, doğma, qayım-qədim, ulu yurdumuzun məndən çox-çox əvvəllər yaşayan o möhtəşəm maddi və mənəvi mədəniyyətin – o unudulmaz, HEYRƏTLİ HƏQİQƏTLƏRİN mübarək əllərini sıxmağa tələsirəm...

 

lll

 

Şabran rayon Tarix-Diyarşünaslıq muzeyinin yeni qurulan ekspozisiyasını gəzdikcə köhnəlməyən köhnə xatirələr çəkib aparır məni; ruhumu salama gələn qədim eksponatların, mənə doğru uzanan doğma əllərin isti, işıqlı təmasını hiss edirəm. Doğrudan da “Hər saxsı parçası, hər məzar daşı, Nəsildən nəslə bir yadigardır” (S.Vurğun). Və bir vaxtlar ulu babaların, ataların sənət eşqi, qabarlı əlləriylə yaradılan, xanım nənələrin, sevgi sonası qız-gəlinlərin göz-könül sevinci olan bu qədim küplər, kuzələr, çıraqlar, sənduqələr, min bir naxışlı, min bir sirli-sözlü el sənəti nümunələri yaddaş toxumları kimi ruhun səmalarında cücərib tumurcuqlayır, çiçəkləyib dil açır, qəlbi-qanı güldürür...

Unudulmaz dostum, böyük alim, geologiya-minerologiya elmləri doktoru Xudu Məmmədovun Ağdamda, üç min illik Xındırıstan kurqanı gözümüz önündə açılarkən heyrətlə dediyi sözləri xatırlayıram: “Bəzən necə min ilin ölü, susqun, lal abidəsi göz önündə dirilib, əcəl yuxusundan baş qaldırır, körpə uşaq kimi dil açıb səninlə danışır; o sirli saniyələrdə ruhun gülür, qanın qaynayır, qəlbin qabarır, fəhmlərin, duyğuların döyüş davulları kimi döyünürsə, deməli, O ABİDƏ SƏNİNDİR! Heç bir etnogenetik əsaslandırmaya, elmi-nəzəri sicilləməyə, fiziki-kimyəvi, antropoloji analizə ehtiyac yoxdur”.

Şabran Tarix-Diyarşünaslıq muzeyinin qədim eksponatları – sirli sakinləriylə tanış olduqca rəhmətlik Xudu Məmmədovun qəfildən kəşf etdiyi həqiqətin açıq-aşkar səsini eşitdim. Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzovun sözləri ürəyimdən xəbər verdi: “Şabranın tarixini, zəngin mədəniyyətini bu kiçik muzeyə sığışdırmaq mümkün deyil. Bu yaxınlarda Şabran rayonuna səfər edən, buradakı genişmiqyaslı quruculuq işləri ilə tanış olan möhtərəm Prezidentimiz İlham Əliyevin tövsiyəsi, tapşırığı ilə yeni, daha böyük, müasir dünya standartlarına tam cavab verən Tarix-Diyarşünaslıq muzeyi tikəcəyik. Artıq mərkəzdə yer seçilib, layihə-smeta sənədləri hazırlanıb, tikinti başlayıb. Bu, respublikamızın şimal bölgəsində ən böyük, ən zəngin muzey kompleksi olacaq”.

Şabranın müasir dövrü, eləcə də misilsiz maddi və mənəvi mədəniyyət potensialı ilə bağlı yenicə eşitdiyim bu sözlər, bu həqiqət haqlı razılıq hissi doğurur; vətəndaşı VƏTƏN RƏHBƏRİNİN VƏTƏNƏ realist, praqmatik, yaradıcı diqqət və qayğısı ruhlandırır, qürurlandırır. Bu, xalqını sevən, onun milli-mənəvi dəyərlərini yüksək qiymətləndirən, əsas hərəkətverici qüvvə kimi daim ön plana çəkən, dövlətinin daim güclənməsi, qüdrətlənməsi, əbədi və dönməz müstəqilliyi naminə fədakar, fenomenal fəaliyyət göstərən, sözün həqiqi mənasında layiqli mücadilə, mübarizə aparan və QALİB GƏLƏN RƏHBƏR MÖVQEYİDİR. Çünki tarixin dönə-dönə sınaqdan keçirdiyi, təsdiqlədiyi bir həqiqət var: Xalq öz böyük keçmişinə necə, nə dərəcədə sahiblənirsə, öz tarixi gücü, yaddaş enerjisinə necə, nə dərəcədə qovuşursa, o səviyyədə ruhən təzələnir, təmizlənir, daha böyük uğurlar, qələbələr naminə səfərbər olur. Yaddaşını itirən xalqların manqurta, imperiyalar poliqonunda bədbəxt, tragik sosial sürüyə çevrilməsi qaçılmazdır. Ona görə ulu Türk hökmdarı Bilgə xaqan xalqına üz tutub: “...Özünə dön, sən özünə qayıdanda böyük olursan!” deyirdi...

Bu mübarək sözlərin, dəruni duyğuların işığında, Şabranın qədim tarix yollarında keçmişlərdən gələn susmaz səslərə, sirli sədalara doğru gedirəm. Və 2300 yaşlı qocaman şəhərin yaralı yaddaş yollarının dar-dolanbac bir döngəsindəki qalaçada kösöv kimi tüstülənən bir dərdin qara-qaranlıq zindanına qonaq oluram. Zəhmli zindanban deyir, yolçu, yolunu dəyiş, bu qaranlıq qalaçaya, bu zalım zülmətə baş vurma... Yox, – deyirəm, – o sirli səs çağırır, o dərd tanış gəlir mənə, aç bu zəlil zülmətin qara-qıfıllı qapılarını. Və zəhmli zindanban ağır-ağır qalxır, çar-naçar qara-qıfıllı qapıları açıb mənə sirli səsin, tanış dərdin qaranlıq hücrəsini göstərir...

 

lll

 

2. ŞABRANIN DAHİ DUSTAĞI, ÜZÜRXAHLIQ HEYKƏLİ VƏ KÖHNƏLMƏYƏN KÖHNƏ DOSTUM HAQQINDA ELEGİYA ƏVƏZİ

 

Gün o gün idi ki, dahi Azərbaycan şairi Əfzələddin Xaqani Şirvani Şabran şəhərindəki qalaçada dustaq taleyi yaşamağa məhkum edilmişdi. Qanı göynədən ağrı-acılar, ruhu didən sarsıntılar, qaranlıq zindandan yaxın-uzaq ünvanlara göndərilən məktublardakı əlacsız kömək çağırışları, çarəsiz ümidlər arxada qalmışdı; günahsız yerə qaranlıq zindanda həbs olunan şair “Həbsiyyə” əsərinin işıqlı dünyasına düşmüşdü. Şam işığında sürətlə yazılan, ildırım kimi çaxan misraların nurlu aydınlığı şairi elə xoşbəxt etmişdi ki...

Qəfildən dahi Türk şairi Nazim Hikmətin dahi Füzulinin Bakıdakı heykəliylə üz-üzə dayanıb dediyi sözləri eşidirəm: “Salam verdim, rüşvət deyildir deyə almadılar” demişdin; neçə yüz il əvvəl alınmayan salamını alıram – Əleykim, böyük ustad!..

Şabran şəhərinin gözəl bir guşəsində Xaqaninin yenicə ucaldılan heykəliylə üz-üzə dayanıb, təxminən, 450 il gecikən, gec alınan salam haqqında düşünürəm. Zindanında dahi Xaqani kədəri körüklənən qədim Şabranın əvəzinə yeni Şabranın üzürxahlıq abidəsinə – günəş gözlü gülgün qızılı rəngə tutulan şair heykəlinə baxa-baxa əlahəzrət zaman tərəzisinin ədalətinə şükürlər edirəm. Yeni Şabran yüz illər əvvəl köhnə Şabranda gerçəkləşən bir səhvi bu əzəmətli heykəllə düzəldib, təshih edib, ulu şairi qaranlıq zindandan çıxararaq azadlıq rəmzi qızılı rəngin gün işığında layiq olduğu sevgi və ehtiram zirvəsinə ucaldıb. Tarixə, tarixi həqiqətlərə bu incə, müdrik, mərdanə münasibət 2300 yaşlı ulu Şabranın varisi olan, son illər ciddi inkişaf dövrü yaşayan müasir Şabrana çox yaraşır! Bu məqamda Şabran ziyalılarının minnətdarlıq duyğularını dilə gətirməyi özümə borc bilirəm...

Xaqani Şirvaninin heykəliylə yanaşı yenicə istifadəyə verilən, müasir memarlığı ilə seçilən Poeziya evi diqqəti cəlb edir. Milli şəhərsalma mədəniyyəti ənənələrinə söykənərək ucaldılan Poeziya evi və Xaqani abidəsi bütöv memarlıq kompleksi kimi baxılır, rəmzi mahiyyəti, simvolik ovqatı ilə duyğulara qanad verir; şairlər qaranlıq zindanlara yox, işıqlı saraylara, poeziya evlərinə layiqdirlər; məncə Şabran şəhərindəki bu yeni memarlıq kompleksinin simvolik ideya hədəfi, əsas fəlsəfəsi budur...

Poeziya evinin və Ə.X.Şirvani heykəlinin yanında Şabranın daha bir həqiqəti – Ağalar Mirzə həqiqəti haqqında düşünürəm.

İndi Şabranın Dəvəçikənd qəbiristanında uyuyan, qəbirüstü abidəsi – ağ mərmərdən yonulan büstü (Bu abidənin ucaldılmasında yaxından kömək edən şair-publisist, qeyrətli dost, fədakar ziyalı Əjdər Ola öz dərin minnətdarlığımı bildirirəm – S.E.) uzaq silsilə dağlara, o dağların zirvəsində qərar tutan 1600 yaşlı Çıraqqalaya söykənən otuz illik dostum Ağalar Mirzə Mirhəmzə oğlu, ruhuna salamlar olsun!..

 

lll

 

Onun ömür karvanı soyuq bir qış günündə yola çıxdı, bahara üz tutan sevdalı bir gündə qəfildən dayandı. 1954-cü il dekabrın 25-dən 2008-ci il martın 5-dək yol getdi Ağalar Mirzə ünvanlı ömür karvanı...

Orta təhsilini dədə-baba yurdu Dəvəçidə (indiki Şabranda – S.E.) alan Ağalar Mirzə 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində jurnalist kimi əmək fəaliyyətinə başladı. Milli radiomuzda “Bulaq” verilişinin əsas müəlliflərindən biri oldu, daha sonra milli televiziyamızda “Oğuz”, “Qala”, “Karvan”, “Dəmirqapı Dərbənd”, “Yazı”, “Ustadnamə” kimi sayılıb-seçilən verilişlər yaratdı... İllər ötdükcə Azərbaycan Jurnalistlər və Yazıçılar Birliklərinin üzvü oldu, “Qızıl qələm” mükafatına, əməkdar incəsənət xadimi fəxri adına layiq görüldü.

Ağalar Mirzə peşəkar jurnalist, fədakar ziyalı, cəsarətli alim, istedadlı şair idi. “Ömrün bənövşə fəsli”, “Ovcunu tut yağışa”, “Mən baxdığım pəncərə”, “Dünənə məktub”, “Bayramlar, adətlər, ənənələr”, “Novruz töhfələri” və başqa çoxsaylı kitabları, elmi monoqrafiyaları Ağalar Mirzənin elmdə, poeziya və publisistikada qazandığı uğurlardan xəbər verirdi. Poeziyasında da, publisistikasında da, elmi əsərlərində də xalqın milli-mənəvi dəyərlərindən çıxış edirdi, tariximizin Çıraqqala, Dəmirqapı Dərbənd kimi enməz ucalıqlarına söykənirdi əməkdar incəsənət xadimi Ağalar Mirzə.

Tanrı payı olan taleyinin, özünəməxsus söz-sənət qismətinin yolçusuydu. Bədii düşüncələri radionun “Bulağ”ında duruldu, televiziyanın “Karvan”ıyla el-el, ölkə-ölkə gəzdi; yazılarında Qorqud xatirəli Dərbəndlə, Borçalıyla, Xətai qüdrətli Təbrizlə, Ərdəbillə, Füzuli yaddaşlı Bağdadla, Kərbəla ilə həmsöhbət, HƏMDƏRD OLDU. Şeirlərindən tarix baxır, VƏTƏNİN RUHU boylanır, yaralı yaddaşımızın göynəmli göz yaşları süzülürdü. “Hu-hu” deyincə qapılar açılacaq” – Ulu Oğuz-hun yaddaşının sirli səsi, heyrətli diqtəsidir bu misra. “Başım fikirdən asılıb, Ayaqlarım Yer üzündən” – Şair ruhunun narahat axtarışı, laməkan böyüklüyündən soraq verir bu misra. “Dərdə bükülüb gəzirəm” – Dövrün dərdlərini daşıyan vətəndaş şairin, ziyalının iddiasız etirafı idi bu... Əsası odur ki, Ağalar Mirzənin poeziyası, radio və telepublisistikası bu günün qəlbində min illərin milli yaddaş GÜCÜNÜ, yuxulu böyüklüyünü, xalqın etnogenetik potensial tarixi imkanlarını OYATMAĞA xidmət edirdi. Bu baxımdan, xüsusilə, çağdaş televiziya publisistikamızda A.Mirzə sakit sözü, sabit mövqeyi, kütlədə xalq oyatmaq istəyi ilə seçilirdi.

 

lll

 

Təxminən, 20 il əvvəl “Dəvəçi” foto-albomu üzərində birlikdə işləməyimizi, Dəvəçi rayonunu (indiki Şabran rayonunu – S.E.) başdan-başa gəzə-gəzə, ədəbi duyğulanmalarımızı, SÖZ haqqında söz-söhbət etməyimizi xatırlayıram.

O gəzintilərin, fotoçəkilişlərin sonuncu günü idi.

Çıraqqaladan bir qədər aşağıdakı talada, yüngülcə yanan, ara-sıra kösövləri körüklənən ocaq başında əzəli və əbədi SÖZDƏN, sözün sirli-sehrli sonsuz sahillərindən danışırdıq. Mən deyirdim ki, söz xalqın tarixi enerji, yaddaş saxlancı, etnogenetik gücün haqq yeri, müqəddəs vətənidir. A.Mirzə deyirdi ki, söz ilahi mənşəlidir; səma kitabları təsdiq edir ki, bu dünyada ən əvvəl SÖZ vardı. Mən deyirdim ki, ruh sözdən də, Əbülbəşər-bəşər atası Adəmdən də əvvəlin həqiqətidir, Şah İsmayıl Xətai demişkən:

 

Yer yox ikən, göy yox ikən,

ta əzəldən var idim,

Gövhərin yekdanəsindən

irəli pərgar idim...

 

N.Gəncəvinin “Sözün tərifi” məsnəvisindən, M.Füzulinin “Söz” qəzəlindən, S.Vurğunun “Sözün şöhrəti” şeirindən, sözün Həzrət Məhəmmədə göndərilən, vəhy olunan “Quran” möcüzəsindən, Mövlana tilsimindən danışırdıq, ədəbi sözün əbədi ehyasından, diriliyindən bəhs edirdik və SÖZ HAQQINDA SÖZ tükənmək bilmirdi, zamanın əbədiyyət çayı kimi axıb gedirdi. (Fotoqraf dostum Rasim Sadıqova minnətdaram ki, həmin qeyri-adi ocaqbaşı söhbətinin bir neçə anını fotolarda əbədiləşdirib. – S.E.) Həmin günlər bizi müşayiət edən məmur dostumuz Firudin Əhmədov heyrətlə deyirdi ki, söz də torpaq kimidir, endikcə, qazdıqca dibi, qalxdıqca zirvəsi görünmür; sözün düzü, mən SÖZÜ belə bilməzdim...

 

lll            

                                     

Xatirələr qəfildən peyda olduğu kimi, qəfləti ilğım kimi də qeyb olur. Və mən yenidən Şabranın A.Mirzə həqiqətiylə üz-üzəyəm...     

Filologiya elmləri namizədi idi, aşıq sənəti ilə bağlı doktorluq işini – sanballı elmi monoqrafiyasını yazıb tamamlamış, kitab halında çap etdirmişdi; yaxın vaxtlarda filologiya elmləri doktoru olacağını deyirdi. Dədə-baba yurdu Dəvəçidə təzə ev tikdirmişdi; “bu evdə, bu həyətdə elə şirin yuxu yatıram, ruhum elə dincəlir ki...” – deyirdi Ağalar Mirzə. Özəl universitetdəki saathesabı işindən, yaratmaq istədiyi təzə verilişlərindən, çap etdirəcəyi təzə kitablarından, yazmağı planlaşdırdığı yeni elmi və bədii əsərlərindən danışırdı; ömür karvanını böyük arzular, sonsuz ümidlərlə çəkib aparır, tələsə-tələsə yaşayırdı. Və tələsə-tələsə ömür karvanından baş qaldırıb, şeirlərində tez-tez ölümə boylanırdı Ağalar Mirzə.

 

Dodağımda gülüş, gözümdə ölüm,

Öləydim “ölümsüz qəhrəman təkin”.

Ay cavan rejissor, bu da bir film,

Gəlin bu ölümü kinoya çəkin.

 

...Yenə qapımıza Əzrayıl gəlib,

Bəlkə ötən ildən borcumuz qalıb?

Boyları gödəldən şirindil gəlib,

Səsləri batıran uca səs gəlib.

 

Qəm yemə, mənimlə boşalan dolar,

Ölümün, qalımın ölçüsü gəlib.

Əzrayıl olanda axı nə olar, –

Qapıma Allahın elçisi gəlib.

 

Belə qeyri-adi, qəribə qonaqpərvərliyi vardı. Cibləri, adətən, boş olsa da (təəssüf ki, əksər vicdanlı jurnalistlərin qismətidir bu – S.E.) qəlbi daim dolu idi; ruhən çox varlı, sərvət və səxavət sahibi idi Ağalar Mirzə. Və indi bu sözləri yaza-yaza sanki qıraqdan baxıb gülümsədiyini hiss edirəm; sözün çəkisini, ağır-yüngülünü bilən, zəhlətökən qara-qurasını da, ruh oxşayan alını-alxışını da duyan idi. Son vaxtlar “Ədəbi-dram verilişləri” baş redaksiyasında mənim müavinim olarkən yaxşı ssenarilərini, şeir və məqalələrini təriflədiyim zamanlar da eləcə xəfifcə gülümsəyər, qəribə iddia ilə başını tərpədərdi ki, hələ bunlar nədir, görərsən nələr yazacağam. Və ən qəribəsi də budur ki, mən hələ də A.Mirzənin nələr yazacağını gözləyirəm. Vaxtı ilə dostum Əjdər Ol haqqında yazdığım bir məqaləni də əslində həmin sirli duyğunun havasında “O yazılar yazacaq” adlandırmışdım...

 

lll

   

3. QƏDİM ŞABRANIN YENİ GÜNLƏRİ VƏ YA HƏQİQƏTİN HÜZURUNDA

 

Müasir Şabran şəhərinin baş küçəsiylə – Heydər Əliyev prospekti ilə Tetis okeanın tənha varisi qoca Quzğun dənizindən uca Qafqaz dağlarına tərəf addımlayıram. Xəzərin ən qədim adlarından olan Quzğun (Oğuz-Hun) sözündən, eləcə də Qafqaz (Oğuz-Oğuz) toponimindən minillərin sükutunu sındıran sirli-sehrli sədalar gəlir. Oğuz, Hun babaların ulu yaddaş sərdabəsindən, sirr saxlancından əsən xatirə küləkləridir, anbaan baş qaldırıb varlığını bəyan edir. Eşidilmək, duyulmaq, görülmək, tanınmaq istəyir o yuxulu, yaralı, yorğun xatirələr...

Tarixi xatirələri ən çox müasir hadisələr oyadır, necə deyərlər, susqun, yuxulu etnogenetik enerjini təkrar istehsala qaytarır. Əsl oyanış, intibah onda baş verir ki, xalqın keçmişi, bu günü və onların diqtə etdiyi gələcəyi bütöv vəhdət təşkil edir, eyni maddi və mənəvi mədəniyyət, sosial-siyasət dilində həmahəng, sinxron danışır; xalqın, dövlətin bu günü keçmişini, keçmişi gələcəyini BAŞA DÜŞÜR, reklamsız, etiketsiz, tərcüməçisiz-filansız anlayır...

Və ruhumun səmalarında 235 illik Azərbaycan Səfəvilər dövlətinin banisi, qılınc və qələm dahisi Şah İsmayıl Xətai Şeyx Heydəroğlunun bir misrası qartal kimi qıy vurur: “Mən ol şahbazi-kuhsarəm, baş əyməm qülleyi-Qafə...”

Başımın üstündə 500 yaşlı müqəddəs misranın məğrurluğu, qəlbimdə tarixin məni çağıran XATİRƏ ÇÖLLƏRİ müasir Şabran şəhərinin baş küçəsiylə – Heydər Əliyev prospektiylə qoca Quzğun dənizindən uca Qafqaz dağlarına tərəf addımlayıram. Küçənin hər iki tərəfində qızğın iş gedir; hasarlara, tağbəndlərə ağ və qırmızı daşlardan üzlük çəkilir, genişləndirilən sahələrə çınqıl tökülür, asfalt basılır. Bir qədər qabaqda, sağ tərəfdə bu yaxınlarda ölkə başçısının iştirakı ilə açılış mərasimi olan Şabran rayon mərkəzi xəstəxanasının əzəmətli binası diqqəti cəlb edir. Küçə boyunca Sosial Müdafiə Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər Nazirliklərinin, Kapitalbankın və digər mərkəzi respublika qurumlarının yerli rayon şöbələrinin yeni inzibati binaları sıralanır. Sol tərəfdə bütöv yenidənqurma işləri davam edən Heydər Əliyev parkı, Heydər Əliyev muzey kompleksi göz oxşayır. Parkla üzbəüz yeni bir binada son tamamlama işləri gedir, onun yanında isə təzə bir memarlıq kompleksinin bünövrəsi qazılır, binə daşları düzülür, bir qədər qıraqda bütün şəhəri əhatə edəcək 132 km-lik yeni Su xətləri şəbəkəsinin və layihə dəyəri 26,8 milyon manat olan 125 km-lik tam müasir Kanalizasiya sisteminin bir hissəsi çəkilir...

Bütün bunlar bircə küçənin sağ və solunda gördüyüm əzəmətli tikinti-quruculuq işlərinin möhtəşəm mənzərəsi, AZADLIĞIN ADDIMLARI, 2300 yaşlı qədim Şabranın YENİ HƏQİQƏTLƏRİDİR. Burda realist düşüncə ilə romantik təxəyyül sanki qovuşub, qeyri-adi vəhdət yaradıb. Burda əfsanələr yox, həqiqətlər danışır, ulu tarixə söykənən BU GÜN dilə gəlir, qədim Şabranın 2300 illik həyat yolunun son 20 illik MÜSTƏQİLLİK MÖCÜZƏSİ göz güldürür, könül sevindirir. Burda Şabran rayonunun tarixdə analoqu olmayan inkişaf dastanının yeni qızıl səhifələri yazılır...

20 illik Müstəqillik dövrünün Heydər Əliyev prospektiylə möhtəşəm tikinti-quruculuq HƏQİQƏTLƏRİNƏ göz-könül dolusu baxa-baxa qoca Quzğun dənizindən uca Qafqaz dağlarına tərəf addımlayıram. 500 ilin mübarək misrası, tarixi xatirələr çölünün məğrur qartalı yenə qıy vurur: “Mən ol şahbazi-kuhsarəm, baş əyməm qülleyi-Qafə...”

Yadıma otuz il əvvəl “Yaddaş yarası” romanımı yazarkən Qaf dağını dədə deyib öydüyüm, qəlbimdə düyün, gözlərimdə yaş olan Qaradöşlü Qaflı Quzğun əhvalatı düşür; tez də bu təzə xatirə pəncərəsini bağlayıram; çünki sol tərəfdə, nəhəng ağacların arasından görünən yamacda Taxtakörpü su anbarının nəhəng tikinti tablosu, möcüzəli mənzərəsi bütün diqqətimi ram edir.   

Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzovun dediyi rəqəm-faktları xatırlayıram: bəndinin hündürlüyü 142,5 m, su tutumu 269 milyon m3 olan Taxtakörpü su anbarı tikintisinin layihə dəyəri 380 milyon manatdır. Vəlvələçaydan Taxtakörpu su anbarına çəkilən qapalı dəmir-beton kanalın uzunluğu 30 km, buradan Ceyranbatana çəkilən eyni tipli qoşa kanalın uzunluğu isə 100 km-dir.   Kanalın su tutumu saniyədə 75 m3, Taxtakörpü su anbarının üstündə tikilən elektrik stansiyasının gücü 25 meqovatdır...

Bu əfsanəvi, möcüzəyə bənzər rəsmi rəqəm-statistikanın heyrətamiz HƏQİQƏTİ haqqında düşünürəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əsrin quruculuq nəhəngi adlandırılan Taxtakörpü su anbarının tikintisinə dəfələrlə gəlişini, burada necə fərəhlə, qürurla, sevinclə danışdığını xatırlayıram. Bu fərəhin, qürurun, sevincin arxasında xalqa böyük sevgi, diqqət və qayğı, Azərbaycan istiqlalına tükənməz inam, müqəddəs məhəbbət dayanır.

Taxtakörpü su anbarının tikintisi 2300 yaşlı Şabranın müasir Müstəqillik dövründə ən böyük həqiqətidir. Onu qonşuluğunda, Xəzər dənizindən başlayıb dağların zirvəsiylə ta Dəmirqapı Dərbəndə qədər uzanan, demək mümkünsə, Şabran tarix və mədəniyyət, sivilizasiya ocağını dövrələyən, yad-yabançı işğallarından zaman-zaman müdafiə edən Gilgilçay cəddinin, yaxud 1600 yaşlı Çıraqqala memarlıq kompleksinin, beş min illik Dərbənd qala-fenomeninin tikinti miqyasları ilə müqayisə etmək olar. Dəmir-beton qoşa tunel qollarıyla Vəlvələçaydan Ceyranbatanadək, 130 kilometrlik Vətən torpağını qucaqlayan bu misilsiz tikinti-quruculuq nəhəngi, MÖHTƏŞƏM MÜSTƏQİLLİK HƏQİQƏTİ həm maddi-fiziki, həm mənəvi mahiyyəti, həm strateji sosial-iqtisadi əhatə dairəsi, misilsiz miqyasları ilə böyük romanların, poema və pyeslərin bədii-sənədli təsvir-tədqiq obyekti, müasir milli ədəbiyyatımızın real, realist qəhrəmanı ola bilər, olmalıdır və yəqin ki, olacaq. Bunun üçün müasir milli ədəbiyyatımız və mədəniyyətimiz Azərbaycan Səfəvilər dövlətinin süqutundan sonra, təxminən, 250 illik dərəbəyliklər, parçalanmış xanlıqlar, əsarət və işğallar, “Bir üzüm qaradır, Bir üzüm sarı, Fələk də götürməz bu əzabları” (Ə.Qəmküsar) deyə göynəyən, azadlıq naminə nəsil-nəsil qurbanlar verən sərgərdan müstəmləkə yollarından sonra qazanılan və artıq 20 yaşı olan MÜQƏDDƏS MÜSTƏQİLLİYƏ SAHİB ÇIXMALIDIR. Milli ədəbiyyatımız və mədəniyyətimiz Müstəqillik dövrünün nəbzini tutmalı, yarımçıq modernizm, sürrealizm, avanqardizm bataqlığından, bütün başqa başabəla izmlər əllaməçiliyindən uzaq, realist, vətənpərvər bir vicdanla Mirzə Cəlil demişkən, “Türkün açıq ana dilində” dövrün həqiqətlərini ədəbi sözün əbədi hüzurunda gündəmə gətirməlidir. Təəssüf ki, xüsusən müasir ədəbiyyatımız Müstəqilliyin, milli istiqlalın, azadlığın nəhəng addımlarından, ƏFSANƏVİ HƏQİQƏTLƏRİNDƏN geridə qalır, hələ ki, zamanın sözünü sözün zamanında layiqincə deyə bilmir...

Bir qədər ağırlaşan düşüncələrimlə köhnə bir dost kimi sağollaşıb vidalaşıram. 2300 illik böyük, qədim və qüdrətli tarixə söykənən müasir Şabran şəhərinin baş küçəsi – Heydər Əliyev prospekti ilə qoca Quzğun dənizindən uca Qafqaz dağlarına tərəf addımlayıram. Bir vaxtlar əfsanəvi Prometeyin zəncirləndiyi o dağların ətəyindən bomboz yamaclar əhatəsinə sığınan yeni bir dəryaçanın, əsrin tikintisi, MÜSTƏQİLLİK HƏQİQƏTİ adlandırılan Taxtakörpü su anbarının bütün qarmaqarışıq küyləri batıran SƏSİ GƏLİR. Bu, əfsanə deyil, HƏQİQƏTİN SƏSİDİR.

 

 

Sadıq Elcanlı,

Azərbaycan Televiziyası “Ədəbi-dram

verilişləri” baş redaksiyasının baş redaktoru,

Əməkdar jurnalist, Naxçıvan MR Əməkdar

İncəsənət Xadimi

 

525-ci qəzet.- 2011.- 3 noyabr.- S.7.