Efirdə yeni mədəniyyət qığılcımları

 

AZƏRBAYCAN RADİOSU-85

 

(Əvvəli ötən saylarımızda)

 

İlk addımlarını atan Azərbaycan radiosunun efirində bir tərəfdən və sovet ideologiyası və sosializm yarışı təbliğ olunurdusa, digər tərəfdən musiqi və teatrla sıx bağlı olan yeni mədəniyyətin işartıları duyulurdu.

Azərbaycanda radionun müntəzəm yayıma başlamasından 85-ci il keçir. Radio necə və hansı şəraitdə fəaliyyət göstərib, onun ilk dönəmləri necə olub, burada kimlər çalışıb, efirdə nələrdən danışılıb? Bütün bunlar barədə filologiya elmləri doktoru, BDU-nun Televiziya və radio jurnalistikası kafedrasının professoru Qulu Məhərrəmlinin radio tariximizlə bağlı təqdim etdiyi silsilə yazılarda söhbət açılır.

Xatırladırıq ki, Q. Məhərrəmli təkcə tanınmış jurnalist, publisist və teleaparıcı deyil, həm də televiziya və radio tariximizin azsaylı araşdırmacılarından biridir. O, radionun tarixi, nəzəriyyəsi və yaradıcılıq problemlərindən bəhs edən “Radio dalğalarında”, “Danışır Təbriz”, “Radio dərsləri”, “Radioteatr: dünən və bu gün”, “Deystvie u mikrofona” və “Radiodramaturgiya dili” kimi kitabların müəllifidir. Bu mövzuda əsərləri ingilis, rus və fars dillərində də çap olunmuşdur.

“Son zamanlarda Azərbaycan radioverilişləri keyfiyyət etibarilə yaxşılaşmağa üz qoymuşdur. Yeni üsullar tətbiq edilməkdədir: səs və gurultularla müşayiət edilən səhnəciklər, kəndli səhnəcikləri, müxtəlif radio çağırışları və mitinqləri tərtib edilməkdədir” – “İnqilab və mədəniyyət” jurnalı 1930-cu ildə belə yazır və Azərbaycan radiosunun apardığı yaradıcılıq axtarışlarını təqdir edirdi. Əslində bu təqdir daha çox radionun studiyadan kənara çıxaraq, canlı verilişlər təşkil etməsi, həyatı canlı səslər palitrası ilə əks etdirməyə cəhdi, bir növ, indi başa düşdüyümüz mənada sənədli publisistikanın yaranışı ilə bağlı idi...

 

Efirin yarış salnamələri

 

Bu illərdə radionun daimi mövzuları formalaşırdı, bunlar əsasən marksizm-leninizm ideyalarının təbliği və sosializm yarışının işıqlandırılması idi. Təbliğat və sənaye-quruculuq mövzulu verilişlər çoxalır, onların işıqlandırılması üçün yeni formalar tətbiq olunurdu və bu zaman daha çox Moskva radiosunun təcrübəsinə istinad edilirdi. Məsələn, Moskva radiosu 1930-cu ildən “Həyatdan translyasiyalar” adlı silsilə reportajlara başlamışdı və onun ilk buraxılışı həmin il dekabrın 2-də “Yüz dəqiqə Dneprohesdə” adı ilə efirə getmişdi. Müəyyən kompozisiyası olan radioreportajlar xüsusi yaradıcılıq səyi və yüksək texniki hazırlıq tələb edirdi. Görünür, bu hazırlığa malik olduğundan həyatı canlı “göstərmək” üçün Azərbaycan radiosu da belə mürəkkəb verilişlər hazırlayırdı. İlk belə proqram 1931-ci il aprelin 10-da Moskva radiosunun “Proletari” radioqəzeti ilə birgə hazırlanmışdı. Təxminən bir saatlıq həmin reportaj Xudatda balıq ovuna həsr edilmişdi. Bu, 1928-ci il noyabrın 7-də Bakının 5 böyük şəhərlə birgə SSRİ miqyasında keçirilən radiosəsləşmədə iştirakından sonra Azərbaycan radiosunun mühüm nailiyyəti idi.

Daha sonra Ümumittifaq radiosunun cəbbəxanasından radiosəsləşmə formasını əxz edən respublika radiosu bir-birilə yarışan sənaye müəssisələrinin efir dialoqunu canlandırmışdı. Azərbaycan radiosu bu forma ilə Ümumittifaq miqyasına da çıxır və respublikada gedən proseslər barədə SSRİ-nin digər regionlarındakı dinləyicilərə məlumat verdi. Məsələn, 1933-cü ilin payızında “Pravda” qəzetinin təşəbbüsü ilə Ümumittifaq radiosunun təşkil etdiyi radiosəsləşmədə Moskva, Leninqrad, Xarkov və Sverdlovsk kimi nəhəng sənaye mərkəzləri ilə yanaşı, neft Bakısı da iştirak etmişdi. Şöhrətli buruq ustası Ağa Nemətulla bütün ölkəyə Azərbaycan neftçilərinin fədakar əməyindən danışmış və radiosəsləşmədə iştirak edən müəssisələrin kollektivlərini Bakı neftçilərinin sifarişlərini vaxtında yerinə yetirməyə çağırmışdı. Tədricən bu radiosəsləşmələrdə, belə məsul dialoqlarda yüksək-vəzifəli dövlət və hökumət adamları da çıxış edirdilər. Məsələn, 1931-1932-ci illərdə keçirilən radiosəsləşmələrdə D.Bünyadzadə, Q.Musabəyov və başqaları çıxış edərək beşillik planın necə yerinə yetirilməsi barədə elə birbaşa studiyadan raport vermişdilər.

 

Neft və pambıq uğrunda

 

1933-cü ilin mayın 5-də Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə XKS yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsi yaradıldı. Artıq bu dövrdə ölkə radiosunun gündəlik verilişlərinin orta həcmi 8,5 saata çatmışdı. İndi radio siyasi-maarif işini genişləndirmək və ölkənin təsərrüfat həyatını yeni dövrə uyğun şəkildə daha geniş işıqlandırmaq vəzifəsini daha geniş miqyasda aparırdı. Məsələn, həmin illərdə Azərbaycan radiosunda səslənən və artıq məzmunca təzələnmiş “Neft və pambıq uğrunda” adlı ictimai-siyasi proqramın nəzərdən keçirilməsi göstərir ki, jurnalistlərin əsas vəzifəsi iqtisadi yeniliyi işıqlandırmaq və onun arxasında sosializmin gücünü göstərmək olmuşdur.

Təxminən 20 dəqiqəlik proqramda Muğan torpağına ilk traktorun gəlişindən, pambıqçı Bəsti Bağırovanın məhsulu ikiəlli yığmasından tutmuş Montin adına zavodda qazma avadanlığı istehsal edən yeni sexin işə düşməsi və Bakı mədənlərində ilk maili neft quyusu qazılmasınadək müxtəlif mövzular əks etdirilmişdi. Verilişdə çoxlu sayda əmək qabaqcılının adı çəkilirdi. İlk beşilliklər dövründə bu proqram əmək adamlarının tribunasına çevrilmişdi. Ağa Nemətulla, Gülbala Əliyev, Mikayıl İsmayıl, Usta Baba Pirməmməd, Ağasəf Bağırov, Əhəd Möhüb kimi şöhrətli neftçilər, Bəsti Bağırova, Manya İskəndərova, Qüdrət Səmədov, Sürəyya Kərimova kimi pambıqçılar bu proqramda çıxış etmişdilər. İstehsalat xəbərlərinin mövzusu, onların əhatə dairəsi və mövzuya yanaşma üsulu onu göstərirdi ki, ölkənin bütün təsərrüfat həyatının geniş mənada idarə olunmasında, kütlələrin “əmək şücaəti”nə ruhlandırılmasında radio misilsiz rol oynayır, onun səyyar mikrofonları tez-tez əsas istehsalat sahələrində – neft mədənlərində, zavod və fabriklərdə, pambıq tarlalarında qurulurdu.

    Qələm əhli, mikrofon qarşısına!

Qocaman diktor Soltan Nəcəfov xatırlayırdı ki, həmin dövrdə mətbuatda və ədəbiyyat sahəsində tanınan yazıçı və jurnalistlərdən – Eynulla Ağayev, İsrafil Nəzərov, Yusif Şirvan, Həmid Axundlu, Məmməd Əkbər və başqalarının Bakının Sabunçu, Balaxanı, Ramana, Artyom adası, İliç buxtası və Lökbatan neft mədənlərində çalışan staxanovçular barədə yazdıqları oçerklər radioda tez-tez səslənirdi. Əlbəttə, işıqlandırdığı mövzuların, o cümlədən sənaye-istehsalat-yarış mövzularının bir çox hallarda quru və cansıxıcı olmasına baxmayaraq, habelə mükəmməl publisistikadan danışmaq tez olsa da, hər halda Azərbaycanda radiojurnalistika təşəkkül taparaq inkişaf edirdi. Radio tədricən spesifik dilə, cilalanan janrlara, çevik formalara və qəzetdən fərqlənən təhkiyə üslubuna yiyələnirdi.

Radio şair və yazıçılarla mikrofon qarşısında davamlı görüşləri də ənənəyə çevrilmişdi. Azərbaycan sovet poeziyasının pionerlərindən sayılan Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Əbdülbaqi Fövzi və başqalarının əmək qəhrəmanlığına səsləyən şeirlərini çox vaxt radio ilə oxuyurdular. Mikayil Müşfiqin “İliç buxtası”, yazıçı-dramaturq Mirzə İbrahimovun “Dneprostroy” şeiri də ilk dəfə məhz radio ilə səslənmişdir. Dövrün ab-havası elə idi ki, yaradıcı adamların bu yarışları və “əmək xariqələrini” vəsf etməməsi mümkünsüz idi. Çünki ölkədə artıq repressiya maşını işə düşmüşdü.

   

Məmməd Rahimin diktorluğu

 

Xalq şairi Məmməd Rahim Azərbaycan radiosunun ilk diktorlarından biri olub. Şair xatirələrində vaxtilə görkəmli ədəbiyyat və incəsənət xadimlərinin çalışdığı radionu belə xatırlayır: “Radioya qiymətli vaxtlarını sərf edənlərdən Məmməd Səid Ordubadini, Müslüm Maqomayevi, Məmməd Arifi, sonralar Hüseyn Natiqi xatırlayıram.

Radio xalqın həyatında yaranan yenilikdə, onun mədəni inkişafında, heç şübhə yoxdur ki, mühüm rol oynayır. Yuxarıda adlarını çəkdiyim sənətkarların bu müəssisədə işləmələri o zaman əlamətdar bir hadisə idi. Məmməd Səid və Məmməd Arif ədəbi verilişlərin mündəricəli, geniş əhatəli, maraqlı və orijinal olmasına ciddi fikir verirdilər... İndi 30-35 il keçmişə nəzər salanda tarix üçün bu müddətin az olmasına baxmayaraq böyük inkişaf mərhələsi keçdiyimiz aydın görünür. O zaman Radio   Komitəsində indiki dəqiqlik və yüksək tələbat yox idi. Bir ay əvvəldən plan tutmaq çətin idi. Yazılan bir musiqi əsəri, ədəbi material sabah efirə verilə bilirdi.

Bəzən bir işçinin, musiqişünasın gecikməsi üzündən verilişin bir neçə dəqiqə, hətta yarım saat dayanması halları da olurdu. Heç yadımdan çıxmayır, xalqımızın şanlı övladı Məşədi Əzizbəyovun kiçik oğlu Aslan Fatma adlı bir qızla yanıma gəlmişdi. İşdən sonra dəniz sahilinə gedəcəkdik. Çalğıçılar gecikirdilər. Radio bu ucbatdan danışmırdı. Bilirdim ki, tibb institutunun tələbəsi olan Fatma yaxşı piano çalır. Birdən ağlıma gəldi ki, niyə radio danışmasın, Fatmadan xahiş edim çalsın. Fatma həyəcan keçirdi, mənim xahişimi də yerə salmadı. Razılıq verdi. Məsuliyyəti üzərimə götürüb onu veriliş otağına dəvət elədim. Pianonun dilləri səsləndi. Bir-birinin dalısınca gözəl oyun havaları dalğalandı. Beləliklə, boş qalan yer doldu. Bu yadımdadır ki, telefon bir neçə dəfə zəng çaldı. Pianoçunun kim olduğunu soruşdular. Razı qaldıqlarını bildirdilər.

Mən işə gecikənləri, cavan olmağıma baxmayaraq ərkyana danlardım. Lakin bir gün özüm gecikdim. Mənim də günahım üzündən beş dəqiqə radio danışmadı. Rəsmi surətdə mənə töhmət verib elanlar lövhəsindən asdılar. Günahımı dərk eləmək əvəzinə, incidim, sabahdan işə gəlmədim. Beləliklə, mənim radioda işləməyimə son qoyuldu və mən, o zamanın gənc şairi vaxtımı tamamilə ədəbiyyata verməyə başladım.

 

Bədii verilişlərin isti nəfəsi

 

30-cu illərin əvvəllərində Azərbaycan radiosunda bədii verilişlərin çəkisinin artdığı müşahidə edilir. Yəni musiqi verilişləri, ədəbiyyat və incəsənətə aid proqramlar, həmçinin mikrofon qarşısında səsləndirilən dram əsərləri sənaye-iqtisadiyyat proqramlarını tədricən efirdən sıxışdırırdı. Məsələn, əgər 1929-cu ildə ümumi verilişlərin 51 faizini siyasi informasiya, radioqəzetlər və kütləvi təbliğat təşkil edirdisə, bədii verilişlərin həcmi 36 faiz idi. 1932-ci ildə bu nisbət təxminən bərabərləşmişdi, 1933-cü ildə isə bədii verilişlərin artması tendensiyası müşahidə edilir və onlar efirə gedən 8,5 saatlıq ümumi proqramın 59 faizini təşkil edirdi. 1934-cü ildə isə ictimai-siyasi verilişlər cəmi 24,1 faiz olduğu halda, ədəbi-bədii proqramlar ümumi yayımın 62,7 faizini əhatə edirdi. Əlbəttə, bədii verilişlərin belə tədrici dinamikasını şərtləndirən bir neçə səbəb vardı. İlk növbədə, radioqəzetlərin ləğvi bədii verilişlərin kəmiyyət və keyfiyyətcə inkişafına, onların xüsusi çəkisinin artmasına böyük təsir göstərdi. Yəni qəliz dildə yazılmış uzun və darıxdırıcı məqalələrin əvəzinə, dinləyicidə maraq doğuran ədəbi-bədii və musiqi verilişləri səslənməyə başladı.

Bu verilişləri hazırlayanlar ona barmaqarası baxa bilməzdilər. Çünki təsir dairəsi teatr və konsert salonundan qat-qat geniş olan radio, məhz bədii verilişlər vasitəsilə dinləyicidə estetik zövq formalaşdırırdı. Amma böyük peşəkarlıq və uzaqgörənlik tələb edən bu verilişlərin hazırlanması heç də asan başa gəlmirdi. Xüsusən ilk dövrlər bu sahədə, sözün həqiqi mənasında, külüng çalmaq, əsəbləri və bütövlükdə sağlamlığı qurban vermək lazım gəlirdi. Azərbaycan mədəniyyətinin işıqlı simalarından biri olan M.Maqomayevin radiodakı unudulmaz cəfakeşliyi və onun istirablarla dolu üçillik qızğın fəaliyyəti buna parlaq misal idi.

 

“RV – 8” marşının sədaları altında

 

İndi radioda tez-tez səslənən “RV – 8” marşı böyük bəstəkar Müslüm Maqomayevindir. Hələ o vaxt musiqi ictimaiyyətinin daha çox “Azərbaycan çölləri” rapsodiyasının müəllifi kimi tanıdığı bəstəkar M. Maqomayev 1929-cu ilin oktyabrında Bakı radiostansiyasına musiqi rəhbəri təyin olunur. Həmin vaxtlar efirə musiqi nisbətən az gedirdi, amma hər halda canlı konsertlər verilirdi. Musiqi rəhbərinin vəzifəsi isə repertuar məsələsinin həlli ilə yanaşı, bu radiokonsertləri yüksək səviyyədə təşkil etmək idi. “Azərbaycan musiqi sənəti yolunda duran bütün maneələri amansızcasına məhv edən cəsarətli bir novator” (Ü.Hacıbəyov) olan M.Maqomayev işə başladığı ilk gündən çətin vəziyyətlə qarşılaşır: çox zaman canlı konsert təyin olunduğu vaxtda musiqiçilər studiyaya gəlib çıxmır, yaxud bir qismi gəlir, bir qismi gecikir və nəticədə konsertlər pozulurdu. Radionun rəhbərliyi isə bunlara göz yumur və vəziyyətdən birtəhər çıxmaq üçün yollar arayırdı. O vaxt musiqi redaksiyası Şərq və Qərb adı ilə iki yerə bölünürdü və belə əcaib hallar ən çox Şərq bölməsində baş verirdi.

Hər şeydə dəqiq və intizamlı olmağı xoşlayan M. Maqomayev çox çətinliklə də olsa bu vəziyyəti sahmana sala bildi. Onun həmin illərdəki psixoloji sarsıntılar, yaşadığı əsəbi, gərgin anlar istedadlı alim-yazıçı, yaradıcılıq taleyini radio ilə sıx bağlayıb, burada bənzərsiz proqramlar yaratmış Rəfael Hüseynovun “hərarətli bir üslubda yazılmış” (Anar) və M.Maqomayevi bizə yaxından tanıdan “Yaşıl yarpaq” sənədli əsərində dəqiqliyi ilə təsvir olunmuşdur.

M.Maqomayev radionun musiqi rəhbəri kimi təkcə canlı konsertlər təşkil etmir, həm də efirdə səslənən ictimai-siyasi və ədəbi-dram verilişlərinə musiqi tərtibatı verir, bəzən ürəyinə yatan verilişlərə, səhnəciklərə ayrıca orijinal musiqi də yazırdı. Xüsusən “Radioqəzeti”nin musiqi düzümünü həll etmək bəstəkardan xeyli vaxt alırdı. Məhz bu verilişlərin musiqi tərtibatına artan tələb, habelə dinləyici marağı radioda repertuar məsələsini ön plana çıxarırdı. Verilişlərin 70-90 faizinin muğamat üstündə qurulması bütövlükdə radionun musiqi mənzərəsinə bir yeknəsəqlik gətirirdi. M.Maqomayev bu yeknəsəqliyin əleyhinə çıxırdı və təəssüf ki, bəziləri bunu böyük bəstəkarın, ümumiyyətlə, muğamlara xor baxması kimi yozurdu.

M.Maqomayevin böyüklüyü onda idi ki, heç bir dedi-qoduya baxmadan inadla işləyir, yaradır və ansambl, orkestr məsələsi ilə eyni vaxtda daha bir vacib məsələnin – repertuarın lazımi səviyyədə olması yolunda çalışırdı. O, əvvəlcə müğənnilərdən başlayır, təsadüfi dəvət olunanlardan imtina edir. Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Yavər və Münəvvər Kələntərlilər, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov, Bikə Səmədzadənin radioda işə götürülməsinə müvəffəq olur. Amma dəvət prinsipindən də tamam əl çəkmir, yeri düşdükcə müxtəlif rayonlardan ustad aşıqları, ifaçıları radioda çıxışa çağırtdırır. Təsdiqlənmiş siyahı üzrə müxtəlif müğənnilərin ifasında radioda səslənən 400 musiqi nömrəsini saf-çürük edir, onlardan 100-nü saxlayır. Repertuara 20 yeni musiqi nömrəsi əlavə edir. Amma bunlar da azlıq etdiyinə görə, o dövrün tanınmış bəstəkarları Rifatova, Burşteynə, Nəsirbəyova, Xeyfestə, Asəf Zeynallıya yeni mahnılar yazmağı sifariş verir. Lap əlimyandıda olduqda isə Üzeyir Hacıbəyovdan müasir mövzuda mahnılar yazmasını xahiş edir.

 

İki dahinin yadigarı-Şərq alətləri orkestri

 

İnadkar M.Maqomayevin radionun musiqi yayımı sahəsində nizam yaratmaq sahəsindəki səyləri 1931-ci ildə Ü.Hacıbəyovla birgə Radio Komitəsində notlu Şərq alətləri orkestri yaratması ilə nəticələnir. Bu, bütövlükdə Azərbaycanın mədəni həyatında çox böyük bir hadisə idi və həmin günlərdə Ü.Hacıbəyov orkestrin repertuar siyasətini müəyyənləşdirərək yazırdı: “Bu orkestrin repertuarı milli məhdudiyyət nişanəsi daşımamalı, lakin həddən artıq pərakəndə də olmamalıdır”. Uzun çalışmalardan sonra yaradılmış yeni orkestrin fəaliyyəti M.Maqomayevi də uşaq kimi sevindirirdi. Böyük sənətkar həmin günlərdə yeni musiqi kollektivinə qayğılarının nisbətən azalması kimi baxır və fəxrlə bəyan edirdi ki, indi bizim notla çalan orkestrimiz var. Həqiqətən də bu orkestrin yaradılması (hərçənd ki, o vaxtlar Azərbaycan Konsert Birliyində Dövlət Şərq orkestri mövcud idi) musiqi sahəsində xüsusi əhəmiyyətli addım idi. Belə bir incə məqama da diqqət yetirmək lazımdır ki, Ü.Hacıbəyov və M.Maqomayev Şərq alətləri orkestri yaratmaq uğrunda çalışarkən dövlət filarmoniyasında 12 nəfərlik, sırf ermənilərdən ibarət belə bir musiqi ansamblı fəaliyyət göstərirdi. Mədəniyyət Nazirliyinin bu ansamblın bazasında orkestr yaratmaq təklifinə hər iki bəstəkar “yox” demişdi.

 

Radioteatrın “əlvan” tamaşaları

 

30-cu illərin əvvəllərindən başlayaraq radioda ədəbi-dram verilişləri həm kəmiyyətcə, həm də keyfiyyətcə artmağa başlayır. Artıq hər gün efirə 1,5-2 saatlıq proqramlar verilirdi. Bunun bir səbəbi həmin illərdə respublikanın görkəmli ədəbi simalarının və tanınmış incəsənət xadimlərinin radionun getdikcə genişlənən fəaliyyətində fəal iştirakı ilə bağlı idisə, digər səbəb M.S.Ordubadinin buradakı yorulmaz işi idi. Görkəmli nasir uzun müddət bədii-siyasi verilişlər bölməsinə, ədəbi-dram verilişləri redaksiyasına rəhbərlik etmiş, hətta kənd üçün verilişlər redaksiyasının məsul redaktoru olmuşdur

Qocaman diktor Soltan Nəcəfov xatırlayırdı ki, radioda hamının hörmətlə “Mirzə” deyə çağırdığı M.S.Ordubadi olduqca məhsuldar işləyirdi. Elə olurdu ki, o, bir gecəyə müxtəlif mövzularda bir neçə səhnəcik yazıb gətirirdi. Xüsusən onun Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına həsr edilmiş və qısa müddətdə, həm də böyük ilhamla yazılmış “Aprel gəlini” mənzum pyesini xatırlayan S.Nəcəfov deyirdi ki, sonralar Müslüm Maqomayev bu əsər üzərində çox çalışmışdır. Amma opera xeyli gec – 1936-cı ildə tamaşaya qoyulmuş və yüksək də qiymətləndirilmişdi.

1931-ci ildə Azərbaycan radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi “Radioteatr” qrupu yaradılır. Radioteatrın təşəkkülü, inkişafı və spesifikası ilə bağlı növbəti fəsildə geniş söhbət açacağıq. Amma bəri başdan deyək ki, radioda belə bir qrupun fəaliyyətə başlaması, həm 30-cu illərdə özünün qızıl dövrünü yaşayan Azərbaycan teatr sənətinin, bənzərsiz səhnə əsərlərinin efir vasitəsilə təbliği, həm də ayrı-ayrı nəsr və dram əsərlərinin səhnələşdirilməsində tarixi rol oynadı.

1930-cu ildə radioda ədəbi-dram verilişləri redaksiyası yaradılır. Bu, artıq bədii verilişləri müəyyən sistemə salmağa, o cümlədən efirə verilən kiçik səhnəciklərin sayını daha da artırmağa imkan verir. Redaksiya həmin vaxtlar yüksəlişdə olan Azərbaycan Milli Dram Teatrı ilə yaradıcılıq əlaqələri qura bilir. Aktyorlar radio ilə əməkdaşlığı cəlb olunurdular. Hətta 1930-cu ilin sentyabrında həmin teatrın aktyorlarından ibarət kiçik dram qrupu təşkil olunur. Həmin qrupa başçılıq edən Mustafa Mərdanov radio üçün hazırlanan pyeslərin əsas rejissoruna çevrilir. Qrup üzvləri mikrofon qarşısında bədii parçalar oxuyur, şeir söyləyir və səhnəciklərdə çıxış edirdilər. Lakin aktyorların teatrdakı intensiv işləri ilə radionun gündəlik iş rejimi vaxt baxımından müəyyən çətinliklər ortaya çıxarırdı. Buna görə də M.S.Ordubadinin təşəbbüsü ilə 1931-ci ilin iyun ayında radionun öz diktorlarından ibarət “Dram qrupu” yaradıldı.

30-cu illərin əvvəllərində Azərbaycan səhnəsinin ulduzları M.A.Əliyev, M.Davudova, S.Ruhulla, M.Mərdanov, Ülvi Rəcəb və başqaları yeni yaradılmış radioteatrla daha geniş əməkdaşlığa başlayırlar. Tezliklə radio ilə ilk böyük tamaşa səsləndirildi. Radionun ilk əməkdaşlarının (Q.Qasımov və S.Nəcəfov) xatırladıqlarına görə bu, görkəmli dramaturq H.Cavidin “Şeyx Sənan” pyesi idi. Tanınmış aktyorların iştirak etdiyi və 1931-ci ilin dekabrında efirdə səsləndirilən bu radiotamaşada A.M.Şərifzadə, Ü.Rəcəb kimi böyük sənətkarlarla yanaşı, radionun dram qrupunun üzvləri də iştirak etmişdilər. Diktorlardan Əsgər Mövsümzadə – Şeyx Abuzər, Səməd Səmədov – Uruz, Həsən Ağayev – Özdəmir, Soltan Nəcəfov isə Dəli Dərviş rolunu oynamışlar.

Həmin tamaşadan sonra Azərbaycan radiosunda daha böyük ədəbi verilişlər efir üzü görməyə başladı. Tezliklə A.S.Puşkinin “Boris Qodunov” əsəri böyük uğurla radioda “göstərildi”. Əsəri Azərbaycan dilinə M.S.Ordubadi tərcümə etmiş, tamaşanı isə M.Mərdanov hazırlamışdı. Bu müvəffəqiyyətlərdən sonra C.Məmmədquluzadənin “Ölülər”, C.Cabbarlının “Aydın”, U.Şekspirin “Hamlet” kimi məşhur tamaşaları radioteatrın inkişafına təkan verdi.

 

( ardı var)

 

 

Qulu MƏHƏRRƏMLİ ,

Professor

 

525-ci qəzet.- 2011.- 3 noyabr.- S.7.