Yenilənən Ağcabədi

 

Elinə-obasına bağlı bir insan kimi, Ağcabədi camaatının bizə olan sevgisi, hörməti, həmçinin qarşılıqlı münasibətlər burada olan xeyir-şər məclislərində iştirakımızı üzərimizə düşən bir haqqa çevirib. Məhz buna görə də, bəzən ayda 2-3 dəfə Ağcabədiyə gedir və insanların xeyir-şər məclislərində iştirak edirəm.

Bu yaxınlarda anam qədər sevdiyim və böyük hörmət bəslədiyim Qarabağın dəyərli ağası Seyid Bəhmən ağanın ömür-gün yoldaşı Sürəyya xanımın vəfatı ilə bağlı məclis təşkil edilmişdi. Bu məclisdə iştirakım zamanı kədərli anlarla yanaşı, sevinc müjdəsini də yaşadım.

Belə ki, Qarabağın sonuncu sərhəddi olan və öz əhalisi ilə bərabər on minlərlə köçkünün məskəni olan doğma yurdum Ağcabədidə son 5 ildə əvvəllər görmədiyim böyük abadlaşmanın, davamlı olaraq rayonda iş yerlərinin açılmasının, yaşıllaşdırma prosesindən tutmuş ictimai iaşə obyektlərinə qədər köklü təmir-tikinti işlərinin şahidi oldum.

Bir müddət öncə Azərbaycanda fəaliyyət göstərən səfirliklərdən birinin diplomatının mənimlə rayonumuza getdiyi zaman qonağımın mənə “Vallahi, mən Türkiyədə, Trabzonda olmuşam, Ağcabədi mənim üçün mini Trabzondur” deməsi qəlbimə başqa bir fərəh vermişdi. Bakıdan yüz kilometrlərlə uzaqda olan Ağcabədidə bu qədər köçkünün, şəhid ailəsinin yaşadığı bir müddətdə belə gözəl proqramlı şəkildə təmir-tikinti işlərinin aparılması, eləcə də insanların qəlbinə fərəh verə biləcək xeyli sayda parkların salınması həqiqətən qürurvericidir. İnsanların dincəlməsindən tutmuş, fasadların yenilənməsi və bütün bu təmir-tikinti işlərin bir-birinə uyğunluq təşkil etməsi, açıq desəm, digər rayonlardakı kimi pul tələsi üçün və ya əhalinin gözündən pərdə asmaq məqsədilə aparılmır. Bütün bunlar yerli məmurun necə ola bilmək görüntüsünü yaradaraq, onun Prezident İlham Əliyevin tövsiyələrinə necə yüksək şəkildə əməl etməsinin nümunəsidir. Kaş ki bütün rayonların icra başçıları Şahin Məmmədov kimi fəaliyyət göstərərdi.

5 il öncə mərhum atam Seyid Bəhram ağanın yas məclisinə gələn dostlar, bu məclisdə ötən müddət ərzində rayonda aparılan abadlıq işlərindən danışırdılar. Hətta mən zarafata salıb dedim ki, siz mənə başsağlığına gəlmisiniz, yoxsa Ağcabədinin bu gözəlliyini vəsf etməyə? Bax, mən hər zaman Ağcabədinin belə olmasını istəmişəm.

Bütün bu işlərin proqramlı şəkildə aparılması bir Azərbaycan ziyalısı və ağcabədili olaraq mənə və tanıdığım onminlərlə ağcabədilinin qəlbinə fərəh, ruhuna qida verir.

Kiçik oğlum Mirrəsulun bir sözünü hər zaman qeyd edirəm. O deyir ki, dədə, Ağcabədidəki abadlıq işləri insanın Bakıdan köçüb burada yaşamağa həvəsləndirir. Bakıda yaşayan bir ağcabədili körpənin paytaxtdan köçüb orada yaşamaq istəyi həqiqətən, Ağcabədinin nə qədər inkişaf etməsini göstərir. Ad çəkmək istəmirəm, amma Ağcabədiyə gedən zaman bir rayon var ki, buradan keçdikdə yol boyu hasarlar diqqəti cəlb etməyə bilmir. Bir çox eyiblər məhz bu sədlərin arxasında qalıb. Bu hasarların qarşısı ilə müqayisədə arxasında çox acınacaqlı bir vəziyyət mövcuddur. İlk baxışdan burada hər şeyin mükəmməl olduğunu düşünürsən, əslində isə bu sədlər bütün eybəcərlikləri öz arxasında gizlədərək, başqa maraqlara xidmət edir. Amma Ağcabədidə bu problem yoxdur, rayonda bütün abadlıq işləri, ən xırda məqam nəzərə alınaraq proqramlı şəkildə həyata keçirilir.

Yerli icra hakimiyyəti tərəfindən müsəlman mədəniyyətini özündə əks etdirən belə bir şəhərin salınması qürurvericidir.

Müxalifətçi mövqeyi ilə tanınan dostum mənə dedi ki, Seyid Camal səndən bir ricam var, ibadətində, dualarında bu işi görənlərə dua et. Məndə zarafatla dedim ki, dua sifarişlə olmur, dua könüllüdür. Çünki sevgili Rəsullah deyir ki, sevən sevdiyinə tabedir. Biz dua etsək də, etməsək də rəbbimin nəzəri istər Şahin müəllim olsun, istərsə də elinin, obasının qayğısına qalan digərlərinin üzərindədir.

Son illər Ağcabədidə Muğam Evinin insan qəlbinə, ruhuna qida verəcək üslubda tikilməsi, rayondakı köhnə bulvarın sıfırdan başlayaraq inşa olunaraq, böyük bir yaşıllığa və özəl bir istirahət yerinə çevrilməsi və Qarabağ şəhid ailələri üçün tikilən binalar, Heydər Əliyev adına parkın yenilənməsi görülən işlərin bir qismidir. Bu işlər onlarladır, amma mən bircə onu demək istəyirəm ki, haqqın və gerçəyin hər zaman təbliğ olunmasına və ədalət prinsiplərinin qorunmasına xidmət göstərən bir iman adamı olaraq, bir dövlət və mənəviyyat tellərinin möhkəmlənməsinə körpü rolunu oynayan, cəmiyyətin sayğı və ehtiram göstərdiyi bir soyun daşıyıcısı olaraq həqiqətən Ağcabədimlə qürur duyuram. Həqiqətən də bu gün digər icra başçıları və bələdiyyə rəhbərliyi üçün bir Ağcabədi örnəyi var. Hətta cənab Prezidentin Ağcabədiyə səfəri zamanı səsləndirdiyi nitqində bunun açıq çalarlarını hiss etdim. Ağcabədi örnəyi bütünlüklə Azərbaycanın digər regionlarına da nümunə ola bilər. Məmləkətimizin, millətimizin, dövlətimizin bütövlüyü uğrunda istər müxalifətdə, istər iqtidarda mübarizə aparan şəxslər bu cür məmur peşəkarlığından həqiqətən də feyz alırlar. Hesab edirəm ki, həqiqəti dilə gətirməkdən çəkinməyən hər bir ölkə vətəndaşı bu məsələləri dəyərləndirməli və təqdir etməlidir.

Ağcabədidə olarkən, orada yaşayan ziyalı dostum dedi ki, Seyid Camal, hər zaman problemləri göz önünə gətirmisən, bir müsahibəndə rayondakı abadlıq işləri ilə bağlı düşüncələrinin yer alması haqqa söykənər. Həmin dostuma deyirəm ki, nəinki problemləri demişəm, haqq və ədalət prinsiplərinin qorunmasının tərəfdarı olan bir insan kimi hər zaman gerçəklikləri söyləmişəm. Elə buna görə də Azərbaycanı sevən ziyalıların, dostlarımın Ağcabədi haqqında olan xoş təəssüratlarını bu yazımda qələm aldım.

 

 

Seyid Camal ƏZİMBƏYLİ,

Şərqşünas

 

525-ci qəzet.- 2011.- 3 noyabr.- S.5.