85 yaşa kiçik hədiyyə...
İnsanın ətrafında da doğma adamlar olur ki, onların işi, fəaliyyəti barədə düşünəndə bir qürur hissi keçirirsən və fəxr edirsən ki, ömrünün varlığının sənin də həyatına, sənin də ömrünə dəxli var. Mən Saleh müəllimi – 85 yaşı tamam olan, həyatı keşməkeşlərlə dolu, amma heç vaxt ömründən gileylənməyən bir insanı çox gec tanımışam. Xeyli vaxtdan bəri çalışdığı Ali Attestasiya Komissiyasındakı işindən tanıyıram. Səksən beş yaşlı bir ömrün 83, 84, 85-ci illərinə rast gəlmişəm. Amma bu üç-dörd ilin içində onu mənə doğmalaşdıran, babam kimi sevdiyim bir insan koofisiyentinə qaldıran məlum səbəblər var: birdən-birə mənə məlum oldu ki, Saleh müəllim Dəvəçidə doğulub, uşaqlıq çağlarını burada keçirib. Mən də Dəvəçidə doğulmuşam və çox da uzun olmayan ömrümün ən gözəl çağları burada keçib. Öyrəndim ki, Saleh müəllim nə az, nə çox – düz 65 il bundan əvvəl Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirib. Mən də jurnalistika fakültəsini bitirmişəm və bu gün də Saleh müəllimin kövrək, nostalji hisslərlə xatırladığı, mənim və onun üçün o müqəddəs fakültədə müəllim işləyirəm. Öyrəndim ki, Saleh müəllim nə az, nə çox – düz 65 il bundan əvvəl mənim müqəddəs müəllimim, işığından, ideyalarından, insanlıq namusundan, alim böyüklüyündən, bir sözlə, həyatının hər addımından nümunə götürə biləcəyimiz Şirməmməd Hüseynovla bir universitetdə, bir qrupda, bir partada oxuyub. Və bir də öyrəndim ki, mənim həkim atam, bu gün də Dəvəçidə yaşayıb işləyən, hər adama bənd olmayan Qüdrət həkim Saleh müəllimi çox yaxşı tanıyırmış, amma bəlkə də mənim bu insanı hələ yaxşı qiymətləndirməyə gücsüz olduğum zənnindən onun barəsində mən hələ orta məktəbdə oxuyarkən heç nə deməyib. Mən dörd il bundan əvvəl atama təzəcə tanıdığım Saleh müəllim haqqında ürəkdolusu danışanda atam yalnız o zaman dilləndi: –Ay qızım, –dedi – Saleh müəllim Dəvəçinin fəxridir. Bu yurdda yaşlı nəsil onun böyüklüyündən, insanlığından qürurla danışır. Saleh müəllim jurnalistdir, yazıçıdır, publisistdir, ictimai adamdır. O, sadəliyin, insan ləyaqətinin canlı modelidir.
Bir az keçdi və atamın sözlərindən sonra Saleh müəllimi daha yaxından tanımaq təşəbbüsündə oldum. Bu tanışlıqdan sonra Saleh müəllim mənə öz kitablarını göndərməyə başladı. Və bu kitabların birincisini oxuyandan sonra o birilərinə baxmamaq mümkün olmadı. Çünki bu kitablarda hər şeydən əvvəl bir Saleh müəllim səmimiyyəti, Saleh müəllim həqiqəti və bir də bu həqiqətlərə yazıçı-publisist interpretasiyaları vardı. Saleh müəllimin mənə hədiyyə etdiyi birinci kitabı “Həyat dastanı” adlanırdı.
Mən Saleh müəllimin çox kövrək üslubda və yüksək sənətkarlıqla yazılmış bu kitabını birnəfəsə oxudum. Ömrünün ahıl yaşına çatmış bu insanın, yazıçının, jurnalistin o kitabı ömrümü bağladığım jurnalistikaya və doğulub boya-başa çatdığım doğma Dəvəçiyə, böyük Azərbaycana məhəbbətimi bir daha artırdı. O kitab Saleh müəllimin uşaqlıq illərini keçirdiyi Dəvəçi ilə bağlı qərib, uzaq xatirələrinin və bir zamanlar ilk tələbəsi olduğu jurnalistika fakültəsindən başlayan yaradıcılıq yolunun memuar əsəri kimi məni duyğulandırmışdı. “Həyat dastanı”nda XX əsrin keşməkeşli illəri, bütöv bir epoxanın sitəmkar qələmindəki ictimai təhlilləri, bir sıra böyük Azərbaycan sənətkarlarının dövrlə, həyatla bağlı yaradıcılığı öz əksini tapıb. O kitabdan dərhal sonra Saleh müəllimin səmimi, açıq təbiətli, elinə-obasına, Azərbaycanımıza sədaqət hissilə yaşadığını gördüm, artıq səksən yaşını adlamış bu sənətkarın bircə kitabından insana, peşəyə, həyata vurğunluğun sirlərini öyrəndim. Və hələ Saleh Tahirovun bir neçə istiqamətdən mənə doğma o memuarlarının təsirindən qurtulmamış əziz müəllimim mənə təzə bir kitabını göndərdi. Azərbaycanın və eləcə də dünyanın təkrarsız sənətkarı Səttar Bəhlulzadənin yaradıcılıq yolundan bəhs edən “Yollar... Mənzərələr...” adlı bu kitab hələ 1993-cü ildə çap edilibmiş. Onda mən hələ Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi idim və əlli il bundan əvvəl elə bu universitetin jurnalistika ixtisasını bitirmiş Saleh müəllimin o kitabından o zaman mənim heç xəbərim olmayıb.
Saleh müəllim o kitabı yenidən işləyib və yenidən çap etdirib. Yaradıcılıq yoluna, yazı üslubuna birdən-birə vurulduğum Saleh müəllimin “Yollar... Mənzərələr...” kitabını böyük ümid və həvəslə oxudum. Böyük ümidlə ona görə ki, əslində Səttar Bəhlulzadənin nə çoxsaylı oçerklərdə bəxti gətirib, nə də telefilmlərdə. Bu böyük rəssamın yaradıcılığı və həyatı çox mürəkkəb bir dünya olduğundanmı, ya nədənsə onun haqqında əsərlərin əksəriyyətində Səttar Bəhlulzadə obrazını tam dolğunluğu ilə tapa bilməmişik. Axı, Səttar Bəhlulzadə Azərbaycandan dünyaya açılan işıqlı bir pəncərədir. Azərbaycanı Şərqdə və Qərbdə tanıdan müasirləri içərisində bu böyük sənətkarın ayrıca yeri var. Təsadüfi deyil ki, anadan olmasının 100 illik yubileyi qeyd olunanda Səttar Bəhlulzadə YUNESKO kimi mötəbər beynəlxalq təşkilatın da diqqət mərkəzində oldu. Rəssamın yubileyi təkcə onun mənsub olduğu xalqın deyil, dünyanın sənətə qiymət verən hər bir sakininin bayramıdır. Bu parametrlərdən çıxış etsək Azərbaycan mühitində rəssamın yaradıcılığı və mürəkkəb şəxsi həyatı irihəcmli, dolğun əsərlərin mövzusu olmalı idi. Ziyalılarımızın, publisistlərimizin üzərinə düşən bu missiyanın bir qolunu Saleh Tahirov öz öhdəsinə götürmüşdür. Saleh müəllimin kitabında rəssamın portreti üç istiqamətdən təqdim olunur: birinci istiqamət Səttar Bəhlulzadənin özünəməxsus yaradıcılıq, sənətkarlıq dünyasıdır. Bu yerdə Saleh Tahirov milli və dünya rəssamlıq məktəblərinə bələdlik fonunda onun sənətini ustalıqla təqdim edir. İkinci istiqamət Səttar Bəhlulzadə və Azərbaycan xəttidir. Publisist-tədqiqatçı bu yerdə sənətin və sənətkarın yurda, Vətənə bağlılığını rəssamın estetik idealı kimi təsvir edir. Üçüncü istiqamət Səttar Bəhlulzadənin bir insan kimi daxili aləminin açılması ilə bağlıdır. Məhz bu üç istiqamət əsərdə Səttar Bəhlulzadənin bütöv təqdim olunmasına şərait yaratmışdır.
Saleh müəllim Səttar Bəhlulzadə ilə onun bir çox yaradıcılıq səfərlərində yol yoldaşı olub. Bu səfərlər kitab müəllifinin təsvirində doğma diyarın qarış-qarış görüntüsüdür, yurda vətəndaş məhəbbətinin sevgi dolu ifadəsidir. Habelə yeni tanışlıq, dünyaya yeni baxışdır. Bu yol yoldaşlığından müəllifin gəldiyi məntiqi nəticə budur: “Yollar kəndləri, şəhərləri, ölkələri, qitələri birləşdirdiyi kimi, adamları da birləşdirir. Bəzən yol yoldaşı adamın həyatının ən gözəl dostuna, sirdaşına çevrilir”. Həqiqətdir və həqiqət olduğu qədər də dəqiqdir.
Maraqlı burasıdır ki, Saleh müəllim rəssamla yol yoldaşlığı fonunda Azərbaycanı, onun təbiətini, gözəlliyini çox maraqlı detallarla təsvir edir. Bir zaman atamla hər tərəfini – dağlarını, bulaqlarını, bostanlarını, çəmənlərini dolaşdığım doğma Dəvəçi Saleh müəllimin təsvirlərində mənə daha əziz, daha möhtəşəm göründü. Bu şəhərin tarixi ilə bağlı müəllifin təqdim etdiyi faktlar onun qədimliyindən, səfalı bir məkan olduğundan xəbər verir. Bu tarixi faktlar içərisində ermənilərin Dəvəçiyə, onun qonaqpərvər camaatına xəyanəti də xüsusi publisistik üslubda təqdim olunur. Dəvəçini “kiçik, yolkənarı” bölgə kimi tanıyanlara bu kitabı oxumağı məsləhət görərdim.
Mən Saleh müəllimi dünya görmüş, müdrik bir alim kimi tanıyıram. Bu kitab dünya görmüş müdrik bir insanın, sənətkarın Azərbaycan sevgisidir. Onun təsvir etdiyi ana torpaq Səttar Bəhlulzadənin əsərlərini tamamlayan real lövhələrə çevrilir. Həm də müəllif hər hansı bir faktın əsasında güclü ümumiləşdirmələr apara bilir. Məsələn, onun öz anası haqqında fikirləri bütövlükdə ana dünyası, ümumiləşmiş Azərbaycan qadını haqqında oxucunu düşündürən ibrətamiz hekayələrdir.
Ömrünün səksəninci onilliyini yaşayan Saleh müəllimin ədəbi-bədii nümunələrinin hamısında onun şəxsiyyətində, insana, ətrafına münasibətində özünü göstərən səmimiyyət var. Yazıçı-publisistin “Yollar... Mənzərələr...”, “Həyat dastanı” kimi kitablarında hadisələrə, dünyaya sənətkar münasibətindəki bu qədər səmimiyyətin hardan qaynaqlandığını əvvəl başa düşə bilmədim. Lakin onun sonradan mənə hədiyyə etdiyi “Valeh və Minayə” əsərini oxuyub bitirəndən sonra yaradıcılığına bəzək verən böyük səmimiyyətin hardan qaynaqlandığını anladım. Bunu mənə əsərin janrı anlatdı. Məsələ burasındadır ki, “Valeh və Minayə”ni müəllif özü sadəcə “əsər” adlandırır. Əlbəttə “Valeh və Minayə” böyük və ülvi məhəbbətin, zamanın, mühitin, bəlkə də elə taleyin əlçatmaz etdiyi bir məhəbbətin bədii-xronoloji tarixidir. Lakin bu tarix şəxsən mənim üçün elə doğma yerdən başlayır və elə doğma yerdə bitir ki, həmin tarixin, həmin taleyin personalarını tanımamaq mümkün deyil. Əsərdəki bütün hadisələr doğma Dəvəçidə (indiki Şabranda) baş verir. “Valeh və Minayə” öz janrına görə sırf memuar əsərdir, müəllifin öz taleyi, öz həyat yolu ilə bağlı bir tarixin ədəbi-bədii salnaməsidir. Bunu yəqinləşdirmək üçün Valehin əsərdə keçdiyi ömür yolu ilə kitabın arxasında təqdim olunan müəllif bioqrafiyasını müqayisə etmək kifayətdir.
İlyas Əfəndiyevin “Geriyə baxma qoca” və “Üçatılan” povestləri tərəkəmə dünyasının təsiri ilə Azərbaycanın müəyyən tarixi dövrünün etnoqrafik, siyasi, məişət həyatının bədii ümumiləşməsidir. Klassik memuar ədəbiyyatının böyük ustadı A.Gertsen isə rus siyasi-ictimai həyatının bütöv bir epoxasını memuar janrında təqdim etdiyi kimi, Saleh Tahirov da Azərbaycanın bütöv bir dövrünün xarakterini yaratmaq üçün adi insanların və adi bir əyalət həyatını xatirələrlə təqdim etmək vəzifəsini qoymuş və buna nail olmuşdur.
Müəllifin əsərdə təsvir etdiyi illər Azərbaycanın hər yerində
olduğu kimi, Şabranda da ciddi siyasi hadisələr dövrüdür. Maraqlı hal orasındadır ki, əsərin
müəllifi həmin hadisələrə bu
gün dəbdə olan
prizmadan – sovetlər dövründəki hər
şeyi qara rəngdə
görmək, qara eynəklə qiymətləndirmək
prizmasından yanaşmır. Əlbəttə, o illərin repressiyası da
var, sovet imperiyasının
milli inkişafa zərbələri
də var və s. Lakin S.Tahirovun əsərində
o illərin partiya,
dövlət rəhbərləri arasında yaxşı insanlar da mövcuddur.
Bu adamlar bir sıra
hallarda vicdan və ədalət prinsiplərini də unutmurlar. Saleh müəllim o çətin
illərdə də bəzi quruculuq işlərinin getdiyini və bunun xalqın
taleyində oynadığı
rolu göstərir.
Samur-Dəvəçi kanalının tikintisi
və bu fakta elin münasibəti
əsərdə maraqlı
boyalarla təqdim edilmişdir.
Könül NİFTƏLİYEVA,
BDU, Jurnalistikanın
nəzəriyyəsi və
təcrübəsi kafedrasının müəllimi,
fəlsəfə doktoru
525-ci qəzet.- 2011.- 3 noyabr.- S.8.