Mirzə İbrahimovun Naxçıvanda redaktorluq
fəaliyyəti
GÖRKƏMLİ ƏDİBİN
ZƏNGİN YARADICILIQ BİOQRAFİYASINDA NAXÇIVANDA NƏŞR
ETDİYİ “SÜRƏT” VƏ “ƏDƏBİYYAT” QƏZETLƏRİNİN
ÖZÜNƏMƏXSUS YERİ VAR
Azərbaycan
ədəbiyyatının görkəmli simalarından olan
Mirzə İbrahimov çoxcəhətli ədəbi fəaliyyəti
ilə ədəbiyyat tariximizdə xüsusi yer tutur. XX əsrin
30-cu illərinin əvvəllərində ədəbi prosesin
inkişafına dəstək məqsədilə
Naxçıvana göndərilən Mirzə İbrahimov da Əli
Vəliyev kimi Naxçıvanda yaşayıb yaradan gənclərdən
Məmmədəli Tarverdiyev, Nağı Nağıyev,
Hüseyn Əzim, Əkbər Məftun, Ənvər Əylisli,
Baqi Hüseynov, Lətif Kərimov, Lətif Hüseynzadə,
Rza Şərifzadə, Əbdül Kazım, Qurban Qurbanov və
başqalarının ədəbi
yaradıcılığına istiqamət verirdilər. Onlar
XX əsrin 30-cu illərindəki Azərbaycan ədəbiyyatı
və ədəbi tənqidi haqqında onlara maraqlı
söhbətlər, məruzələr edirdilər.Xüsusən,
bu sahədə Mirzə İbrahimov daha fəal
çalışırdı. İndiyədək Mirzə
İbrahimovun nəsr və dram əsərlərindən kifayət
qədər söz açılsa da, onun 1933-35-ci illərdə
Naxçıvan Sovet Yazıçılar
İttifaqının orqanı olan “Ədəbiyyat” qəzeti və
Naxçıvan Maşın Traktor Stansiyasının
orqanı “Sürət” qəzetlərinin baş redaktoru kimi fəaliyyəti
haqda az danışılmışdır. Bu qəzetlər
haqqında məlumatlara Mirzə İbrahimovun Azərbaycan
Dövlət Ədəbiyyat və İncəsənət
arxivində qorunan fondunda, müxtəlif illərdəki mətbu
orqanlar və tədqiqatçıların əsərlərində
rast gəlinir. Araşdırmamızda pərakəndə halda
olan məlumatları toplamaqla yanaşı, bu qəzetlərin
Naxçıvanda söz və ədəbi fikir tarixinin inkişafındakı
xidmətlərindən bəhs edəcəyik.
Ədibin Naxçıvandakı fəaliyyəti haqda ilkin məlumata onun öz xətti ilə yazılmış tərcümeyi-hal sənədlərində rast gəlinir: “1929-cu ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun 2 illik hazırlıq şöbəsinə daxil olub 1933-cü ildə hazırlıq şöbəsini bitirdiyim zaman, Azərbaycan təşkilatı məni respublikanın zəngin və maraqlı guşələrindən biri olan Naxçıvana, Maşın Traktor Stansiyası siyasi şöbəsinin “Sürət” adlı qəzetinə redaktor göndərdi. Doğrusu mən bu işə o qədər də həvəslə getmədim. Çünki hələ təhsilimin kifayət olmadığına qane idim. Sinif yoldaşlarımın çoxu kimi aspiranturada oxumaq istəyirdim. Lakin sonralar mən ora getməklə çox şey qazandığıma inandım. Siyasi şöbədəki iş məni xalqın həyatı və mübarizəsi ilə canlı surətdə bağladı. Mənə elə şey verdi ki, onu heç bir kitabdan öyrənmək olmazdı. Mən canlı insanları, onların gərgin əmək, həyəcan və iztirablarla dolu gündəlik həyatını gördüm, o dövrdə kənddəki qızğın sinfi mübarizənin natural səhnələrini müşahidə etdim”.
1933-cü ildə Naxçıvanda ciddi siyasi mübarizə getdiyi bir zamanda, kolxozların iqtisadi cəhətdən möhkəmlənməsi, texnika ilə təchiz edilməsi əsas problemlərdən biri idi. Bu problemlərdən ən başlıcası isə sovet rejiminin insanların düşüncə tərzində yaratmaq istədiyi yeni ab-hava idi. Məhz bu faktoru nəzərə alıb mətbuatdan təbliğat vasitəsi kimi yararlanmaq kommunist rəhbərliyinin diqqətindən yayına bilməzdi. Ona görə də, Bakıdan Naxçıvan MTS siyasi şöbəsinə qabiliyyət və bacarığına güvənilən bir şəxsin göndərilməsi, hələ üstəlik mətbu orqanın təsis edilərək ona redaktor təyin edilməsi dediklərimizi bir daha təsdiqləmiş olur. Naxçıvandakı ədəbi qüvvələrin tanınmış simalarından olan Müzəffər Nəsirlinin “Naxçıvan Şura ədəbiyyatı” başlıqlı məqaləsində deyilir: “Azərbaycan Şura yazıçılarından Əli Vəliyev, İbrahim Mirzə yoldaşların təşəbbüsülə daha da bir iş parlamaqda-”Ədəbiyyat qəzetəsi” nəşr edilməkdədir”. Müzəffər Nəsirli sonrakı illərdə “Azərbaycan gəncləri” qəzetində yazırdı: “Mirzə İbrahimov gecə-gündüz kolxozlarda olur, məqalələr yazır, eyni zamanda respublikanın mədəni-siyasi həyatında fəal iştirak edirdi”.
Lətif Hüseynzadə Mirzə İbrahimovun Naxçıvandakı fəaliyyətini belə qiymətləndirir: “Mirzə İbrahimov Naxçıvanda müxbirlərin, şair, aşıq, nağıl deyənlərin konfranslarını keçirir, ədəbi müsamirələr təşkil edirdi. Texniki səbəblərə görə ədəbi-pedaqoji məcmuə nəşrinə nail ola bilmir. Mirzə İbrahimov bunun əvəzinə Naxçıvanda Azərbaycan sovet mətbuatı tarixində yeni bir səhifə təşkil edən “Ədəbiyyat” qəzetinin nəşrinə nail olur. Onun bu nəcib təşəbbüsü Naxçıvandakı sovet yazıçılarının əsərlərini çap etdirməsi üçün geniş imkan yaratdı. Qəzetin redaktoru da ədibin özü idi. Onun bu qəzetdə bir sıra oçerk və hekayələri dərc edilmişdi. Bu qəzetdə “Dünya qopur” romanı haqqında Mirzənin çox dəyərli bir məqaləsi də dərc edilmişdi. Mirzə İbrahimov Naxçıvanda həm öyrənmiş, həm də yaratmışdı”.
Naxçıvanda “Ədəbiyyat qəzeti”nin nəşri haqqında məlumatlara Əli Vəliyevin “Araz qırağında” sənədli əsərində də rast gəlmək olur: “Birinci nömrəsi buraxılan “Ədəbiyyat” qəzeti pis çıxmamışdı. Bir çox yeni müəlliflərin əsərləri çap olunmuşdu. Siyasi şöbə rəisinin ilk hekayəsi maraqlı idi. Qəzetdə Bakıda nəşr olunan kitablar haqqında da rəylər var idi”.
Müzəffər Nəsirli Mirzə İbrahimovun Naxçıvandakı fəaliyyəti və “Ədəbiyyat qəzeti” vasitəsilə ədəbi prosesə təsirini belə dəyərləndirir: “1933-34-cü illərdə Naxçıvanda yaşayarkən Mirzə İbrahimov ədəbi gəncliyin rəhbəri idi. Klassik Azərbaycan və rus ədəbiyyatı, müasir sovet ədəbiyyatında baş verən yenilikləri onlara çatdırırdı, ədəbi gəncliyin inkişafı qayğısına qalaraq “Şərq qapısı” qəzetinin redaktoru Əli Vəliyevlə Naxçıvanda “Ədəbiyyat qəzeti”nin bir neçə nömrəsinin nəşrinə nail olmuşdu. Qəzeti Mirzə İbrahimov özü redaktə edirdi, ən qüvvətli ədəbiyyat maraqlılarını da qəzet ətrafına toplamışdı”.
Əhalini maarifləndirməklə, hələ təzə-təzə formalaşan Naxçıvan ədəbi mühitinin inkişafı qayğısına qalan Mirzə İbrahimov yaradıcılığının ciddi uğurlarından sayılan və mövzusu Naxçıvan həyatından götürülən “Həyat” pyesini Naxçıvanda yazmışdır. XX əsrin 30-cu illəri Azərbaycanda kolxoz quruculuğu və sovet hakimiyyətinin qolçomaqlarla mübarizə dövrü kimi xarakterizə olunur. Məhz, həmin dövrdə Naxçıvanın Qoşadizə kəndində kolxoz sədrinin öldürülməsi faktı və cinayətin məhkəmə prosesi böyük əks-səda doğurduğundan, üstəlik bu hadisənin qolçomaq-kolxoz qarşıdurması kimi deyil, namus üstündə baş vermə ehtimalları “Həyat” pyesinin həyata vəsiqə almasına səbəb olur: “Mən hələ 1929-30-cu illərdə fəhlə dram dərnəyi üçün kiçik bir pyes yazmışdım və onu tamaşaya qoymuşdular. Lakin bu pyes özümü də təmin etmədiyindən cırıb atmışdım. Ürəyimdə isə dram yazmaq həvəsi soyumamış, həsrətə çevrilmişdi. Naxçıvan bu həsrəti ovutmaq üçün mənə zəngin material verdi və 1935-ci ilin mart ayında siyasi şöbə işimdən azad olub Bakıya qayıtdığım zaman “Həyat”ı yazıb yaxşı dram əsəri üçün respublika konkurs komissiyasına verdim”.
Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 2 il ərzində “Şərq qapısı” qəzetində də mütəmadi olaraq çıxış edən ədib çoxşaxəli yaradıcılığına yeni bir səhifə də əlavə edir. “Şərq qapısı” qəzetinin 1934-cü il tarixli sayında bu haqda belə məlumat verilir: “Yazıçılarımızdan yoldaş Mirzə İbrahimov “Alagöz” romanının birinci hissəsini yazıb qurtarmışdır”.
Ədibin özü isə fəaliyyətinin Naxçıvan dövründəki digər uğurlarını belə xarakterizə edir: (Qeyd- əlyazmada mətn rus dilindədir) “Naxçıvanda mən 2 il işləmişdim. Bu illər ərzində mənim iki kitabım çapdan çıxmışdı.
1. “Nəhənglər ölkəsi”- SSRİ-də, Dneproqes, Donbasdakı yeni tikintilər haqdadır. Bu tikintilərdə mən 1931-ci ilin yayında Qorkinin Moskvadan çağırışıyla müxtəlif respublikalardan olan gənc yazıçılar briqadası ilə birlikdə olmuşam.
2. “Həyat naminə”- Azərbaycan xalqının yeni həyatı və inqilabi keçmişini əks etdirən hekayələr toplusu”.
Beləliklə, Naxçıvan dövrü Mirzə İbrahimovun həyat və fəaliyyətinin qısa mərhələsini təşkil etsə də, onun çoxşaxəli yaradıcılığının yaddaqalan və məhsuldar dövrü sayıla bilər. Qeyd edək ki, onun yerli mətbuatda dərc etdirdiyi, indiyədək tədqiqatçıların diqqətindən kənarda qalan bədii nümunələri ayrıca tədqiqat tələb edən sahədir. Lakin təəssüflər olsun ki, nə Mirzə İbrahimovun şəxsi fondunda, nə Naxçıvan Dövlət Arxivində, nə də müraciət etdiyimiz digər ünvanlarda “Sürət” və “Ədəbiyyat” qəzetlərinin heç bir nümunəsinə rast gələ bilmədik. Ümid edirik ki, bu sahədəki axtarışlarımız nəticəsiz qalmayacaq və biz mətbuatımızın iki illik qaranlıq səhifəsini işıqlandıra biləcəyik.
Surə SEYİD,
Naxçıvan
Dövlət Universiteti
“Jurnalistika
və dünya ədəbiyyatı”
kafedrasının
müdiri,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2011.- 3 noyabr.- S.6.