JURNALİST NAZİM SABİROĞLU: “ŞUŞASIZ NƏ JURNALİSTİKAM TAMDIR, NƏ EVİM TAMDIR, NƏ DƏ ÖZÜM TAMAM”

 

Noyabrın 8-də Azərbaycanın tanınmış jurnalistlərindən biri, “Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlunun 40 yaşı tamam olur. Nazim Sabiroğlu jurnalistikaya 1998-ci ildə “525-ci qəzet”də başlayıb, sonra bir müddət “Detektiv” qəzetində çalışıb. 2001-ci ildən indiyədək “Yeni Müsavat” qəzetində çalışır.

Həmkarımızı qarşıdan gələn yubileyi münasibətilə təbrik edir və əməkdaşımızın onunla hazırladığı müsahibəni təqdim edirik.

 

– Ötən 40 ilə baxanda itirdikləriniz çox olub, yoxsa qazandıqlarınız?

– Geridə qoyduğun illərə baxanda əlbəttə, həyatda səhvlər də, itkilər də, uğurlar da çox olub. Geridə qalan 40 ilə nəzər salanda və çox məsələləri saf-çürük edəndə özümə 5 ballıq sistemlə 3 qiyməti verərdim. Bəziləri deyir ki, 40 yaş adama müdriklik gətirir, insan bu yaşda daha səbrli olur. Mən özümdə bunu hiss eləmirəm. Lap çözələsək razılaşıram ki, 25 yaşla müqayisədə 40 yaşında özümü bir balaca ağıllanmış hesab edirəm.

– Sizin həyatınızda rəhmətlik atanız Sabir müəllim çox əhəmiyyətli rol oynayıb. İstərdim bu barədə bir az danışasan...

– Bizim – yəni qardaşım Hikmətin və mənim yazı-pozu ilə məşğul olmağımız məhz gözümüzü açıb o mühitdə böyüməyimizdən irəli gəlib. Biz hər zaman evdə qələm, səliqəli dəftər-kitab görmüşük. Mənim atam da, anam da müəllimə olub. Həyatımızda gəlib çıxdığımız mərhələ, Sabiroğlu imzasını daşımağımız əlbəttə ki, atamla bağlıdır. Yəni, o bizi elə tərbiyə edib ki, biz haram çörək yeməyi fikirləşməmişik. O, bizə ilk növbədə oxumağı tövsiyə və tələb edib. Baxmayaraq ki, atam bizləri indiki zəmanədə olduğu kimi kiməsə tapşıra, institutda yüksək qiymət yazdıra da bilərdi. Biz də atamızın adından və nüfuzundan istifadə edib məktəbi yaxşı qiymətlərlə qurtara bilərdik. Mən yaxşı oxumasam da o, heç kimə tapşırmayıb oğlunu. Mənim attestatımda hətta 3 də var. Şuşaya bağlılıqdan əvvəl onu da qeyd edim ki, mənim dayım “Şuşa” qəzetinin redaktoru Mütəllim Abbasov da o zamanın tanınmış jurnalistlərindən olub, şərəfli ömür sürüb. Onun ilk oxucularından biri çox zaman mən olardım. Yazını hazırlayırdı, sonra gətirib mənə verirdi ki, yüksək səslə oxuyum. Onun çox sərt və duzlu qələmi var idi. Sonralar başa düşdüm ki, dayım sovet dönəmindəki qadağalara baxmayaraq, həmin dövrün eybəcərliklərini çox ustalıqla qələmə alıb. O, balaca bir rayon qəzetində buna nail olurdu. Qardaşımın məhz jurnalist kimi formalaşmasında elə bilirəm ki, dayımın təsiri çox olub.

– Dayınıza görə Hikmət, Hikmətə görə siz jurnalistikaya gəldiniz demək..

– Mən yatsam da yuxuma girməzdi ki, nə vaxtsa jurnalist olacağam. 1982-ci ildə futbolçu olmaq istəyirdim. 10-cu sinifdə oxuyanda fikirləşirdim ki, yaxşı müəllim ola bilərəm. Universitetə qəbul olanda fikirləşdim ki, yaxşı təşkilatçı olaram. Ona görə də təhsilimi başa vurub Şuşaya qayıtmaq, orada işləmək istəyirdim. Ancaq sonralar belə qənaətə gəldim ki, nə yaxşı futbolçu, nə müəllim, nə də təşkilatçı olacağam. Belə fikirlərin əsarətində universiteti qurtarandan sonra uzun müddət işsiz qaldım. Baxmayaraq ki, məni Hikmətə görə jurnalistikaya bağlayan tellər möhkəm idi. Mən fəal jurnalistikada olmayanda bütün tanınmış jurnalistlərin imzasını, özlərini şəxsən tanıyırdım. Yəni jurnalistikaya təsadüfən gəlməmişəm.

– Jurnalistikaya gəlməklə bağlı bir yazınızı xatırlayıram. Bir müddət Bakıdan ayrılıb Ağcabədidə yaşamısınız və qayıdıb “525-ci qəzet ”də işləməyə başlamısınız.

– Müəyyən bir dövrdə Bakıdan qırılma nöqtəsi oldu. Televizora baxmaqdan, dostlarımla gəzib dolaşmaqdan, yeyib-içməkdən, bekarçılıqdan yoruldum. Bu səbəbdən şərait elə gətirdi ki, mən 1998-ci ilin 3 ayını Ağcabədidə yaşamalı oldum. Özümlə Ramiz Rövşənin kitabını, diş fırçamı və xırda-para geyimlər götürüb idman çantasına yığdım və Ağcabədiyə yollandım. Orada bacımın yanında yaşamağa başladım. Mütəmadi olaraq hər gün 2 kilometrə yaxın yolu piyada gedərək, 3 qəzet alırdım: “525-ci qəzet”, “Azadlıq” və “Yeni Müsavat”. Bu qəzetləri oxumaqla öz seçimimi edirdim. Fikirləşirdim ki, mən işləmək üçün hara gedə bilərəm. Həmin zaman Hikmət “Azadlıq” qəzetində işləyirdi. Çox götür-qoy etdikdən sonra belə qənaətə gəldim ki, mənim üçün ən uyğun mətbuat orqanı “525-ci qəzet”dir.

– Hikmət Sabiroğlu o zaman “Azadlıq” kimi bir qəzetdə rəhbər vəzifədə çalışırdı. Maraqlıdır, niyə “Azadlığ”ı deyil, “525-ci qəzet”i seçdiniz?

– Zarafatla desəm, yəqin bu qəzetin rəhbərliyinin Ağcabədidə yaşamaları mənə təsir etdi. Zarafatsız isə mən hiss etdim ki, məhz bu qəzetdə yaza bilərəm. Özü də heç bir iddiam olmadan, idman müxbiri kimi işləmək istəyirdim bu qəzetdə. Sadəcə qardaşıma dedim ki, məni baş redaktor müavini Yusif Rzayevə tapşırarsan. Çünki onunla universitet illərindən bir-birimizi tanıyırdıq. Hikmət mənim adamayovuşmaz, ağır xarakterə sahib olduğumu bildiyindən bir az tərəddüd edirdi. İstəmirdi ki, mənə görə tanıdığı dostları ilə münasibətlərinə xələl gəlsin. Uzun sözün qısası onun ürəksiz etdiyi xahişlə “525-ci qəzet”ə gəldim və idman müxbiri kimi fəaliyyətə başladım. İlk dəfə bu qəzetdə 500 işarəlik bir yazım çıxdı. Necə sevindiyimi indi anlatmaq çətindir.   Ümumiyyətlə, o dövrün romantikası və məhz jurnalist olmaq həvəsini indi az-az adamlarda görürəm.

– Deyirsiniz ki, xarakterinizi bildiyindən qardaşınız sizi ürəksiz tapşırdı. Bu tapşırığa görə sonra peşman olmadı ki?

– Jurnalist kimi formalaşmağımda əməyi olan rəhmətlik Elçin Səlcuq mənim barəmdə söhbət düşəndə deyərdi ki, səni Hikmətin qardaşı kimi tanısam da, Nazim kimi çox istədim. Qardaşımın kölgəsinə sığınsam da, çalışdım ki, onun başını aşağı edəcək hər hansı hərəkət etməyim, yaxşı jurnalist olum. Əvvəllər “525”də qəzet içində qəzet kimi çıxan, daha sonra isə ayrıca qəzetə çevrilən “Detektiv” bağlandıqdan sonra “Yeni Müsavat” a gedəndə də qardaşımdan xahiş eləmişdim ki, bu dəfə də məni qəzetin redaktor müavini Qabil Abbasoğluna tapşırsın. O bunu elədi, Qabil bəy də demişdi ki, gəlsin, baxarıq. Həmin vaxt “Yeni Müsavat” qəzetində işləmək üçün rəqabət olduqca böyük idi.

– Hər halda yəqin o zamanlar “Yeni Müsavat” sizin üçün yad bir mühit idi. O mühit sizi necə qəbul elədi, uyğunlaşa bildinizmi?

– “Yeni Müsavat” elə bir səngər idi ki, ora girəndə bilməliydin ki, başına “kaska” taxmalısan və əlində silahın sayılacaq qələmin daha iti olmalıdır. Bunları gözə almalıydın. Amma mən bu qəzetdən qeyri bir mətbuat orqanı görmədim ki, “525-ci qəzet”dən sonra mənim ruhuma bu dərəcədə yaxın olsun. Dava-dalaşı sevməsəm də, düşündüm ki, artıq mənim həyatımda “Yeni Müsavat” mərhələsi başlayır. 2001-ci ilin noyabrından sınaq müddətinə orada işləməyə başladım. Heç kimin ağlına da gəlməzdi ki, adama yovuşmaz, iddiası yaxşı yazıdan o tərəfə keçməyən bir oğlan cəmi 4 ildən sonra bu qəzetin redaktorlarından biri olacaq.

– İndiki dönəmdə jurnalistlərin maddi baxımdan vəziyyətinin ürəkaçan olmadığı səni bu sənətdən çəkindirmir ki, yəni peşman deyilsən ki, yaxşı futbolçu olmamağına?

–1998-ci ildə böyük istəklə özümü təsdiq etmək, içimdəki gözəl hissləri, duyğuları yazmaq üçün gəlmişdim qəzetə. Mən istəyirdim ki, hansısa kinoya, teatra baxandan sonra, yaxud küçədə bir gözəl qızdan təsirlənib yazı yazım. Həmin əhval-ruhiyyədə yazıları “525-ci qəzet”də yazdım. Sonrakı illər bizi jurnalistdən daha çox döyüşçüyə çevirdi. Özümü indi jurnalistikanın yorğun döyüşçüsü hesab edirəm. Amma bu, məğlub döyüşçü anlamına gəlməməlidir. Hələ yazmaq üçün zaman və məkan var. Maddi duruma gəlincə, jurnalistlər yaxşı yaşamağı haqq etmiş adamlardırlar. Mən peşman deyiləm jurnalistikanı sənət seçdiyim üçün. Təəssüf ki, jurnalistikada yeni qan da görünmür.

–Sizin jurnalistikaya gəldiyin illərdə müşahidə etdiyiniz peşəkar jurnalistlərin bu gün davamçılarını görürsünüzmü?

– Jurnalistika elə bir sahədir ki, burada istedadın olmasa, çox işləyə bilməzsən. Hansısa ofisdə illərlə işləmək olar, hətta savadsız olsan da müəllim kimi işləyə də bilərsən, yola verəcəklər səni. Amma jurnalistikada istedadın olmadısa, yalnız başını girələyə bilərsən. Mən son zamanlar hansısa gənc müəllifin yazısını oxuyub “bu təzə nəfəsdir” deməmişəm. Hərdən bəzi gənclərə də deyirəm ki, sizin məşğul olduğunuz işin gələcəyi yoxdur, özünüzü aldatmayın. Hər hansı hadisəni görüb sonra gəlib onu yazmaq jurnalistika deyil. Bunu heç reportaj janrına da aid etmək olmaz.

– Jurnalistikada qazancın nə, itkilərin nə olub?

– Mən jurnalistikaya gələndə də sadiq dostlarım var idi. İndi də həmin dostlarım yanımdadır. Bundan əlavə, jurnalistika mənə məşhurluq, imza və ən əsası daha çox dost qazandırdı. Jurnalistika mənə həyatda necə yaşamağı öyrətdi. Əzilə-əzilə, qırıla-qırıla deyil, hər zaman, hətta ən çətin məqamlarda belə dik dayanmağı öyrətdi. Şükür qəddimizi əymədik. Çox təəssüf ki, ötən illər bizim yaxşı qələm dostlarımızı əlimizdən aldı. Əgər bu gün Adil Qaçayoğlu, Elçin Səlcuq, Məmməd Nazimoğlu imzası yoxdursa, Azərbaycan jurnalistikası görün nələr itirib. Hələ mən sağ ikən yazmayan qələm sahiblərini demirəm. Halbuki onların yazması ilə Azərbaycan və jurnalistikamız daha çox şey qazanar. Məsələn, Yusif Rzayev, Fəxri Uğurlu, Rauf Arifoğlu...

– 40 yaşınızı Şuşasız qarşılayırsınız. İnşallah, 50 yaşınızı Şuşada qeyd etməyə ümidiniz varmı?

– İndi ən xoşbəxt günlərimdə belə mən özümü natamam hiss edirəm. Fikirləşirəm ki, həyatımda nəsə çatmır. Əlimi cibimə atıram görürəm xərcliyim var, normal geyimim var, amma nəsə çatmır. Bu nəsəni çox fikirləşmədən bilmişəm ki, bəli, həyatımda məhz Şuşa çatmır. Şuşasız nə jurnalistikam tamdır, nə evim tamdır, nə ailəm tamdır, nə də özüm tamam. Ümumiyyətlə, Şuşasız Azərbaycan tam deyil, yarıdır. Onun jurnalistikası da bu cürdür. Bəzən jurnalistlərin Dağlıq Qarabağa səfəri olur və onlar gəlib orda gördükləri barədə təəssüratlarını yazırlar. Jurnalistika ilə bağlı mənim ağır günlərim olub. Allah mənə o günü nəsib eləməsin ki, erməni tapdağında olan Şuşaya jurnalist kimi gedim və qayıdan da ora barədə nəsə yazım. Şuşaya gedərəm, çataram, amma oradan qayıdıb hər hansı yazı yaza bilmərəm. Mən getsəm qayıda bilmərəm oradan. Buna mənim ürəyim dözməz. Düşmən tapdağındakı Şuşadan qayıdıb Bakıda mən Şuşadan yazı yaza bilmərəm...

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 5 noyabr.- S.28.