Məhəmməd
Əmin Rəsulzadə
Nəşrin redaktorları:prof. Şamil Vəliyev
və elmi işçiSamir Mirzəyevdir.
Əsərləri
Üçüncü cild (1915-1916)
Ön söz
Azərbaycan
milli qurtuluş hərəkatının ideoloqu və lideri,
ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin
zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik
irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə
işıq üzü görmüşdür. İndi
onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc
olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm.
Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli ötən şənbə
saylarımızda)
Cəmiyyəti-xeyriyyə
rəisinin izahları münasibətilə
Keçən nüsxələrimizdən birində
cəmiyyəti-xeyriyyə rəisi Mirzə Əsədullayev cənablarının
bir izhari dərc edilmişdi. Bu izhar adətən cəmiyyəti-xeyriyyə
rəisi tərəfindən bir bəyənnamə idi.
Əsədullayev cənabları vaqe olan
izharlarına müsəlman məarifməndlərini dəvət
ediyorlar ki, cəmiyyətə üzv olsunlar. Bu dəvət
yalnız cəmiyyətin işıqlı üzvlərini
artırmaq marağı ilə vaqe olmuyor. Mirzə cənabları
bununla gərək kəndiləri və gərək həmsinifləri
olan təbəqə həqqində vaqe olan tənqidlərə
qarşı çıxmaq üzrə məarifməndlərə
xitabən mühüm bir ixtarda bulunuyorlar.
Cəmiyyətlərimiz arasında cəmiyyəti-xeyriyyənin
nə qədər mühüm bir müəssisəyi-milliyyə
olduğu məlumumuzdur. Bu mühüm müəssisə bu vəqtə
qədər əhəmiyyəti ilə münasib bir iş
görə bilməmişdir. Bu xüsusda milli mətbuat vasitəsilə
vaqe olan tənqidləri təfsilən burada yazacaq degiliz. Bunu
hər kəs bilməkdə və yadında saxlamaqdadır.
Çünki, on sənəlik ömründə “arayıb da
20 fəqir bulamadığı” cəmiyyəti-xeyriyyəni
olduqca məşum bir halə qoymuşdur.
Fəqət əsl məsələ bu
işsizlikdə, bu ruhsuzluqda, bu əcib və qeyrilikdə
degil: bu halları tovlid edən cəhətdədir.
Bu cəhət nədən ibarətdir?
İşdə əsl cəmaətin, bilxassə məarifməndlərdən
bir qisminin etirazına mucib olan şey də budur.
Cəmiyyəti-xeyriyyə üzərində
hakim bir ruh varmış. Bu ruh müəyyən şəxslərdən
başqa digərlərinin işinə müvafiqət göstərməz.
Məhdud bir taqım şəxsləri ancaq iş
başında görmək istər. Bu ruhun hakimiyyəti və
bu halın istiqrarı ürəfanı cəmaət işindən
ümumən və cəmiyyəti-xeyriyyədən xüsusən
qaçırıyormuş.
Bir baxışda iş böylədir. Bu
nöqteyi-nəzərdən etiraz edənlər həqli
çıxa bilərlər. Həqli olduqlarını isbat
üçün bir çox dəlil və bəhanələr
də iqamə edə bilərlər. Fəqət məsələyə
bir az da əsaslı və ciddi baxılarsa, o halda möhtərizlərin
özlərində az günah olmadığı meydana çıxar.
Bu günahın mühəqqəq olduğuna etimadladır ki,
cəmiyyəti-xeyriyyə rəisi kəmali-cəsarətlə
məarifməndlərin bir qismi tərəfindən vaqe olan tənqidləri
üzlərinə vuruyor və məsələn diyor ki:
– Ağalar, doğru diyorsınız isə,
iştə cəmiyyəti-xeyriyyənin intixabları
yaxınlaşmaqdadır. İltifat edib də üzv
yazılınız. Gəliniz nə istərsəniz ediniz.
Bu sözün mənası mühüm bir
şey degildir. cəmaət və cəmiyyət işlərinin
ən bəsit əsasinə istinad edilmiş bir sözdür.
Bir kərə tədqiq olunsun. Cəmiyyəti-xeyriyyə
üzvülügünə mənsub neçə əhli-məarif
var? Və yainki, digər cəmiyyətlərimizdə
“oxumuşlarımızdan” nə qədəri görünməkdədir?
Bu suallara cavab alınırsa, mütləq bizim
məarifməndləri həqli çıxaracaq bir nəticəyə
varılamaz.
Madam ki, böylədir, o halda cəmiyyət ərbabini
tənqiddən əvvəl Bakı müsəlman məarifməndləri
özlərini tənqid etməli, haman “məzkiyə-nəfsə”
başlamalıdırlar. Bu təzkiyeyi-nəfs isə cəmaət
işinə qarışmaqdan ibarətdir. Cəmaətdən
uzaqda oturub da cəmiyyətləri tənqid etmək
müvafiq bir üsul olamaz. Cəmaətə və cəmiyyətlərə
gəlib əgər tənqidə ehtiyac varsa, orada yalnız
sözlə degil, işlə də yol göstərməli,
şayani-təqlid hərəkətlərlə gözəl
bir nümunə təşkil etməlidir.
Cəmiyyəti-xeyriyyə
rəisi iştə məarifməndlərimizi böylə bir
işə dəvət ediyor. Bu dəvətdə
hüsni-niyyət olmadığını iddia etmək həqqinə
malik degiliz. Bu dəvətdə hüni-niyyət olduğuna
şübhə edənlər olsa belə, yalnız bir
şübhə ilə işdən sovmaq həqqinə malik
degillərdir. Bunu felən isbat edib göstərməlidirlər
ki, onlardan asılı olan nə varsa edildi. Fəqət onlara
aid olmayan başqa alətlərə görə “su yenə
körpüdən o yanda qaldı”. Bu vəqtə qədər
cəmiyyətləri “yədi-inhisara” alanlar şübhəsiz
ki, hər bir səbəbdən əvvəl bu işlərini
bücudə gətirdikdə şəxslərinə aid bəzi
mülahizələrə dayanmışlardır. Əlbəttə,
cəmaət və cəmiyyət işlərində bu kibi
çürük əsaslara söykənmək xətanın
ən böyüküdür. Böylə böyük bir xətanı
təshih etmək istəyənlər şübhəsiz ki, hər
şeydən əvvəl özlərini bu xətanı təkrar
etmək bəlasından qurtarmalıdırlar.
Vaqe olan dəvəti səmimi tələqqi edərək
qəbul etmək və səmimi bir surətdə cəmiyyət
üzvlüginə yazılmaq, bizim nəzərimizcə hər
bir həqiqi məarifməndin borcudur. Cəmaətə və
cəmaətin işlərinə xidmət arzusu
ehtiyacını hiss edən və bu ehtiyacın rəfi
üçün bir cəmaət işi axtaran məarifmənd
üçün bundan münasib bir məqam olamaz. Üzv
yazılmalı, məclisə gəlməli, vicdanın, qəlbin,
əqlin təcrübə və elmin göstərdigi
üsulları tətbiqə səy etməlidir.
Yalnız bu surətlədir ki, bizim işlərimiz
düzələr və yalnız bu yol ilədir ki, cəmiyyətlərimizdə
görülən qeyri-təbii hallar bərtərəf olub da
milli işlərimiz yoluna girər. Yoxsa kənarəgirlik və
guşənişinlik edərək klublarda ruzigar keçirməklə
milli işlərimiz ürəfanın dilədigi kibi düzəlməz
və düzəlmədiginə kimsənin etiraz eləməgə
də mənəvi bir həqqi olamaz.
Cəmiyyəti-xeyriyyə rəisinin ixtarı
da bizcə bu yolda bir itmam həcətdir. Bu ixtara qarşı
ürəfamızda müqabil bir itmam həcətində
bulunmaq məcburiyyəti- mənəviyyəsindədirlər.
Mühüm bir zamanda yaşayırız. Bu
zamanın əhəmiyyətini ürəfa hər kəsdən
əvvəl dərk etmək məcburiyyətindədir.
Heç olmasa bu idrakın sovqilə olsun diksinməli və
vicdanlarımızı hərəkətə gətirməlidir.
Ehtimal ki, zamanın iqtiza elədigi mühüm
işlər üçün cəmiyyəti-xeyriyyə kibi səlahiyyətləri
məhdud cəmiyyətlərin kafi gəlmədigini söyliyənlər
bulunur. Böylələri ilə əsasən iştirak etməklə
bərabər əlifba cavan bir cəmaət üçün
səlahiyyəti məhdud cəmiyyətlərin belə birər
böyük məktəbi-ictimai olduğunu qeyd etməklə
xitami-məqal edərəm.
M.Ə.Rəsulzadə
“İqbal”, 23 fevral 1915, ¹872
Məşum – uğursuz
Möhtəriz – özünü qoruyan
Mühəqqəq – doğru
Təskini-nəfs – ehtirasını yatırtma
İtmam – tamamlama
Məqal –
söyləmə, mövzu
Xitam – sona
yetirmə
Müslüm bəyin benefisi
Sabah Azərbaycan
türk operasının müqtədir dirijoru Müslüm bəyin
benefisidir.
Sarabski – Məcnun
və Kərəm rollarında, Tanrıquliyev – Müstavər
və Keşiş rollarında, Ağdamski – Leyli və Əsli
rollarında nə qədər nəzirsiz və misilsiz
aktyorlarımızsalar, Müslüm bəy cənabları da,
onlardan daha artıq deyilsə də, onlar qədər əvəzsiz
bir dirijordur.
Yuxarıda
zikri keçən üç aktyordan birini türk
operasından ayırsanız – mütləq naqis bir səhneyi-tamaşa
qarşısında bulunacaqsınız, öylə də
Müslüm bəy dirijor olmadımı, opera musiqisində
tam bir ahəngsizlik görəcəksiniz.
Söylədiklərimizi
türk operalarını mütəzəmən təqib edənlər
ehtimali-bizzat görmüşlərdi.
Müslüm
bəyin nə qədər mahir və müqtədir bir sənətkar
olduğuna musiqarları idarə edərkən göstərdigi
məcz və niyəti şahid ola bilər. Müslüm bəy
dirijor yerinə çıxdığı zaman adətən sənətinin
mühyi olub gediyor. İdarə etdigi işə yalnız əql
və şüuru degil, bütün batini və zahiri
havası ilə iştirak ediyor. Opera musiqisini hüsni-idarə
etmək üçün Müslüm bəy yalnız əlindəki
“çöp təəllim”i degil, bütün ruh və qəlbini
haman işə sərf ediyor. Malik olduğu yuca boyu, pək
ciyşə gedən canlı və ruhlu hərəkəti
Müslüm bəyi sadə dirijorluqdan çıxarıb nəfis
bir aktyor halına salıyor. Xülasə Tanrıqulov necə
bir avropalı aktyor təsirini veriyorsa, Müslüm bəy də
haman dərəcədə avropalı bir diricor kibi
görünüyor.
Nəfasətpərvəran
nəzərində bu az bir iqtidar degildir. Böylə bir
iqtidar və məharəti təqdir edib də onun sahibini təşviq
etmək hər kəsin bilxassə musiqinin nə kibi bir vəsiləyi-təməddün
olduğunu dərk edən ərbabi-elm və hökumətin
borcudur.
İştə
sabah Hacı Zeynalabdin Tağıyevin teatrında bu qiymətli
və müqtədir musiqarımızın benefisidir. Binaənileyh
qədrşünaslıq göstərmək üçün
gözəl bir vəsilədir. Buyursunlar, sənətkarın
xatirini oxşamaqla öz nəfasətpərvərliklərini
göstərsinlər.
M.Ə.Rəsulzadə
“İqbal”, 5
mart 1915, ¹881
Mühyi –
canlandıran
Məcz – cəzb
Nəfasət
– nəfislik, incəlik
Vəliəhdin Təbrizə gəlməsi
münasibətilə
Qəzetələr
İran vəliəhd səltənətinin Təbrizə getmək
üzrə bulunduğunu xəbər verdilər. Varid olan xəbərlər
şahzadənin İran ricalı ilə isveçli zabitan,
jandarma, sərbaz və kazak alayları məiyyəti ilə Qəzvindən
keçdigini bildiriyorlar.
İran
hökumət siyasətində vəliəhdi-səltənətin
Təbrizdə oturması ənənələrə müstənd
mühüm bir üsuldur.
Məhəmmədəli
Mirzənin təxtə gülusi anından etibarən bu ənənə
pozulmuş, bu günə qədər daha düzəlməmişdir.
1906-cı ildən bəri vəliəhd nişinligindən məhrum
olan Təbriz 9 ildən sonra öz hüququna çatmaq
üzrə kibi görünməkdədir.
Bu 9 ilin
müddətində Təbrizin vəliəhdsiz qalmasına
qismən daxildə olan ixtilallar, qismən də Təbrizin əcnəbi
qoşunlarına məskən olduğu səbəb
olmuşdur.
Son zamanlar
vaqe olan bir çox siyasi təşəbbüslərə
qarşı İran hökuməti vəliəhdi-səltənəti
Təbrizə göndərməkdən boyun
qaçırır kibi bir tövr göstəriyordu. Gərək
əhalinin və gərək sair məhafilin arzu və tələbinə
qarşı Tehran hökuməti ibran-ümurinə az çox
bələd olan birisinin rəvayətə görə vəliəhdi-səltənəti
Təbrizə göndərməkdən əmma ediyor və
daha doğrusu bu mətləbin ifası üçün Təbrizin
əcnəbi qoşunlarından boşalmasını lazım
görüyordu. Türklər müvəqqətən Təbrizə
girib də özlərini oraların sahibi-nüfuz ədd
etdikləri dəmlərdə Tehran hökumətinə rəsmən
bildirdilər ki, vəliəhdi-səltənət Təbrizə
gələrsə, türk əsakiri haman şəhri təxliyə
etməklə mühəyyadır. Bu niyyətə bir təmin
alınca dəxi İran hökuməti vəliəhdin Təbrizə
göndərilməsinə hazırlandı. Bu əsnada idi ki,
türklər Təbrizdən çəkilmək məcburiyyətində
olub şəhər təkrar rus qoşununun əlinə
keçdi. İş böylə bir şəkil alınca vəliəhdin
əzəmi Təbrizə uğradıldı kibi
göründü.
Bir çox
təxir və sovuqdan və bu münasibətlə vaqe olan bir
çox təfsirat və nəşriyyatdan sonra vəliəhdin
“şahgəldisindən” də uzun çəkən səfəri
iştə bir əmri-vaqe halına gəlmək üzrədir.
Vəliəhdin
Təbrizə tərəf əziməti ilə qəzetələrdə
görünən bir teleqraf arasında – əgər bu teleqraf
doğru isə – bir münasibət mövcud olduğuna ehtimal
vermək mümkündür. Bu teleqrafda degiliyordu ki, İran
hökuməti yenidən Rusiya hökumətinə müraciətlə
Azərbaycanın rus qoşunundan boşaldılmasını
xahiş eləmişdir.
Böylə
bir təşəbbüs həqiqətən də vaqesə,
o halda İran hökumətinin müharibənin ibtidasından
bəri elan etmiş olduğu bitərəflik məsləkində
özünəməxsus bir tərzi-rəvişlə haman
davam etdigini göstərir. Çünki, Tehran siyasiləri
(N.V.)-nın təsdiqlərinə rəğmən elan etdikləri
bitərəflik məsləkini öz iddialarınca haman sədaqətlə
güdməkdə və bunu təmin üçün Azərbaycanın
gərək türklərdən və gərək ruslardan
boşaldılmasını arzu etməkdədirlər. Bittəbii
lazım gələn qüvvəyə malik
olmadığından məzkur hökumətin bu xüsusda
vaqe olan ən səmimi arzuları haman arzudan ibarət olub
qalıyor. Bununla belə İran hökuməti hər
münasibət gəldikcə bitərfligi nə şəkildə
anladığını hər daim iki tərəfə də
hiss etdirərək gəlmişdir. İran hökumətincə
yeganə bir arzu vardır ki, o da zavallı Azərbaycanı səhneyi-hərb
təşkil etdirməməkdədir. Bunun üçün də
əlindən yalnız bir xahiş və tələb gəliyor.
Onu da əsirgəmiyor.
Bu sırada,
yəni vəliəhdin Təbrizə göndərilməsi
zamanında İran hökuməti, əlbəttə, hər
bir zamandan daha ciddi bir xahişlə istər ki, Azərbaycanda
iki düşmənlik edən qüvvələrin heç
birisindən olmasın.
Vəliəhdi-səltənətin
Azərbaycanda olmadığı müddətdə bu əyalətin
xudsər illəri- Azərbaycanı mərkəzi İran
hökumətindən ayrılmış bir ölkə kibi tələqqi
ediyorlardı. Çünki, daima mərkəzi hökumətdə
bəliəhdi-səltənəti görməgə ögrəşmiş
olan bu mübtədi düşüncəli qafalar bir gün
mücahidin birisini, o bir gün özündən
çıxan bir xanı, üçüncü gün də
bir başqasını görüncə İran hökuməti
ilə öz aralarındakı rabitənin pozulduğuna, binaənileyh
keyfləri istədigini icrayə həqli olduqlarına gətiriyorlar.
İştə
böylə pozulmuş bir rabitəni təkrar bərqərar
etmək və Azərbaycan xəlqi (bilxassə bədəvi
bir hal keçirən oba və el xəlqi) nəzərində
burasının hala müstəqil İran hökumətinin
ayrılmayan bir qitəsi olduğu fikrini qalxızmaq qəsdilə
Tehran vəliəhdi Təbrizə göndəriyor və
İranilərin mütaliələrinə baxılırsa,
ümid də ediyor ki, İran bitərəfliginə ehtiram etmək
vədini vermiş olan müharib dövlətlər dəxi
iranlıların məşru olan bu arzularına mane olmazlar.
Müsahibədə
bulunduğumuz iranilərin bu xüsusda bəslədikləri
ümidlərinə Türkiyədə nə surətlə əlaqə
olunacağı ilə işimiz yox. Rusiyaya gəlincə
keçənlərdə xariciyyə nəzarəsində
İran bitərəfligi haqqında qəzetəçilərə
verilmiş elan bəyanat göstəriyor ki, iranlı
müsahiblərimiz öz ümidlərində çox da əsassız
degildirlər.
Məlum
olduğu üzrə vəliəhdi-səltənət olan zat
daha kiçik yaşdadır. Binaənileyh bütün məsələlərin
tətbiqi özündən artıq məiyyətində
göndərilən məmurlardan asılıdr. Peşəkar
olaraq vəliəhdlə bərabər gedən zat
Nizamülmülk cənablarıdır. Peşəkar demək
həqiqətən əsil hakim deməkdir. Bilxassə ki, vəliəhd
özü dəxi kiçik yaşda olduğundan bizzat
idareyi-siyasət edəcək bir halda degildir. Nizamülmülk
İranın vətənpərəst ricalından ədd
olunub bir çox İran ricalı kibi o qədər xaricpərəstliklə
məşhur degildir. Qədim İran hökuməti
adamlarından olub Azərbaycanda bununla neçə dəfədir
ki, peşəkarlığa təyin olunuyor.
Peşəkarla
bərabər əcnəbi işlərinə baxmaq üzrə
Şərifüldövlə cənabları təyin
olunmuşlardır. Şərifüldövlə
bakılıların tanıdığı Mirzə Əli Məhəmmədxan
cənablarıdır ki, vaxtilə Bakı konsulu olub
“İttihad” mədrəsəsinin banisi və mütəşəbbüsü
ədd olunmaqdadır.
Bunlardan əlavə
və ən mühümü odur ki, vəliəhdin məiyyətində
İsveç zabitləri də gediyorlar. Bunların məqsədi
həm əyalətdə jandarma təşkilati vücudə
gətirmək, həm də Təbriz polisini tənzim etməkdir.
Bu gün
İran hökumətinin yeni tənzimatını təcəssüm
etdirən bir qüvvə varsa, o da jandarma təşkilatıdır.
Hər nə qədər bu jandarma təşkilatından
“N.V.” kibi qəzetələr bir çox şikayətlər
ediyor və onların apardıqları siyasətdən dad və
fəryad çıxarıyorlarsa, bu təşkilatın
iranlılarca böyük bir nüfuzu vardır. Jandarmanın
ayağı dəgən İran nöqtələri haman
üzərlərində ədalət və asayiş təmin
edən bir hökumət mövcud olduğunu hiss ediyorlar. Bu vəqtədək
bu kibi tənzimati hər hansı bir İran əyalətindən
daha öz və daha ciddiyyətlə tələb edən Azərbaycan
əyaləti məlum səbəblərə görə iranilərin
öz təbirlərincə “bu jandarma nemətindən” məhrum
idi.
İştə
arzu edəlim ki, əskikar aşina və müdəbbir bir
hökumət kişisinin durbinligi ilə bitərəf bir
dövlətə mənsub olan avropalı zabitlərin
hüsni-təşəbbüs və qeyrətləri sayəsində
Azərbaycan bitərəf bir dövlətin bitərəf bir əyalətini
təşkil edə biləcək bir halə gələ bilsin
də, özünü hər dürlü narəva hallardan
çıxararaq əvvəlki heysiyyət və
etibarını qaytara bilsin.
M.Ə.Rəsulzadə
“İqbal”, 6
mart 1915, ¹882
Rical –
kişilər
Vəzaif – vəzifələr
İbra – bəraət
Mühəyya
– hazırlanmış
Mübdi –
icad edən, yaradıcı
Məuyyət
– yanında
Novruz
Bu ilki Novruz
başqa bir şərait içində daxil oluyor. Öylə
bir şərait ki, kəndisinə “qara bayram” dediddiriyor.
“Qara bayram” –
çünki, bəşəriyyət böyük bir fəlakətə
məruzdur. – Çünki, vətənimiz ağır
günlər keçiriyor. – Çünki, qardaş və
dindaşlarımız olmazın səfalət və fəlakətlərə
düçar oluyorlar.
“Qara bayram” –
çünki, yaxınlarımızın sovuqdan, qardan,
acından və xəstəlikdən çəkdikləri məşəqqət
və fələgin kəndilərinə nəsib etdigi
qanlı və bəlalı qismət nəticəsində Kars
və Ərdahan dağlarından inikas edən nalə və
istimdadları qardaşlıq və insanlıq hissinə, mərhəmət
və şəfqət ürəginə malik olan hər
birimizi hər ilki qəlb hüzuru və vicdan
rahatlığı ilə xonça qurub şadlıq etməkdən
istər-istəməz saxlamaqdadır.
“Qara bayram” –
çünki, övlad sahibləri istəkli balalarını
həfti-sin ilə bəzənmiş bayram süfrəsi ətrafına
yığıb da şamlar yandırarkən yuxarılar ilə
çəkilən şöleyi-şəmi görüncə
həssas qəlblərimiz, dün varlı ikən bu gün
dilənçi halına gəlmiş zavallı ataların, bəlalı
anaların ac övladlarına qarşı çəkdikləri
soyuq, fəqət yandırıcı ahlarını unuda bilməzlər.
Əfv
qıl, ey qare, bilaixtiyar qələm başqa bir yanə
çəkdi, mövzudan kənar düşüb səni riqqətə
gətirdim.
Bu
bayramın günündə riqqətə gəlib də
ağlıyacaq olursaq, sanki bundan nə çıxar?
Ağlamaq
bir vasiteyi-nicat olsaydı – dünyanın ən nicat
tapmış milləti biz olmalıydıq. Çünki, biz
yeganə bir millətimiz ki, ağlamaqla ağlatmaq da bizdə
bir sənət halına belə gəlmişdir.
Fəqət
bən heç tərəfdar degiləm ki, riqqət
ağlamaqla nəticələnib də qalsın. Riqqətə
gəlməli, fəqət ağlayıb da boşalmaqdasa, riqqəti
mucib olan bu şəraitin azalmasına
çalışmalı.
Şübhəsiz
ki, bənimlə sən bir gün istərsək dünyayə,
vətənimizə və millətimizə gələn
müsibətləri tamamilə rəf etmək imkanında
degiliz. Fəqət heç olmazsa bir neçəmiz bir araya gəlib
də bir yetimin göz yaşlarını qurudar, bir dul arvada
yetimlərini bəsləmək imkanını verə biləriz.
İştə
bayram gününün riqqəti bizi böylə bir həmiyyətə
sövq etməli, bu günlərə məxsus olan bihudə məsarifi
zavallıların dərd və qəmlərini azaltmaq
üçün verməlidir.
İştə
cəmiyyəti-xeyriyyə binasında bu günə məxsus
bir görüş məclisi quruluyor, burada hərbzədələr
üçün pul yığılacaq bayram münasibətilə
bihudə sərf edəcəginizi buraya verə bilərsiniz.
Özünüz
və uşaqlarınız üçün tazə paltarlar,
bayram xələtləri almışsınız, əgninizdə
əski paltarları əginbaşsız qalan fəqirlərə
bağışlaya bilərsiniz.
Cəmiyyəti-xeyriyyə
naminə Kars və Sarıqamış tərəflərinə
gedən nümayəndələrin dediginə və başqa
kəslərin də nəql etdiginə görə zavallı
qaçqınlar sözün bütün mənası ilə
çırçılpaqdırlar. Altlarında bir həsirləri
də yoxdur.
lll
Novruzdur. Tazə
il gəliyor. Köhnə sözü təkrar edəcəgiz:
– Tazə
iliniz mübarək!
Tazə
iliniz mübarək. Bu bir arzuyi-ümumidir ki, hər il təkrar
olunuyor. Bu təkrar göstəriyor ki, bəşəriyyət
nə kibi bir hal və gün keçirsə də, yenə
ondan razı qalmıyor və gələcək ilin mübarək
olacağı, onun üçün bir amal təşkil ediyor.
Heç bir tərəfdə, heç bir millətdə
görməzsiniz ki, tazə il münasibətilə yek digərlərini
təbrik edərkən köhnə ilin mislini arzu etsinlər.
Daima yeni arzular, yeni ümidlərlə yeni il istiqbal edilməkdədir.
Bu isə bəşəriyyətin
tərəqqisinə baisdir. İnsandakı naməmnunluq hissi
onu irəliləməgə, tərəqqi etməgə vadar
ediyor. Hər hankı millət ki, həyatından naməmnundur,
o millət daima hərəkətdə, tərəqqidədir.
Mütəvəkkil keçinib az, qənaət edənlər
daima təməyi çox olanların təmməsi olub
gediyorlar.
Əlbəttə,
təhlil olunursa, bizim də bir çox yeni arzularımız
vardır ki, bu tazə ildə onların hüsulə gəlməsini
diləriz. Fəqət əski sənələrdə etdigimiz
arzuları bir kərə nəzərdən keçirmək
olursaq, görəriz ki, köhnə arzularımızı təkrardan
və onları tələb etməkdən müvafiqət
yoxdur.
Novruz
bayramının bir duası vardır ki, o dua tazə il təmsiyasinin
ən şamil bir ibarəsini təşkil edər:
“Ya məhvəl
əl hövl və əla hüval
Hövl halinə
əli əhsən əlhal!”
İştə
bu novruzdan istədigimiz də hər sənə təkrar edəgəcimiz
əhsəni-haldır.
“Əhsəni-hal”
təbiri bir az qeyri müəyyən mənalardan olub
elastikdir, degilə bilər. Fəqət biz bunu sərih bir
şəkildə qoya biləriz.
Bəncə
daha yeniligini duya bilməmiş bir millət üçün
“etirafi-nəqs”dən böyük bir hüsni-hal olamaz.
Özünü tanımaq bir fərdin bülüğ və
rüşdli-mostəlizm olduğu kibi bəşər millətinin
də özünü tanıması onun mədəni bir
rüşdibuluğa girməsinə dəlalət edər.
Bütün
dünyanın, vətənimizin və nəhayət millətimizin
keçirməkdə olduğu hazırki böhran, əlbəttə
ki, müvəqqəti bir haldır. Bu hal bir gün gələcək
də rəf olacaq. Fəqət o gündən etibarən bu
böyük vaqeənin böyük təsirləri dəxi
görünməgə başlıyacaq.
Allah o
günü bizə göstərəydi ki, dünya müharibəsinin
hüsni-nəticəsi olaraq mənsub olduğunuz milləti
özünü tanımış görəydik.
Başımıza
gələn fəlakət ürəklərimizdə böylə
ali bir hiss tövlid edə bilərsə, hamısı təlafi
olunur və haman həqiqi bir novruza nail ola biləriz.
Bir millət
üçün özünü tanımaqdan daha əhsən
bir hal olamaz. “Əhsəni-hal” təbirini bu mənada
anlıyaraq novruz övradini təkrar edəlim:
Yə məhvəl-əl
hövl və əla hüval
Hövl
halına ali əhsən əlhal.
M.Ə.Rəsulzadə
“İqbal”, 9
mart 1915, ¹884
İstidal –
yalvarış
Sin –
“bismillah” sözünün ixtisarı
Şətt
– böyük çay
Riqqət –
yazığı gəlmə, rəhmi gəlmə
Mütəvəkkil
– ümid edən, bel bağlayan
Müvafiqət
– uyğunluq
Nəqs –
nöqsan
Rüşd
– doğru yol getmə
Mostəlizm
– vacib
Bəsər
– göz
Tövlid –
doğum
Övrad – əzbər
(Ardı var.)
Şirməmməd Hüseynov
525-ci qəzet.- 2011.-
5 noyabr.- S.26-27.