ORALARDA KİMLƏR VAR: TOFİQ HÜSEYN

 

MƏNİM YAZIMLA BİTƏN KİTAB

 

Amma bu yazı təkcə ona görə yazılmır

 

Bu yazının yazılması üçün vəsilə olan başqa şeylər də var. Məsələn, şair Tofiq Hüseyinlə (bu soyadı yazan kimi Tofiqin kitabının üz qabığına baxıram ki,düz yazdım ya yox, görürəm ki, Hüseyin sözü mənim yazdığım kimi yox, Hüseyn yazılıb.Bu sözün dəqiq yazılışını məncə sevimli yazar Aslan Qəhrəmanlı daha yaxşı bilər. Baxmayaraq ki,riyaziyyatçıdı) məni ən əvvəl bir ruh yaxınlığı,ruh yaxınlığı deyirəm ha,stil yaxınlığı demirəm,birləşdirir. Bu ruh yaxınlığı çox təbii ki, bir-birinə yaxın olan vətən torpağından çıxmaq və o torpağın istisini buralara gətirməkdir.Tofiq özünün ruh halini belə qələmə alıb:

“Mənim doğulduğum kənd dünyanın ən balaca kəndidir. Uşaqlar dərsə qonşu böyük kənddəki məktəbə gedirlər, böyüklər qonşu böyük kənddəki mağazadan pal-paltar, qənd-çay alırlar.Bu balaca kəndin qismətinə bir dənə də balaca dayanacaq düşüb. Dəmiryolu stansiyası kəndimizin yanından keçir. Qatar kəndimizin yanındakı bu kiçik dayanacaqda az qala lap candərdi dayanır, dayanmağı ilə də dəbərməyi bir olur.Bu vaxt bir adam güclə qatara minir, bir adam da ancaq onu edir ki, qatardan yerə tullanır. Böyük-böyük stansiyalarda qatara minib böyük şəhərlər, böyük kəndlər görə-görə gələn müsafirlər olsa–olsa gözucu bizim kəndə baxırlar, bu kəndin məğmun, sısqa görkəminə, ya nəyə görə isə bir az qəribsəyirlər.Kiçik adamlar, kiçik kəndlər, gözdən-könüldən uzaq kiçik tənha dayanacaqlar adamı kövrəldir, onun ürəyinə qəriblik, həzinlik gətirir. Hətta adamın içində hərdən dəli bir istək də baş qaldırır; istəyirsən lap gecənin tən yarısında bu tənha, kiçik dayanacaqda qatardan yerə atılasan, qolunu bu dayanacağın boynuna dolayasan, onu ovundurub könlünü alasan, yaxud bu kiçik kəndə girib itlərin, xoruzların yuxusuna daş atasan, bu kənddə bir canlanma, bir haray-həşir yaradasan”.

Daha sonra mən Tofiq Hüseyni həmişə öz ədəbi nəslimin yaradıcılarından biri bilmişəm, baxmayaraq ki, o məndən uşaqdı.Bizim nəslin yaradıcıları klassik şeirin başına necə deyərlər oyun açıb, bir başqa axarla getdilər ki, indi-indi bu axarın üstünlüyü daha da qabarıq görünür.Baxın, iyirmi beş ildən sonra Nobel mükafatı alan Tomas Tranströmerin ( hansı yolla verilib bu onlara məlumdur) mükafat alması bunun bariz nümunəsidi. Amma klassik stilin o qədər gözəl yaradıcıları var ki,onunla tam şəkildə mübarizə bir az hələ çox çəkə bilər.Görünən bu ki, bu qənaətə gəlmək olar, klassik stillə mübarizə öz bəhrəsini verir.Versə də ondan ayrılmaq çox zor bir işdi.

Və uzun illərin tanışlığına baxmayaraq,uzun müddət az-az görüşsək də son illərdə görüşlərimizin daha da sıxlaşdığı şair Tofiq Hüseyn böyük çoxluğu klassik stildə və üstündə də klassik bir rəsm olan İKİCİLDLİYİN birinci cildini (ŞEİRLƏR) bir neçə vaxtdı oxuculara təqdim edib.Oxucular dedim (vallah adamın qıdığı tutur) qalıb ki, indi oxucu. Onlardan biri elə mən.Dostum kitabını iş yerində mənə verib, mən də kitabı iş yerindəcə kitabxanamda kitabların arasına qoymuşam ki, nə zamansa evə aparım və qoca yaddaş mənə xəyanət eləyib ( amma, Aslan Qəhrəmanlı deyir ki,skleroz,yaddaşsızlıq 80-dən sonra başlayır,səksənə çıxsaq də...) kitab yaddan çıxıb qalıb orda və bir gün onun bu cildi haqqında söz düşəndə mənə də kitab ver nə olar, o da, Tofiq bəy , mən sənə o kitabı vermişəm axı,- dedi.

İnanın ki, bədənimə vic-vicə düşdü. A balam kitab hanı və yuxarıda yazdığım kimi kitabı iş yerimdə mənə bağışlanan kitablar ailəsində yuxulayan gördüm.Bu narahatçılığın səhəri, həqiqətən də yaradıcılığına və şəxsiyyətinə bələd olduğum Tofiq Hüseynin kitabını tapan kimi sevindim,apardım evə və şeirləri oxumağa üz tutdum.

Halal olsun bu şair və publisist Tofiq Hüseynə, halal olsun ona görə ki, məndən incimədi və sonralar heç üstünü də vurmadı.

Həqiqətən yuxarıda yazdığım kimi klassik məzmunda və klassik bir görümdə olan bu kitabın üstündəki foto da şeirlərin məzmunu ilə üst-üstə düşən bir tərtibatdan xəbər verir.Kitabın üstündəki foto mənə klassik rus yazıçısı Lev Tolstoyun eyni pozda və eyni kresloda Yasnaya-Polyanada çəkdirdiyi fotonu,rəsmi xatırladır.

Bu bilərəkdən olub, yoxsa Tofiqin şəklini çəkən bu məkanı seçib, deyə bilmərəm, amma həqiqətən dediyim kimi,içindəki şeirlərin siqlətini və klassik formasını tamamlayan bu tərtibat diqqəti çəkir. Baxın kitab və çap mədəniyyətimizin son illərdəki irəliləyişi də buna parlaq misaldır. Bu foto çox yerdə çap olunub və onun müəllifinin kim olduğunu bilməsəm də, ona sağ ol deməyi borc bilirəm.

İndi hər hansı bir şairin populyarlığı və tanınması şansa,bəxtə və bir də əlahəzrət vəzifəyə bağlı bir iş olduğu üçün( istisnalar var təbii ki) bu da bizlərə bir təsəllidi. Tofiq Hüseyn belə təsəllilərlə şeir və sənət yoluna çıxmayıb və onun haqqında yazılan yazılardan (çox az yazılan yazılardan) belə məlum olur ki, Tofiq Hüseyn vəfalı bir insan və yaradıcı olaraq böyük Rəsul Rzadan təfəkkür və dəyişim öyrənsə də irəlidə yazdığım kimi klassik stilin ən öncül və sevilən yaradıcılarından biridir və bu barədə elə bu qəzetdə şair Məmməd İsmayılın çox gözəl yazısı da bu vəsilə ilə çap olunub.Və həm də onun kitabında çap olunan şeirlərdə bunu açıq- aydın gördüm. Baxın, klassik stil dedikdə, mən heç vaxt onun necə olması barədə fikir yürütmək istəməmişəm, amma Tofiqin şeirlərində klassik formanın bir cəhəti də diqqəti çəkir ki, bu da bənd və misraların poetik doluluğu və dolğunluğudur.

Kitabın 10-cu səhifəsində bir şeir var, o şeir həmən dediyim klassik stilin,bir az altmışıncı və daha irəlilərin yazı tərzinə çox uyğun misaldı.Həmən o klassik sitilin yəni bir neçə bənddən ibarət olan ÖMRÜMÜN KARVANI şeirində bütün misraların doluluğu diqqəti çəksə də, son bənd şairanə desək bir boksçunun qələbə zərbəsini xatırladır.

 

Sıxmayır qəlbimi daha intizar

Sarban eyləmişəm

zehni duyğunu

Adi karvanlardan bircə fərqim var

Bilmirəm haradı mənzilin sonu...

 

Üstündə təkrar-təkrar dayandığım klasik vəzinin (yəni gücü şeirin son bəndinə saxlamaq) bizdə çox gözəl ustaları var Tofiqin şeirlərində bu vəfa insanı qətiyyən incitmir,hardasa ona rəğbət yaradır.

Tofiq Hüseyn Azərbaycan ədəbiyyatında yaxın dostlarına tanışlarına şair kimi bəlli olsa da,onun bir etirafı həmişə düşündürücü olub.Bir vaxtlar mənə verdiyi intervyüdə həmin anı xatırlatmış demişdi:

Bütün bunlara baxmayaraq həyatımdan razı deyiləm. Mənə elə gəlir ki, nəsə çatışmır. Bu “nəsə”nin olduğunu bilirəm. Yaxşı şair ola bilərdim, ola bilmədim. Belə bir şeirim var.

 

Şirvan torpağında bir ev tikmişəm

İşığın çəkmişəm,

suyun çəkmişəm

Yuva sevincimi dostlarımla mən

Bölməkdən savayı

işim qalmayıb.

 

Tikdiyim bu evin üstə çıxacam

Ordan yaşadığım ömrə baxacam.

Baxacam, görəcəm

bu ömrə ancaq

Gülməkdən savayı

işim qalmayıb.

 

Mən bilmirəm, Tofiq Hüseyn bizim şeir dünyamızda ya şeir dünyasında vuruşan neçə milyon şeir yazan insanlar arasında boy verib görünmək istəyində olub olmayıb, özünü ifadə eləmək üçün başqa yol tapmadığı zamanın, vaxtın axarında çırpınandan sonra şeir yazmağa başlayan bu dostumuzun bir iddiası var ya yox, amma bütün şeirlərində bir iddiasızlıq var ki, bu onun dostları arasında xüsusi bir yer tutmasına böyük bir amil olmuşdur.Bəzi etiraflar insanlarımız xüsusiylə qələm sahibləri arasında o qədər yaxşı qarşılanmır bir az da buna təvazökarlıq deyirlər.Bu məqam Tofiqin şeirlərində yazılarında görünməkdədi.Amma Tofiq o qədər səmimi bir insandı ki, onun hər bir poetik etirafına qəmlənirsən bu etirafdan çigrinmirsən.Yuxarıda misal gətirdiyimiz

 

BAXACAM, GÖRƏCƏM BU ÖMRƏ ANCAQ

GÜLMƏKDƏN SAVAYI İŞİM QALMAYIB,

 

- misralarında gülüş adlı nəsnənin insanda bir kədər bir qüssə yaratdığını hiss edirsən.Bü qüssə bu kədər onun şeirlərində böyük üstünlük təşkil edir.Nədən? Bilmirəm. Neyçin bilmirəm,amma mən hər dəfə ondan soruşanda ki, ay Tofiq, doğma kənddən çıxıb, ordan çox da uzaqda olmayan bir yerdə məskən salmaq səni darıxdırmır ki...

Yox, darıxmıram,-deyir.Amma bütün şeirlərində darıxmaq dolusu bir hava, bir ovqat insanı içinə alır yenə şeir onu xilas edir:

 

Elə ki ömürdən gündən bezirəm

Elə ki torpaqdan ,göydən bezirəm

Əlimi doğmadan,

yaddan üzürəm

Şeiri çağırram öz harayıma

 

Məni qəm əlindən şeir qoparır

Hələ o ocaqda gərək yanam mən

Müsəlman imama pənah aparır

Şeiri imam bilən

müsəlmanam mən...

İnanın bu dünyanın çox qarışıq vaxtında şeirə bu sitayişin özü bəlkə çoxuna bir təhər gələr, amma deməli belə qələm sahibləri var.

 

ONLAR NƏ DEYİBLƏR

 

XƏLİL RZA : Mən Tofiqin yaradıcılığını bir neçə ildir ki, izləyirəm. O, həmişə axtarır, öyrənir, öz poetik səviyyəsini yüksəltməyə çalışır. Onun misralarında klassik Azərbaycan şeirinin, xüsusilə S.Vurğunun poeziyasının dərin qatlarından süzülüb gələn bir işıq parlamaqdadır. Bu yazılarda müasir gəncliyin fikir arzuları çırpınır, Azərbaycan təbiətinin ətri duyulur.

Yaxşı yol qardaşım! Qoy daşımaq istədiyin şair adının böyük məsuliyyəti səni həmişə narahat etsin. Yalnız böyük iradə, gərgin zəhmət, heç bir zaman susmayan Vətən eşqi sayəsində bu adı doğrultmaq olar. Böyük rus şairi Blok demişkən: poeziya meydanında at çapmaq zəif adamların işi deyil.

 

1963-cü il

 

Sakit, təmkinli, üzündən təbəssüm çəkilməyən...

 

Xalq şairi Sabir Rüstəmxanlı: Tofiq Hüseyni tələbəlik illərindən tanıyıram. Sakit, təmkinli, dostlarla görüşəndə üzündən təbəssüm çəkilməyən bir oğlan idi. Söhbətlərimizdə, mübahisələrimizdə daha çox gülüşü, zarafatları ilə iştirak edərdi. Qızlar yataqxanası ilə üzbəüz otağında erkən dən düşən saçlarını tumarlaya-tumarlaya fikrə gedərdi.

Şeirlərini çox ehtiyatla, utana-utana üzə çıxarardı. Bu şeirlər Tofiqin özünə, onun doğulduğu torpağa, tanıdığı adamlara, ehtiyac içində keçmiş uşaqlıq illərinə oxşayırdı daha çox kövrək, səmimi hisslərdən doğulurdu, ürəyin sarı siminə köklənirdi.

 

lll

 

Not: Tofiq Hüseynin klassik şeir dünyasına etibarını bir daha təsdiqləyən tanışlıq :Tofiq Hüseyn (Hüseynov Tofiq Fadulla oğlu). SEÇİLMİŞ ƏSƏRLƏRİ.2cilddə.1cild.Bakı:Mütərcim 2011,228 səh.

Seçilmiş əsərlərin birinci cildində Tofiq Hüseynin . klasik şeir dünyasına etibarını bir daha təsdiqləyən tanışlıq əsasən ötən əsrin 70-80-ci illərində qələmə aldığı müxtəlif səpkili şeirləri,mənzum felyetonları,poemaları toplanmışdır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

 

Tofiq ABDİN

 

 525-ci qəzet.- 2011.- 5 noyabr.- S.23.