QƏBULZADƏ
BABA BƏY ABDULLA ƏFƏNDİ OĞLU (10.12.1893, Qax –
29.10.1937, Bakı)
(Başlanğıcı
qəzetimizin ötən şənbə sayında)
Tarix
üçün ən maraqlı sual-cavablardan biri budur:
“Sual:
Keçmiş müsavat parlamentində rolunuz və üzv
kimi keçmiş işiniz haqqında ətraflı
danışın.
Cavab: 1919-cu
ildə Zaqatalada müsavat parlamentinə üzv
seçilmişəm və buna görə 1919-cu ilin sonunda
Bakıya gəlmiş və Parlamentin “Əhrar”
fraksiyasında işə başlamışam. Müsavat
hökuməti hakimiyyətinin devrilməsinə və Azərbaycanın
sovetləşdirilməsinədək Parlamentin bütün
müşavirə və iclaslarında iştirak etmişəm.
Sual: “Əhrar”
partiyasının üzvü kimi fəaliyyətiniz
haqqında ətraflı danışın.
Cavab: “Əhrar”
partiyasında 1920-ci ilədək, yəni Azərbaycanın
sovetləşdirilməsinədək olmuşam. Mən “Əhrar”
partiyasına girərkən bu əqidədə olmuşam ki,
bu partiyanın xətti burjuaziya ilə proletariat
arasındadır. O, kəndli partiyası sayılırdı.
Rus dilinə tərcümədə “Əhrar” “azadlıqsevərlər”
mənası verir... Mən müsavat Parlamentində bu
partiyanın nümayəndəsi olmuş və onun
fraksiyasında işləmişəm. Başqa heç bir
partiya tapşırığım olmayıb.
Sual:
Müsavat partiyası xətti ilə nə vaxt və nə
kimi işlər gördüyünüzü ətraflı
danışın.
Cavab:
Müsavat xətti ilə heç vaxt heç bir iş və
tapşırıq yerinə yetirməmişəm, ümumiyyətlə
Müsavat Partiyası ilə heç bir əlaqəm
olmayıb”.
Sonra Zelenski
Baba bəyi Məhəmmədəli Xəlifəzadə və
Veysəl Mustafazadə ilə birgə
müsavatçılıq təbliğatı aparmaqda
suçlayır və müttəhim onlarla yalnız müəllim
yoldaşı kimi əlaqədə olduqlarını bildirir.
Daha sonra
müstəntiqin “Yeni Qafqaziya” ilə bağlı sualına
Baba bəy aydınlıq gətirərək Məhəmməd
Səid Ordubadi’nin məqaləsindən söz açır.
Növbəti
maraqlı sual-cavablardan biri də Əliheydər Qarayev’lə
bağlıdır.
“Sual: Əliheydər
Qarayevlə tanışlığınızın necə baş
verdiyini danışın.
Cavab: Mən
onunla Parlamentdən tanışam. O da keçmiş
müsavat parlamentinin üzvü olaraq “Hümmət”
partiyası, menşevik və eserlərin sosialist blokunu təmsil
edirdi. Sovetləşdirmədən sonra məni Bakıda
yaşadığım mənzilimdən
çıxardılar. O vaxt Əliheydər Qarayev Bakı
Sovetində mənzil məsələlərinə
baxırdı. Mən ona şikayətlə müraciət
etdim və o, mənim mənzildən
çıxarılmağımı ləğv etdi”.
Göründüyü
kimi, Baba bəy gerçək olan heç nəyi danmır.
Ancaq o, müstəntiqin təkidli suallarına baxmayaraq sovet
hakimiyyətinə qarşı heç bir əksinqilabi iş
aparmadığını söyləyir.
Xatırladım
ki, istintaq işində adı keşən Nurullah əfəndi
Mahmud oğlu Qazızadə 14.1.1938-də 62 yaşında, Məhəmməd
Vahab oğlu Yusifov isə 16.3.1938-də 60 yaşında
güllələniblər.
GECİKMİŞ BƏRAƏT
18 oktyabr
1937-də – güllələnməsindən bir gün qabaq
Baba bəy haqqında Qax Rayon İcraiyyə Komitəsinin sədri
Cuma Əliyev inzibati orqanlara belə bir arayış verib: “Qax
rayonunun Qaxmuğal kəndindən çıxmış Qəbulov
Baba Abdulla əfəndi oğlu keçmişdə səsi alınmış
(səsi alınmaq güllələnməyə əsas verən
səbəblərdəndir – Ə.T.) iri bəydir.
Müsavatizm zamanı hökumətin – parlamentin üzvü
olub”. Görün Baba bəy kimi yüksək bir
ziyalının taleyini kimlər həll edib – hökumətlə
parlamenti fərqləndirə bilməyən cahillər!
Bəli,
“NKVD” üçlüyünün 15 dəqiqəlik məhkəməsi
1 ay 1 gündən sonra – 19 oktyabr 1937-də Baba bəy
haqqında ölüm hökmü çıxarıb. Suxanov
və Koqan’ın imzaladığı akta inanmalı olsaq
hökm 10 gün sonra – 29 oktyabrda gecə saat 2.20-də yerinə
yetirilib. Ancaq bu zaman hökmlər hökmən həmin gecə
icra olunduğuna görə sənəddə texniki səhv
olduğunu, “19” yerinə səhvən “29”
yazıldığını düşünürük.
Stalinin
ölümündən sonra, özəlliklə 1956-da
çox adamlara bəraət verildi. Baba bəyin qohumları da
1959-da bu haqda məsələ qaldırdılar. Ancaq
respublikanın Təhlükəsizlik Komitəsi və
prokurorluğu buna razılıq verməyərək
hökmü qüvvədə saxladılar. Ona yalnız 27
aprel 1989-cu ildə – bütün repressiya qurbanlarıyla birgə
bəraət verildi. Bu bəraət artıq heç nəyi dəyişmirdi...
OT ÖZ KÖKÜ ÜSTÜNDƏ
BİTƏR
Bəli,
kommunistlər Baba bəyi cismən məhv etdilər və
onun ailəsinə, övladlarına allahsızcasına divan
tutdular – ali məktəbdə oxuyan uşaqlarını məktəblərdən
qovdular, işləyənləri işdən
çıxardılar, ailənin bütün
dolanışıq yollarını kəsdilər. Bütün
ağırlıq qoca Abdulla əfəndinin üzərinə
düşdü. Onu da əski Parlaman üzvü, əhrarçı,
din xadimi kimi o qədər incidirdilər ki, gözünü
açıb ətrafa boylanmağa imkanı yoxdu... Ancaq atalar
deyib ki, kor quşun yuvasını Allah tikər. Baba bəyin
övladlarını da Allah qorudu, böyütdü, əlini
sənətə, ağzını çörəyə
yetirdi. Onların, demək olar ki, hamısı həyatın
amansız sınaqlarından şərəflə
çıxdılar, cəmiyyətdə atalarının
adına layiq uca mövqe tutdular. Doğrudur, bu zaman bəziləri
kim olduqlarını dövlət qurumlarından gizlətmək
üçün atalarının əsl adından yararlanaraq
özlərini “İbrahim oğlu”, “İbrahim qızı”
adlandırdı ki, bunda da heç bir günah yoxdur.
Baba bəyin
böyük ovladı Lütfullah (Lütfi) bəy (1916-1981)
1941-ci ildə Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunu baytarlıq ixtisası üzrə bitirib.
1941-1945-ci illərdə müharibədə olub və bu illərdə
baytar həkimi kimi qulluq edib. Müharibədən sonra –
1947-1955-ci illərdə Ağstafa atçılıq zavodunda
baş baytar həkimi, direktor əvəzi və direktor
müavini işləyib. Burada o, özünü təcrübəli
mütəxəssis kimi göstərib. O, müharibədən
sonrakı illərdə respublikada
atçılığın bərpa olunması və
inkişafı üçün əlindən gələni
edib, orta hesabla 90-100 % bala almağa, yüksək cavan cins bala əldə
etməyə nail olub.
1955-ci ildə
Sovxozlar Nazirliyi onu Bakı şəhərinə
çağıraraq sovxozlararası baytar-bakterioloji
laboratoriyaya direktor təyin edib. Burada 1957-nin sonunadək
işləyən Lütfullah bəy 1958-1961-ci illərdə
nazirliyin Baytarlıq İdarəsinin baş baytar həkimi
olub. Səmərəli işi nəzərə alınaraq 1960-cı
ildə ona “Azərbaycanın əməkdar baytar həkimi” fəxri
adı verilib və həmin ildə respublika Nazirlər Soveti
ona fərdi təqaüd kəsib.
1961-1962-ci
illərdə Lütfullah Qabulov Azərbaycan SSR Baş Sovxozlar
İdarəsinin Heyvandarlıq Sovxozları İdarəsinə
baş baytar həkimi – rəis müavini təyin edilib. Həmin
müddətdə qoyunların çiçək xəstəliyinə
tutulmasına qarşı kütləvi vaksinləşdirmə
aparılmasını təşkil edərək bu işə
şəxsən özü rəhbərlik edib və nəticədə
respublikada qoyunçuluğa dəyəsi böyük
ziyanın qarşısı alınıb.
1962-ci ildə
o, Baytarlıq İdarəsində rəis müavini,
1965-1973-cü illərdə Baş Baytarlıq İdarəsində
müavin – Azərbaycan SSR baş dövlət baytarlıq
inspektorunun müavini vəzifələrində
çalışıb. Bu vəzifələrdə o,
respublikada heyvan və quş xəstəliklərinin profilaktikası
və aradan qaldırılması işinə böyük əmək
sərf edib.
Lütfullah
bəy 6 dövlət mükafatı ilə –
“Qırmızı əmək bayrağı” və
“Qırmızı ulduz” ordenləri və 4 medalla təltif
olunub. Onun rəsmi elmi dərəcəsi olmasa da öz sahəsi
üzrə gerçəkdən dərin bir alimdi. Elə buna
görə də Kənd Təsərrüfatı Nazirliyinin
Elmi-Texniki və Problemlər Şurasına, Azərb. Elmi-Tədqiqat
Baytarlıq İnstitutunun Elmi Şurasına və Azərbaycan
Sovet Ensiklopediyasının kənd təsərrüfatı
redaksiyasına üzv seçilmişdi.
Lütfullah
Baba oğlu Qabulov 1981-ci ilin fevralında dünyasını dəyişib.
Onun
üç övladı olub: Ləman, Tamilla, Nazim.
Qızı Ləman (1942) ADU-nun kimya fakültəsini bitirib. Təyinatla
Tatarıstanda elmi-tədqiqat institutuna göndərilərək
orada kimyaçı-mühəndis işləyib. Sonra Ukraynaya
göndərilib, Kremençuqda neft kəmərləri idarəsində
dispetçer və mühəndis-metroloq vəzifəsində
çalışıb. İndi də orada yaşayır, təqaüdçüdür.
Onun oğlu Anar həkim, Artur mühəndisdir.
Tamilla
Lütfullah qızı (1946) da bacısı kimi ADU-nun kimya
fakültəsini bitirib. Azərbaycan EA Geologiya İnstitutunda
kimyaçı-mühəndis, yenə orada müxtəlif
şöbələrin rəisi işləyib. 2006-dan təqaüddədir.
Nazim
Lütfullah oğlu (1951) ADU-nun geologiya-coğrafiya fakültəsini
və Moskvada Patentləşdirmə İnstitutunu qurtarıb.
İndi Sankt-Peterburqda yaşayır və metropoliten sistemində
çalışır. Onun 4 qızı var və
hamısı ali təhsillidir.
Baba bəyin
ikinci oğlu Fətullah bəy (1919-1938) institutun 3-cü
kursunda oxuyarkən xəstələnərək vəfat edib.
Məqalənin
başlanğıcında yazdığım kimi, Baba bəyin
Cəriyət xanımdan bir oğlu və iki qızı
dünyaya gəlib. Oğlu Əkrəm bəy (1935-2010) Azərbaycan
Sənaye İnstitutunu (indiki Neft Akademiyasını) bitirdikdən
sonra Sumqayıt alüminium zavodunda mühəndis, şöbə
rəisi, baş mühəndis və ticarət direktoru işləyib.
Əkrəm
bəyin oğlu İbrahim bəy (1963) Azərbaycan Dövlət
Universitetini bitirib. O, fizika-riyaziyyat elmləri namizədi, Azərbaycan
MEA Radiasiya Problemləri İnstitutunun (RPİ) beynəlxalq əlaqələr
üzrə direktor müavinidir. O, ABŞ-ın uyğun elmi
qurumları ilə RPİ arasında gerşəkləşdirilmiş
və gerçəkləşdirilməkdə olan bir sıra
layihələrdə fəal iştirak edib.
Baba bəyin
böyük qızı Naimə xanım (1930) Azərbaycan
Dövlət Tibb İnstitutunu bitirərək təyinatla
Zaqatala şəhərinə göndərilib. Ailə durumuyla
bağlı olaraq Sumqayıta köçüb və işini
orada davam etdirib. Niyazi Əfəndiyev’lə ailə quran Naimə
xanım ali təhsilli üç övladın (İlham,
İradə, Xuraman) anasıdır.
Minirə
xanım (1932-2011) Baba bəyin sonbeşiyidir. O, ADU-nun kimya
fakültəsini bitirib və təyinatla Sumqayıt sintetik
kauçuk zavoduna göndərilib. Zavodda ixtisası üzrə
müxtəlif vəzifələrdə işləyib, daha
sonra zavodun mərkəzi laboratoriyasına
köçürülüb. Şükür
Şükürov’la ailə qurub. Övladlarının ikisi də:
Elçin də, Sevda da ali təhsillidir.
SÖZÜMÜN SONU
Beləliklə,
Azərbaycan Cümhuriyyəti Parlamanının üzvü
olmuş daha bir şərəfli soydaşımız – Baba bəy
Abdulla əfəndi oğlu Qəbulzadə haqqında
araşdırma burada sona yetir. İnanmaq istərdim ki, gələcək
tarixçilərimiz onun həyat və fəaliyyətini daha
incəliklə öyrənərək toplumumuzun malı edəcək.
21 oktyabr – 3
noyabr 2011.
Ədalət TAHİRZADƏ
525-ci qəzet.- 2011.-
5 noyabr.- S.29.