Efirin səs yaddaşı

 

BU YADDAŞ QATLARINDA YALNIZ DÜNƏNİN VƏ BUGÜNÜN CİZGİLƏRİNİN HARMONİK UYUŞMASI RADİONUN SABAHINA ÜMİDLƏ BAXMAĞA ƏSAS VERƏ BİLƏR  

 

AZƏRBAYCAN RADİOSU-85

 

Azərbaycanda radionun müntəzəm yayıma başlamasından 85-ci il keçir. Radio necə və hansı şəraitdə fəaliyyət göstərib, onun ilk dönəmləri necə olub, burada kimlər çalışıb, efirdə nələrdən danışılıb? Bütün bunlar barədə filologiya elmləri doktoru, BDU-nun Televiziyaradio jurnalistikası kafedrasının professoru Qulu Məhərrəmlinin radio tariximizlə bağlı təqdim etdiyi silsilə yazılarda söhbət açılır. Professor Q. Məhərrəmli təkcə tanınmış jurnalist, publisist və teleaparıcı deyil, həm də televiziyaradio tariximizin azsaylı araşdırmacılarından biridir. O, radionun tarixi, nəzəriyyəsi və yaradıcılıq problemlərindən bəhs edən “Radio dalğalarında”,“Danışır Təbriz”, “Radio dərsləri”, “Radioteatr: dünən və bu gün”, “Deystvie u mikrofona” və “Radiodramaturgiya dilikimi kitabların müəllifidir. Bu mövzuda əsərləri ingilis, rusfars dillərində də çap olunmuşdur.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

1991-ci il oktyabrın 18-də ölkənin müstəqilliyinin bərpa olunması sosializmin bətnindən doğulmuş radio və televiziyanın problemlərini azaltmadı. Çünki hakimiyyətə gələn yeni siyasi qüvvələr teleradionun statusu haqqında düşünmək istəmədən elektron KİV-ə təbliğat ruporu kimi yanaşmaqda davam etdilər.

 

Müstəqilliyin efir nişanələri

 

90-cı illərin əvvəllərində Azərbaycan radiosunun proqramlarında texniki-təşkilati, həm də yaradıcılıq cəhətdən bir sıra müsbət meyillər özünü göstərməyə başladı. Köhnə buxovların qırılmasının xoş əlaməti kimi, ilk növbədə auditoriya ilə canlı ünsiyyətə meyil artdı, stereotiplərin qırılması üçün addımlar atıldı. Yenilik onda idi ki, bütün gün ərzində mikrofon qarşısında əyləşmiş aparıcılar dinləyiciləri canlı efirdə hər hansı mövzuda polemikaya dəvət edir, telefon bağlantısı qurur, dövlət orqanlarının nümayəndələrini studiyaya çağıraraq onları auditoriya ilə “görüşdürür”, əvvəllər qadağan olunmuş mövzulara toxunurdular.

Efirdə interaktivliyin artması, auditoriya ilə yeni əlaqə forması dinləyicilər arasında quru “dövlət radiosuimicinin tədricən əriməsinə və efirin, sözün həqiqi mənasında, xəlqi-milli çalarlar qazanmasına səbəb olurdu. Canlı efir radioda Mailə Muradxanlı, Telman Qarayev, Şəfəq Əlixanlı, İntiqam Mehdizadə, Qəmbər Ağayev, Sədaqət Turabova, Almaz Cəfərova, Rafiq Bədəlov, Heydər Zeynaloğlu, Gülbəniz Hüseynova, Habil Əliyev kimi jurnalistlərin yaradıcılığının da görünməyən qatlarını üzə çıxartdı.

1994-cü ilin oktyabrında “Araz”ın efirə çıxmasının 30 illiyi önəmli mədəniyyət hadisəsi kimi qeyd olundu. Elə həmin il “Hərbi-vətənpərvərlik və salnamə” redaksiyasının yaradılması radioda hərbi publisistikanın təşəkkülünə təkan verir. Bu addım ölkəmizin tarixi keçmişi, Qarabağ uğrunda savaş, istiqlal mövzusunda yeni proqramların yaranmasına səbəb olur. Amma təbii ki, bu radio üçün ənənəvi nöqsanlar ? sözçülük, mətləbin uzadılması, çevik dialoq təcrübəsinin çatışmazlığı da özünü göstərirdi.

 

Azadlığın ömrü bu qədərmiş...

 

1996-cı ildən sonra radioda elə mənfi proseslər başladı ki, bu dalğanı saxlamağa heç Mövlud Süleymanlının dualarının da gücü çatmadı. Toplanmış müsbət təcrübənin ənənəyə çevrilməməsi, digər tərəfdən isə radio sahəsində heç bir islahatın aparılmaması, 90-cı illərin ortalarından başlayaraq radioya yenə də təbliğat maşını kimi yanaşmaq meyillərini gücləndirdi. Bu isə ortaya xeyli problem çıxardı, xüsusən informasiya verilişləri və ictimai-siyasi proqramlar yaradıcılıq baxımından axsamağa başladı. 1997-ci ildən başlayaraq canlı efir formasından imtina edilməsi bir sıra çevik radio formalarının dondurulmasına, proqramların düzümü və təqdimatında yeknəsəqliyin artmasına səbəb oldu.

90-cı illərin əvvəllərindən başlayaraq müstəqillik ideyası, vətənpərvərlik, yeni cəmiyyət quruculuğu, sosial problemlər, iqtisadi islahatlar haqqında verilişlər meydana çıxmışdı. Bu mövzular daha çoxDövran”, “Vətəndaş”, “İgidnamə”, “Sahibkarlıq” ictimai-siyasi verilişlərində, həmçinin “Elçi daşı”, “Qürbətdə qalan Vətən”, “Ovqatkimi bədii-publisistik proqramlarda öz geniş əksini tapırdı. Lakin 90-cı illərin ortalarından bu verilişlərdə, həmçinin digər ictimai-siyasidaha çox informasiya proqramlarında yenidən 70 – 80-ci illərə xas olan təbliğat pafosu güclənməyə başladı.

Bu mərhələdə bəzi müsbət meyillər də yaranır, Cənubi Azərbaycan tematikası, milli mövcudluqtarixi sınaqlar, vətəndaş cəmiyyəti qurulmasının zəruriliyi və s. kimi yeni mövzuların işıqlandırılması və qeyri-ənənəvi təqdimatlar sahəsində axtarışlar meyli güclənir. Bu meyil daha çox publisistik səciyyə daşıyan “Açıq-aşkar”, “Xudafərin”, “Sözün düzü”, “Bu gün 9-un yarısı”, “Baxış bucağı”, “Molla Nəsrəddin”, “Yol”, “Yuva”, “Vaxt”, “Dan yerikimi verilişlərdə özünü göstərirdi.

90-cı illərin ortalarından başlayaraqArazda populyarlaşanGün keçdi” xəbərlər proqramının müasir radioverilişləri şəbəkəsində xüsusi yeri vardı. Hər axşam 30 dəqiqə efirdə olan bu proqramın müasir informasiya ritmi aşılayan cazibədar ovqatı, məlumatları fərqli təqdimetmə üslubu və dinləyiciyə xoş gələn şərh manerası vardı. Məhz bu xüsusiyyətlərinə görə o dövrdə “Gün keçdini format, reportyor işiüslub baxımından Azərbaycan radiosunun gələcəyi, onun yeni modeli hesab etmək olardı... Amma bu gələcək gəlmədi.

 

Arazgetdi... niyə getdi?

 

2005-ci ilin martında teleradio şirkəti Prezident sərəncamı ilə səhmdar cəmiyyətə çevrildi. Həmin sərəncama görə radionun 2-ci kanalı, yəni “Araz” radiostansiyasının tezliyi yeni yaradılacaq ictimai radioya verildi. Teleradionun o vaxtkı rəhbərliyi (N.Xudiyev) 40 il efirdə olmuş Azərbaycan mədəniyyətinə misilsiz töhfələr vermiş, ölkəmizi bütün Şərqdə tanıtmış bu radionu yaşatmaq, ən aşağısı onu mümkün olan yeni tezliyə keçirmək üçün heç bir cəhd göstərmədi. Hətta rəmzi olaraq efirdə “Araz” adını yaşatmaq üçün də addım atılmadı. Sonralar televiziyaya çox uğurla əlavə iki kanal və ayrıca büdcə almış indiki rəhbərlik (A.Alışanov) də real imkanlar olduğu halda bu məsələni həll edə bilmədi. Bir proqram adı üçün az qala İTV ilə savaşa çıxmış bu adamlar hansısa özəl radionunAraz” adını mənimsəməsinə heç qımıldanmadılar da...

 

Daha biryenidalğa

 

2006-cı ildə 80 yaşına qədəm qoyan Azərbaycan radiosu bu əlamətdar yubileyini fəxri adlar və təltiflər seli ilə qeyd etsə də, öz yaradıcılıq ? təşkilati problemlərini həll edə bilmədi. Həmin yubileydən az öncə teleradio rəhbərliyindəki dəyişikliyin də heç bir faydası olmadı. Yaradıcılıq məsələlərindən baş çıxarmayan, ekran-efirin incəliklərini duymayan, dünyada bu istiqamətdə gedən meyillərdən bixəbər olan yeni adamların radioya ayaq açması teleradio kollektivinə təkcə kütləvi məyusluq və peşmanlıq gətirmədi, həm də qeyri-müəyyən, dolaşıq struktur dəyişiklikləri ortaya əlavə problemlər gətirdi.

Radioda ənənəvi nöqsanlardan yaxa qurtarmaq, ilk növbədə yayım cədvəlini və xəbər xidmətini qaydaya salmaq, dinləyicilərlə səmimi dialoqu bərpa etmək, auditoriya üçün faydalı mövzulardan, həm də qeyri-standart formada söhbət açmaq çox zəruridir. Yaxşıdır ki, son vaxtlar bu istiqamətdə müəyyən tərpəniş hiss olunur. Hər halda jurnalistikaya bağlı yeni rəhbərin (C. Cahangirov) atdığı addımlar efirə bir ilıqlıq gətirib, xüsusən informasiya proqramlarında, o cümlədən səhər efirində canlanma yaradıb. Daim bədii verilişləri ilə seçilən radiomuzun yayımında durğunluq, sanki aradan qalxır, gənclik proqramlarında dinamikaforma axtarışları hiss olunur, maarifçilik verilişlərində yaddaşı təzələyən sədalar eıidilməkdədir, efirdə radionu xüsusi yaradıcılıq sahəsi kimi dürüst qavrayan, intonasiyanı gözəl duyan, səslərdən maraqlı qalereya qurmağı bacaran yeni jurnalistlərin nəfəsi duyulmaqdadır. Amma bunlarla yanaşı, verilişlərdə bir bəsitlik və əyalət ab-havası hələ də qalmaqdadır.

 

Bir almanın iki üzü: “Bulaq” və “Axşam görüşləri”

 

Radiomuzun tarixində çox maraqlı verilişlər olub və yenə də olacaq, amma onların heç biri nə “Bulağa, nə də Rafael HüseynovunAxşam görüşləri”nə oxşamayacaq. Səbəbi təkcə formanın özəlliyində, dilin sadəliyində, səsin və səslənmənin cazibəsində, məzmunun ruha yaxınlığında deyil, sadəcə birincinin xalq təfəkküründən qaynaqlanmasında, ikincinin isə qeyri-adi zənginliyində, gözlənilməzliyində və müəllifin ovsunlayıcı üslubundadır.

1969-cu ilin oktyabrında Azərbaycan radiosunun efirində indiyədək heç kimin eşidib-duymadığı, sanki əsrlərin bağrından qopub gələn və boz səhranın ortasında bulaq kimi çağlayan bir səs eşidildi. Bu səs lap qədimdən gəlirdi, əcdadların ruhunu oyadıb coşqun bir dalğa kimi özü ilə gətirirdi. Yaddaşları silkələyib oyadan bu səs milli hissiyyatı az qala korlaşmış Azərbaycan dinləyicisinə və efirə yeni nəfəs gətirən, hələ uzun illər xalq dilininmilli ruhun daşıyıcısı olacaq, təbii ki, həm də radiomuzun tarixində yeni bir səhifə açacaqBulaqverilişinin səsi idi. Hər bazar günü eyni vaxtda ? saat 19.30-da efirə çıxan bu veriliş Azərbaycan dinləyicisini öz sehrinə salaraq onun yaddaşındakı bütöv xalq və qədim millət duyğularını oyadırdı. Efirə yeni dil, yeni tərz, əsl xalq ruhunu gətirən “Bulaqmilli şüurun dirçəlişinə öz misilsiz töhfələrini verdi.

Həmin illərdə radioya sədr müavini təyin olunmuş böyük ziyalı, yazıçı-jurnalist Cəmil Əlibəyov qələm əhli olduğundan, xalq təfəkkürünü bildiyindən, ən başlıcası isə radionun dil qəliblərinə alışmadığından, heç olmasa, ədəbi verilişlərdə, folklor proqramlarında xalq dilinin canlanmasının tərəfdarı idi. O, Mövlud Süleymanlının timsalında bu ideyanı gerçəkləşdirəcək müəllifi də düz seçmişdi. Efirə çıxması ilə qısa müddətdə böyük əks-səda doğuranBulaq” tezliklə radionun kollektiv əsərinə çevrildi. Onun xalqın yaddaşında dərin iz buraxmasında ustad aktyorlar ? Səməndər Rzayev və Məhluqə Sadıqova əvəzsiz rol oynadılar. Xalq dilinin incəliklərini gözəl bilən Vaqif Əlixanlı, sonralar İntiqam Mehdizadə, Məmməd Aslan, Abbas Abdulla da bu işə qoşulmuşlar. Verilişin ilk rejissoru Ziyafət Abbasov olmuşdur.

“Bulağ”ın başına həmişə istedadlı yaradıcı insanlar toplaşıb, uzun zaman ona yoldaşlıq etmiş neçə-neçə ustad qələm sahibinin, alim və ziyalının “Bulağ”ın ərsəyə gəlməsində böyük əməyi olub. Müəlliflərdən Kamil Vəli, Elxan Məmmədli, Rafael Hüseynov, Faiq Hüseynov, Məhərrəm Qasımlı, Ağalar Mirzə, İsmayıl Vəliyev “Bulağ”ın hazırlanmasında yaxından iştirak edirdilər. Səməndər Rzayevin vəfatından sonra “Bulağ”ı bir müddət Rasim Balayev və Mikayıl Mirzə davam etdiriblər. Hazırda isə verilişi istedadlı aktyorlar ? İlham Əsgərov və Səidə Quliyeva təqdim edirlər. Verilişin yenə də öz dinləyiciləri, yenə də maraq doğuran öz mövzuları vardır.

 

Rafael Hüseynovun səs və söz abidəsi

 

Hər bazar günü Azərbaycan radiosunun dalğalarında Tofiq Quliyevin çox tanış bir melodiyası səslənir. Şövkət Ələkbərovanın dadlı səsi hamını bənzərsiz bir görüşə-Rafael HüseynovlaAxşam görüşləri”nə çağırır...

Mən onu üzbəüz tanımazdan 35 il əvvəl adını eşitmişdim. Hələ tələbəykən xanəndə Fatma Mehralıyeva barədə televiziyaya süjet hazırlayanda köhnə qəzet və sənədlər istədim. Xanım əlacsız bir haldaay bala, sənəd nə gəzir, Rafael gəlmişdi, yığışdırdı hamısını apardı” dedi. İllər keçəndən və mən R.Hüseynovu tanıyıb faydalı işlərini görəndən, xüsusən radiodakı möhtəşəm işlərini izləyəndən sonra onun uzaqgörənliyinə və “sənəd strategiyası”na heyran oldum. Və bu günçox sevinirəm, nə yaxşı ki, zər zərgər əlindədir və görünür TALE özü Rafael Hüseynovu bizim ictimai həyatımızın mədəniyyətimizin və musiqi tariximizin bilicisi və salnaməçisi kimi hazırlayırmış...

Kollektiv yaradıcılığın məhsulu kimi meydana çıxan “Bulaqdan fərqli olaraq, “Axşam görüşləri” bir adamın düşüncə və fəaliyyətinin bəhrəsidir. Verilişin kompozisiyasından tutmuş, səs həllinə, musiqi keçidlərinədək hər şey Rafael Hüseynovun üzərindədir. Təsadüfi deyildir ki, vaxtilə maestro Niyazi çox dəqiq deyirdi ki, verilişin uğuruRafael Hüseynovun gərgin fəaliyyəti, fədakar axtarışları, həmişə orijinal ifadə vasitələri tapması ilə bağlıdır. Verilişi yaxşı edən müəllifdir. Başqa verilişlərə də qonaq olmuş ayrı-ayrı sənətkarlar Rafael Hüseynovla müsahib olanda sanki başqalaşırlar, daha söhbətcil olurlar, daha maraqlı təfərrüatlardan bəhs edirlər. Çünki qarşılarında istedadlı, həssas, musiqimizin problemlərini və tarixini dərindən bilən bir şəxsiyyətin olması onlara əhəmiyyətli təsir göstərir və daha yaxşı açılmalarına, sözün əsl mənasında ürəklərini boşaltmalarına meydan açır”.

Əslində R.Hüseynov bu proqramla radioda bir sözmusiqi abidəsi yaradıb. Həm də hər veriliş bir araşdırma, tariximizin və mədəniyyətimizin hələ açılmamış yeni bir səhifəsidir. Məhz bu cəhətinə görə, “Axşam görüşləri” Azərbaycan radiosunun son dövr tarixinin ən populyar proqramlarından biridir. Digər tərəfdən, “Axşam görüşləri” həzin intonasiyası, mövzuları qeyri-adi rakursdan işıqlandırması, güclü publisistik ruhu, dinləyicini daim heyrətləndirən müxtəlif axtarışları, radionun görünməz imkanlarını üstünlüyə çevirmək məharəti, aparıcının yüksək intellekti və peşəkarlığı ilə bu proqramın uzunömürlülüyünü təmin etmişdir. Əslində “Axşam görüşləri” milli radio anlayışının və onun əsas parametrlərinin daşıyıcısı kimi Azərbaycan radiosunun ən yaxşı ənənələrini əks etdirən proqram modelidir.

 

 

Qulu Məhərrəmli ,

Professor

 

525-ci qəzet.- 2011.- 5 noyabr.- S.16.