“Ulu Göyçə, de, yatanlar ayılsın”

 

Azərbaycanımızın tarixi hadisələrini – erməni millətçilərinin xalqımızın başına gətirdikləri müsibətləri, qədim Oğuz ellərinin tərkib hissəsi olan Qərbi Azərbaycan torpaqlarının düşmən tərəfindən işğal olunması faktının, adət – ənənələrimizin gələcək nəsillərə çatdırılması ədəbiyyatımız, ədəbiyyat nümayəndələrimiz qarşısında duran mühüm məsələlərdəndir.Bu qəbildən olan ədəbiyyat nümayəndələrimizdən, yazarlarımızdan biri də şair- publisist, yazıçı- jurnalist Eldar İsmayıldır.

38 kitabın müəllifi olan E.İsmayılın bu yaxınlarda “Ulu Göyçə, de, yatanlar ayılsın” adlı kitabı da işıq üzü gördü. Onu da qeyd edim ki, kitab tərtibat baxımdan, ilk görünüşdən oxucunu Göyçə gölünün şəkili və Göyçə mahalının xəritəsi ilə cəlb edir. Daha sonra ön sözdən qabaq kitab haqqında unudulmaz xalq şairimiz B.Vahabzadənin, bir neçə ədəbiyyatşünas alimin, müxtəlif ixtisas sahibi olan ədəbiyyat, poeziya sevərlərin poema haqqında həqiqi hiss və duyğularını təcəssüm edən fikirləri verilmişdir. Bu poema ilk dəfə 1991-ci ildə “Ulu Göyçə” adı ilə ( birinci bölümü) nəşr edilmişdir. İndiki nəşrində poemanın 2-ci bölümü əlavə olunmuşdur.

“Ulu Göyçə, de, yatanlar ayılsın” poeması Şəhriyar sayağı – “ Heydər babaya salam” poemasının üslubunda yazılmışdır. Məhz bu baxımdan da şair poemanın əvvəlində unudulmaz şair Şəhriyarı yad edir. Şair Ulu Göyçədə Dədə Qorqudun qopuz çaldığı eldə – obada “ Xan Kərəmin yanğısı”nı poetik boyalarla təsvir edir. Müdrik el ağsaqqalı kimi oxucunun əlindən tutaraq Göyçəni qarış-qarış gəzdirir, görkəmli şəxsiyyətləri ilə tanış edir. “Şəhriyarın mahnısını Aşıq Alının, Dədə Ələsgərin sazında çala- çala” eli, obanı, yurdu-yuvanı oymaq- oymaq ziyarət edir. Goyçənin qoynunda mənalı keçmiş uşaqlıq çağlarını xatırlamaqla , nağıllara qulaq asa-asa böyüdüyünü “ Böyüdükcə hesabımı götürdüm” deməklə həyata, adamlara, cəmiyyətə, təbiətə, münasibətinin dəyişməsini bildirir. E.İsmayıl doğma yerlərin daşını, qayasını, dərəsini, bulağını sanki söhbətə çəkir, danışdırır. Xəyalən hər şey, hər şey dilə gəlir....

Poemanın maraqlı, cəlbedici üslub xüsusiyyətlərindən biri də əhvalatların Ulu Göyçəyə xitabən danışılması və söylənilməsidir. Sanki şair təbiətdə, həyatda gördükləri, elədikləri haqda Ulu Göyçəyə hesabat verir. Oxucularını ulularımızın gördükləri, elədikləri saf, pak əməlləri yad etməyə, kökümüzə, dədə- baba əxlaqımıza bağlanmağa çağırır:

 

Dədəm Qorqud soy soylayıb Ayqırda,

Qopuz tutub boy boylayıb Aqırda.

Salur Qazan oy oylayıb Ayqırda,

Qaraca Çoban burda sapand tutubdu,

“Qılınc – qaya” o sapanddan qopupdu.

 

Poemanın dili canlı xalq danışıq dili üzərində qurulub. Onun ritmik ahəngi axar dağ çaylarının ahənginə bənzəyir. Məntiqlik, lakoniklik, qafiyə uyğunluğu oxucunu ayrılmağa qoymur. Obrazlı, mənalı misralar, xalq deyimləri yeni-yeni sözlər yaradır:

 

Ulu Göyçə, dünya qoca, sən qoca?

Sən dağ üstə, səndən yalnız göy uca!

Bu yer üzü bir otaqdı, sən baca...

Bu bacadan kainata bax hələ...

Bir əl uzat ulduzları çəngələ!

 

Şair sanki “Ulu Göyçə” ilə dialoqa girir, onun kim olduğunu həm ona, həm də oxucularına danışır.

Poemada diqqəti çəkən məziyyətlərdən biri də el-oba, yer-yurd, dağ-dərə, tanınmış adamların adlarının bu və ya digər formada deyimlərlə oxucuya çatdırılmasıdır:

 

Ulu Göyçə, “ Quru Selav”, “ Cal təpə”,

“Quş bazarı”, “ At nal tökən”, “ Nal təpə”...

“Üç təpə”nin bir adı da “ Bal təpə”,

Kim doyubdu kəklikotu balından?

Göz doymayıb lalələrin xalından!

 

(...kəklikotu balını Göyçədə və Gəncəbasar zonasında loğman kimi məşhur olan Hacı Nağı bir çox xəstələrə dərman kimi istifadə etməyi məsləhət görərmiş).

Bu bənddə işlənən “ ...lalələrin xalından!” heç də elə-belə deyilməyib. Bu xalı hər adam görsə də duya bilmir. Şairin əsil məharəti bu örtülü müəmmanı açmaqdadır.

Bu poemada şair yalnız Göyçəni deyil, Qərbi Azərbaycanı, Azərbaycan mahallarını – Dərəçiçək, Vedibasar, Borçalı, Ağsu, Təbriz, Gədəbəy, Dərələyəz və sair doğma el- obalarımızı yada salır, onları bu və ya digər xüsusiyyətləri ilə oxuculara, xüsusi olaraq gələcək nəsillərə təqdim edir. Eləcə də elinə. obasına xidmət göstərmiş həmvətənlərini dar ayaqda erməni xislətinə sinə gərərək müdafiə etmiş oğullarını – Səməd ağa, Tapdıq Əmiraslanov, Cığal Həsən,

Topal Oruc kimi şəxsiyyətləri, Dədə Ələsgər, Aşıq Alı, Aşıq Əsəd, Aşıq Ağayar, Aşıq Mahmud kimi gözəl sənətkarları, Mir Yaqub, Mirəli Baba kimi hörmətli – izzətli seyidləri, Miskin Abdal, Növrəs İman, Bəhmən, Xəstə Bayraməli kimi şairləri, loğman Hacı Nağını, akademik Əhliman Əmiraslanov kimi dünyada məşhur olan alimi bizlərə – oxuculara təqdim edir, çoxlarına bu gözəl adamları tanıdır:

 

Hünərvərdi hər oğulun, hər balan.

Şöhrət tacım ad üstündən ad alan,

Yer üzünə işıq tutan, nur salan,

Əhliman tək alim oğul yetirdin...

Türk elinə bir də şöhrət gətirdin!

 

Poemada Ulu Göyçədə iz qoyan adət- ənənələr, Novruz bayramları, Göyçənin qışı, qarı, yağışı xatırlanır. Payız olcaq növbəyə düzülən toy axşamları, uzun gecələrdə aşıqların saza- sözə rəvac verməsi, ustadların yad edilməsi xüsusi bir məhəbbətlə qələmə alınmışdır:

 

Bayram gəlcək yumurtanı boyardıq,

Vuruşdurar, sonra qatar qoyardıq...

Beş uduzar, təkdən bir də udardıq,

Özümüzü, Allah, necə öyərdik!

 

Şair hələ çox-çox əvvəllər Ulu Göyçəmizin timsalında Qərbi Azərbaycan torpaqlarında baş verəcək hadisələri duyurdu. Ayrı- ayrı şeirlərində olduğu kimi

“Ulu Göyçə, de, yatanlar ayılsın” poemasında da bu məsələyə toxunmuşdur:

 

Ulu Göyçə, qəsdimizə girən var,

Bu cəlalı əyri gözlə görən var!

Arxamızca sərin – sərin hürən var,

Gecə – gündüz oyaq əsgər olmalı!

Yatağımız bizə səngər olmalı!

 

Ulu Göyçə, hey üstünə gün doğsun,

Bulud gəlsin, torpağına nur yağsın,

Babaların dodağından söz axsın,

Kütəlməsin sözün – sazın, a Göyçə!

Bülənd olsun xoş avazın, a Göyçə!

 

Eldar İsmayıl Göyçənin “ qəsdinə girən”ləri duyur, ona “əyri baxan”ları görürdü. Bu baxımdan “ sazın- sözün kütəlməməsini, xoş avazın bülənd olmasını” arzulayırdı.

O, Qərbi Azərbaycan torpaqlarının erməni təcavüzkarları tərəfindən işğal olunmasına təəssüflənir, o yerlərə əlimizin çatmamasını bildirir:

 

Yadındamı “ Turş bulaq”dan içdiyim,

“Böyük dağ”da biçənəyi biçdiyim...

At belində Əyricədən keçdiyim,

O günlərə atım getməz bir daha ...

Əlim çatmaz, ünüm yetməz bir daha!

 

Şair Göyçənin torpağının hər qarışını, kəndini, dərəsini, dağını, təpəsini gəzib dolanıb, hər gözəlliyini görüb, bunları yaddaşına həkk eləyib. Bir növ Göyçə ensiklopediyası yaradıb:

 

Ulu Göyçə, mən başına dolandım,

Hər kəndinə neçə dəfə yollandım...

Yamaclardan dərələrə sallandım,

Bulaqları bu dastana gətirdim!

Yaylaqları bir də cana gətirdim!

 

Bəli, E.İsmayıl hər təbii gözəlliyi, daşı, qayanı, dağı, dərəni, çölü, düzü, çəməni, gülü – çiçəyi, aranı, yaylağı bu dastana gətirib, hər şeyi olduğundan da çox gözəlləşdirib. Şair oxucuları üçün ensiklopedik dastan yaratsa da, Göyçənin düşmən əlində olması dərdini yaşayır. Poemada bu dərdi sızlaya – sızlaya dəfələrlə qələmə almışdır:

 

Ulu Göyçə, keçdin düşmən əlinə,

Ovsar verdin şeytanların felinə.

Dönə-dönə inansaq da dilinə,

Müxənnətin hər əməli xəyanət...

Yenə bizi oyatmadı bu vəhşət!

 

Şair bir tarixi həqiqəti də bu poemada açıqlayır. Bu həqiqət ermənilərin əcdadlarının qaraçı olması faktıdır. Bəli, bu həqiqət 1904- cü ildə rus antropoloq alimi V. L. Veliçkonun “ Qafqaz” adlı kitabında öz əksini tapmışdır:

 

Ulu Göyçə, aradım bu soyadı,

Qaraçılar erməninin əcdadı,

Ofsunlayıb bu yaxını, bu yadı,

Ələyini, xəlbirini aldılar,

Poşakənddə onlara yurd saldılar.

 

Şair bu bəlaların hamısını xristian mafiyasının müsəlman dünyasına qarşı yeritdiyi siyasətin nəticəsində görür, sünni-şiə pərdəsi altında zərbəni duyur:

 

Günahımız müsəlmanlıq, həm türklük,

Sünni – şiə altda gedən bölüklük,

Dərdimiz çox, hər dərd bizə ağır yük,

Bu hesabı anlayan kim, qanan kim.

İnsan kimi ədaləti anan kim!

 

Şair dünya ictimai həyatında ədalətin, doğruluğun, düzgünlüyün olmadığını, dünya birliyi ölkələrinin bu hadisəyə göz yumduğunu oxuculara çatdırır.

Eldar İsmayıl bu poemada da Qarabağ, Şuşa, Laçın dərdini yaşayır, İrəvanı əlimizdən aldıqlarını ürək ağrısı ilə təsvir edir:

 

İrəvanı bir vaxt bizdən aldılar,

Bu tarixdən o tarixə saldılar!

Şuşaya da qara caynaq saldılar,

Bu quzğunlar Qarabağa hücumda...

Yüz illərdi bu torpağa hücumda...

 

Kitabda maraqlı xüsusiyyətlərdən biri də “izahlar”ın verilməsidi. Bu oxuculara xüsusilə, Ulu Göyçəni görməyənlər üçün açar rolunu oynayır. Poemanın hər bəndində işlədilən yer- yurd, çay, adam adlarının, adət – ənənələrin açıqlanması “izahlar”da öz əksini tapır.

Beləliklə, böyük şairimiz Eldar İsmayıl erməni məsələsini – təcavüzkarlıqlarını, onların qaraçı olmasını, qədim Azərbaycan torpaqlarında sonralar məskən salmalarını, xristian mafiyası başda olmaqla onları himayə etmələrini açan, dünyaya çatdıran ədiblərimizin içərisində ön sırada addımlayır. Lakin onun bu zəhməti lazımınca qiymətləndirilməmişdi. Bu məsələyə əlaqədar təşkilatlar diqqət yetirsələr daha yaxşı olardı.

Bəli, “Ulu Göyçə, de, yatanlar ayılsın” poeması XX- XXI əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Eldar İsmayılın eli, obası, xalqı,Vətəni qarşısında əsil vətəndaşlıq xidmətinin məhsuludur. O, bu poeması ilə indiki və gələcək nəsilləri Qərbi Azərbaycan torpaqlarını, keçmiş dədə- baba yurdlarımızı almağa çağırır. Gəlin, bu çağırışa səs verək!

 

 

SAŞA ƏLİYEV,

ATU-nun Əsaslı Kitabxanası

direktorunun müavini,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

525-ci qəzet.- 2011.- 11 noyabr.- S.7.