Təmiz ad və şərəfli ömür

 

Aslan Yunis oğlu Nəsibov! Bu ad-soyad indi bəzilərinə, xüsusilə, gənc nəslə çox şey deməsə də, ancaq əslində çoxları, xüsusən 60-80-ci illər nəsli onu yaxşı tanıyır. Sözün əsl və həqiqi mənasıda İnsan olan Aslan müəllim sovet sisteminin yetişdirməsi, nomenklatura nümayəndəsi, uzun illərin partiya-sovet işçisi olmasına baxmayaraq, o vaxtın və elə indinin özündə yüksək titullu bir sıra vəzifə sahiblərinə müəssər olmayan saflığı, təmizliyi, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, şəxsiyyəti, siması ilə tanınıb-seçilib, hörmət-izzət sahibi olub. Aslan müəllim vəzifənin hörmətə mindirdiyi vəzifə sahiblərindən deyil, vəzifəni hörmətə mindirən, vəzifəyə hörmət gətirən məmurlardan olub. Məndən yaşca təxminən iki dəfə böyük olmasına baxmayaraq, artıq 7 ilə yaxındır Aslan müəllimlə dostluq edirəm və ötən dövrdə bu dostluq münasibətləri daha da irəliyə gedərək ailəvi dostluğa, mənəvi ata-oğul münasibətlərinə kecib. 39 yaşım olsa da, qeyri-təvazökarlıq olmasın, yaşıma görə, həyat təcrübəm elə də az deyil. Bu illər ərzində böyüklü-kiçikli, vəzifəli-vəzifəsiz çox insanlar görmüşəm, ancaq nə deyim Aslan müəllim kimisinə çox az, hətta, nadir hallarda rast gəlmişəm. Çünki qardaşlarımız osmanlı türkləri demişkən, Aslan müəllim içi-dışı eyni olan insanlardan, mayası səmimiyyətlə, kübarlılıqla, insaniyyətlə, yüksək mənəviyyatla yoğrulan şəxsiyyətlərdəndir. Çox qəribədir, lap uşaq yaşlarımdan, ağlım kəsən dövrdən bu yana hər zaman öz həmyaşıdlarımdan uzaq olmuşam, daha çox yaşca özümdən böyük olan insanlarla oturub-durmağa, onlardan nələrisə öyrənməyə çalışmışam və bu xasiyyətim indiyə kimi davam edir... Aslan müəllimlə tanışlığı Böyük Yaradanın mənə olan lütfü hesab edirəm və ona sonsuz minnətdarlığımı, şükranlığımı bildirirəm. Eyni zamanda, məni bu insanla tanış etdiklərinə görə tanınmış partiya-sovet işçiləri mərhum Əhəd Kərimova və gözəl insan Bilal Mahmudova da sönsuz təşəkkürlərimi bildirirəm. Məhz onların sayəsində mətbuatdan uzaq, guşənişin həyat tərzi yaşayan Aslan müəllimin belə demək mümkünsə, “saqqızını oğurlamağa”, ondan bir zamanlar “525-ci qəzetdə” müəllifi olduğum “Sabiqlər” rubrikası üçün müsahibə almağa nail oldum və tanışlığımız da məhz elə o vaxtdan 2005-ci ilin martından başladı...Aslan müəllim, yaşının təxminən 30-35 ilini yüksək dövlət vəzifələrində işləsə də, onun həyat yolu, taleyi təsəvvür edilməyəcək dərəcədə enişli-yoxuşlu, ağrılı-acılı olub. Çox erkən yaşlarından hər iki valideynini itirən, ata-ana itkisi, acısı yaşayan, uşaq evində böyüməyə məcbur olan Aslan müəllim bütün yaşadıqlarına rəğmən həyat yollarında heç zaman sınmayıb, əyilməyib, gərdişi-dövrana baş əyməyib, hər zaman mətin, əyilməz olub və bu gün də belədir. Amma   taleyin acı hökmü ilə vaxtsız valideyn şəfqətindən uzaq düşən Aslan müəllimin doğum tarixi doğru-dürüst də bəlli deyil, sadəcə, vaxtilə ona yaxın olan bir insanın qəfil, gözlənilməz təklifi, təşəbbüsü ilə hər ilin 10 noyabr tarixini Aslan müəllim yaxınlarının əhatəsində öz simvolik doğum günü kimi qeyd edir. Dünən Aslan müəllimin simvolik doğum günü, 80 illik yubileyi idi. Bu əlamətdar gün münasibətilə ailəlikçə Bütöv Şəxsiyyət Aslan Yunis oğlunu təbrik edir, ona səadət, cansağlığı arzulayıram. Eyni zamanda, təxminən 6 ay-1il Şabran və Tovuzda görüşdüyüm, söhbətləşdiyim, yəni, bir zamanlar Aslan müəllimlə birgə çalışmış, qurub-yaratmış insanların bəzilərinin fikirlərini oxucuların diqqətinə çatdırıram.

 

Allahverdi Qasımzadə – Şabran şəhər bələdiyyəsinin sədr müavini

 

– 1971-ci ildə Xaçmaz rayon İstehlak Cəmiyyətinə yoxlayıcı işinə götürülmüşəm. Mənim özüm dəvəçili (şabranlı) olmağıma baxmayaraq, əmək fəaliyyətinə Xaçmazdan başlamışam. Həmin müddət ərzində gənc komsomolçu kimi etimad göstərərək məni İstehlak Cəmiyyətində komsomol təşkilat katibi vəzifəsinə seçdilər, bununla yanaşı, yoxlayıcı kimi fəaliyyətimi də davam etdirirdim. Sonra elə oldu ki, Aslan müəllimi Xaçmaz Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə göndərdilər. Yadımdadır, o zaman keçmiş SSRi-nin 19-cu partiya qurultayı keçirilirdi. Həmin qurultaya da nümayəndə kimi Aslan müəllimi göndərmişdilər. Qurultaydan sonra Aslan müəllim rayona gəldi, qurultay iştirakçısı kimi onun ilk görüşü rayon İstehlak Cəmiyyətində gənc komsomolçularla oldu, həmin görüşü də komsomol katibi kimi mən təşkil etmişdim. Qeyd edim ki, bu görüş də çox gözəl alındı. Onu bildirim ki, Cəmiyyətin 850-yə yaxın işçisi var idi ki, onlardan da 550 nəfəri komsomol təşkilatının üzvüydü. Bu görüşdən razı qalan Aslan müəllim böyük etimad göstərərək məni Rayon İstehlak Cəmiyyətinə sədr təyin etdi. Ancaq bu vəzifədə çox da işləmədim. İşdəki fəaliyyətimi nəzərə alaraq o vaxt məni Bakıya – “Azərittifaq”a apardılar və baş əmtəəşünas vəzifəsinə təyin etdilər. Aslan müəllimlə az müddətdə işləsəm də, qeyd etməliyəm ki, o, gözəl, bacarıqlı partiya rəhbəri, dövlət adamı idi. İşlədiyi müddət ərzində də hər zaman insanların etimadını doğrultmağa çalışırdı və buna da nail olurdu. O, əsl fəhlə-kəndli partiyasının nümayəndəsi kimi elə daim fəhləyə, kəndliyə böyük önəm verirdi, onlara arxa-dayaq olmağa çalışırdı. Onda demək olar ki, bütün müsbət keyfiyyətlər cəmləşmişdi. Onunla bir yerdə işlədiyim dövrdə, demək olar ki, hər zaman mənim fəaliyyətimlə, işimlə də maraqlanırdı, Xaçmazdan Bakıya gedəndə də, sonralar görüşəndə də hər zaman deyirdi ki, gərək gənc, bacarıqlı bir mütəxəssis kimi qalıb burada işləyəydin... Bu insan haqqında çox sözlər demək olar, o bütün xoş sözlərə layiqdir. Mən bu insana cansağlığı, uzun ömür arzulayıram. Arzu edirəm ki, onun 80 yaşının üstünə hələ neçə onilliklər gəlsin!

 

Mücaməddin Axundov – Tovuz rayon İstehlak Cəmiyyətinin sədri

 

– Aslan müəllimi Tovuz rayonunda birinci katib işləyəndən tanıyıram. O dövrdə mən öz sahəmiz üzrə həmkarlar təşkilatının sədri işləyirdim. 1984-cü ilin avqustunda rayonda ticarətin vəziyyəti ilə əlaqədar Büronun iclası keçiriləsi oldu. İclasın gedişatında “raypoittifaq”ın sədrinin vəzifədən getməsi məqsədəuyğun sayıldı. Sədr vəzifəsinin də icrasını müvəqqəti olaraq mənə həvalə etdilər. O zaman çoxları Aslan müəllimin yanına gəlib gedirdi, minnətçi düşürdülər ki, öz adamlarını bu vəzifəyə təyin etdirsinlər. Ancaq yatsam yuxuma girməzdi ki, bu vəzifə mənə həvalə olunacaq. Ona görə ki, vəzifədə adamım yox idi. O dövrdə hamı bilirdi ki, müəyyən adamlar vəzifəyə təyin ediləndə onlardan pul alınmalıdır. Sən demə, o dövrdə də müəyyən adamlar varmış ki, bu vəzifəyə gözləri düşübmüş, öz adamlarını təyin etdirmək istəyirlərmiş. Hətta bir nəfər o vaxtkı pulla 150 min rubl təklif edibmiş ki, filankəsi bu vəzifəyə qoyarsınız. Qeyd edim ki, Aslan müəllim çox işgüzar adam idi. Səhər saat 5-də durur, təsərrüfatı gəzir, saat 10 tamamda raykomun qabağında dayanırdı. Raykomun həyətində yerləşən bufetdə bir qismət səhər yeməyini yeyər və kabinetinə qalxardı. Özü də çox ciddi adam idi. İndi gördüyünüz mülayim Aslan müəllim deyildi. O, təsərrüfatları hərləndikcə, hər yerdə insanlarla söhbət edib, müəyyən adamlardan da məni soruşurmuş ki, “raypoittifaq”da belə bir adam var, o necə adamdır? Ümumi götürəndə rayonun o, yeri qalmır ki, orada məni soruşmasın. Yaxşı oğlandır, işinin öhdəsindən gələ bilər deyənlərin sayı da çoxuymuş, müəyyən adamlar da xətir, ona yarınmaq üçün deyirlərmiş ki, hələ çox cavandır, ora böyük idarədir, öhdəsindən gələ bilməz. O vaxt da mənim 35 yaşım vardı. Nə isə ümumi fikrə gələndən sonra bizdə üçüncü katib varıydı, axşamüstü saat 8-dən sonra məni və bizdə əmtəəşünas işləyən Sədaqət xanımı yanına çağırdı və zərf verdi. Dedi ki, bunu açmağa ixtiyarınız yoxdur, bunu “Azərittifaq”a aparacaqsınız. Başa düşdüm ki, mənə etimad göstəriblər. Eyni zamanda, bizə tapşırıq verildi ki, Bakıya gedəcəyinizi heç kim bilməməlidir. Sözün qısası hər ikimiz Bakıya getdik, səhər tezdən sənədlərimizi “Azərittifaq”a təqdim etdik. Tovuzun Mədəniyyət Evində bizim müvəkkillər, rayon ictimaiyyətinin geniş iştirakı ilə seçki keçirildi, Aslan müəllim mənim namizədliyimi təklif etdi və belə bir söz işlətdi ki, baxmayaraq, Axundovun əmisi məlum olmayan səbəblərdən Türkiyədə yaşayır, ancaq Büro onun namizədliyini irəli sürür. Seçki keçirildi, mən “raypoittifaq”ın sədri seçildim. Onu da qeyd edim ki, 1972-ci ildə partiya üzvlüyünə namizədiydim Bürodan keçməliydim.Dedilər ki, tərcümeyi-halında əminin xaricdə yaşaması məsələsini qeyd etmə. Bəlkə də bunu mənə məqsədli şəkildə deyirdilər, deyə bilmərəm, o vaxt gəlib Ağsaqqallar Şurasından keçməli oldum. Orada tərcümeyi-halımı oxudular, bir nəfər də milliyyətcə rus olan qadın var idi – maliyyə şöbəsinin müdiriydi – bir “zapiska” yazıb Şuranın sədrinə tərəf uzatdı. Orada göstərilirdi ki, bəs Axundovun əmisi Türkiyədə yaşayır. Nə isə sonradan məsləhət bildilər, xidmətlərimi, fəaliyyətimi, ailə tərkibimi nəzərə aldılar – atam “Lenin” ordenli əməkdar müəllim olub – və dedilər ki, get bildir ki, əmin Türkiyədə yaşayır, amma onunla heç bir əlaqəniz yoxdur. “Raypoittifaq”da yenicə fəaliyyətə başlamışdım, heç bir ay keçməmişdi, ərizələr yazılmağa başladı, nə başladı. Yazırdılar ki, əmisi xaricdə yaşadığı halda, partiyaya daxil olanda, tərcümeyi-halında bunu gizlədib, amma belə bir adamı Aslan müəllim “raypoittifaq”ın sədri qoyur. Bunu da təşkil edənlər həmin 150 minin marağında olan adamlar idi, Aslan müəllimin işinə pəl vurmaq istəyənləriydi. Həmin ərizələr də sel kimi Aslan müəllimin üstünə qayıdıb gəlirdi.

Aslan müəllim eyni zamanda bildirdi ki, prokuror, milis rəisi, Xalq Nəzarəti Komitəsinin sədri “raypoittifaq”ın anbarına girə bilər, ancaq oradan icazəsiz bir dənə iynə götürə bilməz. Bundan sonra çoxları elə bildi ki, bizim əvvəllərdən yaxınlığımız var. Hətta bəziləri müəyyən dövrlərdə yanıma gəlməyə başladılar ki, Aslan müəllimə onu de, bunu de və sair. Ancaq mənə ona istəsəydim belə heç nə deyə bilməzdim... Aslan müəllimi insan kimi də, keçmiş rəhbər şəxs kimi də bu gün yenə həmin səpgidə qəbul edirəm. Özü də həmişə deyib ki, Allah-Təala sənin kimi bir insanı mənə bəxş edib. Sən mənim qardaşımsan. Bu gün də bizim qardaşlığımız davam edir. Bütün ailə üzvlərim, qohum-əqrəbam adından o böyük İnsana və Şəxsiyyətə uzun ömür, cansağlığı, xoşbəxtlik arzu edirəm. Allah-Təala onu bizlərə çox görməsin!

 

 

Kamil Həmzəoğlu

 

525-ci qəzet.- 2011.- 11 noyabr.- S.6.