Rəbiyyət Aslanova: “Qarabağın inkişafına yönələcək maliyyə və digər məsələlər Azərbaycan dövləti tərəfindən artıq müəyyən olunub

 

Müsahibimiz Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovadır

 

– Rəbiyyət xanım, Azərbaycan tərəfi həmişə Dağlıq Qarabağa ən yüksək statusun verilməsini bildirir. Lakin bu statusun mahiyyəti və konkret hansı məqamları özündə əks etdirməsi çox vaxt açıqlanmır. Hansı ki, bu detalların açıqlanması Qarabağın erməni icması üçün də maraqlı ola və onların diqqətini çəkə bilər...

– Bildiyiniz kimi, Madrid prinsiplərinin müddəalarından biri də məhz Dağlıq Qarabağın statusu ilə əlaqədardır. Ancaq statusun verilməsi o zaman mümkün olacaq ki, Dağlıq Qarabağın Azərbaycan icması həmin əraziyə qayıdacaq, işğal olunmuş ətraf rayonlar azad ediləcək. Yalnız bundan sonra Azərbaycan yüksək status məsələsinə baxa bilər. Belə statuslar dünyanın müxtəlif yerlərində mövcuddur. Məsələn, Cənubi Tirol. Bu status ölkənin ərazi bütövlüyü təmin olunmaq şərtilə verilən mədəni muxtariyyət, mədəni statusdur. Burada söhbət həm vertikal, həm də horizantal statusdan gedir. Çünki status verilərkən sosial, siyasi və iqtisadi sahələrdə dövlətə tabeçilik prinsipləri qorunub saxlanılır. Lakin müstəqillik prinsipi də mövcuddur. Bu baxımdan Dağlıq Qarabağ ərazisində yaranacaq qurumun ayrı-ayrı prinsipləri müzakirə olunmalıdır. Düzdür, millət vəkilləri olaraq biz də bu məsələni sona qədər bilmirik. Lakin məlumdur ki, konflikt həll olunduqdan sonra həmin ərazinin gələcək inkişafı ilə əlaqədar olaraq Azərbaycan dövlətinin artıq böyük təklifləri, planları var. Bu ərazi Azərbaycanındır və onun sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin üzərində olan böyük bir məsuliyyətdir. Qarabağın inkişafına yönələcək maliyyə və digər məsələlər Azərbaycan dövləti tərəfindən artıq müəyyən olunub. Orada yaşayan ermənilərin hamısı Azərbaycan vətəndaşlarıdır. Onların hüquqlarının təmin olunması yenə də dövlətin qanunvericiliyi çərçivəsində həll olunacaq bir məsələdir. Status deyərkən Qarabağda həm Azərbaycan, həm də erməni icmasının birgə yaşayışını təmin edəcək bir anlayış nəzərdə tutulur. Burada kiməsə üstünlük, kiməsə aşağı mövqe göstərilməsi olmayacaq. Bu yaxınlarda İtaliyada səfərdə olarkən Cənubi Tirol məsələsi ilə maraqlandım. Burada mili-mədəni özünəməxsusluğun qorunması çox vacib məsələdir. Azərbaycanda da hər kəsin dilindən, dinindən, irqindən və mili mənsubiyyətindən asılı olmayaraq dövlətin qanunları çərçivəsində yaşaması və mövcud olması prinsipi rəhbər tutulur. Bu, tolerantlıq demək deyil. Tolerantlıq dözümlülükdür. Ancaq biz dözümlülükdən yuxarı olan insanlarıq. Həm özünəməxsusluğu qoruyuruq, həm də bizimlə birgə yaşayan insanların hüquqlarına hörmət edir və onların milli-mənəvi dəyərlərinin inkişafına maraq göstəririk. Bu, Azərbaycan dövlətinin tutduğu ən böyük prinsipdir. Bu baxımdan, bu gün azərbaycanlı və erməni icmalarının yaxınlaşması məsələsini gündəmə gətirmək lazımdır.

– Necə hesab edirsiniz, Cənubi Tirol modeli Azərbaycan üçün məqbuldur?

– Bəli, məqbuldur. Çünki o, heç də ərazi bütövlüyü prinsipini pozmur. O, bu ərazinin içərisindədir. Lakin öz dilini, dinini qoruyur. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, onların hər hansı separatçılıq tendensiyası yoxdur. Hətta, Cənubi Tirolda iki dildə danışırlar – italyan və avstriya dilində. Eyni şey Dağlıq Qarabağda da məqbuldur. Erməni dilinin qorunub saxlanması, erməni məktəblərinin saxlanması mümkündür. Həmçinin, muxtariyyət dövründə Dağlıq Qarabağda təhsil ocaqları, ali məktəblərin filialları var idi ki, onları da bərpa etmək olar. Bütün bunların yenidən mövcud olması məqbuldur, mümkündür və belə də olmalıdır. Bütün bunlar özünü statusda ehtiva edir. Ancaq bu o demək deyil ki, onların öz mövqeləri, xarici siyasəti olacaq, özləri istədikləri hansısa qərarları qəbul edəcək. Azərbaycanın maraq və mənafelərinə zidd qərarların qəbul edilməsi mümkün olan deyil. Tirolda da belədir. Orada insanlar dövlətin qanunlarına tabeçilik prinsipləri ilə yaşayırlar. Bu da muxtariyyətin statusun maraqlı bir modelidir.

– Bir müddət öncə siz Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətini tənqid etmişdiniz. Doğrudanmı, icma passivdir, yoxsa onların geniş fəaliyyət göstərməsi üçün şərait yoxdur?

– Dağlıq Qarabağın azərbaycanlı icmasının bu gün çox geniş fəaliyyət göstərməsi üçün bütün imkanlar mövcuddur. Əvvəla, icmanın üzvləri Azərbaycanın görkəmli xadimləri ziyalılardır. Onların çox gözəl ofisləri, şəraitləri var. Maliyyə problemi də yoxdur. Yəni, onların fəaliyyəti üçün bütün imkanlar mövcuddur. Amma mənim narazılığım ondan ibarətdir ki, Qarabağın azərbaycanlı icmasının təkcə milli auditoriyada yox, beynəlxalq auditoriyada tanınmasına çox böyük ehtiyac var. Bu icma uzun illərdir hüquqları pozulmuş qaçqın və məcburi köçkün şəraitində yaşayan insanların icmasıdır və onların hər biri çoxlu maddi-mənəvi məhrumiyyətlərə düçar olub. Yaxşı olardı ki, bu icma həmin insanlara dəymiş maddi zərəri hesablayıb bir yerə toplasın və ayrı-ayrı beynəlxalq məhkəmələrə müraciət edib insanların mülki hüquqlarının bərpasını tələb etsin. Bununla yanaşı, icma tez-tez bütün beynəlxalq təşkilatlara müraciətlər etməli, müxtəlif görüşlər keçirməlidir. Dünyada ayrı-ayrı icmalar mövcuddur. Qoy, bizim azərbaycanlı icması da gedib həmin icmalarla görüşsün, fikir mübadiləsi aparsın, onlardan nəsə öyrənsin. Sözssüz ki, Qarabağ problemi həll olunacaq. Bu icmalar da bir yerdə yaşayacaq. Problem həll olunduqdan sonra icmaların birgə yaşayış prinsiplərinin müəyyənləşdirilməsi lazımdır. Bu baxımdan, Azərbaycan icması da onları öyrənib bilməlidir. Erməni icmasının əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Azərbaycan icmasının çoxu onları tanıyır. Onları bir-birinə yaxınlaşdırmaq cəhdi yaxşı olardı. Bizim icmanın öz proqramları olmalıdır. Məsələn, bu gün hər bir Azərbaycan vətəndaşının bu icma və icmanın gördüyü hər bir iş haqqında məlumatı olmalıdır. Mən bir millət vəkili olaraq icmanın fəaliyyəti ilə bağlı heç nə bilmirəm. Yaxşı olardı ki, onlar jurnal, qəzet buraxardılar, televiziyada verilişlər olaydı, internet saytlarında təbliğat aparaydılar. Ən əsası, onların dünyaya çıxışı olmalıdır. Özlərini güclü bir qurum kimi ortaya qoysalar onlarla hesablaşacaqlar. Yaxşı olardı ki, “Dağlıq Qarabağın azərbaycanlı İcması” İctimai Birliyi də dünyada özünü tanıdıb bu cür ictimai birliklərlə əməkdaşlıq edəydilər. Bəzən onlarda bir gözləmə taktikası var ki, bütün bu addımları dövlət atacaq. Lakin dövlətin öz işi var. Dövlət danışıqlar aparır, başqa işlər görür. Sizin isə hüquqlarınız pozulur. Maddi-mənəvi ziyan günü-gündən artır. Yaşamaq, təhsil və digər hüquqlarınız pozulur. Bunları beynəlxalq aləmə məhz icma çatdırmalıdır və hüquqların bərpasını təmin etməlidir. Bu o demək deyil ki, biz problemləri icmanın üzərinə qoyuruq. Xeyr. Amma icma öz varlığını sübut etməlidir. Erməni icması tərəf müqabilidir və azərbaycanlı icması ondan daha güclü olmalıdır. Çünki onlar öz torpaqlarındadır.

– Bayaq hüququ pozulmuş insanların beynəlxalq məhkəmələrə müraciət etməsinin vacibliyindən danışdınız. Bəs indiyədək elə bir praktika mövcuddurmu ki, hansısa beynəlxalq məhkəmənin qərarı bu cür münaqişələrdə icra olunsun və ya icraya məcbur edilsin?

– Bilirsiniz, bu gün dünyanın siyasi gündəmində qaçqın və köçkünlər problemi çox önəmlidir. Burada söhbət həm münaqişələrdən əziyyət çəkib öz yurdunu tərk edən qaçqınlardan, həm də bu gün miqrant adlandırdığımız qaçqınlardan gedir. Son vaxtlar beynəlxalq təşkilatlarda bu məsələ tez-tez gündəmə gəlir. Dünyada qaçqınlar ordusu artmaqdadır və Avropa, Amerika bunda maraqlı deyil. Vaxtilə Roma Papası İohan Pavel qaçqınları “bəşəriyyətin sinəsində ağrılı sağalmaz yara” adlandırmışdı. Bu baxımdan qaçqınların öz hüquqlarını tələb etməsi, hüquq və azadlıqlarının təmin olunması üçün beynəlxalq məhkəmələrə üz tutması çox həssaslıqla qəbul olunur. Bu yaxınlarda Xorvatiyada 56 dövlət bu məsələni gündəmə gətirmişdi. Qaçqın və köçkünlərin hüquqları ilə bağlı çoxlu qanunlar və konvensiyalar var. Biz bunlardan istifadə etməliyik. Əldə olunacaq hər bir qərarın icrası münaqişənin həllindən sonra mümkündür.

– Fikrinizcə, böyük siyasətin, diplomatiyanın həll edə bilmədiyi məsələni hansısa bir beynəlxalq məhkəmənin qərarı həll edə bilərmi?

– Məhkəmə qərarı diqqəti bu məsələyə yönəltməkdir. Götürək Avropa məhkəməsini. Burada hər hansı işin müzakirəsi illərlə çəkir. Bu təkcə qaçqınların şikayətləri deyil. Müxtəlif sahələrə aid şikayətlərdir və sayı yüz minlərlədir. Elə işlər var ki, onun baxılması 5-10 il davam edir. Düzdür, Avropa Məhkəməsi bu işlərə çox maraqlı baxır. Bəzilərini tez həll edir, bəziləri isə illərlə qalır. Məsələn, müxalifətçilərin şikayətlərinə tez baxır. Yəni deməyim odur ki, Avropa Məhkəməsinə ayrı-ayrı adamların müraciəti bir başqadır, amma konvensiyanın müddəalarının gerçəkləşməməsi ilə bağlı Dağlıq Qarabağın azərbaycanlı icmasının bütün instansiyalara müraciəti bir başqa. Burada istər-istəməz diqqət cəlb olunacaq. Problemin mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırılıb. İnformasiya blokadası yarılıb. Bu gün isə vacib məsələ odur ki, beynəlxalq hüququn prinsiplərinin bu sahədə gerçəkləşməsi üçün iş görülməlidir. Mənim azərbaycanlı icmasına iradım həm də ondan ibarətdir ki, bu gün icmada beynəlxalq hüququn prinsiplərini çox gözəl bilən komanda çalışmalıdır. Mülki hüququ yaxşı bilən bir-iki hüquqşünas yox, Avropada təhsil almış, Avropa hüquq məkanının özünəməxsusluğunu gözəl bilən hüquqşünaslara ehtiyac var. Bu gün belə hüquqşünaslarımız çoxdur və icma onlardan istifadə etməlidir. İcma çalışmalıdır və çox şey etməlidir. Gələcəkdə Dağlıq Qarabağda yaşamaq və öz güclü mövqeyini qoruyub saxlamaq üçün bu çox vacibdir. Erməni icması bizi güclü görərsə, bizimlə hesablaşmaq məcburiyyətində qalacaq.

 

 

Kamil Həmzəoğlu

 

525-ci qəzet.- 2011.- 11 noyabr.- S.4.