İçəridən
baxış
“2005-2011-ci illərdə
tərcümə işinin vəziyyəti”
barədə məruzə
Hörmətli cənab sədr!
Hörmətli həmkarlar, xanımlar və cənablar!
Əziz dostlar!
“Bir çaya iki dəfə girmək olmaz” kimi məşhur bir deyim var. Amma bəzi həmkarlarımın məndən bir az əvvəl, indi isə mənim bu zalda, sizin qarşınızda müxtəlif mövzular və ədəbi janrlarla bağlı məruzə üçün yenidən dayanmağımız bütün başqa şeylər kimi bu deyimin də şərtiliyini göstərir. Yaxşıdırmı, pisdirmi? İndiki konkret hal üçün siz bu suala dinləməyə hazırlaşdığınız məruzənin sonunda cavab tapa biləcəksiz. Amma bir şeyi qabaqcadan deyim ki, mənim eyni mövzu – “...tərcümə işinin vəziyyəti ilə bağlı” 7 il sonra bir daha məruzə eləməyimin bir və danılmaz pozitiv tərəfi olacaq: bu, məruzəçi kimi mənə mümkün qədər obyektiv olmaq və əvvəlki dövrlə də bağlı məruzə etdiyimdən dürüst müqayisə aparmaq imkanı verəcək.
1.Biz niyə tərcümə edirik?
Biz niyə tərcümə edirik? Bu sualın cavabı cüzi fərqlə elə “biz niyə yazırıq?” sualının cavabı demək olardı. Çünki tərcümə sənəti, tərcüməçilik işi yazmağın başqa adıdır, imperativlər eynidir. “Biz niyə yazırıq ? “sualının cavabı yerinə isə məruzənin əhatə elədiyi dövrdə bizim bir çox tərcüməçilərimizin favoriti olan böyük türk yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun “avtobioqrafik Nobel nitqi”nin öz tərcüməmdə olan bir hissəsini təqdim edirəm: “Bildiyiniz kimi, biz yazıçılardan ən çox soruşulan, ən çox sevilən sual budur: nə üçün yazırsız? İçimdən gəldiyi üçün yazıram. Başqaları kimi normal bir iş görə bilmədiyim üçün yazıram. Mənim yazdığım kimi kitablar yazılsın və oxuyaq deyə yazıram. Hamınıza, hər kəsə hirsləndiyim üçün yazıram. Bir otaqda bütün günü oturub yazmaq çox xoşuma gəldiyi üçün yazıram. Onu dəyişdirəcək yeganə reallığa qatlana bildiyim üçün yazıram. Mən, sonrakılar, hamımız, bizlər İstanbulda, Türkiyədə necə bir həyat yaşadıq, yaşamaqdayıq, bütün dünya bilsin deyə yazıram. Kağızın, qələmin, mürəkkəbin qoxusunu sevdiyim üçün yazıram. Ədəbiyyata, roman sənətinə hər şeydən daha çox inandığım üçün yazıram. Öyrəncəli və asılı olduğum üçün yazıram. Unudulmaqdan qorxduğum üçün yazıram. Gətirdiyi şöhrət və hörmətdən xoşlandığım üçün yazıram. Bir dəfə başladığım bu romanı, bu yazını, bu səhifəni artıq bitirim deyə yazıram. Hər kəs bunu məndən gözləyir deyə yazıram. Kitabxananın ölümsüzlüyünə və kitabların rəflərdə duruşuna uşaq kimi inandığım üçün yazıram. Həyat, dünya, hər şey inanılmayacaq qədər gözəl və ecazkar olduğu üçün yazıram. Hekayə anlatmaq üçün deyil, hekayə qurmaq üçün yazıram. Daim gediləcək bir yer var varmış- eynən yuxudakı kimi, heç cürə gedə bilmirəm duyğusundan qurtarmaq üçün yazıram. Heç cürə xoşbəxt olmadığım, ola bilmədiyim üçün yazıram. Xoşbəxt olmaq üçün yazıram...” İndi isə əziz dostlar, eyni mətndə “yazıram” sözünü “tərcümə edirəm” (“çevirirəm”) və ya “tərcümə edirik” kəlmələri əvəz edin.
Yaşlı-cavan bütün yazıçılar aşağı-yuxarı, cüzi fərqlərlə eyni səbəbdən yazırlar və tərcümə edirlər. Bəzən isə həmişə yazmaq olmur deyə tərcümə edirlər. Həm də ona görə ki, tərcümə sənəti qədər yazıçını formada saxlayan ikinci bir peşə, məşğuliyyət yoxdur. Bəzilərinin təcrübəsində “peşə” və “məşğuliyyət” sözünün yerinə “sənət” də yazmaq, onların tərcüməçilik fəaliyyəti haqqında danışanda həmin sözləri “sənətkarlıq” sözü ilə də əvəz etmək olar.
Sizə 4 kitabdan danışım.
Xalq yazıçısı Anarın çoxcildliyinin VI cildi; Çingiz Əlioğlunun müəllifi olduğu 2 cildlik “Dünya ədəbiyyatı antologiyası”; Mahir Qarayevin, öz sözləri ilə desək, ilk və sonuncu olan “Tənhalıq” kitabı; və Həyat Şəminin “Yazılmayan şeirlər” kitabı.
Birinci kitabda kitabın əsas hissəsini Xalq yazıçısı Anarın müxtəlif illərdə elədiyi tərcümələr təşkil edir. Burda qədim dövrlərdən günümüzə qədər uzanan, Şumer-Akkad mətnlərindən başlayaraq İosif Brodskiyə qədər yol gəlmiş çox geniş yazıçı mütaliəsi, zövqü və peşəkar tərcüməçilik fəaliyyətini görmək olar; 30 müəllifdən və mənbədən edilmiş prozaik, 62 müəllifdən olunmuş poetik tərcümələr toplanıb kitaba. Anar müəllimin tərcümələrinin çoxlu qiymətli tərəfləri var. Əvvəla, bu yazıçının çox uğurlu poeziya tərcüməçisi olduğunu təsdiqləyir; kitabı diqqətlə oxuyanlar o saat anlaya bilər ki, bir çox müəlliflər Azərbaycan dilində ilk dəfə məhz Xalq yazıçısının tərcüməsində səslənmişdir. Şəxsən mənim üçün, poeziya tərcüməsi ilə məşğul olan adam kimi Anarın tərcümələrinin dilimizə münasibətdə necə səlis və axarlı olması ilə dəyərlidir, öyrədicidir.
Çingiz Əlioğlunun tərcüməçiliyi və tərtibçiliyi ilə nəşr olunmuş 2 cildlik antologiya xüsusən birinci cildi, “poetik hissəsi” ilə adamı heyrətləndirir. 100-ə yaxın müəllifdən edilmiş poetik tərcümələr müxtəlif və qiymətli poetexnolojiləri sərgiləyən laboratoriyadır əslində. Müxtəlif metrikalar, şeir növləri, stixiyalar, intonasiyalar, poetik məktəbləri göstərən nümunələr toplusudur bu antoloji həm də. Fikrimcə, Çingiz Əlioğlunun virtuoz poeziya tərcüməçisi olduğunu təsdiqləyən, ikinci cildinə isə prozaik tərcümələrin toplandığı 1000 səhifəlik bu ikicildlik, məruzənin əhatə elədiyi dövrün ən dəyərli və təkmüəllifli tərcümə antolojisidir, ədəbiyyatı və tərcüməçiliyi peşə seçməyi düşünən cavanlar üçün qiymətli örnək və vəsaitdir.
Zaman-zaman dəyərli müəllif şərhləri ilə müşayiət olunan, “zərgər səliqəsi ilə tərtib olunmuş” “Tənhalıq” kitabına Mahir Qarayevin 20 müəllifdən elədiyi poetik tərcümələr toplanıb. Kitabın bir dəyərli tərəfi də budur ki, Mahir Qarayev çevirdiyi mətnlərin orijinallarını da təqdim edir kitabında. Bu bir tərəfdən tərcüməçinin öz işindən arxayınlığının göstəricisidirsə, başqa tərəfdən həmin kitabı müqayisə aparmaq istəyən mütəxəssislər üçün də qiymətli edir. Kitabla bağlı şifahi söhbətlərimdə müəllifə dediyim bir fikri bir daha səsləndirmək istəyirəm kağız üstdə: Mahir Qarayevin Rilkedən elədiyi tərcümələr, xüsusən “Orfeyə sonetlər” silsiləsi olduqca uğurludur, yüksək peşəkarlıqla icra olunub.
Həyat Şəminin kitabı da
orijinal şeirlərlə yanaşı
müəllifin tərcümələrindən ibarətdir.
Odendən, Axmatovadan, Raisa
Sarbidən, Svetlana Suslova
və başqalarından. Fərdi
yaradıcılığında orijinal dəsti-xətti
olan Həyatın tərcüməçi
kimi işi uğurludur. Üstəgəl, tərcümə
üçün mətn seçimi,
ona yanaşma tərzi
maraqlıdır. Məsələn, Oden kimi maraqlı bir şairə
müraciəti və ingiliscədən, orijinaldan
tərcümələri diqqət çəkir, bizim ədəbi mühit üçün yeni olan bu müəllifi fraqmentar olsa da təqdim edir.
Əziz
dostlar, haqqında danışdığım 4 kitabı elə
belə nümunə göstərmədim. Diqqət eləsəz,
görərsiz ki, bu müəlliflər azalan xəttlə və
10 il fərqlə müxtəlif ədəbi nəsilləri təmsil
edirlər. Amma onları birləşdirən bir ümumi cəhət
var, tərcüməçilik bu dəyərli ədəbiyyat
adamlarının yaradıcı tərcümeyi-hallarında
ardıcıl bir iş kimi əhəmiyyətli,ciddi yer tutur.
Bu isə elə əvvəldə qoyduğum “biz niyə tərcümə
edirik?” sualının əyani cavabıdır. Bu
kitablardakı mətnləri, müəllifləri mütaliə
və diqqətli təhlil həmin dəyərli söz
adamlarımızın mütaliə zövqünü,
yaradıcı diapazonunu, yazar kimi formalaşmalarındakı
amilləri, təsirləri, pozitiv bəhrələnmələri
və bu kimi başqa məqamları da üzə
çıxarar. Biz niyə tərcümə edirik və
yazırıq? Tərcümə, (elə ədəbiyyat da)
ölməz Getenin sözlərini improvizə eləsək,
kainatı bütövləşdirib bir yerə yığan
işlərin ən vaciblərindən biridir. Məgər ədəbiyyat
da bu deyilmi? Məgər biz tərcümə vasitəsilə
öyrənmirikmi ki, hardasa bir ucqar rus kəndindəki goca
mujik elə Azərbaycan köyündəki əkinçi lə
eyni cür düşünür? Məgər tərcümə
bizə anlatmırmı ki, insanların nəbzi hər yerdə
eyni cür vurur? Və bu sualları vermədən, cavab almadan
yaşamaq çətin olmazdımı?
2.150
cildlik: ən əhəmiyyətli ədəbiyyat hadisəsi
Təkcə məruzənin əhatə etdiyi dövrün deyil, ümumiyyətlə müstəqillik illəri tariximizin ən əhəmiyyətli mədəniyyət və ədəbiyyat olayı kimi qiymətləndirdiyim bir hadisə ilə davam etmək istəyirəm məruzəmə. Bu da Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyev cənablarının 24 avqust və 30 dekabr 2007-ci il tarixli sərəncamlarıdır. Həmin məlum sərəncamlar “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində 150 cildliyinin nəşri” ni nəzərdə tuturdu və dövlət büdcəsindən bu iş üçün 5000.000 manat vəsait ayrıldı. Sonuncu sərəncamla nəşr olunacaq əsərlərin siyahısı da təsdiqlənirdi ki, siyahıya görə əsərlər və müəlliflər 4 bölmədə – “Klassik dünya ədəbiyyatı”, “Müasir dünya ədəbiyyatı”, “Nobel mükafatına layiq görülmüş müəlliflərin əsərləri” və “Dünya ədəbiyyatı üzrə antologiyalar” başlıqları altında sıralanırdı.Bu bir tərəfdən o vaxtacan mövcud olan tərcümələrin yeni redaktədə nəşri, başqa tərəfdən yeni tərcümələrin ortaya çıxması demək idi. Təbii ki, bu həm də böyük tərcüməçi, redaktor, naşir ordusunun, bir sözlə mütəxəssislərin dövlət himayəsi altında əlverişli şərtlərlə çoxdan gözlədikləri fəaliyyətlə məşğul olmaq imkanıydı.Düşünürəm ki, indi dövlət başçısına tərcüməçilər, yəni, bütün həmkarlarımız adından təşəkkür eləmək yerinə düşər.
Kitabların, mətnlərin hazırlanması Bakı Slavyan Universitetində, universitetin rektoru Kamal Abdullanın rəhbərliyi ilə universitetin bazasında gerçəkləşdirilir və mətnlər üzərində əsas texniki prosesi,koordinasiyanı universitet nəzdində fəaliyyət göstərən, dəyərli həmkarımız Salamın rəhbərlik elədiyi “Kitab aləmi” Nəşriyyat-Poliqrafiya Mərkəzi yerinə yetirir. Artıq bədii tərtibatı “Tutu” nəşriyyatında gerçəkləşdirilən və nəfis şəkildə “Şərq-Qərb” mətbəəsində çap olunan 53 kitab işıq üzü görüb, “Kitab klubunun” uğurla həyata keçirdiyi abunə vasitəsilə oxucularımıza çatıb.
Nəşr olunmuş kitablar hansılardır? Baxaq: A.Çexovun “Seçilmiş əsərləri” (27 əsər, tərçüməçilər qrupu), Sədi Şirazinin “Bustan” (tərc.: Mirmehdi Seyidzadə) və “Gülüstan”ı (poetik tərc.: Məmmədağa Soltan; prozaik tərc.: Rəhim Sultanov və İsmayil Şəms ; ön söz: Məsihağa Məhəmmədi), Homerin “Odisseya” (tərc.: Ələkbər Ziyatay) və “İliada”dası (tərc.:Mikayıl Rzaquluzadə) , Uilyam Şekspirin “Seçilmiş əsərləri”(“Romeo və Cülyetta” , “Hamlet”, “Otello”, “Kral Lir”, “Maqbet” – tərc.: Sabir Mustafa; ön söz: İsmixan Rəhimov), Jül Vernin “Seçilmiş əsərləri” (“İyirmi min lyö su altında” –tərc.: M.Təhmasib və M.Mustafayev; “Arxipelaq alovlanır” – tərc.: Ə.Ağayev), Aleksandr Puşkinin “Secilmiş əsərləri” ( tərtib edən: Telman Cəfərov; “Yevgeni Onegin”, “Qafqaz əsiri”, “Tunc atlı”, “Kapitan qızı”- tərc.: A.Səhhət, S.Vurğun, M.Rahim, M.Rzaquluzadə, Ə.Tələt, B. Vahabzadə, Q.Qasımzadə, N.Rəfibəyli, Ə.Məmmədxanlı,T.Bayram, E. Borçalı.), Daniel Defonun “Robinzon Kruzo”su (tərc.:Əkbər Ağayev), Lev Tolstoyun “Seçilmiş əsərləri” 3 cilddə (tərc.: Cabbar Məcnunbəyov, Qılman İlkin, Mustafa Əfəndiyev, Məmməd Arif, Beydulla Musayev), Yunus Əmrənin “Əsərləri” (tərtib edən, ön söz və lüğətin müəllifi Cəlal Bəydili), “İngilis ədəbiyyatı antologiyası” (tərtib edən və ön sözün müəllifi: Zeydulla Ağayev; tərc.: Şəhla Nağıyeva, Sabir Mustafa, Əli Səbri,, Əkbər Ağayev, Mikayıl Rzaquluzadə, Məmməd Nəbiyev, Şahin Xəlilov, Hamlet İsaxanlı, Sabir Mustafa, Məmməd Aslan, Ağasəlim Hacıyev, Aydın İbrahimov, Nurəddin Babayev, Elçin Şıxlı, Xəyalə Məmmədova), Nazim Hikmətin “Seçilmiş əsərləri” (tərtib edən: Aqşin Babayev; ön söz: Anar), Gi de Mopassanın “Seçilmiş əsərləri” (tərc.: İsmayıl Şıxlı, Hamlet Qoca, Azad Yaşar (ön söz)), Ştefan Svayqın “Seçilmiş əsərləri” ( tərc.: Vilayət Hacıyev(ön söz), Çərkəz Qurbanlı, Zahid Məmmədov, Həmid Arzulu, Afət Nəbi), Yohan Volfanq Getenin “Seçilmiş əsərləri” ( tərc.: Əhməd Cəmi (Faust), Çərkəz Qurbanlı (“Gənc verterin iztirabları”) , Ələmdar İsa, Həmid Arzulu), Çingiz Aytmatovun “Seçilmiş əsərlərii” (tərt:Asif Hacıyev; ön söz: Bəxtiyar Vahabzadə; tərc.: İshaq İbrahimov, Əkrəm Əylisli, Xeyrulla Əliyev, Cəmil Əlibəyov, Qılman Musayev), Knut Hamsunun “Seçilmiş əsərləri” (“Aclıq”, “Torpağın bərəkəti”; tərc. və ön söz: Nadir Qocabəyli), Conatan Sviftin “Qulliverin səyahəti” (tərc.: Mikayıl Rzaquluzadə), Mark Tvenin “Tom Soyyerin macəraları” və “Heklberri Finnin macəraları” (tərc.:Şəfiqə Ağayeva, Hamid Qasımzadə), Orxan Pamukun “Seçilmiş əsərləri” (“Mənim adım qırmızı”, “Nobel nitqi”, “Başqa rənglər”- müsahibələr, “Pəncərədən baxmaq” – tərc.: Nəriman Əbdülrəhmanlı (ön söz)), Mayn Ridin “Seçilmiş əsərləri” ( “Başsız atlı, “Otseolla-seminolların başçısı” –tərc.: Cabbar Məcnunbəyov, Vidadi Rzayev), Viktor Hüqo “Səfillər” və “Paris Notr Dam kilsəsi” (tərc.:Beydulla Musayev, Mikayıl Rəfili), “Alman ədəbiyyatı antologiyası” (tərc.:Sabit Rəhman, Həmid Arzulu, Əlihəsən Nəcəfov, Vilayət Hacıyev, Ayşə Mollayeva, Aybəniz Abbasova, Teymur Elçin, Səkinə Hüseynova), Fenimor Kuperin “Ləpirçi” və “Sonuncu Moqikan”ı (tərc.: Əsəd Zeynalov), Joze Saramaqonun “İsanın incili”, “Təxirə salınmış ölüm” romanları, “İn Nomine Dei” pyesi, “Nobel nitqi” (ön söz və tərc.: İlqar Əlfioğlu), Somerset Moemin “Teatr” romanı, “Sadiq arvad”, “Ledi Frederik” pyesləri və novellaları (tərc.: Yaşar), Xulio Kortasarın “Xana-xana oyunu”romanı və hekayələri (tərc.: Nadir Qocabəyli), Frans Kafkaın “Qəsr”i, novellaları, pritçaları ( tərtibat və ön söz: Vilayət Hacıyev, tərc.: Çərkəz Qurbanlı,Yusif Savalan, Mahir Qarayev), “Antik ədəbiyyat antologiyası” ( tərtibçi Əli Sultanlı və tərc.qrupu), Herman Hessenin “Yalquzaq” romanı , “Knulp” povesti, hekayələri, esseləri, “Nobel ntiqi” ( tərc.: Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Paşa Əlioğlu, Rafiq Haşımov; tərtibçi: Asif Hacılı), Andrey Platonovun “Seçilmiş əsərləri” (tərc.: Nəriman Əbdülrəhmanlı) , Stiven Kinqin “Ölü zona” romanı və hekayələri (tərc.: Etimad Başkeçid), Q.Q.Markesin “Gözlənilən qətlin tarixçəsi” (tərc.: Ə.Əylisli), “Küskün gözəlçələrimi xatırlayarkən”(tərc.: Saday Budaqlı), “Patriarxın payızı” (tərc.:Afaq Məsud), “Polkovnikə məktub yoxdur” (tərc.: İshaq ibrahimov),”Bizlərdə oğru yoxdur” və hekayələr ( tərc.: Mahir Qarayev, Natiq Səfərov, Arif Əmrahoğlu, Tahir Kazımlı), Luis Sinklerin “Eorusmit” romanı və hekayələri (tərc.: Nərgiz Cabbarlı), Corc Oruelin “1984”, “Heyvanıstan”, “Kataloniyaya məhəbbətlə” roman və povesti (ön söz və tərc.:Vilayət Quliyev ), Harold Pinterin “Cırtdanlar” romanı və pyeslər (tərc.: İlqar Əlfioğlu), Robert Stivensonun “Dəfinələr adası”, “Sahib Ballantre” (tərc.: Ələviyyə Babayeva, Əlişirin Şükürlü), Ernest Heminqueyin “Əcəl zəngi”, “Qoca və dəniz”i, hekayələri (tərc.: Hacı Hacıyev, Manaf Süleymanov, Mahir Qarayev, Nəriman Əbdülrəhmanli, Ramiz Abbas), Con Qolsuorsinin “Ölümdən güclü”, “Dözümlü adam” roman və povesti, hekayələri (tərc.:Aslan Quliyev), F.Şillerin “Qaçaqlar” ,“Genuyada Fieskonun sui-qəsdi” və “Məkr və məhəbbət”i (tərc.:Mehdi Məmmədov, Hüseyn Şərif, Nigar Rəfibəyli), Cek Londonun “Martin İden” romanı (tərc.: İslam İbrahimov) , Haynrix Bölün “Seçilmiş əsərləri” (tərtibçi və tərc.: Vilayət Hacıyev, Əkrəm Əylisli, Çərkəz Qurbanlı, Afət Nəbi),Fyodr Dostoyevskinin “Seçilmiş əsərləri” (3 cilddə; “Cinayət və Cəza” –tərc.: Beydulla Musayev; “İdiot” –tərc.: Hüseyn Şərif), Erix Mariya Remarkın “Zəfər tağı”, “Lissabon gecəsi” romanları (tərc.: Vilayət Hacıyev, Çərkəz Qurbanlı), Qoqolun “Seçilmiş əsərləri”(tərc.:Sabit Rəhman, İshaq ibrahimov,Mikayıl Rzaquluzadə, Əkbər Ağayev), Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” romanı və hekayələri (tərc.:Tehran Vəliyev), Per Laqerkvistin “Varavva”, “Cırtdan” povest və hekayələri (tərc.:İlqar Əlfioğlu), Jorji Amadunun “Qum dəryasının kapitanları” (tərc.: İqar Əlfioğlu),
Bu uzun sadalamadan sonra icazə verin, bəzi ümumi qənaətlərimi
də bölüşüm sizinlə.
(ardı var)
Səlim BABULLAOĞLU
525-ci qəzet.- 2011.- 12 noyabr.- S.28-29.