Çingiz Hüseynov: “Son illərdə həm rus, həm də Azərbaycan ədəbiyyatında gedən proseslər bir-birinə çox bənzəyir”

 

 ...Sabah Çingiz Hüseynovla görüşəcəyimizi bilirdik deyə, Pərvinlə axşamdan planlaşdırırdıq ki, səhərki görüşdə qocaman yazıçıdan həm də kiçik bir müsahibə götürək. Səhər gün vədələşdiyimiz vaxtda ona zəng vurduqo bizə evinin yolunu izah etdi. Moskvanın adamı qılınc kimi kəsən soyuğunda, şam,küknar ağaclarının gələnə-gedənə göz qoyduğu dar yollarda, donmamaq üçün iti addımlar ata-ata gəlib Qorki küçəsini tapdıq. Küçə başdanbaşa yarpaqla doluydu. Payız Moskvaya “sarı kart” çıxarmışdı.

Biz Qorki küçəsinə, küçənin ayağından,bitdiyi yerdən girmişdik deyə yolumuz bir az uzandı. Çingiz müəllim bizi yolun başında gözləyirdi.

Çingiz Hüseynovun böyük,səliqəli həyətində bizi ilk qarşılayan itlərin səsi oldu. Həyətdə odun qalaqlanmışdı, çünki bir neçə aydan sonra gələcək qışın bəyaz dişlərini uzaqdan da olsa görmək olurdu. Çingiz müəllim dedi ki, üzbəüz evdə Yevtuşenko yaşayır.

Çingiz Hüseynovun yazı otağına heyran olduq. Kitab rəfləri, divardakı rəsmlər, masasındakı dəftərçələr, hər şey əsl yaradıcı adamın istəyəcəyi tərzdəydi. Bu ovqatda yazıçı olmayan adam da bir müddət sonra yəqin ki, mütləq yazmağa başlayar.     

 

Pərvin: Çingiz müəllim, uzun illərdir ki, Rusiyada yaşayırsınız və bu ədəbi mühit ilə sıx əlaqədəsiniz. Yəqin ki, uzaqdan da olsa, Azərbaycan ədəbiyyatında gedən prosesləri izləyirsiniz. İstərdik ki, hər iki xalqın çağdaş ədəbiyyatındakı oxşar və fərqli məqamlardan danışasınız.

Çingiz Hüseynov: Əvvəla, hər ikiniz xoş gəlmisiniz. Məncə, son illərdə həm rus, həm də Azərbaycan ədəbiyyatında gedən proseslər bir-birinə çox bənzəyir. Amma təbii ki, müəyyən fərqlər də var. Bildiyiniz kimi, burada vahid Yazıçılar Birliyi yoxdur. Amma Azərbaycanda bu təşkilat var və dövlət tərəfindən maliyyələşməsi müəyyən mənada ədəbiyyatın xeyrinədir. Kənardan da olsa, belə müşahidə edirəm ki, bizim Azərbaycan ədəbi mühitində qalmaqal, intriqa daha çoxdur. Amma yenə buna baxmayaraq ədəbi dil və ümumiyyətlə ədəbiyyat özü inkişaf edir.

Qismət: Ədəbi dil dediniz, sovet dövründə yazan əksər peşəkar yazıçıların, hətta belletristlərin dili belə, səliqəliydi, təmiz idi. İndi elə bil vəziyyət daha pisdir axı...

Çingiz Hüseynov: Doğrudur! Əvvəllər rus, fars, ərəb dillərindən alınmalar çox idi dilimizdə. Son zamanlarda oxuduğum yazılarda osmanlı ləhcəsinə daha tez-tez rast gəlirəm. Bundan əlavə çox səliqəsiz, pinti dildə yazılmış əsərlər də qarşıma çıxır. Bəzən bunları anlamağa əziyyət çəkirəm. Pərvinin sualına qayıdıb deyərdim ki, bu gün Rusiyada da eyni hal müşahidə olunur. Yəni dilin bir qədər unudulması, qeyri-dəqiq istifadəsi və s. Dil İlahi tərəfindən yaradılmış, bəşəriyyətə göndərilmiş olduqca qeyri-adi bir vasitədir. İnsanın daxili aləmini, münasibətləri, dünyanı dərk eləmək üçün bundan gözəl vasitə yoxdur. Yazıçı da bu vasitə ilə daha düzgün, sərrast və etik davranmalıdır.

Pərvin: Çingiz müəllim, son zamanlarda bizim çağdaş rus, yaxud türk ədəbiyyatı vasitəsi ilə dünyaya çıxmaq imkanlarımız barədə müxtəlif fikirlər səslənir. Siz bunlardan hansını doğru hesab edirsiniz?

Çingiz Hüseynov: Tarix belə göstərir ki, rus ədəbiyyatı həqiqətən dünyəvi ədəbiyyatdır. Bunun hesabına rus dili də müəyyən mənada dünyəvi dilə çevrilib. Demək olar ki, bir çox millətlərin nümayəndələri bu dilin vasitəsi ilə dünyada tanınıblar. Hesab edirəm ki, rus dilinə tərcümələr yolu ilə dünyaya çıxmaq olar. Təəssüf ki, türk dili dünyada hələ tam olaraq tanınmayıb və o səviyyəyə çatmayıb.

Qismət: Dediyiniz kimi rus dili,ədəbiyyatı dünya mədəniyyətinin elə bir yerində durur ki, hardan baxsan onun nəhəngliyini qəbul etmək zorunda qalırsan. Amma son illərdə tutalım, Nabokov kimi yazıçı yetişmir bu mühitdə. Türk ədəbiyyatı isə bu gün dünyada Orxan Pamuk, Elif Şafak kimi yazıçılarla tanınır...

Çingiz Hüseynov: Orxan Pamuk çox gözəl yazıçıdır. Amma bilirsiniz ki, Nobel ödülünü almaq 50 faiz ədəbiyyatın xidmətidirsə, 50 faiz də siyasət məsələsidir. Bu baxımdan adını çəkdiyiniz yazıçıların sırf dil vasitəsi ilə tanınması bir qədər mübahisə doğurur.

Məncə, indiki dövrdə tanınmaq üçün rus dili daha münasibdir bizim üçün. Bəlkə də 50 ildən sonra ingilis dili vasitəsi ilə də dünyaya çıxa bilərik. Çünki, bunun üçün əsərlərimiz də var, imkanlarımız da. Dildə elə qatlar yaranıb ki, yeni mənaları tərcümə etməkdə çətinlik yaranacaq. Hesab edirəm ki, tərcümə işləri gücləndirilməlidir.     

Pərvin: Rusdilli ədəbiyyatdan danışanda sizinMerac” romanınızı xatırladım. Ümumiyyətlə, son illərdə bir qədər müasir mövzularda yazmağa üstünlük verilir. Daha çox bu günümüzün dərdləri, problemləri ədəbiyyatın əsas hədəfinə çevrildiyi bir dövrdə Peyğəmbərimiz haqqında roman yazmaq ideyası hardan yarandı?

Çingiz Hüseynov: “Merac” romanını yazmaq qərarım bir cümlədən yaranıb: Barbar müsəlmanlar mütərəqqi xristianları qırır. Bu cümləni bir nadan demişdi və mən də bununla özümü təhqir olunmuş hesab edib roman barədə düşündüm. Bilirsiz, müsəlmanlar dini yalnız ritual səviyyəsində anlayırlar. Quranın fəlsəfi mahiyyətini isə heç kim bilmək istəmir. Mən romanı yazmağa başlamazdan əvvəl Quranın rus, türk, azəri dilinə tərcümələrini oxudum, onun evolyusiyasını hiss elədim.

Qismət: Bildiyimizə görə, bu mövzudaMeracdan başqa ikinci bir kitab da yazmısınız.

Çingiz Hüseynov: Bəli! Mən bu romanı yazanda peyğəmbərliyin hansı ayədən başlanmasını və nə cür inkişaf etdiyini öyrəndim. Sonra elə bil kimsə mənə dedi ki, bu surələri xronoloji ardıcıllıqla düz. Etdim və nəticədə tam məntiqi, inkişaf xətti olan yeni bir kitab alındı. Mən ərəb dilini bilmirəm, amma bu kitabı bir növ mənim tərcüməm də hesab oluna bilər.  

Pərvin: Bu kitablara münasibət necə oldu? Yəni müsəlman dünyası, yaxud elə xristianlar özləri necə reaksiya verdilər?

Çingiz Hüseynov: Əlbəttə, fikirlər müxtəlif idi. Amma son illərdə məndə bir fikir yaranıb ki, yazılan əsərlər çox az oxunur. Bəzən elə bir yazı yazıram ki, düşünürəm aləm dəyəcək bir-birinə. Amma heç bir reaksiya da verilmir. Görünür, oxuyan azdır.

Bayaq danışdığımız məsələnin, yəni yazıçının hansı yolla tanınmasının üzərinə qayıtmaq istəyirəm. Bilirsiniz, yazıçının taleyi burada rol oynayır. Ya hansısa qeyri-adi bir fəlakət baş verməlidi həyatında, ya bir sensasiya doğuran əsər yazmalısan ki, oxucu maraqlansın. Bəzən bunun üçün qalmaqal, hay-küy yaratmağa çalışırlar. Fikir versəniz görərsiniz ki, son illərdə bunu süni yolla edən yazıçılar var. Məsələn, özüAvropa biz” essesiylə Peyğəmbərimizi təhqir edən adam Sabiri milləti təhqir etməkdə ittiham edir. Bu fikirlər absurddur. Sabir bir məktəbdir. Əbədi, ədəbi məktəb.

Qismət: Çingiz müəllim, dünyada qəbul olunmuş informasiya mübarizəsi deyilən bir mübarizə metodu var. Sizcə, biz qədər bu metoda bələdik? Kənardan necə görünür texnogen eradakı durumumuz ?

Çingiz Hüseynov: Mənə elə gəlir ki, bizdə bu ənənə bir qədər zəifdir. Düşmənlərimiz daha fəaldırlar. Həm bu bəlkə xalqın xarakterindən irəli gələn məsələdir. Mənim burda hər iki tərəfin yazılarını oxumaq imkanım olur. Məsələn, bir erməninin məqaləsini oxuyuram, görürəm, başdan ayağa cəfəngiyyatdı, bir dənə tarixi fakt yoxdur, amma elə yazıb ki, inandırıcı alınıb. Bizim müəlliflərin eyni mübarizə ruhlu məqalələrini oxuyuram. Görürəm bütün tarixi faktlar dəqiq, düzgün yazılıb. Amma elə yazıb ki, inandırıcı deyil. Düşünürəm ki, bu, təcrübəsizlikdən irəli gəlir.

Pərvin: Bəs siz özünüz bu informasiya mübarizəsində dərəcədə iştirak edirsiniz?

Çingiz Hüseynov: Mən çox tez-tez bu mübarizəyə qoşuluram. Məsələn, Qarabağda yaşayan bir erməni jurnalistin yazısı çıxmışdı. Xalqımıza qarşı təhqir, böhtanla dolu məqalə idi. Ona çox sərt bir cavab yazmışdım. Bundan əlavə siz yəqin mənimDoktor N” adlı romanımdan da xəbərsizsiniz. Çünki, bu roman 5000 tirajla çap olunsa da elə burda çox tez satıldı. Heç Azərbaycana göndərə bilmədim. Cəmi bir nüsxəsi qalıb özümdə. Bu kitabda mən birinci Qarabağ müharibəsinə, ermənilərin genosid məsələsinə aid kəskin fikirlərimi, hətta bəzi ermənilərin özlərinin açıq etiraflarını yazmışam.   

P.S.Onunla söhbət hədsiz maraqlıydı. Əslində bu ədəbiyyat söhbətindən əlavə onunla çox şeylərdəngəncliyin,tələbəliyindən, Moskvadakı yaşayışından da danışdıq. Sağollaşanda o bizə yenicə çapdan çıxmış,bizim nağıllardan başlayaraq müxtəlif ölkələri, mədəniyyətləri təmsil edən adamlar barədə yazdığı esselərdən ibarət, memuar-gündəlik tipində yazdığıKeçmişdən gələcəyəkitabını hədiyyə etdi.

Bu bizim Peredelkinodakı son günümüz idi.  

 

 

525-ci qəzet.- 2011.- 12 noyabr.- S.24.