Qənirə Paşayevanın yeni kitabı işıq üzü görüb

 

Millət vəkili Qənirə Paşayevanın yeni kitabı çıxıb. APA-nın məlumatına görə, “Onun sevgi məktubları” adlı epistolyar roman Q. Paşayevanın yazdığı ilk bədii əsərdir.

Real hadisələr üzərində qurulmuş romanda yer alan məktubların mətni də kitabda nağıl olunan sevgi hekayəti qədər gerçəkdir. Hekayəti bədii təhkiyə və xırda müdaxilələrlə oxuculara çatdıran müəllif hadisələrin yazarı olmaqla yanaşı, həm də gerçək iştirakçılarından, qəhrəmanlarından biridir. “Onun sevgi məktubları” – üç nəfərin hekayətidir...

Kitab müəllifin bu fikirləri ilə başlayır: “Heç düşündünüzmü, bizə sevdiyimizi xatırlamaq, unutmamaq üçün yaddaş verən Tanrı niyə onu unutmaq üçün heç nə verməyib? Bəlkə Tanrı qullarını ən zəif, ən həssas, ən ağrılı yeri olan sevgi ilə imtahana çəkir? Sevgi ilə yaratdığının ağrıya dözümünü yoxlayır? Sevgi, sevən insana ağrını, acını da sevdirəcək qədər dəlidi, çılğındı. Qəlbini yaralayan, könlünü, ruhunu ağrıdan, qürurunu darmadağın edən bir insana dünyanın ən gözəl sözlərini dedirdəcək qədər güclüdü. Ölümdən başqa heç nəyə tabe olmayan dəhşətli hissdir sevgi. Amma heç nəyə baxmayaraq, sevgidən qorxmaq lazım deyil. Onu yaşayanda, elə cənnəti yaşayır insan. Bir də ki, qorx, ya qorxma, fərqi yoxdur. Qəfil qonaq kimi, ən gözləmədiyin anında gəlir sevgi...

Kimisinə cənnəti, kimisinə cəhənnəmi gətirərək...”

Kitabın təqdimat mərasimi noyabrın 19-da saat 15.00-da “Əli və Nino” kitab dükanları şəbəkəsinin “Park Bulvar”dakı satış məntəqəsində baş tutacaq.

Təqdimat mərasimində müəllif də iştirak edəcək, oxucular üçün kitablarını imzalayacaq.

Mərasimdə oxucular müəllifin indiyə qədər yazdığı kitabları da əldə edə bilərlər.

 

 

525-ci qəzet.- 2011.- 12 noyabr.- S.18.