Kimdir qatil?
“MƏNİM
OĞLUM XAİN OLA BİLMƏZ”
“Biz bu Vətəni,
o görünən dağları, meşələri, o göy
üzünü, bu dağların bulaqlarını,
quşlarını da əsgərlərə etibar etmişik.
Bu dövlət də, bu millət də əsgərləri
bizə etibar edib. Əgər biz bu əsgərləri qoruya biliriksə,
deməli, bu Vətəni də, o dağları, o meşələri,
o göy üzünü də qoruya bilirik”.
Aqil
Abbasın “Allahı qatil edənlər” romanında (“Azərbaycan”
jurnalı, ¹ 10, 2011) müstəntiqin sualına hərbi hissənin
Qərargah rəisi belə cavab verir. O, peşəkar hərbçidir,
polkovnikdir, əsgərlərinə yüksək təlim-tərbiyə
verən və öz oğlu bilən qayğıkeş, tələbkar,
vəzifəsinə məsuliyyətlə yanaşan Rəis, Vətəndaş,
İnsan, Kişi, Atadır.
Müəllif
Qərargah rəisi obrazını yetərincə mükəmməl
yaradıb və oxucusuna sevdirə bilib. O, haqq-ədalət
adamıdır. Etirafı da səmimi, ibrətamizdir: “Son
yeddi-səkkiz ayda bu hərbi hissədə neçə
ölüm hadisəsi baş verib. Bunlara görə, ən
azı, komandir vəzifədən götürülməlidi,
mən də cəzalanmalıydım. Nə oldu? Kim cəzalandı?
Taqım komandiri, batalyon komandiri, uşaq-muşaq. Bu hadisələr
elə-belə baş verməmişdi ha. Hamıya ruhi xəstə
diaqnozu qoyub işləri bağlayıb atdılar arxivə.
Çox cəsarətli bir müstəntiq vardı, arada o
yazıq yandı, orqandan xaric etdilər. Mən o
uşaqların dəfnində iştirak eləmişəm,
valideynlərinin gözlərinə baxa bilməmişəm.
Onlar övladlarını mənə etibar etmişdilər. Mən
onların övladlarını qoruya bilmədim!”
Romandakı
ürəyi yerindən oynadan səhnələri oxucunun
gözləri önündə canlandıran müəllif
hadisələri canlı, inandırıcı, təbii
boyalarla verir.
“– Bəsdi
bizi bu qədər təhqir etdilər. Bu qədər
alçaltdılar!
– Ə,
yenə nə özündən çıxmısan?! Kimdi bizi
təhqir eləyən, bizi alçaldan?
–
Alçaldılmaq, təhqir olunmaq necə olur? Biz bura Vətəni
müdafiə eləməyə gəlmişik, yoxsa hansısa
komandirə villa tikməyə, tualet tikməyə, it damı
tikməyə?!
Dədə
əsgərlərdən biri:
– Akademik,
bu olmadı də, sən yenə başladın? Deyəsən
qarın, yağışın altında sitildəyə-sitildəyə
səngərdə oturmaqdan xoşun gəlir. Get otur də,
qabağını kəsən var? Day niyə
bağırırsan?
– Sən o
səngərdə qarın, yağışın altında
sitildəyən, yayda bişən uşaqlardan artıq
oğlansan?
– Hə,
artıq oğlanam ki, burda, ağacların kölgəsində
mürgü vururam də! Ayrı sözün var?
– Var! Nə
sən, nə də bizim heç birimiz o səngərdəkilərdən
artıq oğlan deyilik. Onları da bizim kimi ana doğub, inək
doğmayıb. Mən heç kimi nə təhqir eləmək
istəyirəm, nə də alçaltmaq. Amma istəmirəm
ki, heç kim nə məni, nə də sizi
alçaltsın... Biz bura əsgərlik eləməyə gəlmişik,
komandirlərə nökərçilik, fəhləlik eləyib
gün keçirməyə yox!”
Hərbi hissədə “Akademik” adlanan əsgər
ali təhsilli hüquqşünasdır,
aspirantdır, xidməti vəzifəsinə məsuliyyətlə
yanaşır, intizamlıdır, eyni zamanda qanunsuzluğa,
özbaşınalığa dözmür,
öz sözünü
açıq deyir,
narazılığını çəkinmədən bildirir. Bu
barədə batalyon komandiri
hərbi hissə komandirinə məlumat verir,
“səsinə səs verənlər də getdikcə
çoxalır”, – deyə şikayətlənir. Polkovnik təşvişə düşür,
ona əmr verir: “Qauptvaxtdan sonra bas sonuncu posta,
qoy ağlı başına gəlsin. Özün də onu
gözdən qoyma. Yenə ora-bura
yazsa, səni cəzalandıracam”.
Ancaq
əsgər dostlarının təbirincə desək “qurd ürəyi yeyən” Akademik
qanunsuz göstərişlərə məhəl
qoymur və komandirin
qeyri-rəsmi cəza qrupu tərəfindən
qauptvaxtda döyülür,
təhqir olunur. “Əgər bir də başından böyük
qələt eləsən, bunu
internetə qoyacağıq”, – deyə hədələnir.
“O, yalnız bircə dəfə bağıra bildi və bəlkə də dünya
yaranandan dünyanın özü
belə bağırtı eşitməmişdi...
Ayıldı, amma xeyli
vaxt özünə gələ bilmədi.
Nə etməli? Qarşıda düşmən, onu öldürə biləcək,
anasını, sevgilisini
gözüyaşlı qoya biləcək
düşmən. Arxada da
onu təhqir edən, onu
alçaldanlar... Kürlə Arazın suyunu onun üstündən
axıtsalar da, üstündəki ləkə
yuyulmayacaqdı...”
Bəs nə etsin? Onu içindən
ovan, bir an belə rahat
buraxmayan suala cavab tapır. Öz qanı, həyatı bahasına olsa da, bu ləkəni
yumalıdır. O, belə
– alçaldılmış, təhqir olunmuş vəziyyətdə yaşaya
bilməz, bu gün çiyin-çiyinə
xidmət etdiyi yoldaşlarının, sabah ata-anasının,
qardaşının, nəhayət
nişanlısının gözlərinə
baxa bilməz... Və tətiyi çəkir, ona amansızcasına divan tutanları
– batalyon komandirini üç əsgərlə
birlikdə, sonda da özünü güllələyir...
Çoxşaxəli, dramatik
kolliziyalar silsiləsindən
yaranmış tutumlu,
oxunaqlı bir əsər olan “Allahı qatil edənlər” romanında
sərt, amansız həqiqətlər müxtəlif
insan taleləri ilə qovuşur. Bu insanlar
arasında Ana obrazı
bənzərsizdir. Övladının faciəsindən sarsılan
Ana mərddir, dəyanətlidir
və dedikcə qürurludur. Müəllif oxucusunu inandırır ki, oğlu şəhid
olsaydı, yaxud təlimdə, məşqdə,
xidməti işində
qəzaya düşsəydi
Ana qəlbi belə tufan qoparmazdı. Onu sarsıdan, yandırıb
yaxan oğluna “qatil” damğasının vurulmasıdır.
“– Ona bu döşümdən
süd vermişəm. Mənim oğlum xain ola bilməz.
Ağır zərbədən ürəyi parça-parça
olmuş Ata:
– Ay arvad, bir özünə
gəl, kim
sənin oğluna xain deyir?
– Xain necə olur?! Əsgər yoldaşlarını öldürüb? Öldürüb!
Tabutunu bayrağa sarımadılar?
Sarımadılar! Qəbrinin üstə
yaylım atəşi
açmadılar? Açmadılar!
Day xain belə olur də! Kəndin içinə
çıxa bilmirəm.
Böyük qardaş:
– Ana, sənin oğlun, mənim qardaşım xain ola
bilməz. Yadındadı,
yanına getmişdik,
dedi yıxılmışam?
Yalan deyirdi, döymüşdülər.
Görünür, indi də nə isə olub, onu elə
həddə çatdırıblar
ki, əlini silaha atıb. Öyrənəcəyəm.
– Öyrən, oğul! Bunu öyrənməsən, qardaşının
qanın yerdə qoysan, südüm sənə haram olsun!”
Bir qədər sonra müstəntiq çox əminliklə
Anaya deyir:
– Sizə söz verirəm ki, bu cinayətin üstünü açacağam.
– Allah köməyin olsun, oğul! Mən də hər
gün sənə dua edəcəyəm.
Ananın duası müstəcəb olur. Müstəntiq istintaq zamanı
müəyyən edir
ki, onun oğlu qatil deyil.
Ancaq
cinayətkar əməllərinə görə ifşa olunacağından qorxan
hərbi hissə komandiri hər vəchlə
müstəntiqə təzyiq göstərir, onu
“aradan götürmək” üçün
fürsət axtarır, yuxarıya – yüksək səlahiyyət
sahibi olan himayədarına
müraciət edib kömək
istəyir. Bütün təzyiqlərə,
təhdidlərə məhəl qoymayan
müstəntiq isə yuxarıdan zəng vurub
onu hədələyənin də
cavabını verir:
“– Xahiş edirəm səlahiyyət
həddini keçməyəsiniz. Mən burda
çox ağır bir
cinayət hadisəsini araşdırıram. Və sizə söz verirəm ki, tezliklə
bu cinayətin bütün
günahkarlarını üzə çıxarıb məsuliyyətə
cəlb edəcəyəm. Bu mənim vəzifə
borcumdur. Burada beş insan ölüb. Siz istəyirsiz
ki, beş nəfər
gəncin qanı batsın?!
– Sən mənə nağıl danışma.
Öldürülənlər də məlumdu, öldürən
də. Daha nə axtarırsan, nəyi
eşələyirsən? Niyə burnunu hər
yerə soxursan?
– Siz də səlahiyyətinizə
aid olmayan işlərə
burnunuzu soxmayın.
– Yaxşı, mən sənə göstərərəm”.
Və göstərir, daha doğrusu, müstəntiqə rəhbərlik
edən prokurora lazımi göstəriş
verilməsinə nail olur.
Prokuror əmr verir ki, müstəntiq təcili olaraq
hərbi hissədən geri dönsün. O isə xahiş
edir:
“– Cənab prokuror, mənə
bircə həftə vaxt verin,
o komandiri
qandallayım gətirim sizin hüzurunuza. Xalq da həqiqəti bilsin.
– Kim bilsin
dedin?
– Xalq.
– Nə boş-boş
danışırsan? Xalq kimdi?
Mənə xalqın bilmək istədiyi həqiqət yox, rəhbərliyə sərf eləyən həqiqət
lazımdır. Sən hələ bunu anlaya bilməmisənsə, get
bazarda kartof sat!”
Beləliklə, cinayət hadisəsini
araşdırıb “düyünləri açan”
çox savadlı, cəsarətli
müstəntiq orqandan xaric
edilir, cinayətkarın ifşa
olunmasına imkan verilmir.
Dəfələrlə “sudan quru çıxan”, neçə-neçə zabitin və əsgərin müəmmalı ölümünün səbəbkarı olan komandir himayədarlarının
köməyi ilə cəzadan qurtulub daha da
azğınlaşır. Elə hesab edir ki, qayda-qanuna
məhəl qoymaması, həddini aşan
özbaşınalığı və bütün
bunların faciəli sonluğu,
anaların ah-naləsi nəticəsiz qalacaq,
heç zaman o, cəzalanmayacaq. Amma sən
saydığını say, gör fələk... ... qəfil güllə
şərəfsiz həyatına necə son
qoyur.
İnsanın ölümünə sevinməzlər.
Ancaq əsgər oğulları müəmmalı
şəkildə qətlə yetirilən valideynlər bu xəbəri eşidəndə bir-birinə
gözaydınlığı verirlər. Nəyə görə?
Kriminalistin bu sualına əsgəri xidmətə
yola saldığı yeganə oğlunu itirən, faciənin səbəbini
öyrənmək üçün qanuni araşdırma tələb edən, komandir tərəfindən təsəlli əvəzinə
təhqir olunan, fiziki
zorakılığa məruz qalan ata cavab verir:
“Allah qırx ili
gözləmədi, cəzasını verdi...
Yer üzündən bir
əclaf, bir namərd azaldı”.
Atanın cavabı çox
vicdanlı insan olan qərargah
rəisinin kriminalistə dediyi sözlərlə
mahiyyətcə üst-üstə düşür:
“Məndən ötdü, qardaşıma
dəydi. Hamımız düşünürük,
bizim övladımızdan ötsün
kimə dəyir-dəysin. Xeyr, elə deyil, sonda özünə
qayıdır. Buyur, komandirin
özünə dəydi. Kim zəmanət
verə bilər ki, sabah
o güllənin biri sənə,
mənə dəyməyəcək? Axı, buna
biz hamımız günahkarıq. O
cavanların qanını batıran müstəntiqlər də,
prokurorlar da, nə bilim, daha hansı şərəfsizlər
elə bilirlər belə gedəcək, onlara
heç nə olmayacaq?!”
Romanda
maraqlı kompozisiya, gözlənilməz
keçidlər oxucunu hər an intizarda saxlayır.
Komandirin qətlindən
sonra əsərdəki hadisələrin məcrası
kəskin dəyişir. Araşdırma aparan
kriminalist müəyyən edir ki, hadisə zamanı Akademikin kənddəki evlərində olan qədim tüfəngdən komandirə
güllə atılıb. O, həmin evə gəlir. Budur, xalçanın üstündən
asılmış həmin tüfəng, bir
tərəfində patrondaş, o biri tərəfində dəstəyi
ceyran ayağından hazırlanmış
xəncər... Yuxarıdakı mıxdan isə qaragül dərisindən tikilmiş
bəy papağı asılıb. Evin kişisi deyir ki, bu tüfəng də,
xəncər də, papaq da
babasından atasına, atasından da ona qalıb. Savaş başlayandan kəndi düşmənlərdən
qoruyan cavanlarla birlikdə
vuruşan böyük
oğluna deyib:
“Qundaqdakı işarələri görürsən? Bu, Androniklə vuruşanda
babanın vurduğu işarələrdir.
Hərəsi bir düşməndir. Görüm neyləyəcəksən?!” Ara sakitləşəndən sonra
tüfəng öz yerinə qoyulur, üstündə də yeni
işarələr.
Tüfəng həmişə dolu
olur, arvadı etiraz eləyəndə
kişi deyir: “Tüfəng
boş olanda küsür. Silah da ki, adamdan
küsdü, çətin
barışar”.
Qədim tüfənglə bağlı məsələni
müfəssəl öyrənən kriminalist
doğma torpağını sevən insan, vətəndaş kimi
təsirlənir. O, bu tüfəngi adi silah yox,
əzəli düşmənimizlə mübarizənin rəmzi
sayır. Və dəqiq bilir ki, bu silahla
Ata, Ana, böyük qardaş və...
nişanlı qız sərrast güllə ata
bilir. O, təcrübəli
peşəkar kimi araşdırma
apardıqca hərbi hissədən meşə yolu
ilə bir saatlıq məsafədə olan kənd və bu kənddə
komandirdən intiqam almaq
üçün alışıb-yanan Akademikin ailəsi, quşu
gözündən vuran atası,
desantçı qardaşı, dişi aslana dönmüş anası,
bir də nişanlısı, sevinci ürəyində qalan,
gecələr məzar üstə ağlayan
bir qız gözünün
önündən getmir. Və həmişə
düşmənə tuşlanan baba yadigarı qədim tüfəngdən
komandirə güllə atılması onu
dərindən-dərinə düşündürür.
İstər-istəməz orqandan xaric olunan müstəntiqin
sözlərini xatırlayır: “Mən o
komandiri həbs edəcəkdim, divlər
qoymadılar, yoxsa indi
sağ idi. Onu həbsdən xilas edib güllənin qabağına verdilər...
Mən işi açmışdım... Ümumi işin xətrinə
araşdırmanın surətini sənə verirəm. Amma bir şərtim var. Mənim tamamlaya bilmədiyim
işi tamamlayacaqsan, o polkovnikin də cinayətini
ortaya çıxaracaqsan. Onda
həm ölən uşaqların, o Akademikin qanı yerdə qalmaz,
həm də Polkovniki öldürənin
də cəzası yüngülləşər”.
Özünəməxsus dəst-xətti, üslubu, səlis, koloritli
dili olan Aqil Abbas oxucusunu
intizarda saxlamağı bacarır, məqamında
təcrübəli şahmatçı kimi
kəskin, gözlənilməz, eyni zamanda məqsədyönlü, nəticə
etibarilə ağlabatan gedişlər edir. Yazıçının “Dolu”
romanında diqqətçəkən bu məziyyətlər
yeni əsərində, xüsusən
romanın sonluğunda daha
qabarıq nəzərə çarpır.
Tanınmış yazıçı Yunus Oğuz qələm dostunun yeni əsərini təqdir
edərək yazır: “Dünyaya gəlmək
və ölmək əmrini Allah verir. Amma bu
əmri mələklər və insanlar həyata
keçirir. Əgər bu
romanı mən yazsaydım onu belə
adlandırardım: “Əzrayılı qatil
edənlər”.
Mən romanı diqqətlə, həyəcan dolu maraqla oxudum,
bir insan, vətəndaş
kimi çox təsirləndim,
“Kimdir qatil?”, – deyə
soruşdum: özümdən, hörmətli
Aqil Abbasdan,
torpağı düşmən tapdağında olan həmvətənlərimdən.
Kimdir qatil? Təhqir olunub
alçaldılmağa dözməyən oğlunun
intiqamını alan Anamı?
Ana-bacıları ağlar qoyan,
ölüm xəbəri valideynlərin
“gözaydınlığına” çevrilən komandirmi? Cinayətin düyününü
açdığına görə müstəntiqi orqandan xaric edən, əsgər
oğullarımızın qanını batıran prokurormu? Onların himayədarı yüksək
vəzifə sahibimi?
Vicdanı olan hər kəsi
düşündürən bu suallara cavab tapmaq üçün mən
romanı bir də nəzərdən keçirdim. Eyni zamanda Aqil Abbasın bu mövzuda ürək
yanğısı ilə yazdığı məqalələrini
xatırladım. Axır vaxtlar “Ədalət”
qəzetində dərc etdirdiyi “Mən sizə
laydivar oğul
vermişəm” sərlövhəli çox
təsirli, tutumlu yazısını yenidən
oxudum. O, ilk
növbədə öz həmkarlarına
xitabən deyir ki, ordumuzdan, oğullarımızın əsgəri
xidmətindən xoş niyyətlə yazsınlar,
uğurlarımızı layiqincə dəyərləndirsinlər,
oxuculara, xüsusən gənclərə
yüksək vətənpərvərlik hissləri
aşılasınlar. Yazıçı, jurnalist
qələmi Mübariz İbrahimov
kimi Milli Qəhrəmanlarımızın,
peşəkar hərbçilərimizin yetişməsinə, boy sıralarının artıb möhkəmlənməsinə
xidmət etsin.
Müstəqil Azərbaycanın Silahlı
Qüvvələri gündən-günə güclənir, ən
müasir silahlarla təchiz
olunur. Belə ürəkaçan, təkzibolunmaz
faktlar oxucuya
çatdırılmalı, hərbi-vətənpərvərlik
qəzet-jurnalların aparıcı mövzusu
olmalıdır.
Şübhəsiz, hərbi hissələrdə
çatışmazlıqlar var, neqativ hallara da yol verilir
və bunların tənqid olunması təbiidir. Aqil müəllim
məsələyə çox ciddi, əsl vətəndaş mövqeyindən
yanaşır: tənqid konkret faktlara söykənməli, peşəkarlıqla
yazılmalı, göstərilən nöqsanlar
da yubadılmadan aradan
qaldırılmalıdır. Əks təqdirdə zahirən
xırda görünən qüsurlar artaraq ciddi maneələrə,
bəzən dözülməz neqativ hallara – ağır qəzalara, faciələrə
gətirib çıxarır. Romanda hərbi
hissədə baş verən hadisələrin
də kökündə etinasızlıq, cəzasızlıq
durur. Əsgər yoldaşları (Ded – Dədələr) tərəfindən incidilib təhqir olunan oğul evə məktub yazır. Ata hərbi hissəyə gəlib komandirə
vəziyyəti danışsa da xeyri olmur. Az
sonra atanın xəbərdarlığına
baxmayaraq komandirin
vaxtında tədbir görməməsi nəticəsində həqiqətən
də faciə baş verir.
Və ən dəhşətlisi budur ki, belə rüsvayçı hallar
eyni hərbi hissədə dəfələrlə
təkrar olunur. Çünki
burada qanun işləmir,
cinayətlər ört-basdır edilir, cəzasızlıq
şəraiti hökm sürür.
Hərbi hissənin komandiri
isə nəinki cəzalandırılmır, əksinə
yüksək vəzifəli səlahiyyət sahibləri tərəfindən
himayə olunur, o da şərəfsiz hərəkətlərini
heç bir şey olmamış kimi davam etdirir, daha da
azğınlaşır.
Beləliklə, “Kimdir qatil?” sualının cavabı aydın olur. Bu qeyri-adi,
bir-birilə bağlı silsilə cinayət əməllərinin
mərkəzində hərbi hissə komandiri
– polkovnik durur. O, vəzifəsinə
və rütbəsinə görə özündən
aşağıdakıların, tabeliyində olanların qanunsuz, cinayətkar hərəkətlərini
dəstəkləyir, yuxarılara isə yalanır,
arxalanır və onların himayəsinə
sığınır. Nəticədə bir-birilə sıx əlaqədə
olan cinayətkarların zəncirvari
reaksiyası yaranır. Bunu möhtəşəm,
nizami Silahlı Qüvvələrimizə
yoluxmaq təhlükəsi olan
virusa bənzətmək olar.
Romanı oxuduqca,
sarsıdıcı səhnələri arxada
qoyduqca, bu təhlükənin
həyəcan təbilini çalan müəllifin
harayını eşidir, səsinə səs
verir, əlaqədar qurumlardan
dəstək, qətiyyət gözləyirsən.
İnanırsan ki, Vətənin
keşiyində ayıq-sayıq duran mərd
oğullarımızın sıralarında cinayətkar, xəbis
əməlləri ilə pozğunluq salmaq istəyənlər də, onların
havadarları da öz
layiqli cəzalarını alacaqlar.
Onda “Kimdir qatil?” sualına cavab axtarmağa da lüzum olmayacaq.
Əlövsət
BƏŞİRLİ
525-ci qəzet.- 2011.- 12 noyabr.- S.16.