Ailələr, talelər haqqında dəyərli əsər

  

Ümumən ailə dedikdə cəmiyyətin elə bir kiçik modeli göz önünə gəlir ki, orada yaşayan insanlar qohumluq əlaqəsi, genetik kökləri, mehr-ülfəti ilə bir-birlərinə bağlıdırlar. Bu kiçik toplumun bir parçası olan ailənin üzvləri qarşılıqlı məhəbbət, ehtiram, hörmət şəraitində yaşayır, bir-birini başa düşürlər.

Belə bir həyat həqiqətinə, məntiqə, fəlsəfəyə əsaslanıb qurulan ailələr daha uzunömürlü, möhkəm və səbatlı olur. Ailə yaratmaq məhz zərurətə çevriləndə və qaçılmaz olanda bu ciddi addım atılırsa, çatılan ocağın istisi ailə üzvlərini öz hərarəti ilə qızdırır, əhatə edir.

Tanınmış yazıçı-jurnalist, tarix elmləri doktoru Sabir Gəncəlinin araya-ərsəyə gətirdiyi “Ailə” ensiklopedik toplusunda (Bakı, “Azərbaycan” nəşriyyatı, 2011) bu həyati reallıq öz əksini tapmışdır. Müəllifin axtarışlarının, səylərinin, çoxillik böyük zəhmətinin bəhrəsi olan toplu digər ensiklopediyalardan özünəməxsus məziyyətləri ilə fərqlənir. Ev üçün, ailə üçün yazılmış həmin topluda insan cəmiyyətinin özəyi olan ailə, qarşılıqlı ehtiram, sədaqət, birgə yaşayış qaydaları, övlad tərbiyəsi, ailənin şərəfini, ləyaqətini, dayaqlarını qorumaq barədə hər bir kəsi düşündürən çoxsaylı suallara cavab tapmaq mümkündür.

Bu əsərdə öz təkrarolunmaz aləmi, özəlliyi ilə diqqəti çəkən, inkişaf edən kiçik bir cəmiyyəti xatırladan ailənin ibtidai icma quruluşundan üzü bəri yaranması tarixi, etimologiyası, ailənin qurucusu olan qadının və qoruyucusu olan kişinin hüquqları və vəzifələri, beynəlxalqmili qanunvericilikdə ailə hüququ ilə bağlı təsbit olunmuş müddəalar, ailənin mənəvi-əxlaqi dəyərləri, ailə qurmağa hazırlaşan gənclərə tövsiyələr öz əksini tapmışdır.

İslam mənəviyyatı və ailə haqqında fikirlər topluda geniş yer almışdır. İslam qanunlarına görə, ailənin cəmiyyətin ilk bünövrəsi, insanın həqiqi yüksəlişi və inkişafının beşiyi olduğu hər şeyin bu doğma ocaqdan başlandığı vurğulanmışdır.

Topluda müqəddəs kitabımız “Qurani-Kərim”də, xoşbəxt, sağlam ailə qurulması ilə bağlı surə və ayələrdən gətirilmiş misallar diqqəti cəlb edir, maraqla oxunur: “Ey Ulu Tanrı! Səndən rica edirik, ailələrimizdə həmişə dinclik, xoş əhval-ruhiyyə olsun. Hər bir evdən sevinc, fərəh səsi eşidilsin, bütün ailəvi münasibətlər səmimiliklə, mehribanlıqla qaydasına düşsün. Körpələr dünyaya sağlam göz açsın”. Yaxud: “Biz insana ata-anasına yaxşılıq etməyi, valideynlərlə gözəl davranmağı, onlara yaxşı baxmağı tövsiyə etdik”. (“əl-Əhqaf” surəsi, ayə 15).

Ulu kökdən gələn, uzun illərdən bəri hifz olunmuş adət-ənənələrimiz də ailənin mənəvi-əxlaqi dəyərlərini qorumağı diqtə edir. Şərq aləminin məşhur əsəri, XI əsrin yadigarı olan, dünyanın bir çox dillərinə tərcümə edilmiş “Qabusnamə” əsərində ailə ilə əlaqədar nəsihətlər bu gün də yaşayır və nümunə göstərilir: “Anaataya ən azı ona görə hörmət lazımdır ki, onların hər ikisi səninlə Yaradan arasında vasitədir. Deməli, sən özünə və Yaradanına hörmət etdiyin qədər öz valideynlərinə də ehtiram bəsləməli, anaata haqqını unutmamalısan”.

Qədim Şumer mədəniyyətindən, “Kitabi-Dədə Qorqudeposundan, Şərq müdrüklərinin – Nizami Gəncəvi, Biruni, Fərabi, Nəsrəddin Tusi, Mövlanə Cəmaləddin Rumi, Məhəmməd Füzulinin əsərlərindən müəllifin ailə və mənəviyyatla bağlı istinad etdiyi kəlamlar da maraqla oxunur.

Yurdumuzun toy adətləri, müasir mərasimlər, Azərbaycan ailəsinin yad təsirlərdən qorunması üçün mülahizələr, erkən nikahların yolverilməzliyi, gəlin-qayınana münasibətləri, uşaqların ailədə tərbiyəsi ilə bağlı mütəfəkkirlərin, tanınmış pedaqoqların yazıları topluda yer almışdır. Qarşılıqlı ehtiram, əhdə vəfa, uşaqların milli zəminə və bəşəri dəyərlərə uyğun tərbiyəsi haqqında məqalələr, müvafiq başlıqlar altında toplanmışdır.

Müqəddəs varlıq olan ana haqqında atalar sözləri və zərb-məsəllər, habelə bayatılar, övlad böyüdən, ciyərparasının hər bir əzabına səbrlə qatlaşan anaların ürək döyüntülərinin əks olunduğu laylalar, oxşamalar, nazlamalar müəllif tərəfindən incə zövqlə seçilmiş və yerində işlədilmişdir.

ToplununGender, ailə, əxlaq” adlı bölümündə kişi və qadınların hüquq bərabərliyi, gender balansının qorunması, ana və uşaqların mühafizəsi, ailədə ər-arvad münasibətləri, reproduktiv sağlamlıq və ailə planlaşması, dünya ailə modelləri və onların arasındakı fərqlər barədə ətraflı söz açılmış, mütəxəssislərin mülahizələrinə diqqət yetirilmişdir.

Sabir Gəncəli oxucularına təqdim etdiyi bu ensiklopedik əsərin “Nəsillər, ailələr, talelər” bölümündə Azərbaycanın məşhur insanları – Nəsib bəy Yusifbəyov, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məşədi Məhəmməd bəy, Cahangir bəy Kazımbəyli, söz sərrafları Hüseyn Cavid, Əhməd Cavad, görkəmli ədəbiyyatşünas alim Abbas Zamanov, pedaqoq Şahnabat Nəsibova, qadın hərəkatı liderlərindən olan Səidə İmanzadə və digər ziyalılar, onların ailələri barədə söz açmış, bu işıqlı ailələr gənclərə əsl örnək, nümunə göstərilmişdir.

İnanırıq ki, yorulmaz tədqiqatçı, tarixçi alim S.Gəncəlinin digər əsərləri kimi, bu ensiklopedik toplusu da oxucular tərəfindən maraqla qarşılanacaq, təqdir olunacaqdır.

 

 

Zemfira Məhərrəmli,

pedaqogika üzrə fəlsəfə doktoru 

 

525-ci qəzet.- 2011.- 15 noyabr.- S.4.