“Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” Türkiyədə nəşr edilib

                                                                                                             

Tanınmış tədqiqatçı-alim, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlinin “Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” adlı monoqrafiyası Türkiyənin nüfuzlu nəşriyyatlarından olan, Elazığ şəhərində fəaliyyət göstərək “Manas Yayıncılık” tərəfindən yüksək tirajla nəşr edilib. Əsəri Fırat Universitetinin müəllimi, Dr.Süleyman Kaan Yalçın Türkiyə türkcəsinə çevirib, kitaba geniş ön söz yazıb, çətin anlaşılan ifadə və terminlərin şərhini verib. Monoqrafiya Fırat Universiteti Türk dili və ədəbiyyatı bölümünün başkanı, professor Əhməd Buranın geniş müqəddiməsi ilə açılır. Əsərin elmi dəyərini və ədəbi-mədəni əlaqələr sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirən professor Ə.Buran yazır: “Türk dünyasında yaşanan olayları və çəkilən acıları dilə gətirən tək əsər, əlbəttə, bizimki deyildir. Bu mövzuda müxtəlif yazarlar, araşdırmaçılar və elm adamları bir çox əsərlər yazmışlar. Bunlardan biri də dəyərli dostum və məsləkdaşım dosent, Dr.Asif Rüstəmlinin Azərbaycanın önəmli yazarlarından biri olan Cəfər Cabbarlı haqqında yazdığı “Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” adlı əsəridir... Bu əsər sadəcə bir nəfərin tanıtımı, bir bioqrafik əsər deyil, eyni zamanda Azərbaycanın müstəqillik mücadiləsinin tarixi dönəmlərini və mərhələlərini anladan bir əsərdir”.

Eyni düşüncəyə ortaq çıxan və “Bir millət, iki dövlət” (H.Ə.Əliyev) üçün kitabın əhəmiyyətini xüsusi vurğulayan Dr.Süleyman Kaan Yalçın isə monoqrafiya haqqında yazır: “Əsər, tarixin uzun yüzillərindən bəri müxtəlif sahələrdə tale ortaqlığı yaşamış iki qardaş dövlət – Azərbaycan və Türkiyə dövlətləri arasındakı sosial, ədəbi, siyasi və mədəni bağları gücləndirəcək bir körpü vəzifəsi də daşımaqdadır.”

Asif Rüstəmlinin “Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” kitabı 294 səhifədən ibarətdir və birinci nəşri 1000 tirajla Ankaranın “Sistem Ofset ve Matbaacılık” mətbəəsində çap edilib. Kitabın sonunda müəllif və tərcüməçi haqqında qısa məlumat verilib.

“Manas Yayıncılık” bundan əvvəl də Azərbaycan ədəbiyyatına müraciət edib, 2007-ci ildə Dr.Ənvər Arasın “Xəzərdən Xəzərə – Almas İldırım” adlı 660 səhifəlik kitabını nəfis şəkildə buraxıb.

 

 

Püstə MİSİRLİ,

ADMİU-nun IV kurs tələbəsi

 

525-ci qəzet.- 2011.- 16 noyabr.- S.7.