Azərbaycan heykəltəraşlığının
görkəmli nümayəndəsi
Azərbaycan incəsənət tarixindən, xüsusilə də Azərbaycan heykəltaraşlıq sənətindən söhbət düşəndə ilk növbədə onun adı çəkilir. Buna səbəb onun Azərbaycan milli heykəltəraşlıq məktəbinin ilk nümayəndəsi və bu məktəbin əsasını qoymuş görkəmli heykəltəraşı olmasıdır. Bu tanınmış tişə ustası Xalq rəssamı Fuad Əbdürrəhmanovdur (1915-1971).
Tanışlıq üçün qeyd edək ki, Azərbaycan heykəltəraşlıq sənətinin banisi və layiqli nümayəndəsi, milli heykəltəraşlıq məktəbinin formalaşmasında və inkişafında müstəsna xidmətlər göstərmiş və özünün dəyərli bədii yaradıcılığı ilə Azərbaycan incəsənət tarixinə öz adını əbədi daxil etmiş görkəmli incəsənət xadimi Fuad Həsən oğlu Əbdürrəhmanov 1915-ci ildə Azərbaycanın qədim və zəngin sənətkarlıq mərkəzlərindən olan Şəki şəhərində dünyaya göz açıb. İlk ixtisas təhsilini Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929-1932) almış, sonra isə İ.Y.Repin adına Sankt-peterburq Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1935-1939) davam etdirmişdir. Təhsilini bitirib vətəninə döndükdən sonra F.Əbdürrəhmanov professional bir sənətkar olaraq, bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı gənclərə sənətin özəlliklərini tədris etmək üçün pedaqoji fəaliyyətlə də məşğul olmuşdur.
F.Əbdürrəhmanovun uğurlu və çoxşaxəli səmərəli yaradıcılıq fəaliyyəti özünün yüksək qiymətini almışdır. Belə ki, o 1943-cü ildə Əməkdar İncəsənət Xadimi, 1947-ci və 1951-ci illərdə SSRİ Dövlət Mükafatı Laureatı, 1956-cı ildə isə Xalq Rəssamı fəxri adlarına layiq görülmüşdür. F.Əbdürrəhmanov 1949-cu ildə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü seçilmiş ilk azərbaycanlı incəsənət xadimi olmuşdur. Eyni zamanda istedadlı heykəltəraş Düşənbədə ucaldılmış Rudəkinin abidəsinə görə 1964-cü ildə SSRİ Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülmüşdür.
F.Əbdürrəhmanov dəzgah və monumental heykəltəraşlığı sahəsində bir çox uğurlu əsərlər yaratmışdır. Azərbaycan incəsənət tarixinə nəzər salsaq görərik ki, F.Əbdürrəhmanovun yaradıcılığından əvvəlki dövrlərdə ümumiyyətlə ölkədə professional heykəltəraşlıq sənəti əcnəbi sənətkarların Bakıya dəvəti ilə inkişaf etdirilmişdirsə də, həmin tişə ustalarının yaratmış olduğu nümunələrdə milli xüsusiyyətlərin olmaması özünü qabarıq şəkildə büruzə verirdi. F.Əbdürəhmanov mənsub olduğu milli mədəniyyətin qaynaqlarından yaradıcı şəkildə istifadə etməklə, müəllimlərindən mənimsəmiş olduğu professional sənət metodlarını ustalıqla əlaqələndirərək əsl sənət inciləri yaratmışdır.
F.Əbdürrəhmanov yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi obrazların ciddi və dəqiq işlənilməsini, uğurlu və bitkin kompozisiya biçimini, həndəsi kəsişmələrin estetik tutumunu, plastika dolğunluğunu və surətlərin mənəvi-daxili aləmlərini qabartmaq bacarığını və digər xüsusiyyətləri qeyd etmək olar.
F.Əbdürrəhmanov dəzgah heykəltəraşlığı sahəsində məhsuldar fəaliyyəti ilə demək olar ki, yaddaqalan obrazlar qalereyası yaratmışdır. Bunlara misal olaraq Oxatan (1934), Aşıq (1937), S.Bəhlulzadə (1947), Həzi Aslanovun portreti (1949), Çoban (1951), Azərbaycan qadını (1951), Nizaminin portreti (1954), Rudəkinin portreti (1963), Sədrəddin Ayninin portreti (1964) və digər əsərləri göstərmək olar. F.Əbdürrəhmanovun yaratdığı çoxsaylı surətləri müşahidə etmiş olsaq, görərik ki, sənətkar hər zaman gərgin yaradıcılıq axtarışlarında olmuş və üzərində işləmiş olduğu qəhrəmanının fərdi xarakterik cizgilərini, onun portret xüsusiyyətlərini öyrənmək məqsədi ilə müxtəlif vasitə və üsullardan, bədii ədəbiyyatdan və s. məharətlə istifadə etmişdir.
F.Əbdürrəhmanov hələ o zaman sənətin zirvəsini fəth etməyən, sonralar isə əfsanəvi fırça ustası kimi dillər əzbərinə çevriləcək Səttar Bəhlulzadə sənətinin ecazkarlığını sən demə, əvvəlcədən görürmüş. Bu belə olmasaydı 38 yaşlı S.Bəhlulzadənin obrazını yaratmaq qərarına gəlməzdi. Bu böyük rəssamın həmkarları tərəfindən yaradılmış ilk obrazı idi. Haqqında bəhs etdiyimiz portretin maraqlı bir yaranma tarixçəsi vardır. F.Əbdürrəhmanov S.Bəhlulzadə ilə tədbirlərin birində onunla ünsiyyəti zamanı rəssamı ciddi müştəri gözü ilə nəzərdən keçirib, onun portretini işləməyə qərar verir. S.Bəhlulzadənin xarakteri və eyni zamanda zahiri qeyri-adiliyi və gur saçları heykəltəraşın diqqətini cəlb edir və məqsədini açıqlamadan onu emalatxanasına dəvət edir. Səhərisi S.Bəhlulzadə F.Əbdürrəhmanovun emalatxanasına gəlir. Qapıdan gircək heykəltəraş tez həyəcanla üzünü S.Bəhlulzadəyə tutaraq Sən nə etmisən? deyə hiddətlənir. S.Bəhlulzadə görkəmli tişə ustasının onun portretini yaratmaq üçün emalatxanasına dəvət etdiyini güman edib, bura gəlməmişdən əvvəl gedib saçlarını dibindən kəsdirir. Buna baxmayaraq F.Əbdürrəhmanov portreti işləməyə başlayır və qəhrəmanının maraqlı portret cizgilərini zəngin müşahidə qabiliyyəti ilə sezərək, diqqəti cəlb edən əsərin yaradılmasına nail olur.
F.Əbdürrəhmanovun II dünya müharibəsi dövründə yaratdığı xalq qəhrəmanları Koroğlu, Babək və Cavanşirin barelyefləri heykəltəraşın xalqımızın zaman-zaman yetişdirdiyi qəhrəmanlara, milli azadlıq mübarizlərinə sevgisinin bariz təzahürü idi. Bu gün də bu surətlər gənc nəslin vətənpərvərlik ruhunda böyüdülməsində əvəzsiz sənət əsərləri mənəviyyat qaynaqlarıdır.
Görkəmli tişə ustasının monumetal heykəltəraşlıq abidələrinə misal olaraq Gəncədə və Bakıda N.Gəncəvinin (hər ikisi tunc, qranit, 1946, 1949, memarlar S.Dadaşov və M.Hüseynov), Bakıda Azad qadın (tunc, qranit, 1960, memar M.Hüseynov), Bakıda S.Vurğunun (tunc, qranit, 1961, memar M.Hüseynov), Düşənbədə Rudəkinin (tunc, qranit, 1964, memar M.Hüseynov), Bakıda Sovet İttifaq Qəhrəmanı M.Hüseynzadənin (tunc, qranit, 1973, memar M.Hüseynov), Buxarada İbn Sinanın (tunc, qranit, 1975, memar H.Muxtarov) ucaldılmış abidələrini göstərmək olar.
Azərbaycan ədəbiyyatının korifeyi Nizami Gəncəvinin obrazına müraciət etməyi qarşısına məqsəd qoyan F.Əbdürrəhmanov tarixi ikonoqrafik qaynaq olmadan son dərəcə inandırıcı, xarakterik cizgiləri ilə yaddaqalan surətini yaratmağa nail olmuşdur. Qüdrətli sənətkar özünün sənətkarlıq məharətini sübut etməklə, həm də mənsub olduğu zəngin mədəniyyət xəzinəsinin istinad mənbəyini tamaşaçılarına işarə etmişdir. N.Gəncəvinin Bakı şəhərinin mərkəzində ucaldılan əzəmətli abidəsi şairin Gəncədəki heykəli kimi özünün bədii xüsusiyyətləri və obrazın yüksək işlənilmə imkanları baxımından heykəltəraşlıq sənətinin ən kamil əsərlərindən sayılır. N.Gəncəvinin fiquru sol ayağı irəliyə doğru hərəkətdə, sağ əli ilə geyimindən yapışmış, sol əlində əlyazmasını bükülmüş formada tutaraq, nəzərləri uzaqlara dikilmiş və dərin xəyallar aləminə dalmış vəziyyətdə təsvir edilmişdir. Müdrik və şərq qiyafəli, Nizaminin məğrur duruşunda, başının qürurlu hərəkətində,eləcə də düşüncəli çöhrəsində dövrünün çirkinliklərinə və saray mühitinin dəbdəbəliyinə nəfsi ilə qalib gəldiyi asanlıqla duyulur.
F.Əbdürrəhmanov yaradıcılığına şamil olunan yüksək sənətkarlıq məziyyətləri onun Düşənbədə ucaldılmış dahi tacik şairi Rudəkinin abidəsində rahatlıqla hiss olunur. Heykəltəraş tərəfindən surətin xarakterik cizgiləri yaddaqalan bədii ifadə vasitəsi ilə açılı və uğurlu kompozisiya quruluşunun həllinə nail olunub. Rudəkinin çöhrəsindən dərin psixoloji və dramatik əhvali-ruhiyyə aydın şəkildə sezilir. Şahın əmri ilə kor edilmiş, əzab və mərhumiyyətlərə qərq edilən, məzlum şair sanki, irəliyə uzadılmış əlindəki əsası ilə, haqq-ədalətin hələ qarşıda olduğuna işarə edir.
F.Əbdürrəhmanovun yaradıcılığına ümumi nəzər yetirsək, görərik ki, sənətkarın Şərq ədəbiyyatına, Şərq fəlsəfəsinə xüsusi bir sevgisi olmuşdur. Onun daha çox orta əsr Şərq mütəfəkkir şairlərinin və alimlərinin yaddaqalan obrazlarını yaratması da bu fikrimizi təsdiqləyir. F.Əbdürrəhmanov Azərbaycanla yanaşı Orta Asiyada milli heykəltəraşlıq məktəbinin formalaşmasında mühüm xidmətlər göstərmişdir. Bu barədə özbək sənətşünası Abdulla Umarov belə yazıb: Özbəkistan və Tacikistanın monumental heykəltəraşlığının formalaşmasında Azərbaycan heykəltəraşlarının, xüsusi ilə də F.Əbdürrəhmanovun böyük təsiri olmuşdur.
F.Əbdürrəhmanov həyatı boyu daim yüksək sənət amallarına sadiq qalaraq, yaratdığı sənət nümunələri ilə Azərbaycan milli heykəltəraşlıq məktəbinin ilk nümayəndəsi kimi öz adını Azərbaycan incəsənət tarixinə əbədi həkk etmişdir. Bunu onun barəsində görkəmli heykəltəraşlarımızın söylədikləri fikirlər də təsdiq edir.
Xalq rəssamı, akademik Ö.Eldarov hesab edir ki, F.Əbdürrəhmanovun Azərbaycan incəsənətinə göstərdiyi xidmət, əsl tarixdir.
F.Əbdürrəhmanovun yaradıcılıq dünyasını tam şəkildə canlandıran mədəni ocağın yaradılmasına ehtiyac duyulur. Bu təşəbbüsün həyata keçirilməsi üçün heykəltəraşın yaradıcılıq irsindən kifayət qədər material qalıb. Bunu isə görkəmli sənətkar haqqında Xalq rəssamı T.Məmmədov söyləmişdir.
Xalq rəssamı F.Salayev isə haqlı olaraq, F.Əbdürrəhmanovu birmənalı olaraq, Azərbaycan milli heykəltəraşlığının banisi hesab edir.
Bəli, özünün yaddaqalan maraqlı obrazlar qalereyası, zəngin bədii yaradıcılıq fəaliyyəti və ən əsası isə Azərbaycan milli heykəltəraşlıq məktəbinin ilk görkəmli nümayəndəsi kimi həmişə qədirbilən xalqımızın və sənətsevərlərin qəlbində yaşayacağı birmənalıdır. Azərbaycanın görkəmli xalq şairi Məmməd Araz misralarında dediyi kimi
Nəfəs dərib, külüngünü çaldı yerə;
Səda kimi daşdan-daşa keçib getdi.
Fuad həyat gətirmişdi heykəllərə,
Fuad heykəl
həyatına köçüb
getdi.
Əsəd Quliyev,
sənətşünas,
Rəssamlar İttifaqının üzvü
525-ci qəzet.- 2011.- 16 noyabr.- S.7.