“APA çoxvərəqli kitab kimidir”

 

VÜSALƏ MAHİRQIZI: “ÖTƏN MÜDDƏT ƏRZİNDƏ MÜSTƏQİLLİYİMİZİ, ETİBARLILIĞIMIZI VƏ YALNIZ DOĞRU XƏBƏR VERMƏK MEYARIMIZI QORUYUB SAXLAYA BİLMİŞİK”

 

Bu gün Azəri-Press Agentliyinin (APA) fəaliyyətə başlamasının 7 ili tamam olur. Ötən müddət ərzində Azərbaycanın informasiya məkanında sayılıb-seçilən media qurumuna çevrilən agentliyin baş direktoru Vüsalə Mahirqızı “525-ci qəzet”ə müsahibəsində APA-nın yaranma zərurəti, keçdiyi inkişaf yolu, gələcək planları barədə danışıb.

–APA ideyası hansı zərurətdən yaranıb?

–APA-nın yaradılması ideyası mənə məxsusdur. Hələ “Xalq cəbhəsi” qəzetinin baş redaktoru işlədiyim dövrdə belə bir fikrim var idi. Görürdüm ki, o zaman Azərbaycanda böyük bir informasiya agentliyi boşluğu var. Çünki həmin illər Azərbaycana internetin yeni gəldiyi dövr idi. Hiss olunurdu ki, bu texnologiya ölkənin içində sürətlə yayılacaq. Eyni zamanda həmin illərdə bir qəzet baş redaktoru kimi duyurdum ki, hardansa toplu halda xəbər almaq qıtlığı yaşanır. Məlumdur ki, qəzetlərdə kollektiv adətən o qədər də böyük olmur. Belə kollektiv əsasən məqalələrlə, müsahibələrlə, maraqlı mövzularla, projelərlə məşğul olur. Amma bununla yanaşı, bir xəbər təminatına da ehtiyac duyulurdu. Düzdür, o zaman bəzi xəbər agentliklərindən biz informasiyalar alırdıq. Buna baxmayaraq, yenə də bu sahədə boşluğun olduğu sezilirdi. Tutaq ki, siyasi xəbərlər aldığımız halda digər sahələrdən xəbərlər ala bilmirdik. Konkret siyasi düşərgələrlə bağlı xəbərlər gəlirdi. Digər sahələrdən isə xəbərlər gəlmirdi. Elə oldu ki, mən bir müddət işlədiyim qəzetdən ayrılası oldum. Bundan sonra yeni agentlik ideyası barədə ciddi düşündüm və APA-nı 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçirtdim. O zaman mənə bu layihədə dəstək verənlər indi də mənim müavinim işləyən Nurşən Quliyev, Vüqar Hüseynov, İxtiyar Əsgərov, Gülşən Hacıyeva, Elbrus Seyfullayev, Kamil Abışov, Seymur İsmayılov oldu. Biz bir yerdə bu layihəni daha çox Nurşənlə müzakirə etsək də, adlarını sadaladığım digər jurnalistlər də bizimlə bərabər idilər. Beləliklə, 2004-cü il noyabrın 16-da 7 nəfərlik kiçik kollektivlə APA fəaliyyətə başladı. Qısa zamanda müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliyinə çevrilən qurum Azərbaycan, rus və ingilis dillərində xəbər yayımına başladı. Sonradan isə fransız və ərəb dilləri də bu sıraya əlavə olundu. Hazırda APA 5 dildə “on-line” xəbər xidməti göstərir.

–Agentlik yarandığı gündən qarşısına hansı məqsədləri qoyub?

–Bizim başlıca məqsədimiz sözün əsl mənasında yaxşı bir agentlik yaratmaq, özümüzü təsdiq eləmək idi. Çünki həmin dövrdə siyasi bir qəzetdən çıxıb gəlmişdik. İnsanlarda belə bir fikir formalaşmışdı ki, biz ancaq siyasi yöndə fəaliyyət qurmaq istəyirik. Amma mənim üçün heç zaman mediada siyasi yön cəlbedici olmayıb. Media mənim üçün xəbər baxımından cəlbedicidir. Xəbərlə işləyəndə özümü çox rahat hiss edirəm. Mənimlə bərabər bu agentlikdə ilk fəaliyyətə başlayan insanlar da eyni fikirdə idilər. Hamımızın içərisində bir həvəs var idi. Biz sübut etmək istəyirdik ki, Azərbaycanda yaxşı bir xəbər agentliyi yaratmaq olar. Təbii ki, hədəfimiz və iddiamız bundan ibarət idi. Həmin vaxt mətbuata verdiyim müsahibələrdə də bildirmişdim ki, APA Qafqazın ən böyük agentliklərindən biri olacaq. Fikrimcə, APA hazırda buna nail olub. Biz Azərbaycanın ən böyük agentliklərindən biriyik. İşçi qüvvəmizin sayına, xəbər satışımıza, populyarlığımıza və bir çox kriteriyalarımıza görə regionun ən böyük agentliklərindən biriyik. Mən demişdim ki, Azərbaycanın lider agentliklərindən biri olacağıq. Hesab edirəm ki, buna da nail olmuşuq, müstəqilliyimizi qoruyub saxlaya bilmişik. Əgər bu gün ən radikal müxalifət qəzeti, hökumətə yaxın olan və ya rəsmi dövlət qəzeti, eləcə də müstəqil media APA-nın xəbərlərini verirsə, bizə istinad edirsə, deməli, müstəqilliyimizi, obyektivliyimizi və yalnız doğru xəbər vermək meyarımızı qoruyub saxlaya bilmişik. Bütün bu palitra bizi qəbul edir, bizə müsahibə verir, materiallarımıza istinad edir. Hədəflərimizdən biri də etibarlılığımızı qoruyub saxlamaq idi. Biz buna da nail olmuşuq. APA Azərbaycanda azsaylı media qurumlarından biridir ki, biz yazanda hər hansı sorğu-sual eləmirlər. Xəbərimizin arxasından, doğurdanmı belədir? şübhəsi yoxdur. APA yazıbsa düzdür ifadəsi var və bu mənə çox ləzzət eləyən bir məqamdır. Bunlarla yanaşı, bizim qarşımıza qoyduğumuz digər hədəflər də var. Bu hədəflərə APA təzə yarananda çatmaq olmazdı. Çünki APA yarananda internet Azərbaycana yeni-yeni gəlirdi. İndi üstündən 7 il keçib. Bu illər ərzində internet texnologiya çox böyük inkişaf yolu keçib. Xeyli irəliləyiş var bu sahədə. APA yaranan vaxt mənim də bilmədiyim bir çox məsələlər var idi ki, indi artıq bunları bu sahənin mütəxəssisi olaraq yaxşı bilirəm. Bizim qarşımızda internet televiziya və radionun yaradılması ideyası, APA-nın daha çox əcnəbi dildə xəbər yayması fikri, transmilli media ilə inkişaf əlaqələrinin qurulması istiqamətində işlərin görülməsi barədə planlar və sair var. Ümumiyyətlə, internetin imkanları və inkişafı hər gün yeni ideyaların yaranmasına səbəb olur. Əgər zamanla ayaqlaşmaq, texniki dəyişikliklərdən bəhrələnmək istəyirsənsə, öz sahəndə yeniliklərin tətbiq edilməsinə çalışmalısan. Bunun üçün də kadrların peşəkarlığının artırılmasına, müxtəlif seminarlara qatılmasına ehtiyac var. Çünki bura qaynar və daim inkişafda olan mexanizmdir.

– Dünya ölkələrində, o cümlədən də Azərbaycanın bölgələrində müxbir məntəqələriniz varmı?

– Azərbaycanda müxbirlər bölgə üzrə təyin olunur. Bildiyiniz kimi rayonlarımız çoxdur və hər rayonda ayrıca müxbir təyin eləmək çox çətindir. Rayonlar bir-birinə çox yaxın olduğundan bölgələr üzrə müxbirlər təyin eləmişik. Digər tərəfdən, rayonlarımızın hamısı siyasi cəhətdən heç də aktiv deyil. Bu səbəbdən hazırda Azərbaycanın 8 bölgəsində müxbirimiz var. Bu da imkan verir deyək ki, agentliyin bütün ölkəni əhatə edən büroları var. Bununla yanaşı APA-nın dünya siyasətinə təsir edən dövlətlərdə və Ermənistan istisna olmaqla, bütün qonşu ölkələrdə təmsilçilikləri fəaliyyət göstərir. Keçmiş Sovetlər İttifaqından Avropa Şurasının baş ofisində müxbiri olan yeganə qurum bizik. Demək olar ki, Azərbaycan üçün mühüm olan bütün yerlərdə müxbirlərimiz fəaliyyət göstərir. APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Moldova, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Agentliyin müştəriləri arasında Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalar, beynəlxalq təşkilatların nümayəndəlikləri, dövlət strukturları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdəki təmsilçilikləri, xarici şirkətlər, yerli və xarici biznes strukturları var. Ümumilikdə Azərbaycanda və xaricdə nəşr olunan və yayımlanan 150-dən çox Kütləvi İnformasiya Vasitəsi APA-nın abunəçisidir. Beynəlxalq reytinq cədvəllərinin statistikasına görə, APA Azərbaycanın ən çox istinad edilən və oxunan informasiya agentliyidir.

–Azərbaycanın informasiya məkanında APA-nın rəqibi kimlərdir?

–Azərbaycanın informasiya məkanında olan ən kiçik agentlikdən başlamış, özünü ən böyük hesab eləyən agentliyə qədər hamısı bizim rəqiblərimizdir.

– Bəzi mətbuat orqanı rəhbərləri ilk mənbədən informasiya almaq problemindən gileylənirlər. Sizdə necə, informasiya almaq problemi varmı?

– Əslində bu sahədə əsas problem APA-nındır. Çünki başqa mətbuat orqanlarında xəbər olmayanda APA-dan xəbər istəyirlər. Bizdə də xəbər olmayanda vəziyyət gərginləşir. Bu səbəbdən biz işimizi, bu məsələ ilə bağlı məsuliyyətimizi bilirik. Ona görə bizim işimiz daha çətindir. Söylədiyim kimi, qəzet, televiziya və digər saytlar informasiya tapmayanda, informasiya verəcək mənbəyə birbaşa çıxışları olmayanda rahatlıqla APA-ya müraciət edib buradan istədiklərini alırlar. Buna görə də agentliyimiz birinci mənbə ilə işləmək məcburiyyətindədir. Mən bilirəm ki, istər qəzet, istərsə də televiziyanın informasiya almasında çətinliklər özünü göstərir. Bəzən bu çətinliklər bizdən də yan keçmir. Əslində bu, bizlik də deyil. Çünki informasiya verəcək adamın özünün bu işdə nə dərəcədə marağının olması da nəzərə alınmalıdır. Bəzən onlar yalnız bir quruma informasiya verirlər. APA-ya bayaq qeyd etdiyim kimi Azərbaycandakı bütün media sektoru abunədir və müxtəlif qurumlar bu agentliyə informasiya verməklə bütün cəmiyyətə, eləcə də xarici ölkələrdəki mətbuat orqanlarına da məlumat vermiş sayılırlar. Bu milə görə əksər qurumlar bizimlə işləməkdə maraqlı görünürlər. Onlar bir müxbirlə təmasda olmaqla məlumatın geniş şəkildə yayılmasına nail olurlar. Ona görə də bu gün APA informasiya almaqda o qədər də ciddi problemlərlə üzləşmir. Amma ayrı-ayrı vaxtlarda bizim də üzləşdiyimiz çətinliklər olub. Əgər biz xəbər yazmaqla deyil, həmin çətinlikləri yazmaqla məşğul olsaq, o zaman informasiya blokumuzun yarısını nazirliklər, dövlət qurumları ilə olan çəkişmələrimiz tutar. Lakin biz hesab edirik ki, bu bizim işimizin bir parçasıdır. Oxucuya, müştərimizə xəbəri alan zaman üzləşdiyimiz problem deyil, nəticə, həmin qurumların hər hansı məsələyə münasibəti, yaxud da bəyanatı maraqlıdır. Biz də bunu başa düşüb çalışırıq ki, müxtəlif imkanlardan istifadə edib informasiyanı alaq. Azərbaycanda elə bir rəsmi qurum yoxdur ki, biz onunla informasiya almaq məsələsində hər hansı problem yaşamayaq.

– İnternet media olaraq APA öz kadr ehtiyacını təmin edə bilirmi? Maddi və iş imkanları baxımından jurnalistlər üçün cazibədar olan bu agentlikdə əməkdaşlar hansı şərtlərlə işə qəbul olunur, onlardan nə tələb edilir?

– Bu sual mənə APA təzə yarandığı illərdə peşəkar kadrlara olan ehtiyacımızı yada saldı. O zaman bizimlə əməkdaşlıq barədə kiməsə müraciət edəndə bəzən ağız büzənlər tapılırdı. Amma sonralar hər şey öz axarına düşdü. Demək olar ki, son bir neçə ildir biz kadr axtarmaq kimi problemlə üzləşmirik. Agentlikdə hazır CV-lər var. Həmin CV-lərin müəllifi ölkəmizdə tanınan jurnalistlər, reportyorlardır. APA qrupa daxil olan qurumlarda yeni kadra ehtiyac duyulduqda redaktor heyətinin iştirakı ilə vakansiyaya uyğun namizədlərin müzakirəsi aparılır. Müzakirələrin nəticəsi olaraq səs çoxluğu ilə kiminsə işə qəbulu mümkün olur. Yeni işçi hansı sahədən yazacaqsa həmin sahəyə cavabdeh olan redaktorun fikri isə əsas götürülür. Özəl yanaşmama görə, işə redaktorları mən götürməliyəm. Amma müxbirlərin seçimi zamanı onlarla işləyəcək redaktorun fikir önəmli olmalıdır. İş şəraitinə gəlincə, burda hər bir kəs iş saatında işinin başında olmalıdır. Bizdə qonarrar deyil, maaş sistemidir. Burda da insanların vicdanlılıq prinsipi əsas götürülüb. Hər bir işçi öz öhdəsinə düşən vəzifənin məsuliyyətini dərk eləməlidir. Bununla bərabər, redaktorlar tərəfindən hər ay monitorinq aparılır. Müxbirlərin fəaliyyəti müzakirə olunur. Əgər hər hansı müxbir yarıtmazlıq edibsə, fəaliyyətində boşluğa yer veribsə, onunla vidalaşırıq. Həmin işçi ilə müqaviləmiz birtərəfli qaydada dayandırılır. İşçilərimizin qarşısında başlıca şərt budur ki, hər kəs öz vəzifəsinə uyğun olan işini görməlidir.

– Apa.az, Lent.az, Vesti.az, Deputat.az, Kulis.az. Bu sıranı gələcəkdə çoxaltmaq barədə düşünürsünüzmü? Ümumiyyətlə, gələcək planlarınız nədən ibarətdir?

– Əlbəttə, gələcək üçün müəyyən layihələrimiz var. Amma indiki halda həmin layihələrin nədən ibarət olması barədə danışmaq istəmirəm. Çünki əvvəlcədən açıqladığımız layihə rəqiblərimiz tərəfindən mənimsənilə bilər. Belə hallar vaxtilə olub. Əslində rəqabət mühitində bunu normal qarşılayıram. Gələcək işlərimiz barədə tam açıqlığı ilə danışmaq istəməsəm də, yalnız onu deyə bilərəm ki, 2012-ci ildə bizim böyük bir layihəmiz olacaq.

– Gələcəkdə ayrıca televiziya kanalı yaratmaq barədə də düşünürsünüzmü?

– Bizim media qrupunun tərkibində nə vaxtsa müstəqil televiziya kanalının yaradılmasını arzulayıram. Bunun nə vaxt reallaşacağını zaman və imkanlarımız müəyyənləşdirəcək. Hər halda belə bir layihəni APA qrupun tərkibində görürəm.

– APA Azərbaycan jurnalistikasına, agentlik modelinə hansı yenilikləri gətirib?

– Bu suala ətraflı cavabı gələcəkdə APA-nı tədqiq edəcək həmkarlarımız verə biləcəklər. Amma mənim fikrimcə, APA Azərbaycan mediasında yeni bir mərhələ, yeni bir səhifədir. APA Azərbaycan mediasına, xüsusən də internet mediasına, agentliyinə normal xəbər yazmaq yeniliyini gətirib. APA-ya qədər olan informasiya agentlikləri standart siyasi-iqtisadi xəbərlər yayıb. APA öz gəlişi ilə bu standartı dağıdıb. Bir çox sahələri əhatə edən xəbərləri oxuculara təqdim edib. Cənubi Qafqazda ilk dəfə videogörüntülü xəbəri APA yayıb, ölkədə ilk dəfə “APA-SPORT” idman agentliyi yaradıb. Bundan başqa, agentliyin “APA-ECONOMICS” və “APA-Photo” bölmələri fəaliyyət göstərir. APA-nın saytında kredit kart sistemi tətbiq olunub. Agentlik gün ərzində ümumilikdə 400-450 xəbər yayır. Bütün həftə boyu 5 dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə iqtisadi və siyasi analitika bülletenləri hazırlayıb, yayan APA-nın əsas prinsipləri operativlik, dəqiqlik və tərəfsizlikdir. APA-nın Azərbaycanın xəbər məkanında lider olduğu artıq hər kəs tərəfindən qəbul olunan faktdır. Həmkarlarım hər zaman mənə deyirlər ki, APA çoxvərəqli kitab kimidir. Orada hər kəs nə istəyirsə tapa bilir. Hesab edirəm ki, bu Azərbaycan mediasında çox yaxşı bir modeldir. Ona görə də siyasi baxışından asılı olmayaraq istənilən mətbuat orqanı, istənilən kəs bizim xəbərlərdən yararlana bilir.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.- 2011.- 16 noyabr.- S.6.