Abbas Zamanovun 100 illiyi Bakı Dövlət Universitetində qeyd olunub

 

Dünən Bakı Dövlət Universitetində görkəmli alim Abbas Zamanovun anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə qeyd edilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Abbas Zamanovun həyatının böyük bir hissəsinin Bakı Dövlət Universiteti ilə bağlı olduğunu deyib. Rektorun sözlərinə görə, A.Zamanov təkcə Azərbaycan elminin inkişafında xidmətləri olan və zəngin yaradıcılığa malik bir alim kimi deyil, eyni zamanda cəsarətli, güclü vətəndaş mövqeyi olan bir şəxsiyyət kimi də hər zaman xatırlanır: “Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olub. Bakı pedaqoji texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışıb, iki il də “Gənc işçi” qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləyib. Sonra “Ədəbiyyat” qəzetində məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdiri olub. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirib və oraya müəllimliyə dəvət edilib. Opera teatrının və filarmoniyanın direktoru olmuş, M.F.Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik edib. İkinci dünya müharibəsi illərində Ordu sıralarında xidmət etmişdir. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, Nizami adına Ədəbiyyat muzeyinin direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb. O, həmçinin universitetdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlayıb. Həmin vaxtdan ölkəmizdə və onun hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat əsərləri müntəzəm dərc olunub. Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və digər ölkələrdə məqalələri çıxıb. “Sabir və müasirləri” monoqrafıyası Əsəd Behrənginin tərcüməsində Təbrizdə, “Cəlil Məmmədquluzadə” oçerki Ələkbər Qəhrəmaninin tərcüməsində Tehranda fars dilində nəşr olunub”. Daha sonra Abbas Zamanovun elmi yaradıcılığından, ədəbi-bədii fəaliyyətindən danışan Qara Namazov çıxışını böyük alimlə bağlı xatirələri ilə yekunlaşdırıb. Professorlar Pənah Xəlilov, Tofiq Hacıyev, Qəzənfər Paşayev, millət vəkili Elmira Axundova çıxış edərək Abbas Zamanov haqqında xatirələrini dilə gətiriblər. Tədbirin sonunda çıxış edən Abbas Zamanovun nəvəsi Rəşad Rzayev ailəsi adından prezident İlham Əliyevə, rektor Abel Məhərrəmova və yubileyin təşkilatçılarına öz minnətdarlığını bildirib.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2011.- 16 noyabr.- S.2.