Bir görüşdən qalan bəxşiş
(“Bu
gün dünəndən başlayır”
silsiləsindən)
Onun haqqında düşünəndə özlüyümdə qəribə nəticələrə gəlirəm. Fikirləşirəm ki, son dərəcə nəzakətli davranışı, yüksək mədəniyyəti, abır-həyası, yastı danışığı, güclü məntiqə söykənən mülahizələri, dünyamıza orijinal elmi, fəlsəfi baxışlarıyla ətrafındakılardan kəskin seçilən bu adam əgər sənətin daha populyar növləriylə- məsələn musiqi, rəssamlıq, aktyorluq, müğənniliklə məşğul olsaydı adı-sanı, şöhrəti ərşi-gürşü tutardı vallahi. Nə yazıq ki, Yaşar Qarayev geniş kütlə tərəfindən o qədər də həzm edilməyən bir sahəni seçdi, ədəbiyyatşünas, tənqidçi-filosof oldu. Bu da bir talehdi və Yaşar müəllim o qədər də uzun sürməyən ömründə bu taleyi şərəflə yaşadı, özünə, potensial imkanlarına rəva bildiyi peşəsinin xəttiylə ədəbi dünyamıza adları qızıl hərflərlə yazıla biləcək əsərlər, monoqrafiyalar, kitablar bəxş elədi.
Haqqında onunla çiyin-çiyinə AMEA-da çalışan dost-tanışlarımdan çox eşitmişdim. Eşitmişdim ki, hardan, hansı sahədən söhbət düşsə hərləyib-fırlayıb sənətin, ədəbiyyatın, dramaturgiyanın, teatrın üstünə qayıdır. Və bir də dostlarım onun haqqında özgələri barədə danışdıqları kimi danışmaz, sanki özü eşidirmiş kimi cümlələrinin quruluşuna, məntiqi ardıcıllığına, elmi sambalına fikir verərdilər.
Vaxtilə onun bir neçə məqaləsini dövrü mətbuatdan oxumağım bəs elədi ki, televiziyada görünməyə, radioda çıxış eləməyə meyilli olmadığı qənaətinə gəldim. O, el dilində desək, tökmə elm adamıydı, təpədən dırnağacan ağırbatman ideyalar, ədəbi konsepsiyalar, fəlsəfi çıxarışlar, elmi yeniliklərlə ləbaləd bir qəlbə malik idi.
Amma uzun fasilələrlə olsa da bəzən çalışdığım Dövlət Teleradio Verilişləri Komitəsinin müvafiq redaksiyalarında görərdim onu. Əməkdaşı olduğum radionun Ədəbi-dram verilişləri redaksiyasının ədəbiyyat şöbəsinin xəttiylə efir söhbətləri edərkən işlədiyim incəsənət şöbəsinin profilinə birbaşa aid olmasa da studiyaya gedər onun çıxışlarını, verdiyi müsahibələri izləyər, nə zamansa mənim şöbəmin xəttiylə də ona veriliş həsr edəcəyim barədə düşünərdim. Bununçün gərək incəsənət şöbəsinin profilindən çıxış edə, suallar hazırlayaydım. Bu hazırlığım və onunla radiostudiyada görüşməyim üçün gəzdiyim fürsət axır ki, 1987-ci ci ildə baş tutdu. Zənnimcə o söhbətimiz filoloji elmlər doktoru, professor Yaşar Qarayevin Azərbaycan radiosuna verdiyi ən geniş müsahibə idi. Bilmirəm, Yaşar müəllim o uzun sürən söhbəti zamanı bədahətən dilinə gətirdiyi son dərəcə dəyərli fikir və düşüncələrini sonralar hansısa məqalə və kitablarında işlədib, ya yox, amma hətta təkrar olsa belə bu gözəl alimin, istedadlı natiqin dediklərinin radionun daimi fondunun rəflərində qalmasını özümə rəva bilmədim. O fikir və düşüncələrin bu günkü ədəbiyyatşünaslığımız, səhnəqrafiyamız, teatr tənqidimiz, ümumiyyətlə mədəniyyətimiz üçün əhəmiyyətli olacağını nəzərə alıb oxucularımıza yetirməyi gərəkli sandım.
– Yaşar müəllim, istərdim söhbətimizə sizin elm yoluna qədəm qoyana qədərki həyatınızdan bəzi vacib fraqmentlərlə başlayaq. Təbii ki, sizin dilinizdən.
– Məmnuniyyətlə. Eyni bir müharibə uşaqlığı mənsub olduğum nəsil kimi mənim də taleyimin və ömür kitabımın ilk fəslini təşkil edir. Doğrudur, doğma Şəkinin ən ucqar nöqtəsində yerləşən sakit həyətimiz faşist hərb maşınının hərəkət etdiyi yollardan çox uzaqdaydı, ancaq ən dramatik arxa cəbhə həyatı Şəkini də o illərin narahat müharibə şəhərinə çevirmişdi. Hətta həzin mahnılı Kiş çayı da ahəngini dəyişmişdi və mənə elə gəlirdi evimizin lap yanından keçən xırda cığır haradasa lap yaxında cəbhəyə açılan yollara parçalanır. Ata səngərinə, qardaş qəbrinə, şəhid məzarına haçalanır. Qayğılı və fərəhsiz uşaqlıq məhz bu cığırlardan keçib orta və ali məktəbin partası arxasına daxil oldu. İndiyə qədər fasiləsiz işlədiyim tədqiqat institutuna mən bir başa ali məktəbin partası arxasından gəldim.
– Nəyə görə məhz filologiya elmini sonrakı taleyiniz üçün yol yoldaşı seçdiniz, bu yolun başlanğıcında ilk məsləhətçiniz, əyər belə demək olarsa, hamınız kimlər olub, ümumiyyətlə seçdiyiniz həyat yolu üçün kimlərə minnətdarsınız?
– Ümumiyyətlə məişətdə və əxlaqda, xarakter və davranışda təkrarsız milli koloritin, xalq adət-ənənələrinin həssaslıqla qorunub saxlandığı Şəkidəki ayin, oyun və mərasimlərlə, atamın iki-üç əsgər məktublarındakı cəbhə hekayələri və anamın müharibə nağıllarıyla ilkin ünsiyyəti nəzərə almasaq mənim klassik ədəbiyyatla böyük tanışlığım orta məktəbdə başlamışdır. 5-ci sinifdəykən ilk yazım- xırda şeir “Pioner” jurnalında nəşr olunub. O vaxtlar Bakının Oktyabr rayonundakı 31¹ li məktəbdə qüvvətli dram dərnəyi vardı. Dərnəyin gücüylə iki pərdəlik kiçik pyesim tamaşaya qoyulmuşdu. İlk pedaqoqlardan ədəbiyyat müəlliməsi Böyükxanım müəlliməni və dəyişməz sinif rəhbərimiz Hidayət Köçərlini böyük məmnuniyyətlə xatırlayıram. Hidayət müəllim dəqiq fənlərdən dərs deyirdi. Lakin o bizim hamımızın məhz həyat yolunun, şagird şəxsiyyətinin formalaşmasında mühüm rol oynadı. Yadımdadır, o məktəbə bir başa cəbhədən, boz, nimdaş şineldə gəlmişdi. Amma bu sevimli və nüfuzlu pedaqoqda hərbi zabiti, cəbhə intizamını və əxlaqını nişan verən təkcə bu şinel deyildi. İndi də tez-tez görüşdüyümüz sinif dostlarım etiraf edirlər ki, biz hamımız Hidayət müəllimin o boz və sərt hərbi şinelindən çıxmışıq.
Adətən şeirdən nəsrə, drama, publisistikaya keçənlərin hamısında şeirdən nə isə qalır. 5-ci kursda diplom işimlə tanış olarkən elmi rəhbərim Cəfər Xəndan mənimlə çox ciddi söhbət etdi. Poeziyanı tənqiddə davam etdirməyi mənə ilk dəfə o məsləhət gördü. Bizim ədəbi-bədii zövqümüzün formalaşmasında daha bir pedaqoqun rolunu qeyd etməyə bilmərəm. Biz antik korifeyləri, intibah dahilərini, fırtına və təzyiq qəhrəmanlarını sonralar da çox oxuduq, çox öyrəndik, amma bu qəhrəmanları hələ də professor Əli Sultanlının adı və surətiylə bir xatırlayırıq. Hamletdən, Axillesdən, Faustdan danışmaq ona yaraşardı. O, Axillesdən danışanda Axillesə bənzərdi, ruhunda və varlığında əsil Şekspir dünyası, ehtirasları yaşardı. Qədim Misir süjetləri, sehirli əsatirlərini o, alimliyin və müəllimliyin sehirli təravətiylə bizə çatdırardı. Əli Sultanlının son dərəcə geniş, ağıllı alnı, nüfuz edici, düşüncəli gözləri, təmkinli, ağır duruşu, oturuşu bir etimad, inam təlqin edərdi. Çöhrəsində, təbiətində və davranışında elə bil haqqında danışdığı qeyri-adi qəhrəmanlardan, şəxsiyyətlərdən nə isə vardı və hər mühazirədən sonra bu nə isə bir qədər də artar, onun öz obrazı nəzərimizdə daha da zənginləşərdi. Əli müəllim böyük ədəbiyyat vurğunu, fədaisiydi və bizi də ədəbiyyat vurğunlarına, fədailərinə çevirə bildi. Onun sənətə, elmə, müəllimlik vəzifəsinə fədakar məhəbbəti bizim zövq və meyllərimizin formalaşmasında ciddi rol oynadı.
Bir cəhəti də, qeyd etməyə bilmərəm. Bizə əsil tələbə xoşbəxtliyi nəsib olmuşdu. Yaxşı müəllimlərimiz çox idi. Dövrün bütün nüfuzlu pedaqoqları bizimlə ünsiyyətdə idi. M.Arif, M.Cəfər, C.Cəfərov, M.H.Təhmasib və başqaları. Həyatda da, elmdə də onların ənənələrinə sadiqlik bizim həmişə qoruduğumuz ədəbi gənclik və tələbəlik sərvəti olaraq qalır.
– Bir vaxtlar televiziyamızın ekranlarında çıxışlar edər, xüsusilə teatrımızın bu günü, sabahı, gələcək inkişaf problemləriylə bağlı çox maraqlı söhbətlər aparardınız. Niyə sonralar bu ənənəni davam etdirmədiz. Olmaya teatrşünas Yaşar Qarayev ədəbiyyatşünas Yaşar Qarayevin qabağında duruş gətirə bilmədi. Biz gözləyirdik siz sənətşünaslıq doktoru olasınız, amma filologiya elmləri doktoru oldunuz.
– Bunun həm subyektiv həm də obyektiv səbəbləri var. Bunun səbəbini mən o zamankı passivliyim kimi yox, bəlkə də fəallığım kimi izah edərdim. Ümumiyyətlə bədii təcrübədə teatrın özündə narahat, maksimalist axtarışlar vüsətlə meydan tapanda özüylə teatr tənqidinə güclü intibah dalğası da gətirib gəlir. 60-cı illər bizim teatr salnaməmizdə məhz belə bir dövrü təşkil edir. Rejissor Tofiq Kazımovun ən uğurlu səhnə eksperimentləri məhz həmin illərə təsadüf edir. Həmçinin Mehdi Məmmədovun monumental quruluş ənənələri müasir cazibə və təravətlə yenidən təzahür edir. Elə bu iki müxtəlif üslubun uğurlu yarışı və sözün yaxşı mənasında rəqabəti də canlı bir teatr həyatı tənqidi üçün çox gözəl zəmin oldu. “Antoni və Kleopatra”, “Ölülər”, “Fırtına”, “Xəyyam”, “İnsan” kimi şedevrlər bu vaxt meydana çıxdı. Buraya Sabit Rəhman, Mirzə İbrahimov, Mehdi Hüseyn və xüsusilə İlyas Əfəndiyev dramaturgiyasının gurşad çağlayışı çağını da əlavə etsək teatrın səhnə aclığı, yaxşı pyes qəhətliyi və qıtlığı çəkmədiyi həmin illəri həsrətlə xatırlamaq olar. 80-ci illərdə mənim həmkarlarımın, mütəxəssis teatrşünasların yeni, gənc dəstəsi yetişdi. Əlbəttə sonralar xalis ədəbiyyat problemlərinin daha çox ön plana keçməsi, bilavasitə ədəbi tənqidlə bağlı təşkilati, inzibati vəzifələrə sərf olunan enerji və diqqət də öz rolunu oynadı və dediyimiz ənənə sahəsində müəyyən və mən deyərdim ki, müvəqqəti geriliyin artıq subyektiv şərtlərinin sırasına daxil oldu.
(Bu yazı ilə bütünlükdə “Azərbaycan” jurnalının növbəti saylarından birində tanış ola bilərsiniz).
İntiqam MEHDİZADƏ
525-ci qəzet.- 2011.- 17 noyabr.- S.7.