Bu qan yerdə qalmayacaq

 

CİNAYƏT İŞİ N....

 

1991-ci il noyabrın 20-də Azərbaycanın dövlət xadimlərinə, sayılıb-seçilən oğullarına qarşı erməni daşnakları tərəfindən törədilən misli görünməmiş terror aktını xalqımız heç vaxt unutmayacaq. Unutmaq mümkün də deyil. Məhəmməd Əsədovu, Tofiq İsmayılovu, İsmət Qayıbovu, Zülfü Hacıyevi, Alı Mustafayevi, Osman Mirzəyevi, Vəli Məmmədovu, Vaqif Cəfərovu, Qurban Namazəliyevi və başqalarını necə yaddan çıxarmaq olar? O kəsləri ki, o dövrün qarışıq siyasi ab-havasında Azərbaycan xalq, torpaq naminə canlarını fəda etmiş, şəhid olmuşlar. Onların hər biri sanki eyni həyat, eyni taleyi yaşamış, bir müqəddəs yolun yolçusu olmuşlar. Onlar indi bir yerdə də uyuyurlar. Əbədi...

Dağlıq Qarabağın Qarakənd səmasında içərisində Azərbaycanın dövlət xadimləri, tanınmış şəxsiyyətləri olan vertolyotun 1991-ci il noyabrın 20-də ermənilər tərəfindən vurulması Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli terror aktlarından biri olmaqla yanaşı, daha böyük faciələrin qabaqda olacağında bir işarə idi. O vaxtdan düz iyirmi il keçib. Lakin həmin dəhşətli terror aktı ilə bağlı şübhələr, müəmmalar bu gün də qalmaqdadır. İstintaq işi bəlli səbəblərdən arxivə verilib.

Hələ 11 il əvvəl Arena qəzeti vasitəsilə o vaxt respublika Baş prokurorunun müavini vəzifəsində işləmiş Murad Babayevə o müdhiş terror aktı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirmək üçün bir neçə sual ünvanlamış və cavab almışdım. Dəhşətli terror aktının 20-ci ildönümündə müsahibəni 525-ci qəzetin oxucuları ilə paylaşıram.

Murad müəllim, terror aktı ilə bağlı siz nə vaxt və kimdən məlumat aldınız, hansı tədbirləri gördünüz?

O vaxt mən Baş prokurorun birinci müavini idim. Həmin günlərdə İranın Baş prokuroru Musəvi Təbrizi mərhum İsmət Qayıbovun dəvəti ilə Azərbaycana qonaq gəlmişdi. Demək olar ki, hər gün İsmət Qayıbovla telefon əlaqəsi saxlayır və ondan təvəqqe edirdim ki, mümkünsə Bakıya dönsün. Çünki İranın Baş prokuroru onu gözləyirdi. O isə hər dəfə deyirdi ki, sabah gələcək. Həmin hadisədən bir gün əvvəl noyabrın 19-da yenidən telefonla danışdıq. Dedim ki, təcili olaraq gəlin, çünki prokurorluqda rəsmi görüş olmalıdır. Bildirdi ki, noyabrın 20-si səhər tezdən Bakıya dönəcək. Noyabrın 20-də Respublika Prokurorluğu adından Gülüstan sarayında İranın Baş prokurorunun şərəfinə rəsmi ziyafət hazırlamışıq. Ziyafətə İsmət Qayıbov da gəlməli idi. Ancaq həmin gün o gəlmədi. Mən bir neçə dəfə onunla telefonla danışdım. O vaxtkı daxili işlər nazirinin müavini Akif Rəfiyevlə də telefon söhbətimiz oldu, özü də bir neçə dəfə. Dedim ki, bəs İsməti gözləyirik, o, gəlməli idi, nə vaxt gəlir? Çünki mən onun vaxtına münasib görüş təyin etmişdim. Nəhayət, axşam tərəfi Akif Rəfiyev mənə xəbər verdi ki, bəs onlar vertolyotla gediblər Qaradağlı kəndinə. Ancaq hələ məlumat yoxdur, gedib çıxıblar, yoxsa yox. Bir müddətdən sonra bir də zəng etdim. Artıq hava qaralırdı. Bir daha zəng etdim. Akif müəllim dedi ki, hələ heç bir məlumat yoxdur. Dedim ki, axı adətən, qaranlıq olanda vertolyot uçmağı dayandırır. Nə isə... Ancaq belə hallar olmuşdu. Mən özüm də bir neçə dəfə uçmuşdum və qaranlıqda düşmüşdük Ağdama. Bir ay əvvəl oktyabrın 18-də Vəli Məmmədov, Faiq Baxşəliyev, Araz Əlizadə, Afiyəddin Cəlilov və başqaları ilə DQ-dən Ağdama uçarkən bizim vertolyotu da atəşə tutmuşdular.

Gülüstan sarayında ziyafətdəyik. Elə təzəcə oturmuşduq, məni çağırdılar ki, bəs belə hadisə baş verib.

Sizi kim çağırdı və ilk versiya nə oldu?

İndi mənim dəqiq yadımda deyil. Prokurorluqdan, növbətçi hissədən kimsə gəldi ki, bəs vertolyot qəzaya uğrayıb. Belə bir məlumat verdilər. Qonaqlara bildirmədən tez düşdüm aşağı. Carayının direktorunun hökumət telefonu ilə zəng elədim ora-bura. Dedilər ki, vertolyot qəzaya uğrayıb, ancaq məlum deyil səbəbi nə olub, nə təhər olub. Yoldaşlar həlak olub.

Əvvəlcə vertolyotun vurulması yox, guya qəzaya uğraması haqqında məlumat verildi. Bu məlumatın da müəllifi o vaxt daxili işlər naziri işləyən general-mayor Tofiq Kərimov olub.

Elə bir versiyanı mən birinci gündən eşitmədim.

O məlumat dövlət televiziyasında efirdə verildi.

Sonra məlum oldu ki, o versiya daxili işlər nazirinin özünün uydurması olub. Nə səbəbdən belə bir məlumat verilib deyə bilmərəm. Ancaq ilk dəqiqələrdən məndə belə bir fikir yarandı ki, vertolyot vurulubdu. Çünki bizim Dağlıq Qarabağda uçan vertolyotların hamısı atəşə məruz qalmışdı.

Heç olmasa fikrinizi bildirdinizmi ki, vertolyot vurula bilər, o qəzaya uğraya bilməz.

Faciədən sonra bizə bəlli oldu ki, vertolyot vurulubdur. Sonra cinayət işi qaldırıldı.

Faciədən sonra Respublika Prokurorluğu tərəfindən cinayətin araşdırılması üçün istintaq komissiyası yaradıldı. Ancaq əsl həqiqət uzun müddət üzə çıxmadı. Deyirdilər ki, istintaq qrupunun fəaliyyətinə o vaxtkı iqtidar mane olub. Prokurorluğa yuxarıdan təzyiq olurdu, yoxsa yox?

Yox, qəti surətdə heç bir təzyiq olmurdu. Kim nə deyirsə, hamısı şayiədir, böhtandır. Faciədən dərhal sonra istintaq qrupu yaradılıb və həmin istintaq qrupuna istintaq şöbəsinin rəisi, peşəkar müstəntiqlər və başqa mütəxəssislər cəlb olundu. Bütün kriminalistlər, Nəqliyyat Prokurorluğunun mütəxəssisləri, Azalın, Məhkəmə-Tibb Ekspertizası İnstitutunun əməkdaşları və başqaları. Birinci addım o oldu ki, istintaqçılar hadisə yerinə göndərildi. Arxasınca da özüm getdim. İstintaq lazım qaydada aparılıb. Yəni demək istəyirəm ki, heç bir təsir və təzyiq olmayıb. İstintaq müəyyən etdi ki, vertolyot ermənilər tərəfindən vurulubdur. Keçirilən ekspertizadan bir daha məlum oldu ki, yerdən atəş açılma nəticəsində həmin vertolyot qəzaya uğrayıb. Hadisəyə yerindən güllələr tapılmışdı. Onlar vertolyotun pərinə, vertolyotu sürənlərə dəymişdi. Pilotların ikisi də yaralanmışdı. Nəticədə vertolyot qəzaya uğramışdı.

O vaxt rəsmilər, nədənsə, etiraf etmək istəmirdilər ki, vertolyotu ermənilər vurub.

İlkin vaxtlarda hələ istintaq dəqiq müəyyənləşdirə bilməmişdi. Mən məsuliyyətsiz bəyanatlar verə bilməzdim. Əlbəttə, ilk versiya vertolyotun ermənilər tərəfindən vurulması idi. Dəfələrlə bu barədə müxtəlif yerlərdə müxtəlif suallar da veriblər, müxtəlif müsahibələr də vermişik, qəzetlərdə də çıxışlar olub. Deyilib ki, terror aktını ermənilər törədib. Bu məsələdə gizli söhbət yox idi. O vaxt biz erməni tərəfindən bir neçə adam da tutmuşduq. Konkret olaraq atəş açan adamların kimlər olduğunu müəyyənləşdirmişdik. Vuranlar bir dəstə terrorçu olub: Qarakənd Kənd Sovetinin sədri (soyadı yadımda deyil, ancaq istintaqda adı-familyası var), Martuni rayonundan bir taksi sürücüsü (onun da adı-familyası bəllidir) və başqaları. Cinayətkarların kimliyi bilinirdi. Bu informasiyaları biz erməni tərəfindən əsir düşmüş adamlardan alırdıq. Vertolyotun vurulduğunu görən başqa adamlar da olub. Çöldə qoyun otaran çobanlardan birində binokl var imiş. Və o, yaxından vertolyotun gəlməyini, vurulmağını, düşməyini, gurultusunu, sonra yük maşınının getməyini görmüşdü. Cinayətlə bağlı istintaqın gedişi imkan verən dərəcədə o vaxt kifayət qədər məlumat verilib.

Yəni sizə elə gəlir ki, o vaxt istintaq yetərincə aparılıb, əsl cinayətkarlar üzə çıxarılıb.

Əsl cinayətkarlar bu gün də üzə çıxarılmayıbdı. Çünki cinayəti törədənlər hələ də məsuliyyətə alınmayıblar. Məncə o vaxt nə mümkün idisə edildi. Mən Baş prokuror olaraq az müddət işlədim. Bir neçə Baş prokuror dəyişib. Mənim hesabıma görə kifayət qədər, istintaq hərəkətləri yerinə yetirilmişdir.

O vaxt deyirdilər ki, sabiq prezident Ayaz Mütəllibovun bir əli bu istintaq işinin üstündə olub. Yəni bu cinayətin açılmamasında maraqlı olub.

Yox, elə deyil. Mütəllibovu çox şeydə günahlandırmaq olar, nöqsanları haqqında danışmaq da mümkündür. Ancaq bu cinayət işinə onun heç bir təsiri olmayıb. Görməmişəm, hiss eləməmişəm. Yadımdadır, qara qutunun açılması məsələsi var idi. Mənim Mütəllibovla telefon danışığım oldu. Belə qərara gəldik ki, qara qutunun açılması Azərbaycanda qeyri-mümkündür. Bu bizim imkanımız daxilində deyil. Qərara aldıq ki, Moskvaya göndərək onu. Hətta Mütəllibov mənə telefonla zəng elədi ki, bəlkə qara qutunu Moskvaya göndərməyək. Çünki müəyyən söz-söhbətlərə səbəb olacaq. Öyrənin görün hər hansı başqa bir dövlətdə onu açmaq mümkündürmü? Bu məqsədlə valyuta da ayıraq. Sonra mən öyrəndim ki, belə bir işi İngiltərədə eləmək olar. Argentinada hətta belə bir mərkəz də var. Çox götür-qoy etdik. Mən təşəbbüs də göstərdim ki, başqa ölkələrə göndərək. Ancaq sonra belə qərara gəldik ki, biz bu məsələni Moskvada həll etməliyik. Çünki orada bunun üçün kifayət qədər şərait var. Həmin vertolyot rus ordusuna məxsus idi. Onlarla bizim aramızda müəyyən narazılıqlar olurdu. Onlara qalsaydı deyirdilər ki, vertolyot bizim vertolyotdur, biz özümüz istintaq aparmalyıq. Çox narazılıqlardan sonra istintaqı biz özümüz apardıq. Hətta lazım olanda müəyyən köməkliklər də bizə edilirdi.

Murad müəllim, vertolyot vurulandan sonra onun içində rus millətindən olan generalların ermənilər tərəfindən aparılıb, sonradan azad buraxılmaları haqqında şayiələr yayıldı. Yəni həqiqətənmi vertolyotda olan respublika rəhbərlərinin hamısının meyidi tapılıb?

Məncə vertolyotda olanların hamısının meyidləri tapılıb. Ancaq bu və ya digər şəkildə bəziləri tanınmaz dərəcəyə düşmüşdü. Sübut olundu ki, cəsədlərin hamısı orada idi. İntəhası bəziləri tanınmaz dərəcəyə düşmüşdü. Çox şayiələr yayıldı. O şayiələrin yayılmasının bir səbəbi də o oldu ki, erməni əsiri dedi ki, biz eşitmişik ki, guya Qayıbov, Əsədov, bir də kiminsə cəsədi yoxdur. Onları tutub əsir aparıblar. O da fərziyə ilə danışırdı. Bilirsiniz, biz həmin versiyaya Yox! deyirik. Qayıbovun meyidi tanınırdı. O dərəcədə yanmamışdı. Bir neçə başqasının da şəxsiyyətini tanımaq mümkün idi.

Belə bir versiya da var idi ki, guya vertolyot yerə düşəndən sonra ermənilər bizimkilərə fiziki cəza veriblər.

Fiziki cəza vermək söhbəti yalandır. Amma belə bir versiya var idi ki, vertolyot yerə düşəndən sonra bir qrup erməni maşınla hadisə yerinə gəlib. Onu deyə bilərəm ki, bəzilərinin tapançasının koburu olduğu halda silahları yox idi. Fiziki işgəncə ilə bağlı söhbət olmayıb.

O vaxt respublikada qanunların aliliyinə nəzarət edən vəzifə sahibi idiniz. Respublikanın daxili işlər naziri Tofiq Kərimov dövlət informasiya orqanları vasitəsilə xalqa yanlış məlumat vermişdi. Hansı qanuni tədbiri gördünüz?

Həmin iş üzrə istintaq gedirdi. Səhv etmirəmsə, yalan informasiya verdiyinə görə, Tofiq Kərimov cinayət məsuliyyətinə cəlb olundu. Sonra deyəsən, amnistiyaya düşdü. Hətta bir dəfə Tofiq Kərimov mənə zəng elədi ki, müstəntiq onu dindirmək üçün çağırıb, getmək istəmir. Yəni öz şəninə sığışdırmır. Mən ona çox ciddi şəkildə dedim ki, getməlisən. Yəni qanun hamı üçündür. Belə məlum oldu ki, Tofiq Kərimov həmin məlumatı özü yazıb. Cinayət işində də bu əks olunub.

Murad müəllim, həmin dövrdə Dağlıq Qarabağda fəaliyyət göstərən komendaturanın zabitləri ilə erməni döyüşçülərinin sıx əlaqəsi olub. Bu faciənin birgə törədildiyi güman edilir.

Doğrudan da, komendaturanın işindən çox narazı idik. Onlar lazımi hərəkət etmirdilər. Erməniləri açıq-aşkar müdafiə edirdilər. Acaq mənə elə gəlir ki, vertolyot hadisəsinin törədilməsinin səbəblərindən biri bizimkilərin Qaradağlı kəndinə getmək barədə dərhal qəbul edilən qərar olub.

O hadisədən bir gün sonra Xocalı şəhər aeroportunun komendantı, mərhum Milli Qəhrəmanımız Əlif Hacıyev zəng edib deyib ki, hadisə baş verməmişdən bir gün qabaq vilayət komendantının müavini, polkovnik Aleksandr Paloskov Xocalı şəhər Daxili İşlər Şöbəsinə gəlib kapitan Məmmədova bildirdi ki, sabah Azərbaycan respublikasının yüksək rütbəli rəhbərləri Ağdama gəlib oradan azərbaycanlılar yaşayan Qaradağlı kəndinə gedəcəklər. Əgər onlar ermənilərin istəklərinə qarşı çıxsalar hər an faciə ola bilər. Özü də o bunu ultimatum şəklində deyib.

Mən rəhmətlik Əlif Hacıyevi çox gözəl tanıyırdım və çox da gözəl münasibətlərimiz var idi. Polisə bərpa olunmasında, bir sıra məsələlərdə mənim köməyim olmuşdu. Ancaq bu deyilənə mən inanmıram. Çünki Əlif Hacıyevin mənimlə çox sıx münasibətləri var idi. Elə gün olmazdı ki, Əlif Hacıyevlə mən telefon əlaqəsi saxlamayaydım. Mən nəyə görə inanmıram? Çünki Qaradağlıya getmək söhbəti əvvəlcədən planlaşdırılmayıb. Qaradağlıya getmək rəhmətlik dövlət katibi Tofiq İsmayılovun təşəbbüsü olub. İclas gedən vaxt Qaradağlı kəndinin vəziyyətinin pis olduğu haqqında Tofiq İsmayılova şikayət ediblər. Ermənilərin özbaşınalığından danışılıb. Komendaturanın işçiləri, generallar bununla razılaşmayıb. Onda Tofiq İsmayılov təzəcə dövlət katibi vəzifəsinə təyin olunmuşdu. Tofiq İsmayılov məsələyə yerində baxmaq təşəbbüsünü irəli sürüb. Və onlar arxayın olublar ki, rusların vertolyotu olduğu üçün ermənilər atəş açmazlar.

 

Müsahibəni təqdim etdi: Səyyad AĞBABALI

 

525-ci qəzet.- 2011.- 17 noyabr.- S.7.