Necdət Ünüvar: “Azərbaycan Cənubi Qafqazın, Türkiyə isə Orta Şərqin və dünyanın parlayan ulduzudur

 

“ƏVVƏLCƏ AZƏRBAYCANDAKI HƏMKARLARIMIZI BURAYA DƏVƏT EDİB ONLARLA YAXINDAN TANIŞ OLACAĞIQ. SONRAKI MƏRHƏLƏDƏ İSƏ BİZ AZƏRBAYCANA GEDƏCƏYİK”

 

Türkiyə Böyük Millət Məclisinin Türkiyə- Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yeni rəhbəri, Ədalət və İnkişaf Partiyasının (AKP) Adana millət vəkili Necdət Ünüvarın APA-ya müsahibəsi.

– Ceyhanlısınız. O adın Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında rəmzi önəmi olduğunu bilirsiniz...

– Bakı-Tiflis-Ceyhanın Ceyhan tərəfindənəm, bu yaxınlarda da Bakı ilə münasibətləri ən yüksək səviyyəyə çıxaracaq dostluq qrupunun sədri seçildim.

– Sədr seçildikdən sonra Azərbaycana getdinizmi?

– Yox, hələ getməmişəm. 2003-cü ilin iyununda mərhum Heydər Əliyevin görüşdüyü son əcnəbi heyətlərdən biri biz idik. Səhiyyə nazirimizlə birlikdə getmişdik. Mən o vaxt nazirliyin icra aparatının rəhbəri idim. Azərbaycana çox getmişəm. Şəkiyə getdim, sonra Qarabağ tərəflərdə azərbaycanlı qardaşlarımızla görüşdük, çörək yedik. Azərbaycan barədə bilgim var, bundan sonra tez-tez gedib-gələcəyik. Sədrliyim dövründə Türkiyə-Azərbaycan münasibətlərinin daha da irəliyə gedəcəyinə inanıram. Əslində Türkiyə-Azərbaycan münasibətlərindən danışarkən “dostluq” kəlməsi zəif səslənir, çünki Türkiyə və Azərbaycan bir millətin iki dövlətidir. Biz özümüzü Azərbaycandan fərqli görmürük, ətlə dırnaq nədirsə, bizim münasibətlərimiz də odur. Ona görə də münasibətlərimizin daha yüksək səviyyəyə çıxarılması üçün bizim də əməyimizin olacağına inanıram.

– Oktyabrın 25-də İzmirdə Türkiyə ilə Azərbaycan arasında önəmli sazişlər imzalandı, Azərbaycan Türkiyəyə 5 milyard dollarlıq birbaşa sərmayə gətirdi. Atılan bu önəmli addımları parlamentlərarası münasibətlər çərçivəsində inkişaf etdirmək üçün nələr etməyi düşünürsünüz?

– Türkiyə ilə Azərbaycan arasında dərin münasibətlər var. Məsələn, 1918-ci ildə Nuru paşanın komandanlığındakı 8 min nəfərlik ordunu Azərbaycana göndərdik. O vaxt Osmanlı İmperiyası dağılmaq ərəfəsində idi, özümüzün ehtiyacımız olan bir vaxtda Azərbaycana ordu göndərdik. Bilirsiniz ki, təxminən 3 həftə əvvəl Vanda zəlzələ olduoraya ilk kömək Azərbaycandan gəldi – 3 təyyarə yardım, 300 nəfər xilasedici göndərdilər. Onlar dedilər ki, biz gəlmək üçün icazə istəmədik, çünki qardaş qardaşa yardım etmək üçün icazə istəməz. Bu, bizim üçün çox dərin mənalı bir addım oldu. Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum təbii qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu, Qars-Naxçıvan dəmir yolubunlar çox önəmli layihələrdir.

İzmirdə inşa olunacaqStar” neftayırma zavodunun investisiya həcmi 5 milyard dollardır. Ancaq həmişə bunu vurğulayıram: istənilən saziş bizim qardaşlığımızdan dəyərli deyil. Biz qardaşlığımızın iri həcmli layihələrə bağlı olduğunu düşünmürük. Türkiyə və Azərbaycan hər platformada bir-birlərinə dəstək verir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçildi. Hörmətli prezident İlham Əliyev dedi ki, bu yer həm də Türkiyənin yeridir. Bunu da əlavə etdi ki, 2 il əvvəl Türkiyə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə seçiləndə biz deyirdik ki, o yer bizim yerimizdir. Münasibətlərimizin dərinliyini bundan yaxşı nə ifadə edə bilər? Bütün sahələrdə daha dərinə getməliyik. İzmirdə 10-dan çox saziş imzalandı. Azərbaycanın müstəqilliyinin 20-ci ili münasibətilə Bakıdan millət vəkillərini Türkiyəyə dəvət edirik. Yazışmalarımız davam edir. Bu, həm də Azərbaycan parlamenti ilə Türkiyənin yeni parlamentinin tanışlığı olacaq. Bilirsiniz ki, bizdə yeni parlament 12 iyundakı seçkidə formalaşdı. Münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün mətbuatın önəmli yeri var. Əgər gördüyümüz işlərdən xalq xəbərdar olmasa, əlaqələrimizi dərinləşdirməyimiz çətin olar. Xalqlarımızın bir-birinə daha çox yaxınlaşması lazımdır, bu məqsədlə bütün sahələrdə tədbirlər keçirməli, insanlarımız arasındakı gediş-gəlişin maksimum səviyyəyə çıxması üçün əlimizdən gələn hər şeyi etməliyik.

Türk PA-nın Baş Katibliyinin Bakıda yerləşdiyini bilirsiniz. Türkiyə-Azərbaycan münasibətlərinin modelini digər türk cümhuriyyətlərinə də örnək hala gətirmək üçün hansı planlarınız var?

Prezidentimiz, baş nazirimiz məsələ ilə əlaqədar bütün çıxışlarında deyirlər ki, Azərbaycanın, Qazaxıstanın problemləri bizim problemlərimizdir. Mən Qırğızıstanın, Türkmənistanın, Özbəkistanın da bundan fərqli olduğunu düşünmürəm. Ona görə də əsas məqsədlərimizdən biri Türk PA çərçivəsində də münasibətlərimizi inkişaf etdirməkdir. İndi dünya əhalisi artsa da, iqtisadisiyasi əməkdaşlıq, informasiya baxımından dünya kiçilir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv olması bu qardaş ölkənin dünyada önəmli bir mövqe əldə etməsinin göstəricisidir. Yaxın gələcəkdə Azərbaycan ona ümid bağlayan xalqların səsi olacaq, buna inanıram. Biz də parlamentlərarası dostluq qrupunun üzvləri kimi bu proseslərə dəstək verəcəyik.

– Sədr kimi Azərbaycana ilk səfərinizi nə vaxta planlaşdırmısınız?

Noyabr-dekabr aylarında bizdə gərgin büdcə müzakirələri olur. Biz əvvəlcə Azərbaycandakı həmkarlarımızı buraya dəvət edib onlarla yaxından tanış olacağıq. Sonrakı mərhələdə isə biz Azərbaycana gedəcəyik. Bakıya səfərimi səbirsizliklə gözləyirəm. AKP iqtidarı dönəmində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun ilk rəhbəri olan Haluk İpək deyir ki, hər dəfə gedəndə Azərbaycanda önəmli dəyişikliklər olduğunu görürdüm. Gərək biz də Azərbaycanı tez-tez görək ki, oradakı dəyişikliklərin şahidi olaq. İndi Azərbaycan Cənubi Qafqazın, Türkiyə isə Orta Şərqin, hətta dünyanın parlayan ulduzudur. Azərbaycanlı qardaşlarıma sayğı və sevgilərimi göndərirəm.

 

 

525-ci qəzet.- 2011.- 17 noyabr.- S.3.