Niyazi Mehdinin ülgüc üzəri ilə yeriyən ibadət düşüncələri

 

Qanun nəşriyyatı professor Niyazi Mehdinin “O. Ülgüc üzəri ilə yeriyən ibadət düşüncələri” kitabını çapdan çıxarıb. Burada yazar İslam və bütünlükdə dinin paradoksal, yüzillərlə dartışılan problemləri üzrə düşüncələr yürüdür. Əsər ruhuna, paradiqmalarına görə Təsəvvüf gələnlərinə, İslam fəlsəfəsinə, dünya teoloji fikrinə söykənir. O yazarın gündəliyindən dini seçmələr toplusu olduğu üçün essesayaq mozaika kimidir.

Niyazi Mehdinin kitabda qatarlanan düşüncələrinin bir axını da var: o, dini ortodoksiyanın yaşamaq haqqını tanımaqla bərabər İslamda çağdaşlaşma, yəni zamanın gərəklərinə, çağırışlarına səs verərək yeniləşmə fəlsəfəsinə söykənclər tapmağa çalışır. Həm də söhbət İslamın özünün yeniləşməsindən getmir. Çünki müəllifin fikrincə, o heç vaxt köhnəlməz. Köhnələn möminlərin şüuru olar. İslamda yeniləşmənin məkanı onun qavranılması, anlanılması və duyulması müstəviləridir.

Kitab haqqında tanınmış ilahiyyatşünas Nəriman Qasımoğlunun fikri:

– İmanı kamilləşdirməyin saysız-sınırsız yolları var ki,  bunların içində Niyazi Mehdinin iman eksperimentlərini açıqlayan yazıları tutumlu bir yer alır. Gözəllik bu yazıların məzmunundadır – oxucuları ilahi hikmətlərin saysızlığı və sınırsızlığına doğru çəkməklə gerçək qurtuluşa bələdçilik etmək. Və elə bilirəm Niyazi bəyin iman eksperimentləri müqəddəs Oxuya iman gətirənlərə ünvanlanan bu qəbildən sualların verilməsini də aktuallaşdırır: “Düşünməzmisiniz?”; “Bir ağıl işlətməzmisiniz?”; “Görməzmisiniz?”

Kitabın redaktoru ünlü jurnalist Zeynal Məmmədlinin təqdimat sözləri:

Bu kitab, məncə, düşünmək istəyənlərə ünvanlanıb və başlıca xəbər yükü budur: Tanrını düşünməkdən ləzzət alırsansa, ateistolmaq olar, çünki Tanrını düşünəndə və lap bir anlıq da olsa, Ona tapınanda hamını və hər şeyi eyni anda önəmsəyirsən”.

Kitab haqqında təsəvvürlər yaratmaq üçün bir neçə fraqment:

– Dində olmaq çətindir. Çox adam dində olmağı asanlaşdırmaq üçün dini asanlaşdırıb bayağı, korlanmış bilincinə, şüuruna rahatlıq qazanır;

Allah-taala bizim başımıza gələnlərin və bizi sevindirənlərin hansınınsa nədənliyini, nəyəgörəliyini bizdən dəhşətli dərəcədə uzaqlarda, həm də dəhşətli dərəcədə keçmişin, gələcəyin uzaqlarında gizlədə bilər;

– Allahım! Məni özümdən Sənə götür! Allahım! Məni Özünə götür ki, özümdə özümdən heç nə qalmasın!

– Varlıq, bəlkə də Allahın zarafatıdır

Allah hər yerdədir, ancaq hər yerdə bircür deyil, bircürlük verəndir.

– Həmişə rahatlıqda, işlərin yaxşı getdiyi yerdə insanın Allahı primitivləşdirməsi var. Bu üzdən Allah sevimli bəndələrini dərdə və əziyyətə salır. Ancaq sevmədiklərini də unutmur;

Allah psixolojimizi elə qurub ki, nankorluğaOndan şübhələnməyə yönəlirik. Deməli, möminlik psixologiyanın bu meylinə qalib gəlmək və çətinliyi adlayıb Allaha inanmaqdır;

– Mən özümdən Ona baxdım və öz uğursuzluqlarımdan incik adam oluban elə bu psixolojidən də Onu qavramaqdan qurtula bilmədim. O zaman düşündüm ki, özümü cild kimi buraxıb qırağa çıxım və həm Tanrı qarşısında duran mənə və həm də Tanrıya baxım. Yoxsa, tapınmaq, Tanrını qavramaq və düşünməkdə öz cildindən Ona baxmaq çox uca və sərt nəsnələri duymağa qoymur, bayağılıq gətirir.

 

 

525-ci qəzet.- 2011.- 18 noyabr.- S.7.