“Mingəçevir leysanı”nın oxucularla yeni görüşü

 

“Mingəçevir leysanı” ədəbi-bədii jurnalının növbəti sayı işıq üzü görüb. Toplunun poeziya bölməsində Məhiyəddin Məhərrəmoğlunun, Ülviyyə Məmmədlinin, Qüdrət Məmmədovun, Məhəmməd Nəbiyevin, Namiq Zamanın, Ramiz İsmayılovun, Arzuman Tağıyevin, Rüfanə Əsgərlinin və Əhməd Süleymanovun şeriləri dərc edilib. Nəsr bölməsinə Svetlana Məcidovanın “Məhəbbətə dönən hörmət” povesti, Kamil Əfsəroğlunun “Qaratikan”, Zahid Qasımlının “Qoz ağacı və ya qarğaların intiharı”, Zümrüd Rəhimovanın “Sevginin böyüklüyü” hekayələri daxil edilib. Jurnaldakı publisistika bölümündə Eyyub Cabbaroğlunun “Qulaq”, Vahid Qafarlının “İllərin qan yaddaşı”, Kifayət Əliyevanın “Mirzə Kazımbəy dünyası” və İsmayıl Mərcanlının “Erməni iyrəncliyi” başlıqlı məqalələri verilib. Tənqid və ədəbiyyatşünaslıq bölməsində Zəminə Xınalının “Həsrətlə, hicranla baş-başa bacım” və Nizami Cəfərovun “Hərbi vətənpərvərlik dərsi” başlıqlı məqalələri öz əksini tapıb. Zəminə Xınalı qələmə aldığı “Həsrətlə, hicranla baş-başa bacım” məqaləsində yazıçı Qorxmaz Abdullanın bəstəkar Məlahət Həmidqızı haqqında yazdığı “Nəğmələrə dönən lal haraylar” adlı kitabından bəhs edib: “Dövrü mətbuatdan yaxşı tanıdığım Qorxmaz Abdullanın “Nəğmələrə dönən lal haraylar” kitabını bircə nəfəsə oxudum. Sanki hər misrada, hər cümlədə, hər bir səhifədə tanınmış bəstəkar Məlahət Həmidqızından söz açıldığından oxuduqca gözlərimin önündə Azərbaycan xanımlarına xas olan xüsusiyyətləri özündə cəmləşdirən xanım-xatın kimi özü də, sözü də məlahətli olan Məlahət Həmidqızının həyatına həsr edilmiş kinofilm seyr edirdim”. Professor Nizami Cəfərov “Hərbi vətənpərvərlik dərsliyi” başlıqlı məqaləsində isə tanınmış jurnalist Tariyel Abbaslının “Zəminə Xınalının yaradıcılığında hərbi vətənpərvərlik” adlı kitabından söz açıb. N.Cəfərov Azərbaycanın ağrılı-acılı problemləri, Azərbaycan əsgərinin taleyi, Azərbaycanın müharibə taleyi, Azərbaycanın zəruri qələbəsi üçün lazım olan mənəvi gücün tərənnümünün Zəminə Xınalını yaradıcılığında əsas yer tutduğunu qeyd edib. Nəşrin son səhifəsində “Nuhun gəmisinin lövbər yeri” araşdırma yazısı, Ziyadxan Budağın Mingəçevir camaatının həmişə ehtiram hissi ilə xatırladığı ziyalı Məhəbbət Qarabağlının keçdiyi ömür yolunu özündə əks etdirən “Bir ömrün zirvə yolu” adlı kitabının xülasəsi və Əhməd Süleymanovun qələmə aldığı təmsillər oxuculara təqdim olunub.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2011.- 18 noyabr.- S.7.