“Xoş gördük gözlərim, xoş gördük!”

 

Fikrət Mursaqulov 1955-ci ildə Borçalıda, Marneuli şəhərində anadan olmuşdu. Bakıda, gözdən əlil uşaqlar üçün orta internat məktəbini 1975-ci ildə bitirərək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunmuşdu.

1980-ci ildə universiteti bitirdikdən sonra Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin mətbəəsində ömrünün sonunadək baş redaktor vəzifəsində çalışmışdır.

Yaşasaydı, bu gün 55 yaşı arxada qoymuş olacaqdı. O isə cəmi 33 il yaşadı. Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı idi. “Aşıq Ələsgərin poetikası” adlı namizədlik dissertasiyasını yazmışdı. Alimlik dərəcəsi alacaqdı. Yaşasaydı, görkəmli alim, tanınmış şair ola bilərdi.

Gözləri dünya işığından məhrum idi. Amma Uca Tanrı onu bir topa nur kimi yaratmışdı. Sanki günəşin işığı bu nur topasının içində gizlənmişdi. Fikrət yeriyəndə nur topası kimi, qaranlıqları yarıb keçirdi. Onun köksündə məşəl kimi yanar ürəyi vardı. Sanki “zülmət içrə bir nur” idi Fikrət.

...Universitetin jurnalistika fakültəsində oxuyurduq. Fikrət üçüncü kursda oxuyanda mən birinci kursda idım. Onun sığındığı otaq mənim ikinci universitetim idi. Tələbəlik illərində Bakı Dövlət Universitetinin 3 saylı yataqxanasında yaşamışdıq. Sonra da köçəri quşlar kimi, başqa – başqa yerlərə pərvazlandıq.

İmtahan sıxıntılarından qurtarandan, qayğılardan azad olandan sonra üz tutmalı bir ünvanım vardı. O ünvan Fikrətin kirayənişin olduğu mənzil idi. Bəlkə o mənzilə daxma demək daha yerinə düşərdi. “Bakı soveti” metrosundan çıxanda üzüyuxarı qalxan yolun o başında daş pilləkənlər vardı. Metrodan çıxandan sonra həmin o daş pilləkənlərlə qalxıb Fikrətin sığındığı daxmaya gedərdim. O daxmanın divarları, döşəməsi, tavanı, qapı-pəncərəsi yaddaşıma elə hopub ki, heç vaxt unudulmur. Çünki Fikrətin özünü unuda bilmirəm.

Onun adı gələndə qəmli-qəmli oxuduğum bir mahnım var. Sözləri də, bəstəsi də özümə məxsusdur. Elə ifaçısı da özüməm, dinləyicisi də... Yalnız və yalnız təklənəndə oxuyuram:

 

Fələk dost bağıma dərd əkir lələ,

Gözlərim yağış tək yaş tökür elə...

Bilmirəm, ürəyim nə çəkir hələ,

Qaldım ürəyimdən aralı, könlüm...

 

Fikrətin yaşadığı o daxmanı dünyanın büllur saraylarına dəyişməzdim. Çünki o daxmada Fikrət yaşayırdı. Fikrət adi insan deyildi. Qeyri-adi istedad sahibi idi. Savadı, düşüncəsi, məntiqi dərin idi, çox dərin idi. Universitet illərində öyrəndiklərimizin iki qatını Fikrətdən öyrənirdik. Biz çox görkəmli müəllimlərdən dərs alırdıq. Ancaq sovetlər dönəmində qadağan olunmuş ədəbiyyatdan, demokratik düşüncənin daşıyıcılarından universitet auditoriyasında söhbət açmaq asan deyildi. Fikrət hamımızdan savadlı idı, həm də cəsarətli idi. Qadağan olunmuş sualların cavabını da müəllimlərdən yeri gəldi, gəlmədi ala bilirdi. O, hamımızdan ərköyün idi. Millətimizin ərköyün oğlu idi. Borçalıda köklü nəsil olan mursaqulovların Aslan ağa ocağının ərköyün oğlu idi. Bu ərköyünlük zaman-zaman onun xarakterindən bir işıq zolağı kimi gəlib keçmiş,işıqlı xatirəyə dönmüşdü.

O xatirələrdən Fikrət elə yastı-yastı danışırdı ki:

– A Həzi, mən bilən, sizin kənddə tənbəki əkerdilər, eləmi?.. Bax, mənim pal-paltarımdan internat məktəbində oxuduğum vaxtlarda həmən tənbəki iyi gəlerdi. İnternatda oxuyan dostlarımın bir çoxu kimi, mən də siqaret çəkerdim. Yay tətilində evimizə gələndə paltarımın tənbəki iyini atam, anam, qardaşlarım ... hamı hiss edirdi. Bilirdilər ki, siqaret çəkerəm. Könlümü qırmamaq üçün heç nə demerdilər. Bir gün evimizdə qələbəlik idi. Atam da başda oturmuşdu. Ürəyim siqaret üçün yanerdı. Özümdən ixtiyarsız dedim: – Ay qağa, sənin işin-gücün yoxdumu, bir çölə çıxsana, siqaretimizi çəkək?!

Evdəkilər bu sözlərimə xorla gülüşdülər. Allah qoymasa, siqareti gizlində çəkerdim. Onda uşağıydım, böyüyəndə belə “günah” işlətmədim.

Əlbəttə, Fikrətin bu ərköyünlüyü, könül qayğısı başa düşülən idi. Qüruru, ləyaqəti, əxlaqı hər şeydən uca tutan Fikrət, öz könül qayğılarına yumor hissi ilə yanaşırdı. Onun öz dilinə bağlı belə incə yumorları çox idi. Ailədən gələn sağlam tərbiyə Fikrətin canına – qanına hopmuşdu. Taleyi, qisməti isə bir ayrı idi. Ona görə də o “günahı” Fikrətə bağışlamaq olardı, necə ki, bağışlanırdı da. Fikrət bir oğul kimi, ata – anasını çox sevirdi. Onları öz canından artıq istəyirdi. Ata-anasının adı dilinin əzbəri idi. Fikrətin ana ünvanlı şeirlərindəki sətirləri oxuyanda qəmli duyğulardan süzülən poetik fikirlər insanı dara çəkir:

 

... Ürəyinin nəmini

Günə sərsəm quruyarmı?

Birçəyinin ağlığına

umud versəm yarıyarmı?

 

Fikrətin yaşamağı cəfalara dözə-dözə ömür sürmək idi. Amma cəfalı və vəfalı dostumuz Fikrət öz nağıl ömrünü mənalı, məzmunlu yaşayırdı. Biz onu təklənməyə qoymurduq. O, bizim yanar çırağımız idi. Biz o çırağın işığına pərvanələr kimi yığışırdıq; Müzəffər, Məhərrəm, Məmməd, İlham, Qulu, Qafar və kimlər... kimlər...

Fikrət bizim ən istəkli dostumuz idi. Tələbə yoldaşımız olmaqla bərabər, müəllimimiz idi. Həmyaşıdımız olmaqla bərabər, mənəvi “dədəmiz” idi.

Bəzi hallarda Fikrətə baş çəkməyə ayrılıqda gedərdik. Bir – birimizi əvəz edə-edə ona həyan olurduq. Axşam olanda hərə öz “yuvasına” gedirdi. Fikrətin yanında təkcə Givi qalırdı. İşığın sürgün olduğu öz dünyasında Fikrət qaranlıq məhbusu idi. Givisiz bir yana gedə bilməzdi. O rütubətli daxmada Fikrətin gecə tənhalığına həyan olan təkcə Givi idi.

Fikrətlə Givinin dostluğu, qardaşlıq mehri məni heyrətləndirirdi. Düşünürdüm, görəsən Givi olmasaydı Fikrətin günü – güzəranı necə olardı? Çox doğmalar bir-birinin qayğısına belə qala bilməz. Amma Givi qalırdı. İki ayrı-ayrı millətin balalarını ağlasığmaz möhkəm dostluq telləri bağlamışdı. Onlar bir-birinin dilini başqa-başqa millətlərin övladları kimi deyil, insan kimi öyrənib doğmalaşmışdılar. Bu doğmalıq onların tale oxşarlığının hikməti idi. Aralarındakı insanlıq dilinin hikməti idi. İnsanlıq dilinin hikməti hansı sirlə çözülə bilər ki?! Nə qədər böyük hikmətin varmış Tanrım?!

Gözdən əlillər üçün internat məktəbində oxumuş olsa da, Givi qismən görür. Onun orqanizmində piqment yetərsizliyi hökm sürür və görmə qabiliyyətinə mənfi təsir edir.

Son tikələrini bölməkdən savayı, Givi zəif görən gözünün olan-qalan nurunu da Fikrətnən bölürdü.

Dəfələrlə o divarları nəmli, səliqə-sahmansız daxmaya gələndə Fikrəti qaranlıqda təkcə oturub öz dərdləri ilə danışan, şeir yazan görmüşdüm, onu düşüncələrindən ayırmağa ürək eləməmişdim. Kölgə kimi gəlib, kölgə kimi də getmişdim.

Bir soyuq qış günündə qəfildən Fikrətin qapısını açdım.Otağın ölü sükutunda qapının cırıltısı aydın eşidildi.Fikrət üşüməmək üçün çarpayıda güllü yorğanına bürünüb yuxuya getmişdi. Səsimi eşidən kimi, yerindən dik atıldı. Gəlişim onunçün göydəndüşmə oldu.

 

– Ay avara, hardasan? Nə yaxşı gəldin... yaxşı ki, gəldin... bir çay qoy, içək a Həzi, – dedi. Sonra da əlavə etdi ki, Givi bazarlıq eləməyə gedib, bir azdan gələr...

Qazı yandırdım. Çaydanı qazın üstünə qoydum...Bir azdan çay dəstgahı hazır oldu. Çay içə – içə şirin söhbət elədik. Fikrətin çappa stəkanına yenə çay süzdüm. Bir qurtum çay içir, üstündən də bir qullab siqaret çəkirdi. Şeir havasına köklənmişdi Fikrət. Gördüm ki, yazır. Ona mane olmamaq üçün otağın səliqə –sahmanına yüngülvarı əl gəzdirdim. Arada çölə çıxıb gəldim. Qaz yandığına görə otaqda bayaqkı soyuqdan əsər-əlamət qalmamışdı. Fikrət yenicə yazdığı şeiri bəxtəvər – bəxtəvər ucadan oxudu:

 

Elə köklənmişəm söz havasına,

Əzəl – axırından qopacağım yox.

Mənim təsəllimdir duyan ürəklər,

Bir özgə qazancdan umacağım yox.

 

Fikrət düşünəndə, şeir yazanda dərs əzbərləyən uşaqlar kimi, dodaqlarını tərpədirdi.Hərdən öz-özünə pıçıltı ilə danışırdı. Yenicə doğulan şeirinin misralarını özünə pıçıldayırdı, öz qulağına pıçıldayırdı. Hərdən də ah çəkirdi.Şeirlərini “Brayl” əlifbası ilə – nöqtəli əlifba ilə yazırdı.. “Təsəlli” adlı şeirini də beləcə yazmışdı:

 

Oxuya – oxuya,yaza – yaza

işıq əlifbası öyrədirəm barmaqlarıma.

Xoş gördük gözlərim,

Xoş gördük!

 

Fikrətin görən gözü elə bil barmaqlarının ucunda idi. Həmin o işıq əlifbası öyrətdiyi barmaqları siqaret tüstüsündən xəzan yarpağı kimi saralmışdı.Siqareti bir – birinin oduna yandırırdı. Özü də siqaretinin oduna yanırdı. Yana – yana canına qəsd edirdi. Bizi də yandırırdı.Səhər tezdən çörək, su keçməyən boğazından yalnız siqaret tüstüsü keçirdi. “Avrora” adlanan tünd acı siqareti arılar güldən, çiçəkdən şirə çəkən kimi çəkirdi Fikrət. Elə dərindən qullab vururdu ki, özü də siqaretin tüstüsündən görünməz olurdu.

Siqaretə ara verəndə gözlərinə baxdım. Gözlərinin rəngi bulanıq su kimiydi Fikrətin. Bolluca qəm vardı, kədər vardı gözlərində. Bu boyda dərdin, qəmin içində yaşayan Fikrəti bircə dəfə ağlayan görmədim. Sanki gözünün yaşı qurumuşdu.

Zarafatı, deyib – gülməyi çox sevirdi. Güləndə də ucadan gülürdü, ürəkdən gülürdü. Fikrətin gülüşündən olmazdı. Bəzən o qədər gülürdü ki, gülüşünün sonu öskürəyə çevrilirdi. Əlbəttə, siqaretin təsirindən idi. Bir dəfə onun belə öskürdüyünü görəndə ürək ağrısı ilə dedim:

– A Fikrət, bu zəhrimarı çox çəkirsən... Gündə iki – üç qutu siqaret çəkən adamda can qalarmı?

– A Həzi, qağam da belə deyirdi. Gördü ki, düzələn deyiləm. Bir gün də dedi ki, “çək, çək , burnundan gəlsin”. (Əlbəttə, bu, atanın Fikrət kimi oğula qarğışı kimi başa düşülməməlidir. Bu kəlam türkün ana dilində, siqareti elə çək ki, tüstüsü burnundan çıxsın anlamına gəlir).

Sözlərini tamamlayıb, şaqqanaq çəkdi, ürəkdən güldü. Allah, Allah, gülüşündə nə boyda həyat eşqi vardı?!

Givi bazarlıq eləyib gəlmişdi. Köməkləşib yemək bişirdik. Fikrətin dəyirmi masasının üstündə süfrə açdıq. Çörək yedik, hərəyə 1-2 stəkan çaxır içdik. Yeyib – içəndən sonra Fikrət damağına bir siqaret qoydu və dedi:

– A Həzi, gətir oduna yanem ( yəni siqaretimi yandır), yoxsa yediyimizin, içdiyimizin cana xeyri dəyər...(!) – dedi və şaqqanaq çəkib güldü. Fikrətin gülüş səsləri divarlara dəyib cingildədi, soyuq qış gecəsində qəlbimizə hərarət gətirdi.

Həmin gün dağı arana apardıq, aranı dağa. Dağ Borçalıdakı oylaqlardan, güllü yaylaqlardan söhbət elədik.

Fikrət gülün, çiçəyin , ümumiyyətlə, heç nəyin rəngini görməmişdi. Yerin qara torpağını göyün ağ buludundan necə seçirdi, bilmirəm. Gülün – çiçəyin vurğunu idi. Rəngini heç zaman görmədiyi güllərin şəklini göyün üzündə, dənizin dibində çəkirdi. Nəğmə – nəğmə, şeir – şeir duyğularını səslənməmiş fikirlərlə izah edirdi. Bütün bunlara rəğmən Rəsul Rzanın rənglər silsiləsindən olan şeirlərini zirvə sanırdı. Deyirdi ki, rənglər silsiləsinin çalarları allı – güllüdür, çiçəkləri incədir, gülləri zərifdir.

O, heç nəyin rəngini görə bilməsə də, sözün rəngini görürdü. Hər adam sözün rəngini görə bilməz ki... O, yarpağın, torpağın, dağların, dənizlərin gözlə görünməyən rəngini görürdü. Onun gördüklərini biz görə bilmirdik. Qayaların əzəməti, dağların zirvəsi Fikrətin gözlərində yox, xəyalında uca görünürdü. Çox uca görünürdü. Fikrət heç sazın da rəngini görməmişdi. Amma sazın sinəsindən qopan səslərin rəngini görürdü. Bir dəfə özünün istəyi ilə sazımı otağına aparmışdım. “Orta sarıtel” havacatını ifa edib, sazı ehmalca Fikrətin qolları arasına qoydum. Min ilin həsrətlisi kimi sazı bağrına basdı. Sazın çanağından başladı, xərəsindən aşığına kimi əllərini gəzdirdi. Xəzan yarpağı kimi saralmış barmaqlarını gümüş tellərə, qaralmış, mis rəngini almış üzünü isə qara sazın çanağına sürtüb zülüm – zülüm oxumağa başladı. Sazı çalmırdı, çala bilmirdi. Amma sinəsindəki möcüzəli taxtanın eşqinə könlü dolmuşdu. Saz sinəsində görünəndə Fikrət mənə aşıq Veysəli xatırlatdı.

Fikrət nə oxuyurdu, necə oxuyurdu, başa düşülmürdü.Bu, oxumaq deyildi, sızıltıydı. Başı qarlı Tanrı dağlarının o üzündən gələn səs idi, ün idi, mələrti idi:

 

“Əriməzmiş heç qarı,

Buz kimidir suları.

Çağlar könül pınarı,

Bura Tanrı dağları”.

 

Fikrətin içində səssiz haray vardı. Səsində mərdliyin nərəsi vardı, can görüntüsü vardı, insan görüntüsü vardı. Fikrət torpaq dilində, daş dilində, quş dilində oxuyurdu. Hansı dildə oxusa da, öz mahnısını oxuyurdu. Onun bu halı məni için – için ağrıdırdı, için – için ağladırdı.

... Eşqi dastan olmuşdu yazıq Fikrətin. Universitetdə bir partada onunla yanaşı oturan xurmayı saçlı, həlim səsli qızdan Fikrət elə sevə-sevə danışırdı ki... O qızı dəlicəsinə sevirdi. Xurmayı saçlı, həlim səsli qız isə Fikrətin onu sevməsindən xəbərsiz idi. Ona bir tələbə yoldaşı kimi ehtiram bəsləyirdi, diqqət göstərirdi, qayğısına qalırdı. Fikrətin dərslərini onun üçün həlim səsiylə oxuyurdu. Fikrətin sevgisi bu həlim səsə vurğunluğundan doğulmuşdu. Ən kövrək məqamlardan biri də o idi ki, Fikrət sanki o qızın həlim səsilə sevgisindən xəbərdar olduğunu eşitmək üçün dərsə gedirdi. Fikrət üçün o qızın səsindən şirin səs yox idi. Şirin ümidləri o səsə bağlıydı. Sevdiyi qıza belə yazmışdı:

 

Uymuşam telefon pıçıltısına,

Sanmışam qəlbinə köç eyləmişəm.

Siqaret pulumu, kitab pulumu

İki qəpiklərə, on qəpiklərə

Çevirə – çevirə heç eyləmişəm.

 

Adının, səsinin həlimliyini,

Gecələr üzünü əzizləmişəm.

Üzdüm umudumun əlini səndən,

İndi necə deyim sənsizləmişəm.

 

...Həmin qış gecəsində bir – birimizə şeir oxuduq, şeirlər haqda fikir söylədik...Arzularımızdan danışdıq. Ədəbi prosesdən danışdıq. Söhbətimiz o qədər şirin idi ki, vaxtın necə keçdiyindən xəbərimiz olmamışdı. Saata baxdım. Gecə birin tamamına 10 dəqiqə qalmışdı. Nə Fikrət, nə də Givi mənim getməyimi istəyirdi. Mən “Bakı Soveti”nə çatanda artıq metronun qapısı bağlanmışdı. Taksi ilə getmək imkanım hardaydı?... Fikrətin daxmasına qayıtmaqdan başqa yolum yox idi. Fikrətin daxmasında gecələmək məcburiyyətində qaldım. Ancaq gözümə yuxu getmədi. Sanki yuxum qaçaq düşmüşdü. Amma onlar hərəsi öz çarpayısında yuxuya getmişdi. İkisinin də xəfif xorultusu bir – birinə qarışmışdı.

Fikrətin adəti idi, gecə şirin yuxudan oyanırdı. Beyninə yeni fikirlər gələndə yatağından durardı, siqaret yandırardı, qaranlıq otaqda “işıq əlifbası” ilə şeir yazardı. Yatağına uzananda da siqaret çəkirdi. ...Qaranlıq otaqda Fikrətin barmaqları arasında siqaretin qıpqırmızı közərtisi aydınca görünürdü. Çarpayısına yaxın getdim. Barmaqlarının arasındakı siqareti götürmək istəyəndə, sol əliylə biləyimdən yapışdı. Sanki oğrunu iş başında yaxalamışdı.

Fikrət olduqca həssas insan idi. Bir dəfə tələbə dostlarımızdan biri zarafatla, yataqxanada onun özünə hiss etdirmədən sakitcə otağına daxil olmuşdu. Fikrət cəld qapının arxasına söykənərək, “oğru”nun otaqdan çıxmağına mane olur. Dostumuz özünü gülməkdən saxlaya bilmir. Fikrət bunun bir zarafat olduğunu anlayır və ikisi də bir – birinə qoşulub gülüşürlər.

Yaxşı yadımdadır, mən əsgərlikdən tərxis olunub gələndə ilk getdiyim ünvan BDU – nun 3 saylı yataqxanasında Fikrətin yaşadığı otaq olmuşdu. Mən otağa daxil olanda Fikrət tək idi. Siqaret çəkirdi. Düşündüm ki, aradan iki il keçib, yəqin ki, səsimi də unudub. Amma yanılmışdım. Fikrəti ucadan salamlayanda dərhal məni səsimdən tanıdı. Həzi əsgərlikdən gəlib! – deyə, elə sevincək qışqırdı ki...Heç belə kövrək sevinc görməmişdim.

Fikrət bizim əzizimiz idi. Heç kimi ona bənzədə bilmərəm. Onun özünəməxsus gözəl xasiyyəti vardı. Hər yerdə, hər zaman yeri görünür. Dostlar arasında Fikrətin yeri boş qaldı.

...Fikrətin daxması yuxuma girmişdi. İlk bahar çağında o daxmanın üstündə Fikrətin ruhu sandığım ağ buluda gözüm dolusu baxdım... baxdım. Gözlərim doldu, ürəyim qan ağladı. Tanrının buludları o daxmanın üstündə ağlayırdı. Ağacdan – ağaca qonan Qumrular da eləcə...

 

 

Həzi Həsənli,

Azərbaycan Yazıçılar və 

Jurnalistlər birliklərinin üzvü,

şair-publisist

 

525-ci qəzet.- 2011.- 19 noyabr.- S.29.