Doktor Cavad Heyətin dilçiliyə və ədəbiyyatşünaslığa aid yeni kitabları nəşr olunub

  

Dünya şöhrətli cərrah, məşhur “Varlıq” dərgisinin yaradıcısı, görkəmli ədəbiyyatşünas-türkoloq Cavad Heyətin “Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda” kitabı və “Türk dilləri və ləhcələrinin tarixi” adlı ikicildliyi işıq üzü görüb.

Altı fəsildən ibarət olan “Dilimiz, ədəbiyyatımız və kimliyimiz uğrunda” kitabında Cavad Heyətin bir sıra araşdırmaları, məktubları, dilimiz, yurdumuz, islamşünaslıq barəsində yazıb nəşr etdirdiyi məqalələri, həmçinin onun haqqında məqalələr yer alıb. Toplunun ilk səhifəsində Cavad Heyət qeyd edib ki, kitabdakı 20 məqalə Şəhla Abdullayeva tərəfindən fars dilindən dilimizə tərcümə olunub. Alim vurğulayıb ki, həmin məqalələr dilimiz, mədəniyyətimiz və Şimali Azərbaycanın adı və kimliyi barədə bəzi ifrat farspərəstlər tərəfindən yazılan məqalələrə cavab olaraq farsca yazılıb.

Kitaba ön söz yazan Məmmədrza Heyət Cavad Heyətin həyatı və əsərləri haqqında məlumat verib. Bu fikirlər xüsusilə diqqəti çəkir: “Cavad Heyət insanlığa, İran-Türkiyə-Azərbaycan dostluğu və qardaşlığına göstərdiyi unudulmaz xidmətləri ilə tanınan, əsərləri, çıxışları və fəaliyyətləri ilə yetişdirdiyi yeni nəsil tərəfindən “Əsrimizin yaşayan Dədə Qorqudu” olaraq bilinən nadir şəxsiyyətlərdəndir”.

Nəşrdə alimin əsərlərinin biblioqrafiyasına da yer verilib. Kitabın birinci fəslində dilçilik haqqında məqalələr öz əksini tapıb.“Dil-Ana dili və əhəmiyyəti” başlıqlı məqaləsində müəllif dilin əhəmiyyətindən bəhs edib. O, dilin inkişafına daxili və xarici amillərin təsir göstərdiyini vurğulayıb. Bundan başqa məqalədə dillərin morfoloji baxımdan mənsub olduqları dil ailəsinə görə 3 qrupa bölündüyünü də diqqətə çatdırıb.

Dilçilik haqqındakı digər bir məqalə “Yeni dilçilik və dilimizə tətbiqi məsələsi”dir. Bu məqalədə qədim dilçilikdən bəhs olunub. Müəllif Qərbdə dilçiliyin antik Yunan filosofu Ərəstunun adı ilə bağlı olduğunu, miladdan 100 il əvvəl Dionisius Traksın İskəndəriyyədə ilk dəfə olaraq qrammatikanı müstəqil bir elm kimi tədqiq edib, sözləri 8 növə ayırdığını bildirib. Cavad Heyət tarixi dilçiliyin məhz XIX əsrdə əhəmiyyət qazandığını, yeni dilçiliyin isə XX əsrin əvvəllərində Ferdinand de Sössür ilə başlandığını vurğulayıb. Məqalədə müəllif Sössür nəzəriyyəsi haqqında da geniş məlumat verib. Maraqlı məqalələrdən biri də “Azərbaycan türkcəsinin Hind-Avropa dillərindən üstünlüyü” başlıqlı məqalədir. Bu məqalədə alim türk dillərindən Azərbaycan türkcəsi ilə Hind-Avropa dillərindən farscanı bir-birilə müqayisə edərək türkcənin üstünlüklərini və bu sahədəki son çalışmalarının özətini verməyə çalışıb. C.Heyət özünün bu mövzuda yazdığı “Müqayisətül-lüğəteyn” kitabının da qısa xülasəsini verib: “Mən hər iki dilin ustad şairi və ədibi olan Nəvainin kitabından ilham alaraq bundan bir neçə il öncə “Müqayisətül-lüğəteyn” kitabın yazdım və orda azəri türkcəsi ilə fars dilini qarşılaşdıraraq türkcənin üstünlüklərini izah etdim və sonra farscada qarşılığı olmayan 1700 türkcə kəlmənin siyahısını verdim. Kitabı farsca yazdım, ancaq mətnləri və sözləri türkcə-farsca verdim. Kitabı farsca yazmağımın mühüm səbəbi bütün iranlıların onu oxuya bilmələri, dilimizi həqir görən panfarsistlərin və türk olub da türk dilini , ədəbiyyatını yaxşı bilməyənlərin və ya assimiliyasiya olanların gerçəkləri öyrənmələri, qəbul etmələri olmuşdur”.

Kitabda yer alan “Yeni tapıntı-Baltazar-İsparvenfeld məcmuəsi dilimizin XVII əsrə aid qaynaqlarından” adlı məqalə də maraqlıdır. Belə ki, məqalədə müəllif dörd əlyazmadan ibarət olan Baltazar-İsparvenfeld məcmuəsinin İsveçin Uppsala şəhərində universitet kitabxanasında saxlanıldığını və bu əlyazmaların XVII əsrdə İranda yaşayan Baltazar de Lauzier tərəfindən yazıldığını, Moskvada isveçli səyyah Can Gabriel İsparvenfeldə verildiyini və İsparvenfeldin 1687- ci ildə İsveçə gedib və bu əlyazmaları Uppsalada Karolina kitabxanasına hədiyyə etdiyini bildirib. Bundan başqa alim bu əlyazmalar haqqında ilk dəfə İsveçli müəllif L.Johansonun bildirdiyi fikirləri də oxucuların nəzərinə çatdırıb: “Bu əlyazmalar haqqında ilk dəfə İsveçli müəllif L.Juhansonun İsveçin Araşdırma İnstitutunun bildiriş dərgisində yazdığı məqaləsində belə güman edir ki, bu əsərlərin müəllifi Baltazar yox, bəlkə də aylarca səfəvilərin sarayında dilmanc kimi yaşayan fransız keşişi Rafael Dumans olmalıdır.

Dilçilik bölməsində “Yeni dilçilik-Törədici dilçilik”, “Yeni dilçilik-Törədici-dönüşümlü dilçilik və onun dilimizə tətbiqi”, “Türk dillərinin yeni təsnifi”, “Xələc türkcəsi”, “Xorasan türkcəsi”, “ “Xəmsə” də türkcə sözlər”, “İran türklərinin dil və ədəbiyyatının qısa tarixi”, “Azərbaycan türkləşməsi və Azərbaycan türkcəsinin təşəkkülü”, “Füzulinin dili və söz xəzinəsi”, “Türk dili araşdırmaları beynəlxalq konfransı(İndiana Polis Universiteti” başlıqlı məqalələr də dilçiliklə maraqlananlar üçün olduqca dəyərli bir qaynaqdır.

Kitabın ikinci fəslində ədəbiyyatşünaslıqla bağlı məqalələr və müsahibələr yerləşdirilib. Bu bölmədə yer alan “Tofiq Fikrət”, “Şəhriyar bir çıraq idi”, “Saib Təbrizi yaradıcılığının Osmanlı şairlərinə təsiri”, “Mövlanə Cəlaləddin Rumi haqqında bir neçə söz”, “Mehmet Akif”, “Məhəmməd Əmani”, “Yunus Əmrəyə ümumi baxış”, “Almas İldırımın şeirlər məcmuəsi”, “Murtəza Quluxan”, “Nəvai” adlı məqalələrdə müəllif adı çəkilən şəxsiyyətlərin həyat və yaradıcılıqları haqqında geniş məlumatlar verib, onların Azərbaycan ədəbiyyatındakı xidmətlərindən bəhs edib. “Türkiyə ədəbiyyatı” başlıqlı məqalədə Türkiyə ədəbiyyatından geniş söhbət açıb. Türkiyə ədəbiyyatının V əsrdən başlandığını və təbəqələr arasında 3 növə-divan ədəbiyyatı, sufi ədəbiyyatı, xalq ədəbiyyatı- növlərinə bölünərək inkişaf etdiyini qeyd edib və türk ədəbiyyatının bu növləri barədə də açıqlamalar verib.

Bölmədə həmçinin mərsiyə janrı haqqında da geniş bir məqalə dərc edilib . “Mərsiyə ədəbiyyatı” başlıqlı məqalədə Qədim türk tayfalarından olan Göy türklərin dəfn mərasimləri haqqında Çin qaynaqlarının verdiyi məlumatlar və bir çox maraqlı faktlar öz əksini tapıb. Cavad Heyətin Məmməd Əmin Rəsulzadədən bəhs edən məqaləsi və Azərbaycan-Ermənistan münaqişəsi ilə əlaqədar olaraq keçmiş Türkiyə prezidenti Süleyman Dəmirələ yazdığı, “Türk kültürü” dərgisinin 1994- cü il mart sayında nəşr olunmuş məktubundan bəzi hissələr də bu bölməyə daxil edilib.

Kitabın üçüncü fəsli Tarix adlanır. Bu fəsil tamamən qədim türklər olan Oğuzlardan bəhs edir. Müəllif bu bölmədə indiyə kimi bir çoxumuzun bilmədiyi faktları mötəbər tarixi mənbələrə istinadən qələmə alıb və bildirib ki, islami mənbələrdə “ğoz” və XI əsrdən etibarən “türkmən” adlandırılan oğuzlar İranın türkdillin əhalisi, Azərbaycan, Türkiyə, İraq və Türkmənistan əhalisinin əcdadlarıdır. Düşünürəm ki, Cavad Heyətin qələmə aldığı bu məqalələr də bu sahə üzrə araşdırma aparanlar üçün əvəzolunmaz bir tapıntıdır. Alim “Türklərin tarixində rənglərin yeri” başlıqlı məqaləsində türklərin tarixində rənglərin hər zaman çox önəmli yeri olduğunu vurğulayıb.

Toplunun dördüncü fəsili “Polemikalar” adlanır ki, bu bölmədə bəzi mübahisəli məsələlərin müzakirələr və Cavad Heyət haqqında yazılan məqalələr oxuculara təqdim olunub. Tarix elmləri doktoru, professor Şövkət Tağıyeva və iqtisad elmləri namizədi Əkrəm Rəhimoğlunun birgə qələmə aldıqları “Cavad Heyət nədə “ittiham” olunur” başlıqlı məqalədə İranda çap olunan “Keyhani-həvai” qəzeti vasitəsilə İranda yaşayan Türkiyə vətəndaşı Məhəmməd Sübhandağlının Cavad Heyətə ünvanladığı məktubdan bəhs edilib. Müəlliflər Məhəmməd Sübhandağlının Cavad Heyətə qarşı ittihamlarının yersiz və əsassız olduğunu bildiriblər. Digər bir məqaləni Kanadadan professor Rza Bərahəni qələmə alıb. “Dr. Cavad Heyət-məhdud fürsətlər dahisi” başlıqlı yazıda müəllif Cavad Heyətin gördüyü işlərin qarşılığında hər hansı bir mənfəət güdmədiyini diqqətə çatdırıb. O, bildirib ki, alimin əsas özəlliklərindən biri doğma yurdunda hamının üzləşdiyi problemləri xırdalıqlarına qədər düşünməsidir. Məqalədə Cavad Heyətin təkcə bir cərrrah, ədəbiyyatşünas kimi deyil həmçinin xalqını düşünən, parlaq fikirli bir ictimai xadim kimi də türk xalqı qarşısındakı xidmətlərinin olduğu vurğulanıb. Bölməyə daxil edilən “Əhməd Kəsrəvinin “İranda türk dili” adlı məqaləsi haqqında qeydlər”, “Əhməd Kəsrəvinin “Azəri, yaxud Azərbaycanın qədim dili” kitabı haqqında, “İran və türklər Sasanilər dövründə”kitabı haqqında bir neçə qeyd”, “Fars dilini qoruyaq, lakin İranın

Türk və ərəblərinin ana dilini də əzməyək” və sairə məqalələr də maraq doğurur.

Toplunun beşinci fəslində müəllifin “Dinşünaslıq”la bağlı topladığı mühüm məlumatlar öz əksini tapıb. “Hz Məhəmmədin(ə) öyüdləri”, “Hz Əlinin öyüdləri”, “Hz Əli əhli-sünnət qaynaqlarında “Quran” və İslam”, “İslamda və digər məktəblərdə əxlaqın əsasları”, “İslam mədəniyyətinin Qərb mədəniyyəti inkişafındakı təsiri” başlıqlı yazılarda müəllif İslam dinin dünyavi dinlər arasındakı üstünlüyünü izah etməyə çalışıb.

Kitabın altıncı fəsilində fəlsəfi, yeddinci fəsilində isə ictimaiyyətlə əlaqəli yazılar öz əksini tapıb.

Cavad Heyətin “Türk dilləri və ləhcələrinin tarixi” adlı ikicildlik kitabında qədim və zəngin tarixə malik türk dillərinin inkişaf mərhələləri geniş şəkildə araşdırılıb. Müəllif müxtəlif qaynaqlara istinad etməklə lap qədimdən başlayaraq, müasir dövrə kimi türk dillərinin inkişaf prosesini izləmiş, keçdiyi inkişaf mərhələlərini konkret faktlar əsasında təhlil edib. Burada dil faktlarının təhlilində türk xalqlarının müştərək dil abidələrindən gətirilmiş nümunələrdən geniş istifadə olunub. Türk dillərinin ən qədim monumental yazılı abidələri olan Orxon-Yenisey daş kitabələri, “ Divani-lüğət-it-türk”, “Qutadqu bilik”, “Dastani –Əhməd Hərami” və başqa dil faktları baxımından araşdırmaya cəlb edilib. Müəllif türk dillərinin təsnifatına, quruluş xüsusiyyətlərinə xüsusi diqqət yetirib. Böyük və gərgin zəhmət hesabına ərsəyə gətirilən əsərdə türk dilləri vahid bir dil qrupu kimi tədqiqi olunmaqla yanaşı, türk dillərinin dialektləri də geniş şəkildə araşdırılıb. Türk dillərinin dialektlərinin leksik, fonetik, morfoloji və qrammatik xüsusiyyətləri diqqətçəkən bir səviyyədə tədqiq edilib. Kitabın ikinci cildində isə alim müasir türk dilləri və ləhcələri, onların sinifləndirilməsi haqqında öz dəyərli tədqiqlərini qələmə alıb. Bu kitabda Cavad Heyət XIX əsrdən etibarən Vilhelm Tomsen, Radlov, N.A.Baskakov, F.Zeynalov, Rəşid Rəhməti Arat və digər tədqiqatçı alimlər tərəfindən işlənmiş türk dillərinin sinifləndirilmələri təkmilləşdirilib, etnik, coğrafi, tarixi xüsusiyyətləri nəzərə alınaraq daha mükəmməl bir şəkildə oxucuya təqdim edilib.

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2011.- 19 noyabr.- S.18.