“Azərbaycan
xalçaları” dərgisi işıq üzü
görüb
Azərbaycan
xalçaçılığı tarixində ilk dəfə
olaraq, mədəni sərvətimizdən-xalçalardan bəhs
edən “Azərbaycan xalçaları” adlı elmi-bədii dərginin
birinci sayı çapdan çıxıb. Dərginin nəşrində
əsas məqsəd Azərbaycan xalçalarını təbliğ
etmək, onların tarixini yenidən araşdırmaq, dünya
mədəniyyətindəki mövqeyini möhkəmlətməyə
yardımçı olmaqdır.
Əsrarəngiz,
bənzərsiz naxışlarla bənzədilən, zərif
toxunuşu ilə qəlbləri fəth edən
xalçalarımızın hər biri sirli, müəmmalı
bir aləmdir. Məhz buna görə də özündə
insan əlinin hərarətini, yüzilliklərin hikmətini
saxlayan xalçalarımızın hər zaman tədqiqata,
elmi yanaşmaya ehtiyacı var. “Azər-İlmə” xalça
müəssisəsinin təsis etdiyi “Azərbaycan
xalçaları” dərgisi də bu missiyanı öz üzərinə
götürmək niyyətindədir. Dərgidə bəşəriyyətin
mədəni irsinə çevrilən, mili sərvətimiz
olan xalça nümunələri, xalçaçılıq
məktəbləri, özünü bu sənətə həsr
edən xalçaçı qadınlar, xalçaçı
rəssamlar haqqında elmi, bədii məqalələr yer
alıb. Eyni zamanda burada incəsənətin
xalçaçılıqla bağlılığı olan
digər sahələri – təsviri sənət, memarlıq, zərgərlik
də diqqətdən kənarda qalmayıb.
Dərginin
birinci sayında oxucular türk mədəniyyətinin “milli
simvolu” sayılan qədim Pazırık xalçası,
xalçalarımızda geniş istifadə edilən “Həyat
ağacı” naxışının sirri,
miniatürçü rəssam Sultan Məhəmmədin
yaradıcılığından bəhs edən məqalələrlə
tanış ola biləcəklər. Dərgidə yer alan
“Qazax xalçası üzərində qətl”, “Antonii
Cenkinsonun Şirvan səfəri” məqalələri də
oxucularda maraq doğuracaq. Fransa kinosunun canlı əfsanəsi,
dünya şöhrətli aktrisa Katrin Denövün dərgiyə
eksklüziv müsahibəsi isə oxuculara əsl hədiyyədir.
Azərbaycan, rus və ingilis dillərində çıxan dərginin rübdə bir dəfə nəşri nəzərdə tutulub. Dərginin baş redaktoru professor Vidadi Muradovdur.
Günel MUSA
525-ci qəzet.- 2011.- 19 noyabr.- S.19.