Yol ROMANI (5-ci hissə)
V hissə
(Əvvəli ötən şənbə
nömrələrində)
HAŞİYƏ
... Deyirlər bir vaxtlar bu şəhərdə həyat
qaynayırmış, çiçəklənirmiş,
bölgənin incisiymiş. Keçmiş zaman şəkilçiləri
və “bir vaxtlar” sözcüyü... Olan budu ki,
sonra tənəzzül gəlib. Şəhər
zənginləri İstanbula köç ediblər. Buralara da başqa köç başlayıb. Böyük ehtimalla indi sözləri
boğazlarında qaynada-qaynada tələffüz edib səsləndirən
toplumun gəlib bölgədə yerləşməsi də o
zamana təsadüf edib. Sərhədlərə
yaxın olması da yaşamı təhlükəli
qılıb. Bu sərhəd söhbəti də şəhərin
başından əskik olmur, Tanrım! Türkiyənin
quzey doğusunda eyni adlı ilin mərkəz ilçəsi.
Vikipediyada yazıblar ki, Qars sözünün mənası
gürcücədən – Karsilaki (yəni qapı şəhər)
sözündən gəlir. İnanmağım
gəlmir, gürcülərin özü nədi ki, hələ
şəhərlərə də ad qoysunlar. Yəni həqarət mənasında demirəm – amma
bütün Gürcüstan boyu yol gedirsən, toponimika
türk sözləridi, sonuna bir “i” əlavə etməklə
guya gürcüləşdiriblər. Başqa
mənbəyə baxdım. Mahmud
Kaşqarlının əsərlərində dəvə, ya
da qoyun yunundan yapılan əlbisə, karsak (tülkü) dərisindən
gözəl kürk deyə bəhs edir. Bir
qaynağa görə də şəhərin adı
eramızdan əvvəl Qafqazlardan gələn bulqar türklərinin
Karsak oymağından gəlməkdədi. Ağlabatan budu. Çünki
Naxçıvandan Qarsa qədər gəldiyim yolda o qədər
doğma sözlər oxudum ki, yəni yaşayış məntəqələrin,
çayların, dərə-düzənin adında (toponimlərdə).
Əslində nisbətən yeni tarixə nəzər salsaq,
min il əvvələ məsələn
(tarix üçün min il nədi ki?) Səlcuqlu
imperiyası dağılandan buralar Azərbaycana aid olub. Burda da kiçicik bir izahat verim bilməyənlər
üçün. “Azərbaycan”
sözü tarixən bizim indi Cənub dediyimiz torpaqlara aid
olub. Bizim hal-hazırda
yaşadığımız ərazilərin ismi isə Aran
olub. XX əsrin əvvəlində bizim ilk
respublikanın təməli qoyulanda məmləkətə ad
axtaranda “Azərbaycan” sözü yada düşür. Qızğın mübahisələrdən sonra bu
toponimin üzərində dayanıblar. Hacı Zeynalabdin
Tağıyev isə sona qədər bunun əleyhinə olub,
hətta belə bir söz də işlədib: “Bu nərdən
çıxdı, yahu?” Min ilə nisbi baxmağımdandı
deyəsən Səlcuqlulardan gəldim XX əsrin əvvəlinə
– qayıdım geriyə. Hər hansı
imperiyanın dağılması böyük faciələrlə
müşayiət olunur. İmperator Məlikşahın
ölümündən sonra oğlanları taxt-tac uğrunda
mübarizəyə başladılar. Təbii, kənar
qüvvələr də bundan yararlandı, uzun sözün
qısası, Osmanlı dövləti yaranıb da,
güc-qüdrət toplayana qədər buralarda gürcülər,
Çingiz xanın ordusu, Qızıl Orda, Qaraqoyunlular,
Ağqoyunlular at oynatdı. Yavuz Sultan Səlim
Doğuya yapmış olduğu son səfərində bu
yörələri Osmanlıya qatmaq istəyini gerçəkləşdirə
bilmədi. Yalnız Qanuni Sultan Süleyman
dönəmində Qars və ətraf ərazilər
imperiyanın sınırlarına daxil oldu. O məşhur
film ki var, indi hamımız baxırıq – “Möhtəşəm
yüzyıl” – orda Sultan sadalayır ha öz
torpaqlarını və deyir “Azərbaycanın” hakimi. Bax, orda
deyilən “Azərbaycan” buralardı – Qars və ətrafları...
Bu haşiyədi... Çıxaqmı haşiyədən?.. Sən heç zaman nə haşiyələri,
nə çərçivələri, nə sərhədləri
sevmədin... Amma hər zaman əsiri oldun, Qumral
gözlüm...
lll
Deyirlər bir vaxtlar buralarda kübar, zəngin adamlar
yaşarmış. Bu adamlar öz sərvətlərini iki
böyük imperiyanın qovşağında yerləşən
ticarət yollarından qazanarmış. Yol?
YOL?! Yenə Yol?! Deyirlər rus
çarı III Aleksandr sevgilisiylə burda görüşərmiş,
bu ətrafda rus çarlarına aid “Ov köşkü” də
var. Deyirlər... Başqa nə deyirlər?
Eee, o qədər söz deyirlər ki... Həm də onu deyirlər
ki, 92-ci ildə Kafkas universitetinin
açılması şəhərin həyatını tamam
dəyişib. Universitet? Hə, axı bizi
orda gözləyirlər... Mən də Diogen çəlləkdə
düşünən kimi yatağımda fəlsəfi
düşüncələrə dalmışam.
Qalx
görək, Qumral gözlüm...
UNİVERSİTET
Əslində Universitetin kampusunda gəzəndə bura
haqqında müəyyən təsəvvür yaranır. Bəlkə
100 hektara yaxın sahəsi var və bu sahədə heç
bir şey sıxlıqla, bir-birinin içinə girərək
yapılmayıb. İnsana hüzur verən
bir açıqlıq var burda və mavi rəngin
üstünlüyu. Dizaynı kim
düşünübsə iyi edib. Mavi rəngin
enerjisi güclüdü. Qaldığımız
Qonaq evinin balkonundan bütün universitet alanı
görünməkdədi. Bu vizual
görünüm – bəs içi necədi görəsən?
... Vurğun Əyyub bizi universitetin həyətində
(daha doğrusu, fakültənin həyətində)
qarşılayır, içəri keçirik. Öyrəncilər
elə də çox gözə dəymirlər,təbiidi, dərslər bitib, ancaq kəsri
olanlar növbəti bütünləmə imtahanlarını
vermək üçün burda qalıblar. Vurğunun
kabineti birinci mərtəbədədi. 17 il
işsiz qalandan sonra yaxşı ortamdı. Öz
otağı, otağın qapısında lövhəsiylə-filanıyla.
Dərs dediyi fakültə Fənn-ədəbiyyat
fakültəsi adlanır. Amma ad sizləri
yanıltmasın – ədəbiyyat adlansa da ixtisaslar fərqlidir.
Kimya, riyaziyyat, biologiya, fizika, nə bilim daha nələr
də bura daxildi. Yəni bizdən fərqlidi
yanaşma. Ümumiyyətlə, hər
şey fərqlidi. Əsas olan isə budu ki, bütün
Türkiyə universitetləri içində yalnız Kafkas universitetində Azərbaycan dili və ədəbiyyatı
tədris olunur. Tədris olunmaq bir yana,
buranı oxuyub-bitirən tələbələr bu ixtisasla (yəni
branşla) diplom alırlar və gələcəkdə bu sahədə
çatışmazlıq olmayacaq kimi görünür. Vurğunun söhbətindən belə anlayıram
ki, fakültədə bizə aid dərslər ancaq onun üzərindədi,
həftədə 32 saat dərs deyir (sonradan Vurğunun mənə
məktub yazan tələbələrinin, düşüncə
tərzi, yazı dili göstərir ki, Vurğun Əyyub həm
də çox gözəl müəllimdi. Azərbaycanı da, onun mədəniyyəti, ədəbiyyatını
da bu gənclərə sevdirə bilib). Vurğun
bura gələnə qədər də müəllimlər
çalışıb burda. Amma mən bilən
bu bölümün əsas yükünü Hacalı Nəcəfoğlu
üslənibmiş. Təsəvvür
edirsiz? Əslində bu fakültənin
formalaşmasında, yaranmasında onun böyük əməyi
var. Onun və Qars əski baş konsulu Həsən Zeynalovun.
2004-cü ilin aprelində Qarsda Azərbaycan
konsulluğunun açılması da bu şəhərin həyatında
və ümumilikdə siyasi həyatda da önəmli rol
oynayıb. Bu ərazilər strateji bölgələrdi və
mən indi də fikirləşirəm ki, Həsən
Zeynalovun şəxsi keyfiyyətləri,
prinsipiallığı olmasaydı hər şey başqa
cür ola bilərdi. Çox
xırdalıqları açıb demək olmur, bu
diplomatiyadı. Diplomatiyanın
danışıq dilində isə ayrıntılar yox,
ümumi sözlər üstünlükdədi. Və Qarsda işlədiyi müddətdə Həsən
müəllim dəfələrlə məni buralara dəvət
etmişdisə də, gedə bilməmişdim. Qismət indiyə imiş. Elə
indi haqqında danışacağım professor Hacalı Nəcəfoğluyla
ilk tanışlığımıza da hörmətli Həsən
Zeynalov səbəb olmuşdu.
–
Qonaqlarımız burdadı – deyir Vurğun telefonla. –
Hacalı bəy bizi gözləyir öz otağında.
Qalxırıq yuxarı və kimyaçı professorun
qarmaqarışıq, səliqəsiz (daha doğrusu, “bədii”
səliqəsiz, kitab və rəsmlərlə
donatılmış) otağına daxil oluruq.
NƏCƏFOĞLU
2007-ci ilin fevralında Haaqada (təsəvvür edirsiz
Haaqada) Xocalı soyqırımına həsr olunmuş konfrans
keçirilirdi. Təşkilatçı İqdır bələdiyyəsi
idi, amma təbii ki, əsl təşkilat işləmləri Həsən
Zeynalovun idi. Bizi də dəvət
etmişdi və mən bu səfərdə qeyri –rəsmi
şəxs kimi iştirak edirdim. (həmişə
olduğu kimi, çünki məmləkətdə rəsmi
şəxs kimi təmsil olunacaqların sayı o qədər
çoxdu ki... Hamının savadı, intellekti, millət
damarı, istedadı aşıb-daşır,
fışqırır, lap püskürür deyənə
növbə çatmır da. Təyyarəyə minik
başlayanda VİP salonda gördüyüm insanlar ki, var idi –
yüz faiz əminəm onlar Xocalı adına
heç xəritədə də baxmaq həvəsində
olmazlar. Müxtəlif Avropa ölkələrinə
gedirdilər və hərənin öz işi. Ticarət faktoru, ziyarət faktorundan daha üstün
təbii).
... Amma bir dəfə yazmışdım bu barədə
– qeyri-rəsmi şəxs olmağın öz
üstünlükləri var. Hamını müşahidə
edə bilirsən, hətta lap qulağının ucu ilə
eşitdiyin sözlərin nəyə görə deyildiyinin fərqinə
varırsan.
“Vətən,
Millət, Sakarya” – ortamıdı...Kimin nitqi neçə dəqiqə
çəkəcək, kimi çox alqışlayacaqlar, kim nə qədər ermənini ittiham edəcək
– anladığınız həmişə olanlar... Sayın Hacalı Nəcəfoğlunu ilk dəfə
orda görmüşdüm. Sakit, mütəvazi,
üzərinə diqqət toplamağı sevməyən
birisi kimi yadımda qalmışdı. Arada-sırada,
bayram günlərində Aqil Abbasın elektron poçtuna
ondan təbriklər gəlirdi və mən də Aqil
Abbasın adından ona təşəkkürlər
cavablayırdım. Həsən müəllimlə
söhbətlərimizdə də onu tez-tez
xatırlayırdıq, amma düzünü deyim ki, Nəcəfoğlunun
bu aləmdə necə nüfuzlu biri olduğunu və ən
önəmlisi Azərbaycan üçün necə qiymətli
bir insan olduğunu Qarsdakı görüşlər zamanı
anladım. Tam bir Azərbaycan
sevdalısı.
Tanımayanlar
üçün qısa bioqrafik məlumat:
1955-ci ildə Hacıqabul rayonunda doğulub, 1972-də Azərbaycan
Dövlət Universitetinin kimya fakültəsinə daxil olub, məzun
olduğunda elmi karyerinə başlayıb. Xudu Məmmədovun
aspirantı olub, onun rəhbərliyi ilə elmi müdafiəsini
edib. 1985-ci ildə Azərbaycan Dövlət
Universitetində müəllimlik edib. Ölkədə
vəziyyət dəyişəndə isə Türkiyəyə
gedib və 92-ci ildən orda çalışmaqdadı.
92-95-ci il arası Ərzurum universitetində,
95-ci ildən sonra Qars universitetində dosent, sonradan isə
professor kimi fəaliyyətdədi. Batı dilləri
və ədəbiyyatları, Slavyan dilləri və ədəbiyyatları,
Çağdaş Türk Ləhcələri və ədəbiyyatları
bölümlərinin qurucu bölüm
başkanlığını yapıb. Kafkas
universitetinin Qafqaz və Orta Asiya Araşdırma Mərkəzinin
müdiridi.
Təbii, bunlar rəqəmlər və sözlərdi. Rəqəm və
sözlərin arxasında isə həyat dayanır, əməllər,
çırpınan ürək dayanır. Diaspora sözü ki var, son vaxtlar tez-tez işlədirik
və beynimizdə formalaşan stereotip də budur ki, ordakı
həmvətənlərimiz ya bir-birini ittiham edir, ya burdakı
mərkəzi ittiham edir, ya da bayramlarda yerliləri dolmaya qonaq
edirlər. Avropada yaşayırlar – təfəkkür,
zehniyyət dolmadı.
Hacalı
Nəcəfoğlu uzun zamandı Türkiyə Cümhuriyyəti
vətəndaşıdı, amma bu uzun zaman onu öz köklərindən
bir an da ayırmayıb. Diaspora
belə şəxslərlə formalaşmalıdı. Və mən düşünürəm ki, Nəcəfoğlu
elə təkbaşına da diasporadı.
lll
... İndi biz onun otağındayıq. Hacalı bəy bizi universitet haqqında bilgiləndirir
və gündəmə gəlmiş yeni problemlə
tanışdırır, millət vəkilinin burda
olmasından ümumi işin xeyirinə istifadə etmək istəyir.
1992-ci ildə fəaliyyətə başlayan universitet,
ilk qurulduğunda bir fakültə, 245 öyrənci, 40 öyrətim
elemanına sahibmiş. İndi burda 6 fakültə, 3 yüksək okul, 5 meslek
yüksekokulu, 1 konservatoriya, 3 institut, 10 araşdırma mərkəzi
fəaliyyət göstərir. 12500 tələbə oxuyur burda . Öyrənci yurdları, yeməkxana və
kafeteryalar, sağlıq mərkəzləri, klublar...
Universitet bölgə universiteti olmaq yolunda hızla və
əmin addımlarla irəliləyən konumdadı.
Problem nədir? Məsələ burasındadır ki, kimsə
Azərbaycan dili və ədəbiyyatı ixtisasının
buralarda lazım olmayacağı fikrini yayıb. Bu bölümün bağlanma təhlükəsi
var. Baş konsula bu problemi çatdırmaq, onun dəstəyini
almaq lazımdı. Zatən sayın Nəcəfoğlu
öncədən ona telefon açıb qonaqlarla birlikdə
konsulluğa gələcəyini deyib. Hələlik
bizi aşağıya, birinci mərtəbəyə dəvət
edir. “Heydər Əliyev mərkəzinə”.
Mərhum prezident bir vaxtlar bu universitetdə olub
axı. Mərkəz əslində Azərbaycan
haqqında kitabların, tədris vəsaitlərinin,
yazıçılarımızın əsərlərinin
toplandığı bir qiymətli kitabxana konumundadı. Biz də özümüzlə nə qədər
kitablar gətirmişik. Sayın millət
vəkili ilə sayın Nəcəfoğlu kitabları yerbəyer
edirlər. Mən isə divardan
asılmış portretlərə, dolablardakı kitablara
baxıram. Baxışlarım atamın
üstündə dayanır. O bizdən əvvəl gəlib
bura – yəni rəsmləri və kitabları. Ürəyimdə
yenə savaş başlayır deyəsən – bu nə taledi,
Tanrım! Özü heç yerə gedə bilmədi, amma
Sözü hər yerdədi... Gözlərim dolur,
yaxşı ki heç kim mənə fikir
vermir. Çevrilib baxıram. Aqil Abbas kitablarını imzalayır, Nəcəfoğlu
nəsə izah edir, Vurğun da otağın künclərində
düzülmüş dibçəklərdəki gülləri
sulayır. Özü də elə nəvaziş
və diqqətlə edir ki, bu mənzərəyə
tamaşa etməyə gözlər lazım. Təbəssüm
gəlir üzümə...
Zəng gəlir Nəcəfoğlunun telefonuna, deyəsən
bizi gözləyirlər baş konsulluqda. Yığışırıq
getməyə. Vurğun dodağının altında
mızıldanır:
– Siz
gedin...
– Sən
də gəl –deyirik israrla. Və konsulluğa
getdiyimiz yolda sürücülüyü də Vurğun edir.
... Hüznlü şəhərdi Qars. Zatən Nobel ödülçüsünün təsvirində
də belədi. İndi ötüb getdiyimiz sokaklara
baxdıqca həmin təsvirləri xatırlayıram:
“İyirmi il öncə Karsa gəldiyində KA-yı büyüləyən;
sokakları, iri kəsmə daşları və Türkiyə
Cümhuriyyətincə əkilmiş iydə və kəstanə
(şabalıd-müəllif) ağaclarıyla bu hüznlü
şəhər olmuşdu; milliyyətçilik və qəbilə
savaşlarıyla ahşap (taxta) yapıları tamamən
yakılıb-yıkılmış Osmanlı şəhəri
deyil”.
Görəsən KA ilə İpəyin buluşduğu
“Yeni hayat” pastanəsi hardadı? Və varmı? Mən bu düşüncələrdəykən
memari yapısı rus evlərini xatırladan bir binanın
qarşısında dayanır arabamız. Konsulluq
burdadı. Həyətin içindən keçib ikinci
mərtəbəyə qalxırıq, baş konsulun otağına
daxil oluruq... Və mənim iri gözlərim bir az da böyüyür...
(Ardı var)
İradə TUNCAY
525-ci qəzet.-
2011.- 19 noyabr.- S.14-15.