Süfrəmizin bəzəyi

 

AZƏRBAYCANDA İLDƏ ADAMBAŞINA İKİ KİLOQRAMA YAXIN QURU ÇAY DÜŞÜR

 

Çay milli mətbəximizin mühüm atributlarından biridir desək yanılmarıq. Demək olar ki, bütün məclislərimizdə çay süfrələrin bəzəyidir. Buna görə də gündəlik həyatımızda bu qədər önəm daşıyan çayların istehsal və istehlak bazarındakı vəziyyəti əhəmiyyətli məsələdir. Sahə üzrə ekspert Samir Kazımov deyir ki, Azərbaycanın istehlak bazarında müxtəlif adda o qədər çay var ki, istehlakçı həqiqətən də bir çox hallarda seçim edə bilmir: “Bu gün bazarımızda yaxşı çay da, pis çay da var. Bəzən deyirlər ki, çaya rəng qatılıb. Belə şey ola bilməz. Hansısa işbaz çaya rəng qata bilər, amma onu bazara çıxara bilməz. Rəng adi suya salan kimi çıxır. Amma təbii çay soyuq suda rəng vermir. Ən yaxşı çay soyuyub 18 dərəcəyə düşəndən sonra köpüyündən asılı olaraq qaymaqlanma yaradır. Görürsən ki, çay müəyyən müddətdən sonra bulanıq, kvas rəngi alır, üstünə qaynar su alan kimi rəngi açılır. Ona görə belə olur ki, çayın tərkibindəki kofein tiotaninlə birləşir, üzərinə qaynar su tökülən kimi təkrar parçalanaraq, əvvəlki vəziyyətini alır. Bu, çayın keyfiyyətli olmasına dəlalət edir. Titester təcrübəsi əsasən də bunu qiymətləndirir, amma cihazsız təyini mümkün olmayan obyektiv göstəricilər də var. Çayın tərkibində kofein, tanin, A, B və s. vitaminlər var”. Onun sözlərinə görə, ən yaxşı çayın tərkibində suda həll olunan ekstraktiv maddələrin miqdarı yuxarıdır, ən zəif çaylarda isə əksinədir: “Kofein suda tez, tanin isə gec həll olunan maddədir. Elə insanlar var ki, təzyiqi var, amma çaysız qala bilmir. Belə vəziyyətdə çay dəmləyərkən quru çayın üstünə su alınır, 1 dəqiqə ərzində yaxalanır, süzülür. Bu zaman çay rəngini itirmir, kofein 50-60 faizə qədər azalır. Ümumiyyətlə, bu gün bazarımızda ən çox təsadüf etdiyimiz əla növ çaylardır. Amma bu növdən də yuxarı çaylar var. Çaylar ən aşağı növdən başlayaraq, üçüncü, ikinci, birinci, əla, ekstra, buket və daha yüksək növlərə ayrılır. Amma dünyada çayın ən yüksək növünün – unikum istehsalına hələ nail olunmayıb. Ümumiyyətlə, dünyada çay 10 ballı sistemlə qiymətləndirilir. Məsələn, birinci növ 3,25-3,5, əla növ 3,75-4,25, ekstra çay isə 4,25-4,75, buket 5,25-5,5 bala qədərdir. Daha yuxarı çaylar bazara az gətirilir. Çünki onların satılması üçün bazar lazımdır. Təbii ki, iş adamları daha çox qazanca can atdığından, hansı mala tələbat çoxdursa, onu da gətirirlər. Azərbaycana isə xam çay gətirilir və burada qablaşdırılır. Ümumiyyətlə, bu gün çay istehsalı ilə məşğul olan ölkələr həddindən artıq çox olsa da, əsas ixracatçı ölkələr Hindistan, Çin, Şri-Lankadır. Çayın vətəni Çin sayılır. Çində hündürlüyü 17 metrə çatan yabanı çay ağacları var. Uzunömürlü bitki olan çay 100-150 ilə qədər məhsul gətirərək yaşaya bilir. Amma aqrotexniki qaydalar və məhsuldarlıq baxımından çay ağacları yarım, bir metrdən yuxarı böyüməməlidir”. “Ən keyfiyyətli çay iqlim şəraiti, çayın növü, dərimi və istehsalla bağlıdır. Mütəxəssis normal texnoloji qaydalara riayət etsə, normal yarpaqdan çox gözəl çay əldə edə bilər. Çay çeşidlənərək növünə, dadına, tamına, keyfiyyətinə görə fərqləndirilir. Titesterlər çayı analiz etdikdən sonra çayın hansı markada, qabda, standartda olması ilə bağlı qiymət verirlər. Amma dövr, insanların zövqü dəyişir. Çay ətirli Berqamot bitkisi ilə də qablaşdırılır. Azərbaycanda da çaylara zövqə görə kəklikotu, yarpız, mixək, darçın və s. əlavə olunur. Bu gün heç kim heç kimə hansı çayı içməklə bağlı diktə edə bilməz. Ona görə də bazarda istehlakçıların zövqünə uyğun həm ətirlənmiş, həm də təbii çay çeşidlərinin sayı artır. Çaylar iri yarpaq və orta yarpaq çaylara bölünür. Lap narın çay isə dast adlandırılır. Bu çayların hamısı eyni mənbədən, eyni xammaldan hazırlanır. Amma proses zamanı doğrananda, əziləndə, ələkdən keçiriləndə ölçülərinə görə ayrılır. Mütəxəssislər bilirlər ki, istehsal zamanı iri yarpaqlı çayı narına qatmaq olmaz, çünki bu qarışıq alınmaz”. Mütəxəssis yaşıl çayın daha faydalı olması ilə bağlı fikirlərə də aydınlıq gətirib: “Demək olmaz ki, yaşıl çay qara çaydan daha faydalıdır. Yaşıl çayın tərkibində vitaminlər qara çaydan bir qədər artıqdır. Çünki yaşıl çay fermentləşməyə məruz qalmadığına, proses tez dayandığına görə orada parçalanma bir qədər az gedir. Ona görə də vitaminlərlə daha zəngindir. Amma bu da zövqlə bağlıdır. Dünyada əsasən qara çay içilir. Çində istehsalın demək olar ki, 80 faizi yaşıl çaydır. Əhali də bu çayı içir. Yaponiyada da bu çaya üstünlük verirlər. Azərbaycanda da yaşıl çayın bəzi həvəskarları olsa da, əsasən qara çay içirlər. Avropada, Amerikada qara çaydan istifadə olunur və orada soyuq çay təbliğ edilir”.

Çayçılıq sektorunda vəziyyətə gəlincə, o, bildirib ki, vaxtı ilə Azərbaycanda 13 min hektardan çox çay plantasiyası olub, 36 min tona yaxın yaşıl yarpaq dərilib: “Həmin yaşıl yarpaqdan da 8500 tona yaxın qara quru çay istehsal edilib. Hazırda isə çay plantasiyaları çox bərbad vəziyyətə düşüb, bilərəkdən, bilməyərəkdən, laqeydlikdən bir çoxu məhv olub. Son illərdə bu sahədə bir qədər dönüş hiss olunur. Təbii ki, maddi vəsait olmadan heç bir şey etmək mümkün deyil. Çay ən zərərsiz və dərmansız yetişən bitkidir. Bu saat cənub bölgəmizdə bir hektar sahəni bir nəfər rahatlıqla becərər, 2,5-3 ton normal, yaxşı keyfiyyətli yarpaq istehsal edər. Amma sovet hökuməti dağılan zaman hərc-mərclikdən, maddi baxımdan bir çox işbazlar həmin sahələri özəlləşdirdilər, çay plantasiyalarını məhv etdilər. Halbuki çay kolunun məhsuldar hala düşməsi üçün 7-8 il tələb olunur, sonra bu kol 100 illə mənfəət verir. Bəlkə də hazırda moruq kollarının altında hektarlarla çay kolları qalıb. Bu gün çayçılığa yenidən dönüş olmasının, maraq yaranmasının əsas səbəblərindən biri dərim üçün vəsaitin qaldırılmasıdır. Ötən il 1 kq yaşıl yarpağın dərilməsi üçün verilən vəsait 1 manata yaxın idi. 4 kq yarpaqdan isə 1 kq quru çay alınır. Çayın vətənindən xammalın idxalı qat-qat ucuz başa gəldiyi üçün idxala üstünlük verilir. Ümumiyyətlə, Azərbaycana çay 1900-cü ildə gətirilib, onun yetişdirilməsi üçün subtropik zona tələb olunduğundan Lənkəranda 2 minə yaxın kol əkilib. Amma kolların çoxu məhv olaraq, 20-ci illərdə təxminən bir kol qalıb. Sovet hökuməti qurulanda valyuta, qızılla alınan çayın istehsalına diqqət artırılıb. Qısa müddətdə çay istehsalı inkişaf etdirilərək 70 min tona çatdırılıb və dünya üzrə istehsalına görə 4-cü yer tutub. Amma buna baxmayaraq, Azərbaycanın mövcud plantasiyalarından yığılan yarpaq ölkəni təmin edə bilməz. Heç sovet dövründə də təmin etməyib. O vaxt 300 min ton çay istehlak olunub ki, onun da 150 min tonu Gürcüstanın payına düşür. Gürcüstan o zaman 600 mindən yuxarı yaşıl yarpaq dərirdi ki, bu da 150 min ton quru çay idi. 100 faiz nisbəti ilə götürdükdə həmin çayların 2,8 faizi Azərbaycanın, 0,8 faizi isə Krasnodarın payına düşürdü.”.

Ekspert deyir ki, daxili bazarımızda yerli çayların layiqli yerini tutması üçün rəqabətə dözümlü çaylar istehsal olunmalıdır: “Amma təbii ki, təbliğ kifayət deyil, istehlakçı bazardan öz zövqünə uyğun çay alır. İngilislər dünyada ən çox və ən keyfiyyətli çay içən xalqlardan biridir. Biz də özümüzü çox çay içən xalqlardan biri hesab edirik. Amma təxmini hesablamalara görə, Azərbaycanda ildə adambaşına iki kiloqrama yaxın quru çay düşür. Bizim əhalinin sayını nəzərə alsaq, bu da 18-20 min ton edir. İngiltərə və İrlandiyada isə adambaşına ildə 6 kiloqrama yaxın çay düşür. Bu gün ölkənin çay tələbatını ödəmək üçün 20 min ton tələb olunursa və bu qədər çay ölkədə yoxdursa, deməli, idxal davam etməlidir. Amma güman edirəm ki, gələcəkdə respublikada da çayçılığa böyük önəm verilər və Azərbaycan çayı piştaxtalarda öz layiqli yerini tutar”.

 

 

Günay FƏRHADQIZI

 

525-ci qəzet.- 2011.- 19 noyabr.- S.13.