Azərbaycanlı
cərrahın uğurları
Tural
Paşa oğlu Qəlbinur Rusiyada yaşayıb
çalışan, ölkəmizi layiqincə təmsil edən
istedadlı soydaşlarımızdan biridir. O, Nobel
mükafatı laureatı, bakılı fizik Lev Landaudan sonra 13
yaşında universitetin tələbəsi, intellektual
dünyası zəngin olan nadir gənclərimizdən biridir.
Tural Bakı Özəl Türk Liseyində təhsil
almış və 1995-ci ildə 286 nömrəli məktəbi
ekstern yolu ilə bitirmişdir. Elə həmin ildə Azərbaycan
Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə
qəbul olunmuş, 2001-ci ildə ali məktəbi fərqlənmə
diplomu ilə bitirmişdir. Ulu babaları İsveçrədə,
Belçikada ali təhsil alan Tural Qəlbinur onların yolunu
şərəflə davam etdirir. 2001-2005-ci illərdə
İstanbulun SSK Vakif Gureba tədris xəstəxanasının
göz xəstəlikləri kafedrasında göz xəstəlikləri
ixtisası üzrə böyük təcrübə keçən
gənc mütəxəssis 2006-2008-ci illərdə İsraildə,
Hadassah-Hebrev Universitetinin vitreoretinal cərrahiyyə
şöbəsində medikal və cərrahi vitreoretinal
üst ixtisasını bitirmişdir. 2009-cu ildə isə
böyük rəqabətlə Kanadanın Toronto Universitetinin
göz xəstəlikləri kafedrasına qəbul edilərək,
vitreoretinal cərrahiyyə üst ixtisasını davam
etmiş, 2010-cu ildə universitetin məzunu olmuşdur.
Onun
uğurlarından ilk dəfə AzərTac-ın 25 noyabr 2009-cu
il tarixli məlumatından, Azərbaycan televiziyasının “Xəbərlər”
proqramından xəbər tutmuş, qəzetlərdən
oxumuşam. Dünyanın ən gənc azərbaycanlı
vitreoretinal cərrahı Tural Qəlbinurun “British Journal
Ophthalmology” jurnalının son nömrəsində isə son
dərəcə maraqlı elmi işi çap olunmuşdur.
Oftalmoloqların diqqətini cəlb edən bu elmi iş
dünyada korluğun əsas səbəblərindən biri
olan yaşa bağlı makula degenerasiyası olan xəstələrin
müalicə probleminə həsr olunmuşdur. San-Fransisko
şəhərində Amerika Oftalmologiya Akademiyasının
konqresində gənc alimin elmi işi yüzlərlə tədqiqatın
içərisində seçilən ilk orijinal əsər
kimi təqdim olunmuşdur.
2004-cü
ildə professor Paşa Musayevin elmi rəhbərliyi altında
“Neovaskulyar qlaukomalı xəstələrin yeni kompleks
müalicə üsulu” mövzusunda namizədlik
dissertasiyasını müdafiə etmişdir. Hazırda
doktorluq dissertasiyası üzərində
çalışmaqdadır. 29 yaşlı gənc alim 5 dil
bilir (onların sırasında İvrit dili də var),
oftalmologiyada çox sayda nadir ağır cərrahiyyə əməliyyatları
həyata keçirmişdir. O, dünyanın bir çox
ölkələrində keçirilən beynəlxalq elmi
konfranslara dəvət olunur. Məqalələri maraqla
qarşılanır. Azərbaycanda gözdibi xəstəliklərinin
dərin bilicisi kimi daha çox onun adı hallanır. Tural Qəlbinur
hazırda Moskvada, S.Fedorov adına çoxsahəli tibb mərkəzində
çalışır. Dünyanın bir çox ölkələrindən,
keçmiş MDB məkanından onun yanına xəstələr
gəlir. Azərbaycana gələndə xəstələrlə
görüşür, məsləhətlərini verir, əməliyyatlar
aparır.
Moskvada
olarkən gənc yaşlarından məşhurlaşan həmyerlimizlə
görüşdük. Söhbətimiz çox maraqlı
oldu. Tural oftalmologiyanın qarşısında duran problemlərdən,
öz uğurlarından söhbət açdı:
–Oftalmologiyanın əksər sahələrində elmi tədqiqatlarımı davam etdirirəm. Ancaq cərrahiyyəsi ilə və araşdırmaları ilə məşğul olduğum sahə vitreoretinal cərrahiyyədir. Bu sahədə mütəxəssislərin azlığı, postsovet məkanında tarixi ənənənin məhdudluğu, oftalmologiyada ağır rast gəlinən patologiya olması səbəbindən, mən dünyanın böyük dövlətlərindən biri olan Rusiyada fəaliyyətimi davam etdirmək qərarına gəldim. Tez-tez Azərbaycanda keçirilən elmi toplantılara qatılıram. Və harada olmağımdan asılı olmayaraq oftalmologiyanın həm praktiki, həm elmi sahəsinin inkişafı üçün səylərimi əsirgəmirəm.
Xəstələrdə müşahidə olunan nadir göz xəstəliklərinin qəribəlikləri, audio-video görüntülər, slaydlar, şəkillər, diaqnozun düzgün qoyulmasında önəmli məqamlar, müalicə və cərrahiyyədəki kənara çıxmalar mənim elmi arxivimdə xüsusi yer tutur. Və mən bu elmi tibbi əhəmiyyəti olan hadisələri zaman-zaman oftalmoloqların diqqətinə çatdırıram. Keçənilki iki böyük elmi toplantıda məruzəm xüsusi olaraq bu mövzuda idi. Belə məruzələr adətən oftalmoloqların daha çox diqqətini çəkir və maraqlı, canlı diskussiyalara səbəb olur. Mənim təhsil aldığım, çalışdığım dünyanın uzaq ölkələrindəki klinikalarda həkim-xəstə münasibətlərində, məsələn, xəstənin düşdüyü vəziyyəti izah edəndə və ya əməliyyatlardan sonrakı durumu ilə bağlı söhbətlərdə qarşılıqlı səmimi münasibət var. Ən ağır göz xəstəliklərində belə hər şey xəstənin özünə bəlli olur. Əlbəttə, bəzən nə qədər üzücü hallar olsa da, xəstə reallığı bilməklə qalan az vaxtda gələcək planlarını qaydaya salır. Azərbaycanda isə bir başqa mənzərədir. Heç kəs reallıqla barışmaq istəmir. Həkimlər də məcbur olub belə hallarda yalana üz tutur. Başqa bir halı qeyd etmək istərdim, Azərbaycanda xəstələrin çoxu “Həkim, mən 100 faiz yaxşı olacağam?”-sualını verirlər. Hətta bu sualı ziyalı təbəqə də verir. Hətta mən xəstəyə təcrübəmə və elmi işlərə istinad edərək 90-95 faiz hallarda əməliyyatın uğurlu olacağını dedikdə belə xəstə bəzən əməliyyata razı olmur. Çalışdığım digər ölkələrdə belə hallara rast gəlməmişəm. Yaponiyada baş verən təbii fəlakətlərdən gördüyümüz kimi, insanlar daha fərqli, nisbətən “sakit” bir reaksiya içində olurlar.
Oxumağı çox sevirəm. Həm yeni əsərlər, həm zaman keçdikcə klassikləri yenidən oxumaq zövq verir. Son oxuduğum “Murakami-Norvejskiy Les” əsəridir. İdmana böyük həvəsim var. Kiçik yaşlarımdan karate, atçılıq, üzgüçülük və tennislə məşğul olmuşam. Hazırda fitneslə məşğul oluram və tennis oynayıram, qış tətillərində isə xizək sürməyi çox sevirəm.
Bütün oftalmoloqlar insanları dünyanın ən gözəl neməti olan işığa, nura qovuşdurmağa çalışırlar.
Pəri SOLTANQIZI
525-ci qəzet.- 2011.- 19 noyabr.- S.8.