“Söz deyirəm...”

 

UNUDULMAZ USTAD JURNALIST HÜSEYN MEHRƏLIYEVIN IŞIQLI XATIRƏSINƏ

 

“Bir vaxtlar yatsam yuxuma da girməzdi ki, ay ötüb, il dolanacaq, mən qəzet redaktoru olacağam, mənim ilk redaktorum Hüseyn müəllim isə pensiyaya çıxacaq və günlərin birində telejurnalist Qərənfil xanım onun barəsində mənə yazı gətirəcək, mən də həmin yazını məmnuniyyətlə çapa imzalayacağam.

Amma kaş Hüseyn Mehrəliyev yenə baş redaktor olaydı və mən 30 il televiziyada çalışdıqdan, iki qəzetin baş redaktoru olandan sonra onun yanında ədəbi işçi, ya da müxbir işləyəydim. 34 il bundan əvvəlki kimi”.

 

Ələkbər ABBASOV,

Əməkdar jurnalist

 

Çoxdandır Bakını gəzmirəm. Bu gün şəhərə çıxmağımın isə səbəbi var. Görkəmini dəyişmiş küçə və məhəllələr, bir-birilə qol-boyun olan göydələnlər mənə yad bir məkanı xatırladır. Küçə hərəkəti qaydalarına məhəl qoymadan yüksək sürətlə ötən və ötüşən maşınların əhatəsində narahatlığım daha da artır, ürəyim sıxılır. Yaddaşımda uzaq illərin arxasından bir şəhər boylanır: səliqə-sahmanlı, sakit, həm də qaynar həyatlı, tramvaylı, trolleybuslu, bağ-bağçalı, mehriban və şən bir şəhər...

Biz axtardığımız yerə gəlirik.

– Yəqin buranı tanıdın? – deyə qardaşım Həmid nisgilli baxışlarını mənə zilləyir.

– Hə. Beşmərtəbə olmasaydı çaşıb qalardım. Onun birinci mərtəbəsində qastronom vardı. Üzbəüzdə xudmani qadın salonu. Elə buradaca 12 nömrəli tramvaydan düşüb salonun qarşısından keçərək sağa, on-on beş addımdan sonra sola dönərdim, bax buraya. Dimitrov küçəsi buradan başlanırdı deyəsən, hə?

– Düzdür. Yadından çıxmayıb. Söküblər deyəndi o yeri dəqiq müəyyən etmək olmur.

Biz Füzuli küçəsi boyu hasarla ətrafdan ayrılmış böyük bir ərazidəyik. Burada yaxın gələcəkdə Qış bağı salınacaq. Hələlik isə hər tərəfdə daş-kəsək, torpaq qalaqları, dağıntı... Nə o qədim tikililər var, nə də bir-birinə söykənən o alçaq evlər. Sağa-sola baxıb durduğumuz məkanın keçmişini dəqiqləşdirmək istəyirik. Ətrafda kimsə gözə dəymir ki, öyrənəsən. Elə bu vaxt əlində çörək bizə tərəf gələn bir ağsaqqaldan ləngimədən:

– Çoxdan buralarda olansınız? – deyə soruşuram. “Hə” cavabı alan kimi,– onda zəhmət olmasa, deyin, Dimitrov küçəsi harada idi?

– Elə burada. İndi Şəmsi Bədəlbəylidir.

Küçənin sol tərəfində daş daş üstə qalmayıb. Özümü qərib bir yerdə hiss edirəm.Sükutu Həmid pozur:

– Məncə, 3 nömrəli bina bax, burada yerləşirdi, sizin redaksiya. Yadındadır, hərdən dərsdən sonra yanına gələrdim? İş yoldaşların, Hüseyn müəllim gözümün qabağındadırlar.

O, bu əraziyə yaxşı bələddir. Uzun illər əvvəl indiki Musiqi Akademiyasının binasında, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil aldığı vaxtlarda ara-sıra bizim redaksiyaya gələrdi. Yaxın vaxtlarda söhbət zamanı o illəri xatırlayarkən Həmid ürəyimdən xəbər verirmiş kimi: “Hüseyn müəllimdən niyə yazmırsan? – deyə soruşdu.Onun səsində aşkar bir qınaq hiss etdim. – O, unudulası insan deyil. İstəsən, gedək bir o tərəflərə. Heç tanımayacaqsan. Hər yeri söküblər, sizin redaksiyanın binasını da”.

Dönüb mənə baxır:

– Nə oldu? Kövrəldin deyəsən.

Arxamı yerə vermirəm.

– Yox, bir az.

Əslində isə gözümün yaşını güclə saxlayıram. Niyə də yox?!

Fasadına “Abşeron” qəzetinin redaksiyası yazılmış həmin bina, ilk iş yerim. “İlklər” heç vaxt unudulmur: ilk dəfə məktəbə qədəm qoyduğun gün, ilk müəllim, ilk iş günü və sənin ilk rəhbərin...

Mənə doğmadan doğma, ata evi qədər əziz olan o ocaq indi yoxdur. Çox hörmətli redaktorum Hüseyn müəllim də çoxdan haqq dünyasına qovuşub. Dostlar, yoldaşlar pərən-pərən düşüb. Ancaq...

Sinəsi şeir dolu babam Həmid ağanın səsi gəlir qulaqlarıma. Ötən əsrin 20-ci illərində Azərbaycandan Türkiyəyə mühacirət etmiş qardaşlarını xatırlayarkən qalın və hüznlü avazla pəsdən oxuyardı:

 

Dərya, səndən kim keçdi,

Kim qərq oldu, kim keçdi...

Tərlan xəyallı könlüm,

XəyalıNdan kim keçdi...

 

Hə, bizə qalan xatirələrdir və nə yaxşı ki, onu Allahdan başqa heç kəs insandan ala bilmir.

...Xəyalən qədim binanın taxta pillələri ilə ikinci mərtəbəyə qalxıram. Artıq neçə gündür ki, işə başlamışıq. Əməkdaşların əksəriyyəti bizim qrupdandır: Ələkbər Abbasov, Namiq Abbasov, İlyas Adıgözəlli, Aydın Əliyev, Ofeliya Abbasova və mən. Hamımız böyük bir otaqda yerləşmişik. Yenicə yaradılmış rayonlararası (Dəvəçi – indiki Şabran və Abşeron rayonları) “Abşeron” qəzetinin ilk nömrəsini hazırlayırıq. Zahirən zəhmli təsir bağışlayan redaktorumuz Hüseyn Mehrəliyev üçün auditoriyadan birbaşa qəzetə gələn bizlərlə işləmək yəqin ki, çox çətindir. Ancaq üzə vurmur. Birinci nömrənin çıxmasını səbirsizliklə gözləyirik.

1962-ci il iyunun 2-də “Abşeron”un ilk nömrəsi işıq üzü görür. Qəzetin birinci səhifəsində Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə verilmiş “Deyin, gülün, uşaqlar!” məqaləsi mənimdir. Ancaq heç ağlımıza belə gətirə bilmərik ki, düz 34 ildən sonra “Günay” qəzetinin 1996-cı il 1 iyun tarixli nömrəsində tanınmış jurnalist Qərənfil Xəlilova “Jurnalist” adlı məqaləsində belə yazacaq: “Abşeron”da işlədiyi illərdə Hüseyn Mehrəliyev təyinat alan gənc jurnalistlərdən yeddisinin adını iftixarla çəkir: Milli Təhlükəsizlik naziri Namiq Abbasov, “Həyat” qəzetinin baş redaktoru Firudin Rəsulov, “Naxçıvan” qəzetinin baş redaktoru işləmiş, hazırda Milli Məclisin deputatı Rizvan Cəbi yev, “Araz” radiostansiyasının rəhbəri İlyas Adıgözəlov, Azərbaycan televiziyasının baş redaktoru Aydın Əliyev, “Günay” qəzetinin şöbə müdiri Dilarə Vəkilova və bu qəzetin baş redaktoru Ələkbər Abbasov. Bu, Hüseyn müəllimin özünə və yaradıcılığına qayğı göstərdiyi jurnalistlərin rəmzi siyahısı”.

Hələlik isə bütün yazdıqlarımızın üzərində Hüseyn müəllimin ölçüyəgəlməz zəhməti var. Materialım ona təqdim olundumu, rahat işləyə bilmirəm. Dəhlizdə qapısı açıq otağının qarşısından arabir o tərəf-bu tərəfə keçərək oxuyub qurtarmağını gözləyirəm. Redaktə olunmuş materialı əlimə alıb bir daha diqqətlə baxır, nəyi necə yazmağı öyrənirəm: mətni yersiz ixtisar edən deyil, təkrarı, sicilləməni, sözü çeynəməyi sevmir. Növbəti yazılarımda mütləq bunları nəzərə almalıyam. İndi “Abşeron” mənim ikinci universitetimdir, sənət, həyat universitetim. Müəllimim isə odur: Hüseyn Mehrəliyev. Uca qamətli, enli kürəkli, pəhləvan cüssəli, addımlayanda ayağının altında yer titrəyən, danışanda “Söz deyirəm” deyib müsahibinin diqqətini özünə çəkən, güləndə gülüşü çiyinlərində “qanadlanan”, acıqlananda səsini qaldırmayan, amma sözünü kəskin deyən bir insandır: “Boğazınızdan tutub materialı alacağam sizdən”.

Sözləri aramızda zərb-məsələ dönüb: “Kənd qəzetinin işçisi nədir, 38 dərəcə qızdırma ilə evdə qaldı nədir”. (Bu günün özündə də, yeri gəldimi, bu kəlamsız keçinmirik).

“Az danışıb çox işləyək” deyə tez-tez otağımıza gəlir, diqqətlə hamını bir-bir nəzərdən keçirir, kimin nə yazdığını, necə yazdığını kənardan hiss eləyir. Çətinliyə düşənə üzünü tutub gülə-gülə soruşur:

– Hə, nə olub, söz çıxıb ceyran belinə?

Bu, onun sevimli ifadəsidir. Tez-tez bizi həvəsləndirir, öyüd-nəsihət verir. “Sözdən qorxmayın, sözü işlədin” deyir. Hətta bir neçə gün əvvəl dərc olunmuş baş məqaləyə belə bir ad verib: “Sonradan vaysınmamaq üçün”. Şüar, çağırış xarakterli baş məqalə sərlövhələrinə alışanlar bunu qəbul etməsələr də o, yaradıcılıqda sərbəst olmağı, stereotipləri qırmağı bacarır. Bizə də nədən və necə yazmağı öyrədir, zəif yazıları həndəvərə qoymur, “sözçülükdən əl çəkin” deyir. Onun müraciət etdiyi mövzular, hazırladığı materiallar fəaliyyətimizin istiqamətlərini müəyyənləşdirməkdə bizim üçün kompas rolunu oynayır, mövzu seçməyi, fakt üzərində necə işləməyi öyrədir.

Qəzetin yükü Hüseyn müəllimin çiyinlərindədir. Sonralar redaktor müavini işləyəndə, xüsusən də redaktoru əvəz etdiyim vaxtlarda onun necə gərgin günlər yaşadığını qəlbən duyuram. “Elə bir iş təcrübəsi olmayan gənc jurnalistlərlə həftədə üç dəfə qəzet buraxmaq əsl qəhrəmanlıq imiş”, – deyə düşünürəm. Bəlkə də elə buna görə az qala müxbirlik edir, tez-tez uzaq təsərrüfatlara gedir, iqtisadiyyatdan, mədəniyyətdən tutmuş müxtəlif mövzularda yazıları qəzet səhifələrinə çıxarır.

Səhər tezdəndir. Hamımız iş başındayıq: kimi telefonla yerlərlə əlaqə saxlayıb fakt götürür, kimi makinaya diqtə edir, kimi otaqdakı səs-küyə əhəmiyyət vermədən diqqətini cəmləyib materialını hazırlayır, kimi də Abşeronun uzaq təsərrüfatına getmək üçün sürücünü gözləyir. Hüseyn müəllim öz otağındadır, Dəvəçidən təzəcə gəlib. Adəti üzrə yenə də sinəsini yazı masasına söykəyib yazır.

Elə bu vaxt sürücü Cəfər bizim otağa daxil olub salamlaşır. Əməkdaşlardan kimsə Dəvəçi səfərini nəzərdə tutaraq:

– Nə vaxt gəldiniz? – deyə soruşur.

– Axşam. Amma Hüseyn müəllim nəsə çox fikirli idi, – deyir. – İstədim, uzun yoldur, bir az söhbət eləsin, dedi: “Xəyallarımla məşğul olmaq mənə daha xoşdur”.

Cəfər bunu gülümsəyərək deyir. Qınamalı da deyil. Haradan bilsin ki, onun müdiri bu vaxt darlığında növbəti nömrəyə hazırlayacağı iki səhifəlik materialın faktlarını götür-qoy edir, bəlkə də maraqlı bir forma barəsində düşünür. Ay Cəfər, heç söhbətin yeridirmi?

Bir-iki gün keçir, yanvarın 31-də “Jurnalistin yol qeydləri” rubrikası altında Hüseyn Mehrəliyevin Siyəzən sovxozunun Dəhnələrdə yerləşən qışlaqlarında heyvandarların işindən bəhs edən “Tufandan da güclülər” oçerki dərc olunur.

Günlər ötdükcə bizim də qələmimiz yavaş-yavaş itilənir. Deyəsən, hörmətli redaktorumuz işimizdən razıdır. Belə bir vaxtda “yuxarıdan” redaksiyaya göstəriş gəlir: iki ədəbi işçi ştatından biri ixtisar olunmalıdır. Görən kim? İlyas Adıgözəlli, yoxsa mən? Hüseyn müəllim qərar qəbul edir: heç kim. Bir ştatı aramızda bölür və biz bir müddət beləcə işləyirik. Amma kim deyər ki,çox keçməmiş Ələkbər Abbasov, Aydın Əliyev, İlyas Adıgözəlli Azərbaycan Radio və Televiziya Komitəsində işə dəvət olunacaqlar. Mən isə sənətə dəyər verən hörmətli redaktorumun qərarı ilə şöbə müdiri, az sonra redaktor müavini vəzifəsinə irəli çəkiləcəyəm. Və bir dəfə, işimizin gərgin vaxtında tapşırığı yarıtdığım üçün ondan həyatım boyu unutmayacağım bu sözləri eşidəcəyəm: “Allah səni bu redaksiyaya urcah edənə ömür versin”.

Baş məqalə, oçerk və zarisovkalarımı çox bəyənir və günlərin birində mətbəədə növbətçi olduğum zaman korrektor otağının qapısı açılır, Hüseyn müəllim xoş əhvalla içəri daxil olur: “Oxudum sənin Raziyəni, – deyir. – Jurnalistlər İttifaqına gedirəm, təklif edəcəyəm sənin oçerklər kitabını buraxsınlar”. Raziyə deyəndə o, Maştağa südçülük-tərəvəzçilik sovxozunun aqronomu haqda yazdığım “Səni düşünürəm, Raziyə” oçerkimi nəzərdə tutur. Müəllimimin bu dəyərli fikrini mənə verdiyi avans kimi qəbul edir, bütün yazılarımda, fəaliyyətimdə etimadını doğrultmağa çalışıram. Günlərin birində nömrənin materiallarını gecikdirən əməkdaşları məzəmmət edərkən hirslə: “Redaksiyada boyunduruğu çəkən iki nəfər varsa, biri Dilarədir” deyir.

Əgər istedadın, qələmin yoxdursa, jurnalistikaya gəlməsən yaxşıdır. Əks halda həmişə üzü danlaqlı olacaq, ya da adi dəftərxana işçisi kimi redaksiyaya daxil olan oxucu məktublarını qeydə almaqla məşğul olacaqsan. Bəzən nə birincidən olursan, nə də ikincidən. Obyektə də gedirsən, yazırsan da. Amma nə yazırsan? Bax, məsələ də bundadır. Allah Qabilə rəhmət eləsin.

 

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

 

Bizdə də yeri səhv düşənlər var. Yazdıqları üzərində xeyli işləməli, babat material almaq üçün qan-tər tökməlisən. Nə vaxta qədər?! Bir dəfə otağına daxil olanda növbəti nömrənin materiallarını üst-üstə yığdığını gördüm. Başını qaldırıb üzümə baxdı, qaşlarını çatıb:

– Bundan yazan olmayacaq, – dedi. – İmkan ola üzünü çevirəsən komsomola. Heç bu birisi də ürəyimə yatmır. Haradan gəldi bizim redaksiyaya, özüm də bilmirəm. Belə bir təhərdir ey, – deyib üzünü turşutdu.

Məni gülmək tutdu. Əslində düz deyirdi. Ancaq birinci ilə müqayisə olunası deyildi. Özümü ələ alıb:

– Hüseyn müəllim, komsomolu deyə bilmərəm, bu birisinin qələmi pis deyil, elə özü də. Sadəcə bir az qəribəliyi var, – dedim.

İnsafən, heç birisinə toxunmadı, yenə “komsomolun” yerinə yazdı, o birisinə öz xoşu ilə redaksiyadan gedənə qədər dözdü.

Ürəyi yumşaq, kollektivlə səmimi idi. Bir bazar günü əməkdaşlardan birinin nişan mərasiminə dəvət olunmuşdu. Biz də ətrafına toplaşmışdıq. Onunla dəfələrlə bir süfrə başında oturmuşduq: martda, doğum gününü qeyd edəndə, yerlərdə vaxtaşırı keçirilən oxucular konfranslarından sonra, bayramlarda... Amma bugünkü mərasim bir başqa idi. Hüseyn müəllim çıxış edib bəyimizi tərifləyəndən, ona xeyir-dua verəndən sonra üzünü masa ətrafında oturanlara tutub:

– Xeyir iş musiqisiz olmaz, – dedi. – Sizi bilmirəm, şəxsən mən oxumaq istəyirəm.

Bunu ondan gözləyirdik də. Çünki gözəl Qarabağ torpağında, doğma Cəbrayılda doğulasan, toy-nişan məclisində musiqisiz keçinəsən?! Onu da bilirdik ki, gözəl səsi var, ən çox xoşladığı mahnı da...

 

Sahil sakit, çəkilibdir ayaqlar,

Coşan dalğa qayaları qucaqlar...

 

Otaqdakılar himə bənd imiş kimi ona qoşuldular. Hüseyn müəllimin “Olmaz olmaz”ı çoxumuzun, illah da ki, bəyin ürəyini titrətdi...

İndi bu sətirləri qələmə alırkən “Hüseyn müəllimdən də bir daha olmaz” deyə düşünürəm. Çünki bu gün Hüseyn Mehrəliyev və onun kimi peşəkar redaktorların yeri yaman görünür. O, sözə zərrəbinlə baxır, rəhbərlik etdiyi qəzetin səhifələrində dil pozuntularına, bir cümlə, hətta abzas daxilində sözlərin, fikirlərin təkrarlanmasına yol vermirdi.

1965-ci ilin dekabrı. Azərbaycan Jurnalistlər İttifaqının plenumu keçirilir. Çıxış etmək üçün mənə də çöz verirlər. Respublika qəzetlərində dərc olunan oçerk və zarisovkalara, onların təxminən eyni formada yazılışına (“filan müəssisəyə getdim, filankəslə tanış oldum, öyrəndim ki...”) münasibət bildirərkən qəti qərar verməkdən çəkinərək ara-sıra “bilmirəm”, “mənə belə gəlir ki,” ifadələrini işlədirdim.

Plenumdan sonra mənə yaxınlaşıb qaşqabaqla “Nədir, – dedi,– bayaqdan “bilmirəm”, “bilmirəm”. Bir çıxışda nə qədər “bilmirəm” deyərlər?”.

İnsafən pis çıxış etməmişdim. Amma bu “bilmirəm”lər redaktorumu necə əsəbiləşdirmişdisə, məzmun barədə bir kəlmə də söyləmədi.

Onun əsəbiləşməyə haqqı vardı. Çünki belə söhbət nə birinci idi, nə də yəqin ki, axırıncı. Hələ bir müddət əvvəl qəzetimizdə dərc etdirdiyi “Dabaq və sərəncam” felyetonu həm də dilimizin saflığını qorumaq, onun sahibi olmaq, işləkliyini təmin etmək məqsədi daşıyırdı. Felyeton baş baytar həkimin çıxışı ilə başlayır:

“– Yoldaşlar, burada vetvraçların (yerdən səs: baytar həkimlərin), bağışlayın baytar həkimlərin adresinə (səs: ünvanına), bəli ünvanına çoxlu kritiçeski zameçanilər (səs: tənqidi qeydlər)... Yoldaşlar, daha bu olmadı, xahiş edirəm meşat eləməyin, nə təhər danışdığım sizin nəyinizə gərəkdir, diqqətlə qulaq asın, görün mən nə deyirəm. (Fasilə). Görürsünüz, uje fikrim dağıldı. Nəsə çox vajnı bir şey demək istəyirdim.

...Aha, yadıma düşdü. Yaşşur, yəni dabaq barədə. Yoldaşlar, dabaq məsələsi belədir. Elə ki, bizə yerlərdən zəng vurub xəbər verdilər dabaq olması barədə, o mamentdəcə biz bütün sovxozlara məktub yazdıq, gəlib-gedəndən sifariş elədik ki, yoldaşlar, ayıq olun rayonda dabaq var. Bizim ilk meropriyatiyamız bu oldu. Daha yoldaşlar yerdə ayıq olmayıb, bir iş görməyib buna rayonun baş vetvraçı neynəsin.”

Hüseyn müəllim baş baytar həkiminin obrazını çox ustalıqla yaradır. Elə məqamlara diqqət yetirir ki, onun müşahidə qabiliyyətinə heyran qalırsan: “Bir çox sovxozlarımızda südün azalmasının kökünü başqa şeydə axtarmaq lazımdır. (Bu sözləri o, elə ahənglə, elə inamla dedi ki, iclasdakıların hamısı dərhal qulağını şəklədi. Salonda bir sakitlik hökm-fərma oldu ki, milçək uçsaydı eşidilərdi. Bundan fərəhlənən natiq gözlərini məchul bir nöqtəyə zilləyib dərin fikrə getdi. Bu anda onun sifəti, duruşu – bütün görkəmi uzun illərdən bəri elmdə axtarışlar apararaq məqsədinə nail olan, həyat, cəmiyyət üçün tamamilə yeni bir kəşfi hamıya bəyan etmək istəyən adamı xatırladırdı)”.

Bu felyeton ötən əsrin 60-cı illərində, Azərbaycan ədəbiyyatı və mətbuatının, mədəniyyəti və incəsənətinin intibahı dövründə yazılıb. O vaxtdan təxminən 50 il keçib. Artıq 20 ildir ki, müstəqil respublikada yaşayırıq. Bu illər ərzində Azərbaycan dili dövlət dili statusu qazanıb. İndi ölkəmizin, maddi-mənəvi sərvətlərimizin, Dilimizin sahibiyik. Bunları qoruyub yaşatmaq öz əlimizdədir. Ancaq “əldə olmaq” hələ “əldən gələni etmək” demək deyil.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunda deyilir ki, Azərbaycan Respublikası ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.) kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər”.

Bəs təmin edə bilməsələr necə? Çox təəssüf ki, bu mənfi hal ardıcıl davam edən, gündən-günə kəskinləşən, eybəcərləşən bir prosesə çevrilib. Dilin qayda-qanunlarına əməl etmədən yazmaq, danışmaq indi dəb halını alıb. Hələ ayrı-ayrı sözləri demirəm. Sanki onların da dəbə düşəni var. Bu mənada “təşkil edir”in bəxti yaman gətirib. Bir müddət əvvəl hava haqqında məlumatlarla efirə ayaq açan “təşkil edir”in indi qabağında durmaq olmur. Demək olar ki, bütün telekanallarda hava haqqında məlumat bürosunun əməkdaşları bir yana qalsın, aparıcılar “temperatur 10-12 dərəcə isti”, yaxud “hərarət 7-12 dərəcə arası (diqqət edin) təşkil edəcəkdir” deyirlər. “Təşkil edir”in nüfuz dairəsi getdikcə genişlənir: “Zəlzələdə itkin düşənlər 33 nəfər təşkil edir”. Və ya “uzunluğu 2 metr təşkil edən çubuq”.

İndi efirdən tez-tez oblast, industriya, deklarasiya, rezerv, resurs, stabil, hətta qeyri-stabil (“sabit” sözü çoxdan unudulub), modernizasiya, yerli-yersiz prioritet sözlərini eşitmək olar.

“Biz də məlumat veririk ki, yay aylarında paytaxtın hansı zonasında susuzluq problemi prioritetdir”.

“Sakitçilik”, “xoşbəxtçilik”, “bədbəxtçilik”, “narazıçılıq”, “bu günlərim”, “sonram” və s. bu kimi ifadələrin müntəzəm olaraq işlədilməsinə, məntiqsiz fikirlərə nə deyəsən?!

“Erməni təcavüzü ilə üz-üzə qalan Ağdam əkinçilərinə əsas ziyanı elə deyəsən, alıcılar vurur. Məhsul bol olsa da alan tapılmır”.

“Azərbaycan əsgərini nəinki düşmən gülləsi, heç qar-çovğun da qorxutmur”. (Hər iki nümunədə müqayisəyə baxın).

Efirdən reklam xarakterli “Nəriman Nərimanovda yerləşən qadın salonu” və yaxud “Uşaq bağçasının Elmlər, Əcəmi, Xalqlar filialları” kimi ifadələrin səslənməsi sələflərimizə, tariximizə, dilimizə hörmətsizlikdir.

Kütləvi informasiya vasitələri dilin qorunmasını, işləkliyini təmin etməyə birbaşa borcludur və bunun üçün məsuliyyət daşıyır. Bu mənada kadr seçiminə diqqət yetirilməsi vacibdir. Dilə, tamaşaçıya belə etinasız münasibətlə qarşılaşanda istər-istəməz düşünürsən: yaxşı, fərz edək aparıcı savadsızdır, bəs redaktor? Onlar nə iş görürlər? Vəziyyət göstərir ki, onlar ya yoxdur, ya da səriştəsizdirlər. Bu gün Hüseyn Mehrəliyev kimi söz üstündə əsən peşəkarların yeri yaman görünür. “Sözdən qorxmayın, sözü işlədin” deyəndə o, zəngin Azərbaycan dilimizi, baba-nənələrimizin söz xəzinəsinin incilərini yazılara gətirməyi nəzərdə tuturdu.

Yaddaşıma hakim kəsilmiş xəyallarımla baş-başa qaldığım bu kimsəsizlikdə keçən əsrin 60-cı illərində “Abşeron” qəzetində çalışmış gənc jurnalistlərin duzlu-məzəli söhbətləri, şaqraq gülüşləri, oxucuya ünvanlanan ürək sözləri, ştatdankənar müxbirlərin, elm, ədəbiyyat və incəsənət xadimlərinin, redaksiya ilə daim əlaqə saxlayan görkəmli söz ustaları Hüseyn Arifin, Xəlil Rzanın, Sərdar Əsədin, kənd təsərrüfatı mütəxəssislərinin, sadə əmək adamlarının səsi hopmuş bu daş-kəsəyin, torpaq qalaqlarının altından bir səs gəlir qulağıma: “Söz deyirəm”. Kim bilir, bəlkə də ruhu...

– Nə oldu, getməyək? – Həmidin qəfil səsi məni fikirdən ayırır. – Yaman sakitlikdir, ürəyim sıxıldı.

Həmid nə bilsin ki, sükutun onu darıxdırdığı 5-10 dəqiqədə mən dağı arana, aranı dağa apardım, bu uçqun altında sükuta qərq olmuş incik xatirələri silkələyib yarıməsrlik yuxudan oyatdım, onların dilini açıb yeni nəsil jurnalistləri ilə, sözün qədrini bilənlərlə, dilimizin təəssübkeşləri ilə görüşdürməyə qərar verdim.

 

Dərya, səndən kim keçdi,

Kim qərq oldu, kim keçdi...

 

Bu yazımı ötən əsrin 50-60-cı illərində “Sosialist Sumqayıtı” və “Abşeron” qəzetlərinin, uzun illər Azərbaycan radiosu “Təbliğat” baş redaksiyasının baş redaktoru işləyən, insan kimi sadəliyi, həmkar kimi səmimiyyəti, ustad kimi ucalığı ilə dəryadan keçib ürəklərə və əməllərə köçən mahir jurnalist Hüseyn İslam oğlu Mehrəliyevin işıqlı xatirəsinə həsr etdim. Görən bəyənərdimi?

 

 

Dilarə VƏKİLOVA

 

525-ci qəzet.- 2011.- 22 noyabr.-S.6.