12 gün şimal ölkəsi Norveçdə

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Osloda 5 gün ərzində Opera Teatrında, Akersxus qalasında, keçmişdə olan kralın sarayında, kralın ev-muzeyində oldum. Çox məşhur parklarını gəzdim. Həmyerlilərimiz, diaspor işi ilə məşğul olan Yaşar Azər bəyin, Ramil Əliyevin qonağı oldum. Məni ən çox məftun edən Viqelanda parkı oldu. Bu park 1907-1942-ci illər ərzində norveçli heykəltəraş Qustav Viqeland tərəfindən yaradılıb. 30 hektar ərazidə yerləşən parkda 277 heykəl var. Parkdakı heykəllərin hamısı insan taleyi və onun əhval-ruhiyyəsini özündə əks etdirir. Demək olar ki,tamamı ilə çılpaq şəkildə yaradılan bu insan –daş mənzərələri adamı heyrətə gətirir. İnsanların istirahəti, gəzib-dolaşması üçün parkda yüksək səviyyəli şərait yaradılıb.

Gəzintinin axırında isə oğlumla birgə parkın aşağı hissəsindəki muzeyə baş çəkdik.

 

Qatarla Berqenə sarı

 

Osloda 5 gün qaldıqdan sonra qatarla Bergen şəhərinə yollandım.Məni kiçik oğlum Vüsal yola salırdı.Vağzal adlı bu böyük terminala gəldik. Bura həm şəhər ətrafına, həm də ölkədaxili və xarici qatarlar, həm də avtobuslar üçün nəzərdə tutulmuş çox iri bir kompleksdir. Qatar üçün bileti bir neçə gün əvvəl elektron poçtla almışdıq. Xülasə, qatara əyləşdik,lakin qatarın yola düşməyi gecikirdi. Sən demə qapılarında nasazlıq var imiş. On yeddi dəqiqə gözlədikdən sonra dispetçer elan etdi ki,sərnişinlər qatarı tərk edib başqa qatara minsinlər. Mən də bütün sərnişinlər kimi qatarı tərk etdim və yanaşı platformaya daxil olan eyni ilə oxşar qatarda əvvəlki yerimi tutdum. Bir neçə dəqiqədən sonra yola düşdük. Qatar tunelə girdi və yoluna davam etdi. Dayanacaqlardan birində gənc bir qız da qatara mindi və mənim yanımda olan boş yerdə əyləşdi. Bir az sonra çantasından notbukunu çıxarıb internetə qoşuldu. Mən maraq üçün gözümü qaytarıb monitora baxırdım. Qız Norveç dilində hansısa məlumatlara baxırdı.

Bakıdan gedərkən özümlə mobil telefon götürməmişdim. Oğlum mənə bir dostunun telefonunu vermişdi ki,istifadə edim. Nabələd olduğum üçün uşaqlarım tez-tez mənə zəng edirdilər.

Təxmini bir saat olardı ki, yolda idik və bu zaman Vüsal mənə zəng etdi. Telefonu, ilk zəngdə aça bilmədim. İkinci zəngdə yenə alınmadı.Sən demə bu yanımda əyləşən qızın diqqətini cəlb edibmiş. O, kömək etdi və mən oğlumla danışdım. Qıza təşəkkürümü bildirdim və o mənə baxıb gülümsədi. Azərbaycanlılığıma salıb qızın haradan olduğunu soruşdum. Dedi ki, Bergen universitetində oxuyur, ancaq paytaxt Oslodandır. Yol uzun olduğundan söhbət etməyə başladıq..

Yol boyu qatarın pəncərəsindən ətrafa baxır, çayların, çoxlu sayda göllərin, dağların, çöllərin, tamamilə meşə ilə örtülmüş ucsuz-bucaqsız sahələrin necə də gözəl və maraqlı olduğunu bir daha hiss edirdim. Səliqə ilə tikilmiş hasarsız və çəpərsiz kənd evlərinə, evlərin pərdəsiz pəncərələrinə baxdıqca Avropaya xas olan bütün sivil mədəniyyətin bu gözəl ölkədə daha da yüksək səviyyədə olduğunu yəqin edirsən. Yol boyu kəndlərin yanındakı biçənək sahələrində dairəvi formada yüzlərlə polietilen farmaşlar gördüm,ancaq onların nə olduğunu soruşanda tələbə qız: “Otur” dedi və əlavə etdi ki, heyvanların toxunmaması, ətrafa dağılmaması üçün belə qablaşdırılıb.

Voss bölgəsinə yaxınlaşırdıq. Buradan Bergenə çatmağa az qalırdı. Qatar stansiyada dayananda pəncərədən çölə baxıb gördüm, çöldə qar var. Tez qatardan çölə atıldım və bir qar topu da düzəltdim. Yanımda əyləşən qız pəncərədən mənə baxıb gülümsəyirdi. Burda tanıdığım bir adam belə yox idi. Qatar bələdçisi məni çağırdı ki, zəhmət olmasa içəri keçin qatar yola düşür. Mən tez qatara qalxdım. Bu ilin ilk qarını Norveçin yüksək dağlarında gördüyüm üçün sevinirdim. 10-11 radələrində Bergenə çatdıq. Vağzalda məni oğlum Tural qarşıladı. Oğlumun maşınına əyləşib evə getdik.. Gec də olsa oğlumla birgə çay içdik. Ertəsi istirahət günü idi. Lakin səhər ertədən başlayan yağış yaxşıca gəzmək həvəsimi öldürdü. Onsuz da Bergenin yağışlı şəhər olduğunu bilirdim. Buna baxmayaraq şəhərə getdik. Əvvəlcə maşınla Bergenin mərkəzi küçələrində gəzdik. Çünki çölə çıxılası deyildi. Heç çətir də kömək edə bilməzdi.

Bu ölkənin adamları yağışa,qara elə öyrəşiblər ki, onlar üçün təbiətin bu şıltaqlığı bir şeydir. Amma bir məsələ mənim üçün maraqlı idi. Yağan yağış suları hara axıb gedir, heç bilmirsən. Küçə və meydanlarda heç bir gölməcə – filan gözə dəymirdi. Mənim diqqətimi çəkən həm də Bergendə,həm də Osloda nəqliyyatın və insanların səliqəli hərəkəti idi. İnsanlar öz yollarını, maşınlar da öz yollarını bilirlər. Desəm ki, tıxac görmədim, inanmassınız, amma bu həqiqətdir. Sahil yanı küçələrdən birindən aralı, pulsus dayanacaqda maşınımızı saxladıq, çətirlə birgə mağazalara girdik. Turalla eyni şirkətdə işləyən qubalı Xalid də bizimlə idi. Xalid də gözləyirdi ki, yağış kəssin, onlara kabab bişirim. Kabab bişirmək üçün isə şəhərdə xüsusi yerlər var. Həm də kabab bişirmək üçün gərək birdəfəlik manqal alasan. O manqalda da olsa- olsa sosiska bişirmək olar. Dedim Xalid, Bakiya gələndə sənə lap 5-ci mərtəbədə də olsa kabab bişirərəm. Onu da qeyd edim ki, Xalid yayda Qubanın Əmsar kəndinə, onlara qonaq gedəndə bişirdiyim kababın dadının Xalidin damağından getmədiyini dedi. Dedim, qardaşoğlu, məndə günah yoxdu.Yağış kəssə bir şey fikirləşərik. Xülasə,mağazadan təzəcə çıxmışdıq ki,qəflətən dolu başladı.Özü də necə dolu. Düzü mənim “Binə” ticarət mərkəzindən aldığım “kitayski” çətir dolunun hücumuna dözmədi və parça-parça oldu. Birtəhər özümüzü maşına salıb,evə yollandıq. Həyətə çatan kimi çətiri zibil yeşiyinə atdım. Axşam qəflətən yağan dolunun təəssüratını bölüşdük. Çətir əhvalatına da güldük. Ertəsi mən və oğlum Tural Bergeni gəzməyə çıxdıq.

 

Altı dağın gözəli Bergen

 

Bergen (Norveçin dəniz qapısı adlandırırlar) şəhərinin əsası 1070-ci ildə Kral Ulaf Kirri tərəfindən qoyulub. Bergen Norveçin ən gözəl və ikinci böyük şəhəridi. Şəhərin 230 mindən çox əhalisi var. Bergen Norveçin birinci yazıcı-satiriki Lyudvik Xelberqin, dünya şöhrətli bəstəkar Edvard Qrieykin, məşhur dramaturq Henri İbsenin vətənidir. 2000-ci ildə Bergen də bir neçə başqa şəhərlər kimi Avropanın mədəniyyət mərkəzi elan edilib. ”Şəhər altı dağın qoynunda yerləşdiyi üçün mən onu “Altı dağın gözəli” adlandırdım. Bergenin gəzməli-görməli yerləri çoxdu. Əlbəttə 5 gün Bergen şəhərini gəzmək üçün çox az bir müddətdir. Bir də aramsız yağan yağışlar gəzintiyə mane olduğu üçün, ancaq 2 gün gəzməyə çıxa bildim.

Norveçə gəlməmişdən 2 gün əvvəl Azərbaycan Yazıçılar Birliyində şair Dayandur Sevgin mənə dedi ki, bəs Norveçdə qaçqın kimi yaşayan şair-jurnalist Tofiq Məmməd orada vəfat edib. İmkan olsa get o qəribin qəbrini ziyarət elə. Düzü mən adı çəkilən şairi heç vaxt görməmişdim. Ancaq düşündüm ki, soraqlayıb bir şey fikirləşərəm.

Təəssüf ki, nə qədər soraqlasam da onun məzarını tanıyan olmadı. Oğlum Turalla Norveçin məşhur bəstəkarı Edvard Qrieykin ev muzeyinə getmişdik. Ev muzeyi Bergenin kənarında, (heç ora kənar demək də olmaz)dəniz sahilində yerləşir. Biz maşını ev-muzeyindən 300-400 m aralıdakı, avtomobillər dayanacaqda saxladıq. Çünki muzeyə avtomobillərin girişi qadağandır. Muzeyi gəzib bəzi dostlarıma da hədiyə aldıq və Qrieykin qəbrini ziyarət etmək üçün ev-muzeyinin yanındanca dənizin kənarına endik. Təbii daş pilləkənlərlə endik. Pilləkənlərin yanı ilə meşə ağacından məhəccər-tutacaq da quraşdırılıb. Hər şey çox sadə və gözəl düşünülüb. Axır ki, sahilə endik. Orada bir qadın və kişi, bir də gənc bir oğlan var idi. Onlar da bizim kimi bəstəkarın qəbrini ziyarət etmək üçün gəlmişdilər. Üz-gözlərindən norveçliyə oxşayırdılar. Biz onlardan fotoaparatla şəklimizi çəkməyi xahiş etdik. Kişi oğlumla mənim şəklimi bir neçə dəfə çəkdi və haradan olduğumuzu soruşdu. Cavab verdim ki, Azərbaycandanıq. O da özünü təqdim etdi ki, buralıyıq, mən də vəkiləm, dedi və əlavə etdi ki, burada qacqın kimi yaşayan, bir ayağı olmayan azərbaycanlı jurnalistin vəkili olub və onun hüquqlarını müdafiə edib. Ancaq o jurnalist dörd həftə bundan dünyasını dəyişib. Mən bir qədər duruxandan sonra onun adının Tofiq Məmməd olub-olmadığını soruşdum. Və bu sorğum təsdiqini tapdı. Belə təsadüfün möcüzəyə oxşar bir hadisə olduğuna mən artıq inanmışdım. Və biz həmyerlimizin vəkili ilə xeyli söhbət etdik, onun qəbrinin isə harada olduğunu elə də öyrənə bilmədik. Ertəsi gün oğlum Turalla Fleyen dağındakı 320 metrlik funiklyorla yuxarı qalxdıq. Dağın üstü əsl istirahət mərkəzi idi. Günəşli gün olduğuna görə insanlarda yüksək bayram əhval – ruhiyyəsi var idi. Sonra biz qədim Vikinqlər dövrünün Fantfot kilisəsinə və kral Olaf Xakonun qalasına getdik və mən orada kralın vaxtındakı geyimdə olan silahlı tələbə- aktyorlarla şəkil də çəkdirdim.

Bergendə qaldığım beş gündən sonra yaxşı təəssüratlarla bu gözəl şəhərdən ayrıldım. Bergen hava limanına gəlirdik.. Məni oğlum Tural yola salırdı. Hava limanına gedəndə yola fikir verdım, ən yüksək sürət 80 idi və gələn-gedən yolun hər bir istiqamətində 1 və 2 + yazılmışdı. Tək sürücü bir xətt arasında birinci yolla və 2 daha çox sərnişin varsa ikinci yolla getməlidir. Qayda pozularsa cərimə çox böyük olur. Sağ əlləri bizim də yolların başına. Yəqin bir vaxt gələcək, hər gün qəzalarla dolu olan bizim avtomobil yollarında da oralardakı qayda-qanunlar tətbiq olunacaq. Həmin günü təyyarə ilə Osloya gəldim və ertəsi gün də İstanbula, oradan isə Bakıya qayıtdım.

Norveçə olan səfərimin bəzi məqamlarını yazmağımın səbəbi sadəcə olaraq şimal ölkəsi haqqındakı xoş təəssüratlarımı oxucularla bölüşmək idi.

 

 

Nazim Əhmədli

 

525-ci qəzet.- 2011.- 22 noyabr.-S.4.