“Azərbaycan”
jurnalının noyabr sayı çapdan çıxıb
“Azərbaycan”
ədəbi-bədii jurnalın növbəti sayı oxuculara
təqdim olunub. Jurnalın “Poeziya” guşəsində Firuzə
Məmmədlinin, Rəşid Faxralının, Ramiz Kərəmin,
Bilal Alarlının, Əhməd Qəşəmoğlunun,
Nuranə Nurun, Ramiz Orsərin, Günel
Şamilqızının, Bəhlul Ataxanlının və
Vahid Aslanın şeirləri yer alıb. “Yeni tərcümələr”
bölməsinə Fidan Rzayevanın tərcüməsində
Xalidə Ədib Adıvarın “Atəşdən köynək”
romanı daxil edilib. Teyyub Qurbanın “Niyazi və Mir Cəfər
Bağırov” başlıqlı məqaləsi jurnalın
“Publisistika” guşəsində verilib. Jurnalın “Nəsr”
bölümündə Nigar Nağıyevanın “Sınaq”
hekayəsi öz əksini tapıb. “Cənubdan səslər”
rubrikasında Pərvanə Məmmədlinin “Duyğu və
iztirabları əks etdirən yazıçı”
başlıqlı məqaləsi və Qulamhüseyn Saidin “Fəqir”
hekayəsi yer alıb. Nəzmiyyə Şiriyevanın “Tənqid
və ədəbiyyatşünaslıq” bölməsindəki
“Fantasmaqor gerçəklər və ya Vaqif Səmədoğlu
dramaturgiyası” başlıqlı məqaləsində Vaqif Səmədoğlu
dramaturgiyasına nəzər salınıb, dramaturqun
üslubundakı fərqli cəhətlər əks etdirilib.
Jurnalın “Müzakirə edirik” adlı bölümündə
İradə Musayevanın “Yeni romanlar – mənzərə, yoxsa
görüntü” başlıqlı yazısı dərc
edilib. Əlisəftər Hüseynovun “Səhnədən o
yana və ya sözün “şəkli” yazısı “Polemika”
bölməsində verilib. Jurnalın “El sənətkarı”
səhifəsində Arzu Bayramlı şair Nəbidən bəhs
edib.
GÜNEL
525-ci qəzet.- 2011.- 23 noyabr.- S.7.