Yaddaşlardakı
“Qanlı gecə, qanlı tarix”
Tanınmış hərbi jurnalist Vahid Məhərrəmovun “Qanlı gecə, qanlı tarix” adlı kitabı işıq üzü görüb. Oxuculara təqdim olunan kitab 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet imperiyasının Azərbaycan xalqının başına gətirdiyi qanlı faciədən bəhs edir. Müəllif 20 Yanvar faciəsinin ağrılarını yaşamış, bu qanlı hadisələri öz gözləri ilə görmüş insanlarla görüşüb, onların xatirələrini qələmə alıb. Kitaba ön söz yazan əməkdar incəsənət xadimi İntiqam Qasımzadənin bu fikirləri diqqəti çəkir: “Bu kitabda müasir tariximizin ağır bir günündən, həmi gün, daha doğrusu, həmin gecə xalqımıza qarşı törədilmiş bir cinayətdən bəhs edir. Belə cinayətlər unudulmamalı, zaman-zaman xatırlanmalı, onu törədənlərin ünvanı, onların iç üzləri, yırtıcı mahiyyətləri açılıb dünyaya göstərilməlidir”. O vaxtkı ölkə rəhbərliyinin baş verən hadisələrə biganə yanaşdığını, xalqın tələblərinə məhəl qoymadığını və bunun nəticəsində də xalqın küçələrə axışdığını yazan müəllif bütün ölkəni bürüyən bu mitinq dalğalarının xalqımızı addım-addım 20 Yanvar faciəsinə apardığını qeyd edib: “Məhz bütün bu qarşıdurma, çəkişmə və digər hadisələr addım-addım xalqı 20 yanvar faciəsinə doğru aparırdı. Xalqın qlobal, taleyüklü, ölüm-dirim məsələləri ilə üz-üzə qaldığı o ağır və keşməkeşli günlərdə Ə.Vəzirov kəndlərdə hamam “problemlərini” həll etməyə çalışırdı. Təbiidir ki, belə səhv addımlar camaatı daha da hiddətləndirir və qıcıqlandırırdı”. Müəllif o qanlı qadalı günləri öz gözləri ilə görüb, faciəni yaddaşına həkk edən Namiq Qasımovun, Tərlan Qasımovun, Afət Əhmədovanın, Ramiz Cəfərovun və başqa şahidlərin söylədiyi həqiqətləri ürək yanqısı ilə qələmə alıb. Kitaba həmçinin 20 Yanvar faciəsi haqqında dünya mətbuatında dərc edilən xəbərlər, müəllifin qanlı gecədən bəhs edən kitablar barədə düşüncələri, Bəxtiyar Vahabzadə, Oljas Süleymanov, Anar, Teymur Bünyadov, İsa İsmayılzadə, Şamo Arif, Vəli Həbiboğlu, Qulu Kəngərli, Məmməd Oruc, Elçin Mehralıyev kimi ziyalılarımızın həmin qanlı şənbə gecəsi haqqında fikirləri də daxil edilib.
GÜNEL
525-ci qəzet.- 2011.- 23 noyabr.- S.7.