Tədqiqatlara stimul verən monoqrafiya

 

Şirindil Alışanlı ictimai-elmi mühitdə öz səsi və kifayət qədər seçilən qüvvətli nəfəsi olan bir tənqidçi və ədəbiyyatşünas alimdir. Bu fikri mən əvvəllər də bir neçə dəfə onun özünə və ayrı-ayrı adamlara demişəm. O, xoşbəxt taleli bir qələm əhlidir, universitetdə oxuyanda da, vaxtilə Azərb.SSR EA Nizami adına Ədəbiyyat İnstitutunda işləyəndə də, Moskvada da qaynar elmi yaradıcılıq mühitinin əhatəsində olub. Bütün bunlar Şirindilin belə bir yüksək səviyyəli tənqidçi-ədəbiyyatşünas alim kimi yetişməsində mühüm rol oynayıb. Əlbəttə, burada Şirindilin özünün istedad və qabiliyyəti, elmi, araşdırıcılığa sonsuz təşnəsi, hər hansı elmi məsələyə münasibətdə müstəqil və seçilən mövqe ifadəetmə bacarığı da mühüm amillərdəndir.

Mən 1982-ci ildə Ədəbiyyat İnstitutunda aspirant olanda Şirindil İnstitutun elmi katibi idi. Elə o zamandan onun elmi-təşkilatçılıq səriştəsi və mühüm elmi məsələlərin müzakirəsində nümayiş etdirdiyi mövqe rasionallığı və qətiyyəti ilə seçilirdi. Son illərdə Şirindilin bir şöbə müdiri kimi, müasir (sovet dövrü) ədəbiyyatın və onun tarixi poetika problemlərinin habelə humanitar elmi düşüncənin problemləri ilə bağlı apardığı və uğurla seçdiyi mütəxəssislər qrupuna rəhbərlik edərək həyata keçirdiyi problematik elmi-təşkilati işlər – respublika və beynəlxalq miqyaslı elmi-nəzəri konfranslar, nəşr etdiyi elmi tədqiqat topluları, konfrans materialları və s. də Ş.Alışanlının elmi-təşkilatçılıq səriştəsindən, alim-vətəndaş yanğısından irəli gəlir.

Hazırda elmi ictimaiyyətin müzakirəsinə təqdim edilən monoqrafiyaya gəlincə, deməliyəm ki, tədqiqatın mövzusu aktual olmaqla yanaşı, əhatə etdiyi elmi-nəzəri problemlərin tutumu və miqyası baxımından çox əhatəli və genişmiqyaslıdır. Yəni burada Azərbaycan ədəbiyyatının – qədim dövrdən bu günədək – öyrənilməsi, dövrləşdirmə məsələləri, həmin prosesdə hansı nəzəri konsepsiyaların – formasiyalar, svilizasiyalar və s. nəzəriyyələrin əsas götürülməsi, onların uğurlu və qüsurlu cəhətləri, həmin uğur və kəsirləri doğuran obyektiv və subyektiv amillər, bu işlərdə, meydana çıxan tədqiqatlarda əməyi və xüsusi xidmətləri olan tədqiqatçı və nəzəriyyəçi alimlərin – H.Araslı, H.Hüseynov, F.Qasımzadə, M.Ə.Rəsulzadə, Mir Cəlal, M.Arif, M.C.Cəfərov, M.Quluzadə, Ə.Mirəhmədov, K.Talıbzadə, A.Rüstəmova, R.Əliyev, Ə.Səfərli, X.Yusifli, K.Məmmədov, M.Məmmədov, B.Nəbiyev, Ş.Hüseynov, A.Hacıyev, Y.Qarayev, Elçin, T.Əhmədov, N.Məmmədov, A.Hüseynov, İ.Həbibbəyli, N.Qəhrəmanlı, N.Cəfərov, T.Kərimli və başqalarının, həmçinin klassik tənqidçi və ədəbiyyat xadimlərindən Ə.Nazim, H.Zeynallı, R.Axundov, M.Rəfili, S.Vurğun, M.Hüseyn, C.Cabbarlı və başqalarının ayrı-ayrı məqalə və tədqiqatlarında ədəbiyyatımızın dövrləşdirilməsi, bədii metod və üslub, ədəbi cərəyanlar barədə irəli sürüb əsaslandırdıqıları fikir və nəzəri konsepsiyalar yerli-yataqlı şəkildə araşdırılmış, qiymətləndirilmiş, uğurlu və kəsir cəhətləri elmi obyektivliklə dəyərləndirilmiş və müasir milli ədəbiyyatşünaslığın qarşısında duran konseptual elmi-nəzəri məsələlər üzə çıxarılmışdır. Şirindilin bu araşdırması təkcə Azərbaycan ədəbiyyatşünaslıq elminin yox, bütövlükdə sovet və dünya humanitar elmi-nəzəri düşüncəsinin, onun çoxçeşidli və müxtəlif yönlü nəzəriyyələrinin, həmçinin tarixşünaslığın, dilçilik elminin, fəlsəfi fikir tarixinin formalaşması və inkişaf məsələlərinin panoram elmi mənzərəsini göz önündə canlandırır. Çünki, o, Azərbaycan humanitar elmi-nəzəri fikrini ayrılıqda, lokal şəkildə deyil, ümumsovet və ümumdünya ədəb-bədii və humanitar elmi-nəzəri fikir və düşüncə prosesinin üzvi tərkib hissəsi kimi götürərək, qarşılıqlı təsir və bəhrələnmə amillərini də nəzərdən qaçırmır. M.Baxtın, Y.Borev, O.Şpenqler, F.Köprülü, Y.Akpınar, A.N.Veselovski, A.Toynbi, A.Y.Qureviç, A.B.Saqadaev, Y.V. Perov, K. Popper, A.Yudin, T.A.Kasatkova, Y.H.Muhammad, A.F.Losev, T.Y.Qrinfeld, A.Dremov, V.Zummer, V.M.Qasak, B.P.Putilov və b. nüfuzlu müəlliflərin fikir və mülahizələrinə, dövrləşdirmə və nəzəriyyələrlə bağlı irəli sürdükləri tezis və konsepsiyalara bildirdiyi yerli-yataqlı, demək olar ki, bütün incəliklər, sosial-tarixi və elmi-nəzəri mühit nəzərə alınmaqla obyektiv elmi münasibət, apardığı polemika Şirindilin nəzəri hazırlığının və elmi erudisiyasının kifayət qədər yüksəkliyindən xəbər verir. Klassik ədəbi irsin, Şərq intibahı və Qərb renenssansının, ədəbiyyatda ürfani ideyaların, sufizm, hürufilik və sairin dəyərləndirilməsində Azadə xanım Rüstəmovanın alim-vətəndaş narahatlığı və elmi obyektivliyi , nəzəri dəqiqliyi ilə irəli sürdüyü tezislərə, Y.Qarayevin nəzəri ümumiləşdirmələrinə, Ə.Mirəhmədovun nəzəri və təşkilatçılıq xidmətlərinə, Azərbaycan romantizminin sistemli elmi tədqiqində M.C.Cəfərovun ilk və uğurlu addımlarının və s. və i.a. həssaslıqla diqqət mərkəzinə çəkilib dəyərləndirilməsi, Səməd Vurğunun, Cəfər Cabbarlının, Hənəfi Zeynallının, Mehdi Hüseynin 1920-30-cu və 1940-50-ci illərdə ədəbiyyatın, klassik və müasir irsin dəyərləndirilməsi meyarları, dövrləşdirmə məsələləri, metod və üslub problemləri ilə bağlı ayrı-ayrı məqalə, çıxış və məruzələrdə irəli şair, yazıçı intiusiyası, fitri istedad və yüksək elmi-nəzəri səriştələrinin, uzaqgörənliklərinin nəticəsi kimi irəli sürüb əsaslandırdıqları nəzəri-metodoloji konsepsiyaların problemlərə yüksək nəzəri hazırlıqla bələdlik və həssas münasibətlə qiymət verilməsi Şirindilin elmi intellekti ilə yanaşı, tənqidçi və tədqiqatçı alim vicdanından, mizan tərəzini bütün hallarda gözləmək məsuliyyətindən xəbər verir. S.Vurğun, C.Cabbarlı istedadlı şair və dramaturq kimi tanındıqları və məşhur olduqları kimi, Ş.Alışanlının onların elmi-nəzəri təfəkkürləri və mühüm ədəbi-tarixi problemlərin şərhində tutduqları mövqelərin uğur və perspektivləri, yaşarılıqları, elmi tutumu barədə araşdırma və qənaətləri onları gözümüz qarşısında həm də mütəfəkkir, nəzəri-fəlsəfi fikir sahibləri kimi canlandırır, bir daha ucaldır. S.Vurğun və R.Rza yaradıcılığına yanaşmada, son vaxtlar nəzərə çarpan səviyyəsiz, vulqar, sosioloji, populist çıxışların başadüşülənliyi və sabun köpüyü kimi tez bir zamanda qeyb olub gedəcəyi, belələrinə həmin sənətkarların ədəbi irslərinin həmişəyaşarlığının və bədii-estetik yüksəkliyinin tutarlı cavab olması haqdakı qənaəti də elmiobyektivliyi ilə razılıq doğurur.

Sovet dövrü ədəbiyyatımızın öyrənilməsi və ədəbiyyatın dövrləşdirilməsi məsələlərində Azərbaycan mühacirət ədəbiyyatının və elmi-nəzəri irsinin hökmən nəzərə alınmasının qaçılmazlığı, həmçinin milli mühacirət irsinin, mətbu və ədəbi abidələrinin toplanıb nəşr edilərək ictimaiyyətə çatdırılması, elmi dövriyyəyə daxil olunmasının zəruliliyi haqda irəli sürülən fikirlər və həyata keçirilən təşkilati tədbirlərin əhəmiyyətinə dair müəllifin fikir və qənaətləri təqdirə layiqdir.

Ş.Alışanlı ictimai-ədəbi və milli-tarixi fikrimizin inkişaf mərhələlərinin ayrı-ayrı dövrləri haqda obyektiv elmi fikir və rasional mülahizələr irəli sürməklə yanaşı, haqlı olaraq, ədəbiyyat və tarixşünaslığa yeni dövr kimi daxil olan XIX əsr və XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı mərhələsinin bütövlüyü haqda yazır:

“XX əsr Azərbaycanda yeni tipli ədəbiyyatın yaranması dövrü idi. Ədəbiyyatımızın bir çox kateqoriyaları XX əsr gerçəkliyinin səciyyəsi ilə bağlı yeni inkişaf mərhələsinə daxil olur. XX əsr ədəbiyyatında böyük vüsət tapan ideyaların rüşeymləri XIX əsrin ədəbi-fəlsəfi irsi ilə bağlı olduğundan ədəbi-bədii fikrin iki əsrdəki varis-irs əlaqələri ədəbiyyatşünaslığın diqqət mərkəzində olmuşdur”. Həmin fikir bir qədər sonra bu şəkildə dəqiqləşdirilir ki, “XIX əsrdə formalaşmış yeni tipli ədəbiyyatın bir çox kateqoriyaları XX əsr gerçəkliyinin səciyyəsi ilə bağlı yeni inkişaf dövrünə daxil olur. XX əsr ədəbiyyatında böyük vüsət tapan ideyaların başlanğıcı XIX əsrin ədəbi-fəlsəfi irsi ilə bağlı olduğundan ədəbi-bədii fikrin iki əsrdəki varis-irs əlaqələri ədəbiyyatşünaslığın mərkəzində dayanır”.

Qeyd edək ki, XIX əsr və XX əsrin əvvəllərinin irs-varislik əlaqələri və tamlığı sovet tarix və ədəbiyyatşünaslığında bir qayda olaraq üstündən sükutla keçilən (və dövrləşdirmə 1917-ci il oktyabr inqilabına qədər və 1920-ci il aprel “inqilabından” (çevrilişinə) sonra göstərilən) Cumhuriyyət dövründə də davam və inkişaf etdiyi kimi, həmin ədəbi-fəlsəfi ideya və ənənələrin rişələri 1920-ci illərin axırları və 30-cu illərin birinci yarısına qədər gedib çıxmış, ictimai-ədəbi düşüncədə kifayət qədər hiss edilən bir təsirə, nüfuza malik olmuşdur. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, N.Nərimanov, H.Cavid, A.Şaiq, S.Hüseyn və başqalarının sağlığı, ədəbi fəaliyyət meydanında olmaları da bu məsələdə özünün müsbət rolunu oynamışdır. Ancaq nədənsə, Ş.Alışanlı tədqiqat boyu Cumhuriyyət dövrü ədəbiyyatımızın adını çəkib onun da XIX əsr və XX əsrin əvvəlləri və Azərbaycan ictimai-ədəbi və fəlsəfi fikir inkişafının tərkib hissəsi olduğuna heç toxunmadığı, dövrləşdirmə məsələsində tarixi mərhələnin 1917-ci ilin oktyabrı ilə 1920-ci ilin apreli arasında sovet totalitar rejiminin diqtəsi ilə buraxılan boşluğun üstündən sükutla keçdiyi kimi, yuxarıda xatırlatdığımız obyektiv elmi mövqeyinə zidd gedərək, XX əsrin əvvəllərini XIX əsrdən ayrılıb 1920-30-cu illərlə bağlamağa çalışır. Bu barədə belə yazır: “... XX əsr mədəniyyəti ilə XX əsrin 20-30-cu illər ədəbi-bədii fikri vahid bir hadisənin başlanğıcı və davamı kimi öyrənilməlidir. Məlum olduğu kimi, 20-30-cu illərdə XX əsr ədəbi-bədii fikrinin əsas istiqamətləri davam edirdi”.

Şirindil Alışanlı “20-30-cu (1920-30 – A.B.) illərdə XX əsr ədəbi-bədii fikrinin əsas istiqamətləri davam edirdi”, deyəndə haqlıdır, ancaq XIX əsr ədəbiyyatı ilə XX əsr ədəbiyyatı arasındakı, özünün də elmi şəkildə əsaslandırdığı irs-varislik bağlılığını “nəzərdən qaçırmağa” çalışanda isə haqsızdır, özünə də zidd çıxır. Qeyd edək ki, XIX əsrdən başlayan bu əsas istiqamətlərə sovet totalitar rejimi və ideologiyası 1920-ci illərin ortalarından yavaş-yavaş qadağa qoyub ictimai və ədəbi fikri başqa istiqamətə – sosializm ideyalarının təlqin və tərənnüm edilməsinə yönəltməyə başladı və 30-cu illərin ortalarında mövqeyini sərtləşdirdi. Odur ki, XIX və XX əsrlərdə (həm də Cumhuriyyət dövründə) formalaşıb inkişaf edən Azərbaycan ədəbi-fəlsəfi fikrinin əsas istiqamətləri, Şirindilin də yazdığı kimi, “alt qata” keçdi. Ona görə də XIX əsrin ədəbi-ictimai fikri XX əsrin əvvəlləri və 1920-30-cu illərin ortaları da daxil olmaqla öyrənilməlidir.

Şirindil Alışanlının adlı bu tədqiqatı yeni araşdırmalara stimul verib yol açmaqla yanaşı, fikir mübadiləsinə imkan verməsi ilə də qiymətlidir.

 

 

Alxan BAYRAMOĞLU

(MƏMMƏDOV),

filologiya

elmləri doktoru, professor

 

525-ci qəzet.- 2011.- 24 noyabr.- S.7.