“Azərbaycanda dövlətin gənclərə böyük etimadının şahidi oldum”

 

ANDREY ABRAMOV: “BİZ BEYNƏLXALQ QURUMLARIN QARABAĞ PROBLEMİNİN HƏLLİ İSTİQAMƏTİNDƏ GÖRDÜYÜ İŞLƏRİN SÜRƏTLƏNDİRİLMƏSİNƏ ÇALIŞMALIYIQ”

 

Xəbər verildiyi kimi, BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlunun dəvəti ilə noyabrın ortalarında Azərbaycanda səfərdə oldu. Səfərin son günü cənab A.Abramovla görüşüb Azərbaycanda keçirdiyi görüşlər və ölkəmizlə bağlı təəssüratları haqqında söhbət etdik.

– Bu səfər Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun dəvəti ilə reallaşdı. Qeyd edim ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu 2007-ci ildən ECOSOC-un məşvərətçi statuslu üzvüdür. Umud Rəhimoğlu və Fondun digər əməkdaşları ECOSOC-un müxtəlif tədbirlərində yaxından iştirak edirlər və aktiv fəaliyyət göstərirlər. Umud Rəhimoğlu ilə o görüşlərdə Azərbaycana səfərimizi bir neçə dəfə müzakirə etmişdik. Şadam ki, bu səfər reallaşdı.

– Səfərinizin məqsədi nə idi?

– Ümumilikdə Azərbaycandan 5 qeyri hökumət təşkilatı ECOSOC-un üzvüdür. Məqsədim Azərbaycanda QHT sektorunun real vəziyyət ilə tanış olmaq, onların BMT agentlikləri strukturlarına inteqrasiya yolları və perspektivlərini araşdırmaq, vətəndaş cəmiyyəti institutunun daha da dinamik inkişafı məqsədi ilə müzakirələr aparmaq, o cümlədən BAMF-ın regionlarda gördüyü işlər, həyata keçirdiyi layihələrlə tanış olmaqdan ibarət idi.

– Planlaşdırdığınız bütün görüşləriniz baş tutdumu, səfərin nəticələrindən razısınızmı?

– Əvvəlcədən cənab Umud Rəhimoğlu ilə planlaşdırdığımız bütün görüşlərimiz baş tutdu. Səfərin nəticəsindən də çox razı qaldım. Çünki Azərbaycanda olduğum zaman xeyli görüşlər keçirdik, səmərəli müzakirələr apardıq. Səfərim zamanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun işçi heyəti ilə tanışlıqdan və müzakirələrdən sonra ilk görüşüm Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri, millət vəkili Azay Quliyevlə oldu. Onunla bir çox məsələni müzakirə etdik. Açıq deyim ki, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması özü çox təqdirəlayiq haldır. Belə model dünyada çox nadir hallarda rast gəlinən bir nümunədir. Öz fəaliyyətim zamanı bu təcrübəni mütləq təbliğ edəcəyəm. Şurada 40-yə yaxın QHT rəhbəri, nümayəndələri ilə görüşümüz oldu, çox geniş və ətraflı müzakirələr apardıq. Görüşdə iştirak edən QHT nümayəndələri ECOSOC- və BMT agentlikləri ilə daha sıx əməkdaşlıq etmək arzularını bildirdilər. QHT rəhbərlərinin əksəriyyəti müzakirələr zamanı bu işlərin BAMF tərəfindən koordinasiya olunması təklifi oldu. Növbəti görüşlərimdə də bu təklifləri bir daha eşitdim. Azərbaycanda vətəndaş cəmiyyətinin dinamik inkişafının şahidi oldum. Ən sevindirici hal odur ki, dövlət QHT-lərin inkişafına yaxından köməklik göstərir, onlara maddi və digər dəstək verir. Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri cənab Əli Həsənovla görüşüm də yadda qalan oldu. Onun söhbətim zamanı əmin oldum ki, hakimiyyət QHT-ləri inkişafında çox maraqlıdır. Xarici İşlər, Gənclər və İdman nazirliyində keçirilən görüşlərimiz də səmərəli oldu. Xüsusən Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədri, millət vəkili Fuad Muradovla görüşüm mən də maraqlı təəssürat yaratdı. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında aparılan müzakirələr zamanı təklif olunmuşdu ki, 2012-ci ilin aprelində Bakıda gənclər və vətəndaş cəmiyyəti mövzusunda bir beynəlxalq konfrans keçirilsin. Bu ideyanı Fuad Muradovla, Gənclər və İdman Nazirliyinin müavini İntiqam Babayevlə də müzakirə etdik. Onlar da bu ideyanı dəstəklədiklərini, bunun üçün lazımı köməkliyi göstərməyə hazır olduqlarını dedilər. Azərbaycanda olanda bir məsələ mənim diqqətimi xüsusi ilə çəkdi. Azərbaycanda kadr siyasətində gənclərə çox böyük üstünlük verilir. Bu çox yaxşı haldır. Yəni mən Azərbaycanda dövlətin gənclərə böyük etimadın şahidi oldum. Azərbaycan Milli QHT Forumunda, qurumun sədri Rauf Zeyni və idarə heyətinin üzvləri ilə də maraqlı görüşümüz oldu.

– Sonra kimlərlə görüşünüz oldu?

– Növbəti vacib görüşümüz Azərbaycan Respublikasının Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənovla oldu. Mən vaxt ayırıb bizi qəbul etdiyinə və səfərin daha da səmərəli olması üçün göstərdiyi bütün köməkliyə görə ona öz təşəkkürünü bildirdim. Eyni zamanda bu yaxınlarda Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi münasibəti ilə onu təbrik etdim. Əli Həsənov isə bu uğurun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı ardıcıl və səmərəli işlərin nəticəsində əldə olduğunu bildirdi. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış problemlərin aradan qaldırılmasından, hökumətinin humanitar sahədə gördüyü işlərdən danışdı. Bu sahədəki vəziyyəti çox gözəl şəkildə təhlil etdi. Bəzi beynəlxalq qurumların Azərbaycanın iqtisadi vəziyyətinin yaxşılaşmasını əsas tutaraq fəaliyyətlərini dayandırmalarının düzgün olmadığını dedi. Əli Həsənov dedi ki, sanki Qarabağ problemi başa çatıb, amma onlar unudurlar ki, hələ problem həll edilməyib, məcburi köçkünlərin yurd yuvalarına qayıtmayıblar. Öz missiyalarını sanki başa çatmış hesab edirlər. Söhbətimiz zamanı o, təmsil etdiyi dövlət qurumunun həmişə QHT-lərə dəstək verdiyini, bundan da sonra bu istiqamətdə bütün zəruri addımları atacaqlarını söylədi. Azərbaycanda keçirdiyim görüşlər barədə ona ətraflı məlumat verdim.

– Bildiyimizə görə, Qarabağa, Tərtər rayonuna da səfəriniz olub.

– Bəli, ölkənizə səfərim zamanı Tərtər rayonuna da getdim. Tərtərə getməkdə məqsədim Beynəlxalq Avrasiya Mətbuat Fondunun regiondakı fəaliyyəti ilə tanış olmaq idi. Fürsətdən istifadə edib Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla da görüşdük. Ceyhun Cəfərov cəbhə bölgəsində yerləşməsinə baxmayaraq, Tərtərdə həyatın öz axarı ilə davam etməsi, rayonda aparılan tikinti-abadlıq və quruculuq işləri, həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın inkişafı, kəndli-fermer təsərrüfatlarına yönəlik işlər, gənclərin fəal həyat mövqeyinin inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişafı sahəsində dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verdi. Tərtər rayonunun məndə xoş təəssürat yaratdı, xüsusilə tikinti-abadlıq və quruculuq işlərinə böyük diqqət yetirilməsindən çox məmnun qaldım. Sonra biz qaçqınların və məcburi köçkünlərin həyat şəraiti və problemləri ilə tanış olmaq üçün onların məskunlaşdıqları yaşayış yerlərinə baş çəkdik. Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər rayonundakı regional ofisində olduq. Burada görülən işlərlə, həyata keçirilən layihələrlə bizi tanış etdilər. Fondun təsisçiliyi ilə yaradılan və əsasən müharibə qurbanlarının, aztəminatlı ailələrin sahibkarlıq fəaliyyətinin inkişafına dəstək verən “Avrasiya-Kredit” məhdud məsuliyyətli cəmiyyətinin regiondakı fəaliyyəti ilə tanış oldum. Sonra ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə tikilib istifadəyə verilmiş və 2010-cu ildən fəaliyyət göstərən Tərtər Regional Peşə və Təlim Mərkəzində oldum, indiyədək burada mina qurbanlarına və müharibədən zərər çəkən insanlara keçilən təlimlər və öyrədilən peşələr barədə mənə geniş məlumat verildi. İREX-in dəstəyi ilə Fondun həyata keçirdiyi İctimai İnformasiya Mərkəzinin fəaliyyəti də maraqlı layihədir. Daha sonra Tərtər Regional Peşə və Təlim Mərkəzinin Koperativ Təsərrüfatına baş çəkib, tingçilik, yemçilik və digər sahələrdə əldə olunan uğurlarla tanış oldum. Fondun regionda gördüyü bütün , həyata keçirdiyi layihələr məndə böyük maraq doğurdu və bütün bunların təşkilatın uğurlu missiyasının məntiqi nəticəsi olduğunu deyə bilərəm. Tərtərdə olarkən Fonda təcrübə keçməyə gələn Almaniyanın Tübüngen Universitetinin tələbə qızları ilə də görüşüb söhbətləşdim. Fondun fəaliyyəti məndə xoş təəssürat yaratdı. Mən Fondun təcrübəsi barədə ECASOC çərçivəsində fəaliyyət göstərən digər təşkilatlara da məlumat verəcəm. Səfərə qədər BAMF-ı ECASOC-un aid üzvlərindən biri kimi tanıyırdım. Bu səfərdən sonra mən hesab edirəm ki, BAMF regionda ECASOC-un etibarlı tərəfdaşlarından biri olacaq.

– Bildiyimizə görə, səfəriniz zamanı sizə Azərbaycanın ən ağrılı dərdi olan Qarabağ problemi barədə də ətraflı məlumat verilib. Qarabağ problemi barədə nə düşünürsünüz?

– Əlimizdən gələni etməliyik ki, Qarabağ problemi tezliklə həll olunsun, işğal olunmuş ərazilər azad edilsin, azərbaycanlı məcburi köçkünlər öz yurdların qayıtsın. Bu istiqamətdə çalışan beynəlxalq təşkilatlar öz fəaliyyətini daha da artmalıdır. Biz beynəlxalq qurumların bu istiqamətdə gördüyü işlərin sürətləndirilməsinə çalışmalıyıq.

– Azərbaycanla bağlı təəssüratınız necədir?

– Azərbaycanla bağlı çox xoş təəssüratlarım var. Əslində mən Azərbaycanda ilk dəfə 70-ci illərdə, tələbə olarkən bakılı dostlarımın dəvəti ilə qısa bir zaman olmuşdum. Bu dəfə isə imkanım oldu ki, Azərbaycanla, onun paytaxtı ilə ətraflı tanış olum. Əvvəlcə onu deyim ki, mən tamam fərqli bir Bakı gördüm. Yeni və müasir tikililər, tarixi abidələrin bərpası...Bunlar çox gözəldir! Bakı çox böyük sürətlə inkişaf edir. Paytaxtınızın gəzməli, görməli yerlərində oldum, şəhərin mərkəzini də gəzdim. Bakının gecə mənzərəsini heyranlıqla müşahidə etdim. İçəri şəhərdə, Atəşgahda oldum, Qobustana getdim. Bütün bunlar nəinki Azərbaycan mədəniyyətinin, bütün dünya mədəniyyətinin bir incisidir. Milli adət ən-ənənənizlə, folklorunuzla, xalq musiqinizlə, muğamınızla tanış oldum. Mən muğamlarınızı xüsusi ilə qeyd etmək istəyirəm. Azərbaycanın əməkdar artisti Feruz Səxavət və Qoçaq Əsgərov bizə muğam parçaları ifa etdilər. Sözləri başa düşməsəm də, melodiya və onların səslərindəki məlahət, səsin tembri, ifaları mənə çox şey deyirdi. Bir daha əmin oldum ki, bəşəri musiqinin dili olmur. Bu da sizin xalqınızın xoşbəxtliyidir ki, onun belə bir musiqisi-muğamı var. Bu musiqinin digər millətin nümayəndələrinə da çatdırılmasına çox böyük ehtiyac var. Ona görə də BAMF-la həyata keçirmək istədiyimiz digər layihələrlə yanaşı yaxın gələcəkdə BMT-nin baş ofisində Azərbaycan muğamından ibarət konsertin təşkilini də düşünürük.

 

 

BƏXTİYAR

 

525-ci qəzet.- 2011.- 24 noyabr.- S.5.