“Elm
haqqında” və “Ali təhsil
haqqında” qanun layihələrinin ictimai müzakirəsinə ehtiyac
var
Bu
yaxınlarda Kütləvi İnformasiya Vasitələrində
belə bir məlumat yayılıb ki, Azərbaycan Parlamentinin
Elm və təhsil komitəsi “Elm haqqında” və “Ali təhsil
haqqında” qanun layihələrini hazırlanması prosesini
başa çatdırıb. Hər iki qanun layihəsinin Milli
Məclisin payız sessiyasında müzakirəyə
çıxarılması nəzərdə tutulub. Məlumatda
qeyd olunub ki, “Elm haqqında” qanun layihəsi elmin qanunvericilik
bazasının yaradılmasına və elmi fəaliyyətlə
bağlı bütün proseslərin hüquqi tənzimlənməsinin
təmin olunmasına xidmət edəcək. Qanun layihəsində
elmi fəaliyyət sahəsində dövlət siyasətinin
məqsəd və prinsipləri, elmi fəaliyyətin
stimullaşdırılması mexanizmi, elmi işçilərin
hüquq və vəzifələri, elmin idarə olunması və
koordinasiya edilməsi sistemi, elmin maliyyələşdirilməsinin
yeni mexanizmi, innovasiyaların stimullaşdırılması,
elmi məktəblərin yaradılması və s. bu kimi məsələlər
təsbit edilib”. “Ali təhsil haqqında” qanun layihəsi isə
“Təhsil haqqında” qanun müəyyən edilmiş
ümumi prinsiplərdən çıxış etməklə
ali təhsilin təşkili və idarə olunması sistemini,
ali təhsilin hər bir səviyyəsində tədrisin təşkili,
ali təhsilin yeni maliyyələşdirmə sistemini və
digər məsələləri müəyyən edir. Ali təhsilin
Boloniya prosesinin tələblərinə tam
uyğunlaşdırılması və ali məktəblərin
dünyanın aparıcı universitetləri ilə rəqabət
apara biləcək səviyyəyə
çatdırılması baxımından bu qanun
mühüm əhəmiyyət kəsb edir”.
Bu məlumatlarla
tanış olduqdan sonra www.meclis.gov.az saytına girərək,
həmin layihələri axtarmaq qərarına gəldik. Təəccüblü
də olsa saytda “Sosial xidmət haqqında” və “Kənd təsərrüfatı
kooperasiyası haqqında” qanun layihələri olsa da “Elm
haqqında” və “Ali təhsil haqqında” qanun layihələri
saytda yoxdur. Azərbaycanın gələcəyi
üçün mühüm əhəmiyyət
daşıyan bu qanun layihələrinin hazırlanmasında
şəffaflığın təmin olunmaması, ictimai
müzakirələrin təşkil edilməməsi ciddi
narahatlıq doğurmaya bilməz. Halbuki, “Təhsil
haqqında” qanun qəbul olunarkən indikindən fərqli
olaraq müəyyən ictimai müzakirələr təşkil
olunmuşdu.
Müqayisə üçün faktlara müraciət edək. Azərbaycan Respublikasında 1992-2009-cu illərdə 7 oktyabr 1992-ci il tarixində qəbul olunmuş 324 saylı Təhsil qanunu qüvvədə olub. 1999-cu ildən yeni Təhsil qanunun qəbulu ilə bağlı proses başlayıb, bu proses 10 il davam edib, obyektiv və subyektiv səbəblərdən uzun müddət qanunu qəbulu mümkün olmayıb. Azərbaycan Respublikası Prezidenti tərəfindən 1999-cu ildə “Təhsil sahəsində islahatlar proqramı” təsdiq olunub və “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar haqqında” sərəncam imzalanıb. Həmin dövrdə Təhsil islahatına kömək məqsədilə Ümumdünya Bankı Azərbaycan Respublikasına 5 mln ABŞ dolları məbləğində kredit ayırıb. İlk dövrlər, konkret olaraq 1999-2005-ci illərdə qanun layihəsinin geniş ictimai müzakirəsi keçirilməyib, hətta tez-tez dəyişiklər edilən qanun layihəsinin mətnini əldə etmək müşkülə çevrilib. Azərbaycan Respublikasının Milli Məclisi 1999-cu ilin fevralında qanun layihəsini müzakirə edərək birinci oxunuşda qəbul edib. Bundan sonra layihəyə bir neçə dəfə elm və təhsil komissiyası tərəfindən dəyişiklər edilməsinə baxmayaraq, bir sıra ciddi çatışmazlıqlar, fikir ayrılıqları olduğuna görə, qanun layihəsinin qəbul olunması ləngiyib. 2005-ci il parlament seçkilərindən sonra yenidən formalaşan Milli Məclisin Elm və təhsil komissiyası ilk vaxtlar bu çatışmazlığı aradan qaldırsa da, sonradan layihə ilə bağlı şəffaflıq təmin olunmayıb. Belə ki, komissiya özünün saytını açaraq layihəni həmin sayta qoysa da sonradan həmin sayt məlum olmayan səbəbdən bağlanıb.
Elm və təhsil komissiyası sədrinin, bir neçə millət vəkilinin və QHT fəallarının iştirakı ilə Azərbaycan İqtisad Universitetində 2006-cı ildə layihənin müzakirəsinin keçirilməsi təqdirə layiq hal hesab oluna bilər. Lakin vaxt azlığı, xüsusilə də millət vəkillərinin Milli Məclisin iclasına tələsməsi sənədin ayrı-ayrı müddəalarının geniş müzakirəsinə imkan verməyib. Bundan sonra layihə Milli Məclisin bir neçə komissiyasının birgə keçirdiyi qapalı iclasda müzakirə olunub, nəhayət Milli Məclisin 2008-ci il 30 yanvar tarixli iclasında bayram ərəfəsi olduğundan geniş müzakirə aparılmadan ikinci oxunuşda qəbul edilib. Nəhayət 2009-cu ilin iyun ayında Qanun layihəsi Milli Məclis tərəfindən qəbul olunaraq imzalanmaq üçün ölkə Prezidentinə təqdim olunub. Milli Məclisin Elm və təhsil komitəsinin 1 iyul 2009-cu il tarixdə keçirilən növbəti iclasında “Təhsil haqqında” Qanunun qəbul olunmasının bu sahə ilə bağlı digər qanunların və normativ hüquqi sənədlərin hazırlanması üçün geniş imkan yaratdığı qeyd edilib. İclasda həmçinin bildirilib ki, İSESKO-nun Təhsil komitəsi və Dünya Bankı bu Qanunun qəbulunu yüksək qiymətləndirib və müsbət rəy veriblər. Bundan başqa dövlətin bu sahəyə prioritet sahə kimi xüsusi diqqət verdiyi və 2009-cu ilin dövlət büdcəsində elm və təhsil sahəsi üçün 1 milyard 300 milyon dollardan artıq vəsait ayırdığı xüsusi qeyd olunub. İclasda həmçinin “Elm və dövlət elmi-texniki siyasəti haqqında”, “Ali təhsil haqqında”, “Ümumi orta təhsil haqqında” və “Yaşlıların təhsili haqqında” yeni qanun layihələrinin Milli Məclisin payız sessiyasının müzakirəsinə çıxarmağı planlaşdırıldığı da bildirilib.
Bütün bu proseslərdən sonra “Elm haqqında” və “Ali təhsil haqqında” qanun layihələrinin ictimai müzakirələrinin təşkil olunmadan, elm və ali təhsil sahəsində çalışan ziyalıların fikirlərini nəzərə almadan Milli Məclisin müzakirəsinə çıxarılması fikrimizcə düzgün deyil. Layihələrin hazırlanması prosesi həmin layihələrin elm və ali təhsil sahəsində ciddi problemlərin həllində dönüş yaradacağını indidən şübhə altına qoyur. Məsələn, layihə barədə Elm və təhsil komitəsinin yaydığı məlumatda deyilən “Ali təhsilin Boloniya prosesinin tələblərinə tam uyğunlaşdırılması və ali məktəblərin dünyanın aparıcı universitetləri ilə rəqabət apara biləcək səviyyəyə çatdırılması baxımından bu qanun mühüm əhəmiyyət kəsb edir” fikrinə diqqət yetirək. Yəni bu fikri qanun layihəsində əsaslandırmaq üçün ali təhsil müəllimlərinin əmək haqqı da Boloniya prosesinə qoşulmuş qərb ölkələrinin əmək haqqına uyğunlaşdırılmalıdır. Halbuki, 2009-cu ildə qəbul olunmuş “Təhsil qanunu”nda qeyd olunub ki, müəllimlərin əməkhaqqı tədricən artırılaraq qərb standartlarına uyğunlaşdırılacaq. Fikrimizcə burada konkretliyin olmaması, yəni mücərrəd “tədricən” sözü əmək haqqının illərlə aşağı həddə qalmasına xidmət edir. Yeni layihələrdə bu cür mücərrəd maddələrin deyil, konkret maddələrin olmasına ehtiyac var. Layihələrlə bağlı suallar həddən artıq çoxdur. Məhz buna görə də qanun layihələri Milli Məclisdə müzakirəyə çıxarılmazdan əvvəl elmi – tədqiqat institutları və ali məktəblərdə geniş müzakirəsinin keçirilməsi zəruridir.
Məhərrəm ZÜLFÜQARLI,
İctimai Problemlərin Tədqiqi
Assosiasiyasının sədri
525-ci qəzet.- 2011.- 25 noyabr.- S.4.