“Müstəqil Azərbaycan 20: mətbuatımızın cəmiyyətin inkişafında rolu” mövzusunda konfrans keçirildi

 

Noyabrın 24-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycan 20 ildə: mətbuatımızın cəmiyyətin inkişafında rolu” mövzusunda konfrans keçirilib. Tədbirdə Nərimanov rayonunun, o cümlədən idarə və təşkilatlarının rəhbərləri və respublikanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qonaqları salamlayaraq deyib ki, belə bir konfransın keçirilməsi ictimaiyyətin son illərdə respublikada ictimai həyatın bütün sahələrində həyata keçirilən islahatlar, o cümlədən Nərimanov rayonundakı genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri barədə obyektiv məlumatlandırılması baxımından mühüm əhəmiyyət daşıyır. Abdin Fərzəliyev əmin olduğunu bildirib ki, konfrans rayonun rəhbər şəxsləri ilə kütləvi informasiya vasitələrinin qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafında yeni imkanlar açacaq.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında 2011-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinin respublikada yüksək səviyyədə qeyd olunduğunu bildirib, eyni zamanda, milli mətbuatın cəmiyyətin inkişafındakı rolundan danışmışdır. Müstəqillik illərində milli mətbuatın keçdiyi tarixi inkişaf yoluna nəzər salan Fondun icraçı direktoru ölkədə söz, fikir və məlumat azadlığının təminatı sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb.

Müstəqilliyin ilk illərində ölkədə barmaqla sayılacaq qədər az qəzetin olduğunu diqqətə çəkən Vüqar Səfərli son illərdə mətbuat orqanlarının təsis edilməsi üçün son dərəcə liberal mühitin yaradıldığını, bunun nəticəsi kimi 5000-ə yaxın qəzet və jurnalın Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyini diqqətə çatdırıb. Həmçinin bildirib ki, 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ölkə mətbuatının inkişafına və maliyyə problemlərinin həllinə mühüm töhfə olub.

Vüqar Səfərli qeyd edib ki, Fondun maliyyə yardımları ölkə mətbuatının inkişafında və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Fondun icraçı direktoru çıxışının sonunda əmin olduğunu bildirib ki, belə tədbirlər mətbuat nümayəndələri ilə dövlət məmurları arasında sivil əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verəcək.

Daha sonra məruzə ilə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə mətbuatının yaranması və tarixi inkişaf yoluna nəzər salmış, müxtəlif mərhələlərdə milli jurnalistikamızın cəmiyyətin tərəqqisinə verdiyi sanballı töhfələrdən söz açıb. Əflatun Amaşov həmçinin, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində ötən əsrin 90-cı illərinin əvvəllərində təşəkkül tapmış qəzetlərin rolundan danışıb, ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə mətbuat üzərində senzuranın ləğvini kütləvi informasiya vasitələrinin inkişafında keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirib. Əflatun Amaşov ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkə həyatının ən müxtəlif sahələrində həyata keçirilən islahatların cəmiyyətə dolğun və obyektiv şəkildə çatdırılmasında, habelə demokratik proseslərin inkişafında ölkə mətbuatının xidmətlərinə də xüsusi toxunub.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev xüsusi vurğulayıb ki, rəhbərlik etdiyi rayon ölkədəki dinamik sosial-iqtisadi inkişaf və abadlıq-quruculuq işlərini öz nümunəsində qabarıq şəkildə əks etdirir. Genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri barədə məlumat verən Abdin Fərzəliyev deyib ki, qarşıdakı illərdə Nərimanov rayonunda Heydər Əliyev Mərkəzinin tikintisi, T.Bəhrəmov adına Respublika Stadionun yenidənqurulması, Rəssamlıq və Diplomatik akademiyaların yeni binalarının inşası başa çatdırılacaq. Eyni zamanda paytaxt üçün son dərəcə mühüm əhəmiyyət daşıyan yol-nəqliyyat layihələrinin icrası yekunlaşacaq. Abdin Fərzəliyev çıxışında rayon sakinlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə də tədbir iştirakçılarına məlumat verib.

Daha sonra dialoq və diskussiya şəklində davam edən tədbirdə Nərimanov rayonunun rəhbər şəxsləri, habelə rayon ictimaiyyətinin nümayəndələri onları maraqlandıran suallarla bağlı kütləvi informasiya vasitələrinin rəhbərlərinə müraciət ediblər.

“Reket jurnalistika”ya qarşı mübarizə sahəsində görülən işlərlə bağlı sualı cavablandıran Mətbuat Şurasının Reket jurnalistika ilə mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə son illərdə ölkə mətbuatını nüfuzdan salan 80-dan çox qəzetin adının “qara siyahı”ha salındığını diqqətə çatdırıb. O, ayrı-ayrı məmurları reket jurnalistikaya qarşı mübarizədə, onların ifşasında yaxından iştirak etməyə çağırıb.

Sonda Abdin Fərzəliyev Nərimanov Rayon İcra Hakimiyyəti və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşəbbüsü ilə jurnalistlər üçün “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının vəziyyəti” mövzusunda yeni yazı müsabiqəsinin keçiriləcəyini bildirib. O deyib ki, müsabiqənin keçirilməsinə məqsəd son illərdə rayonda həyata keçirilən tədbirləri və mövcud problemləri mətbuatda obyektiv şəkildə işıqlandırmaqdır.

Tədbirdə çıxış edən digər məmurlar və kütləvi informasiya vasitələrinin rəhbərləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

 

 

525-ci qəzet.- 2011.- 25 noyabr.- S.3.