“Göylərdən
enəsən, yerə – yanıma...”
Şairə
Afaq Şıxlının “Səni düşünürəm”
şeirlər kitabı işıq üzü görüb. Bu,
istedadlı şairənin dördüncü kitabıdır.
Kitaba Afaq Şıxlının bu günə kimi dövrü
mətbuatda işıq üzü görməyən şeirləri
toplanıb. Bundan əvvəlki kitablarında olduğu kimi,
müəllif yenə də ən ali hiss olan sevgi və onun
yaratdığı ürək
çırpıntılarını özünəməxsus
şəkildə ifadə edən şeirlər qələmə
alıb. Şeirlər axıcılığı və
oxunaqlı olması ilə də diqqəti cəlb edir.
Şairə “Dostlarım mənə də bahar göndərin”
şeirində vətən həsrətini belə bəyan
edir:
Çox
uzaq düşmüşəm isti yuvadan,
Danışın
siz mənə eldən-obadan,
Qurtulsun yurdumuz qandan-davadan,
Evlərdə səadət bərqərar olsun.
Qürbətdə ömürdən ömür azalır,
Bənizin açılmır, canın sozalır,
Yazanda qisməti elə yazalar,
Hər insan elində bəxtiyar olsun.
Bülbüllər verəndə yenə
səs-səsə,
Qayıda biləydim lap son nəfəsə.
Salamlar söyləyin məndən
hər kəsə,
Afaqın
sevdiyi Vətən var olsun
Afaq Şıxlının
yaradıcılığında ədəbi ruhumuzun və xalq ədəbiyyatımızın
laylası sayılan qoşma janrı üstünlük təşkil
edir. Şairənin bu
qəbildən olan şeirlərindən biri
“Əzizim” başlıqlı
şeiridir:
Sanma ki, eşqinə vermirəm dəyər,
Sanma ki, mənsizlik qəddini əyər,
Səndən uzaq olmaq lazımsa əgər,
Bir daha qapımı çalma, əzizim.
Uzaqdan uzağa sənə yoldaşam,
Düşüncəm qoyarmı düz yolu çaşam.
Afaqam, sanma ki, soyuğam,
daşam,
Mənim
günahımı alma,
əzizim.
Şairə uzun müddət Azərbaycandan kənarda yaşamasına baxmayaraq, onun şeirlərindəki
milli kolorit, işlənən sözün
məna çaları,
poetik yükü əslində kökə bağlılıqdan xəbər
verir. Afaq Şıxlının şeirlərinin mayasını
sevgi təşkil edir. Müəllifin bu səpkidə
olan şeirləri özünəməxsusluğu, bədii tərənnüm
xarakterinə görə
seçilir.
Göylərdən enəsən, yerə
– yanıma
“Mələk” olduğunu danasan görüm!
Sevgisiz dünyanın qaranlığında
Özünü tək-tənha sanasan
görüm!
Sən mənə biganə qaldın deməli
Qəlbimi yerlərə çaldın
deməli
Görüb görməzliyə saldın
deməli
Gecə
yuxunda da anasan görüm!
Afaq Şıxlı
sərbəst vəzndə
də qələmini sınayıb və gözəl şeir nümunələri yarada bilib. Onun bu qəbildən olan “Özün söylə”,
“Qoyma gedəm”, “Mənə sevgilim demə”, “Yollar uzaq”, “Minnətdaram” və sairə şeriləri də kitaba daxil edilib.
GÜNEL
525-ci qəzet.- 2011.- 26 noyabr.- S.31.