KÖLGƏ
VƏ AZADLIQ
Hörmətli Rəşad bəy!
Gənc yazıçı Təranə
Vahidqızının sizə təqdim etdiyim bu kiçik həcmli
hekayələrini və miniatürlərini oxuyanda sözdən,
fikirdən, onun çox sadə, şəffaf, səmimi, hətta
müdrik ifadəsindən dərin zövq duydum, sözün
həqiqi mənasında ləzzət
aldım. Çox istərdim bu zövqü və ləzzəti
qəzetinizin oxucuları da duysun.
Əli Əmirli
KÖLGƏ VƏ AZADLIQ
Qapı
çırpılanda kölgə həyatında ilk dəfə
qaydanı pozub sahibinin ardınca getmədi. Pəncərə
şüşəsinə sığınıb dərindən
nəfəs aldı. Azadlığın mehi başını
gicəlləndirdi. Mən kiməm? deyib səssizlikdən
cavab gözlədi. Səs gəlmədi. Balaca, bapbalaca
kölgə qəfildən başa düşdü ki,
heç kimdir, heç kim... Yazıqlaşdı... Nə
üçünsə sahibi geri qayıtdı. Kölgə
anasını itirən uşaq kimi qaçıb ona
sığındı...
DOĞMALIQ
Dərdim
böyük deyil, belə baxanda elə də balaca deyil. Nə
böyük, nə də kiçik olmayan dərdimi yerə
qoydum yer götürmədi, göyə uzatdım göy sahib
durmadı. Dərdim asılıb qaldı havada. Baxdım,
baxdım dərdimə yazığım gəldi. O da
mağmın-mağmın üzümə baxıb
qollarını geniş açdı. Mən də onu
qucaqladım. Gördüm bir-birimizə çox
yaraşırıq...
YOXLUQ
Ömründə
hər şey qıtıydı. Sevgi, məhəbbət,
qayğı, nəvaziş. Olmayanların hamısını xəyalda
tapırdı. Bir gün xəyal da qurtardı. Yoxluqda bir
kölgə göründü. Arıq, miskin, ölüvay bir
kölgə. Kölgə titrəyə-titrəyə
güldü:
Bir azdan mən
də olmayacam...
ƏMANƏT
Qəlbi
heç vaxt belə kimsəsiz olmamışdı. Bom-boş idi, lap Atakama səhrası
kimi. Belə yavan qəlblə hara getmək
olardı?
Yenə
də özünü o yerə qoymadı. Ümidə oxşar nə isə
tapmağa çalışdı. Hara
üz tutdusa, əliboş qayıtdı. Birtəhər
oldu. Peşmanladı. Bir
zamanlar onun xəyalları göylərdə uçurdu.
İçi okeanlar kini
aşıb-daşırdı. Demə bunların
hamısı məhəbbətdən imiş...
Məhəbbət
onun qəlbinə neçə il əvvəl,
ilıq bir may günündə düşmüşdü. O
vaxtacan məhəbbətin nə olduğunu bilməzdi. Çatana çatırdı, çatmayana da bir
daş qolazlayırdı. Amma məhəbbətin əsiri
olduğu günün səhəri əməlli-başlı adam olmuşdu. Həyat gözəl idi,
daşlar da, çınqıllar da, nənəsinin
ayağındakı zəhləsi getdiyi qoz boyda fır da... Bütün bunlar məhəbbətdən sonra
baş vermişdi. Ürəyinə
düşən düşmüşdü. O
baxışlar, o gözlər, o gülüş, o səs...
Əmin
idi ki, ürəyinin qapısını döymədən
içəri keçən elə məhəbbətin
özüdür. Həyəcandan
meh vuran ot kimi titrəyirdi...
...Görüşdülər.
Həyat düzənlikdə axan çay kimi səssiz,
ulduzlar kimi işıqlı idi Məhəbbətdə
naşılığı aydınca görünürdü.
Qırıq-qırıq kəlmələr, utancaqlıq və
bir də, bir də çırpınan, döyünən
ürək...
Yenə
görüşdülər... Sonra
ayrıldılar. O, and içdi ki, tezliklə
qayıdacaq, mütləq qayıdacaq. Getdi.
Ürəyi də özü ilə apardı... Ürəksiz
qaldı...
...Sərasər
illər keçdi. Ürəyini çalıb
gedən çox-çox uzaqlara getmişdi. Əl yetmirdi. O, isə unutmuşdu əmanəti.
Unutmuşdu hər şeyi...
Bir yaz
günü ayrıldılar, bir payız günü
qarşılaşdılar. İllər üz gözlərinə
əməlli-başlı əl gəzdirmişdi. Amma vaxtın bu cızma-qarası heç nəyi dəyişdirə
bilməzdi. Ürəyini verən daha həyəcanlı
görünürdü. O isə susurdu. Böyük
sevgini də, özü ilə apardığı ürəyi
də deyəsən unutmuşdu.
Səbri
çatmadı, ürəyini geri istədi. O, əvvəlcə özünü
itirdi. Sonra ciblərini eşələdi, tiftiklərin
içindən toz basmış, köhnəlmiş, təravətini
itirmiş, qanı qaçmış ürəyi tapıb
barmaqlarının ucunda geri qaytardı...
Ovcunda ürəyin
zəif döyüntüsünü hiss etdi. Bir zaman
çırpınan, sevincindən yerə-göyə
sığmayan ürəkdən əsər-əlamət
qalmasa da, ovcunu sinəsinə sıxıb o yerdən
uzaqlaşdı...
Günlərlə
ürəyi göz yaşı ilə təmizlədi, əzizlədi,
xəlvətə salıb başına da dolandı. Amma xeyri olmadı. Bir səhər oyananda gözlərinə
inanmadı. Ürək məhəbbətsiz keçinmişdi...
BOZ ADAM
O,
ağzını açıb boz sözləri
qarşısındakının üzünə
çırpdı.
Mənə
nə?
Rəhimli adam üzünə
çırpılmış boz damcıları
barmağının ucuyla siyirib çiynindən o yana
atdı. Elə sakit-sakit də:
Axı, o sənin
anandı dedi.
Anam, anam! Dünyanın işinə bax, guya mənsiz ölə
bilmir.
Rəhimli
adamın sakitliyi ləngərlədi.
Vallah
ölə bilmir... Altı gündür can verir. Deyirlər bəlkə
oğlu əlindən tutsa...
Boz adam kinayə ilə gülümsədi. Nazik dodaqları dartılıb əyildi.
Mümkün deyil.
Adam
üzünü çevirib getdi...
Altı ay
sonra Boz adam sinif otağında şagirdlərinə
ana haqqında yazdırdığı inşanı oxutdururdu.
Rəhimli adamın oğlu öz inşasında
yazmışdı: Ananın ruhunu aparmağa gələndə
Ruhüllqüts həyatında ilk dəfə qanunu pozdu.
İki dünya arasında çarpışan ananın əlindən
tutub qulağına pıçıldadı:
Mən sənin
oğlunam.
Ana bu
sözlərə inandı, ürəkdən inandı, elə
o andaca canını rahatlıqla tapşırdı.
Boz adam çox yaşadı, lap çox, hələ
də yaşayır... Bəlkə elə
dünya durduqca yaşayacaq da. Çünki
Ruhhülqüts Boz adamın ruhunu aparmağa gəlməyəcək...
QORXU ÇİÇƏKLƏRİ
Adam,
ağac, dozanqurdu, lobya paxlası, balina hamısı bir-birinə
oxşayır...
Qarlar əriyib
dağ yuxarı çəkiləndə qoca Bağban elə
bil ilan ağzından qurtardı. Dəhrəsini,
dırmığını, bağ qayçısını,
çalğusunu qoltuğuna vurub bağa yollandı. Payızda bağdan çıxanda fındıq
çubuğundan hördüyü qapını məftillə
möhkəm-möhkəm düyünləmişdi. Bir xeyli əlləşəndən sonra məftilləri
açdı və elə bil həm də ömrünün səksəninci
baharının qapısını itələyib
açdı. Ürəyində Şükür
Allahın kərəminə- dedi. Düzdü bu sözləri
hər il deyirdi, amma bu dəfə lap
ürəkdən dedi. Səbəbsiz də
deyildi.
Bu
qış ömründə birinci kərə əzraillə
qarşılaşmışdı. Əzrail olanda noolar, birinci
dəfədir deyib güzəştə getmişdi. Kəndçiləri Çırtaqoz Veysəl
olmasaydı heç başına bu həngamə də gəlməyəcəkdi.
Çırtaqoz Veysəl durub-durub kiçik
çillədə öldü. Camaat
daş atıb başını tutdu ki, bu qiyamətdə gərək
canından keçəsən ki, qəbir qazasan. Bağban onlarla razılaşmadı. Dedi ki, yekə
kişisiz, ölü ortada qalmayacaq ki, külüngünü
belinə taxıb Veysələ kefin istəyən bir qəbir
qazdı. Təri dabanından süzə-süzə
kəndə qayıdanda nəfsini saxlaya bilmədi, dərədəcə
ağzını buz kimi suya söykəyib o doyunca içdi.
Veysəldən
sonrakı qəbir onunku olacaqdı, amma arvadı Güləbətin
özünü ölümə qoydu ki, Bağban ölməyəcək. Bilirdi ki, dünyada görüb-görəcəyi
yeganə kişi Bağbandır, o da
ölsə vay halına. Qonşu kəndə həkim
dalıycan adam göndərdi. Nəvəsinin sünnətinə saxladıqları
toxlunu kəsdirib Bağbanı dəriyə bükdü,
umacı bişirib isti-isti ərinin boğazına
tökdü, təkgöz Zəriyə nəzir-niyaz dedi,
axır ki, ərini əzrailin əlindən zorla dartıb
qopartdı. İndi budu, Bağban
qıpqıvıraq əvvəl özünə, sonra bağa
xeyir-duasını verib içəri keçdi. Əlindəki dəhrə ilə kolu-kosu
qırıb-çatdı, küləyin qovub gizlətdiyi xəzəli
dırmıqladı, çəmənləri
çalğuladı. Bağbanın bu
qayğıkeşliyindən bağın üzü
güldü. Yaz günəşi
ağacların çılpaq budaqlarından
süzülüb çoxdan isti dəyməyən kökləri
qıdıqlayıb oyatdı. Günəşin
istisi bağbanın qartımış kürəyini də
yumşaltdı. Quluncunu qırıb dərindən
nəfəs aldı. Sonra qolunu
çırmayıb ağacları budadı. Belə vaxtlar Bağban cəllad kimi soyuqqanlı
olur, lazımsız zoğları bağ qayçısı ilə
üsulluca üzüb atırdı.
Alma
ağacına çatanda duruxdu. Altdan-yuxarı incik-incik
ağaca baxdı. O biri ağaclara dediyini alma
ağacına deyə bilmədi. Bayaq armud
ağacını budayanda ağacın qulağına heç
kəsin eşitmədiyi sözlər demişdi. Demişdi ki, səndən bu bağda, heç bu kənddə,
belə baxanda heç bu dünyada yoxdur. Keçən il özünü əsil kişi kimi
apardın. Dolu da yağdı, tufan da qopdu, oktyabrın
ortalarında dəli bir külək yeri-göyü
oynatdı, bircə meyvənin də burnu qanamadı. Nə belin əyildi, nə budaqların sındı.
Kökünlə torpaqdan elə
yapışdın ki, olmayan kimi. Bu isti
sözlər armud ağacına budanan qollarının
ağrısını unutdurdu. İlıq
sözlərdən elə utandı ki, ən uca
budağının ən uca zoğu qızarıb düymələdi.
Amma bunu Bağban görmədi. Görə də bilməzdi. Birincisi
boyu boy deyildi, ikincisi sol gözü axır vaxtlar ancaq
qaraltını seçirdi. Bu sözləri
armud ağacına demişdi. İndi o mayıf
gözünü qıyıb salamat gözü ilə alma ağacına baxırdı. Sonra
əlinin içi ilə ağacın gövdəsinə bir
ikisini ilişdirdi. Səsini
alçaltdı. Heç kəs eşitməsin deyə
pıçıldadı:
Mənim də
səbrimin həddi-hüdudu var axı. Boynuna al
ki, qocalmısan. Üç ildir nə
çiçəyin olub, nə də meyvən. Bu yaz
da çiçək açmasan vay halına!!!
Alma ağacının kötüyə
dönmüş gövdəsi bağbanın sözlərindən
çat verdi. Bal kimi şirə çatdan torpağa
süzüldü. Bağban ağaca dediyini deyib, ötüb
keçdi. Heç saya salıb ağacı budamadı da. O
yaz bağda bütün ağaclar çiçək açdı.
Alma ağacından başqa. Qonşu ağaclar
qanadlarını barsız ağacın boynuna dolayıb
könlünü aldılar. Həm də istəmədilər
ki, bu biabırçılığı kimsə
görsün. Sonra bağbanın başı
qarışdı. Ərik kefini açdı, armud
ağzında yağ kimi əridi, şaftalının tükləri
üz-gözünü daladı. Yediyini yedi, yemədiyini pay
verdi. Qonşunun yük maşını
üç dəfə bağın meyvəsini bazara
daşıdı. Bağbanın kefi kökəldi,
arvad-uşağın əyni-başı təzələndi,
qohum-əqrəbaya baş çəkdi, toylara nəmər
saldı. Həm öz könlü xoş oldu, həm də
özgələrin.
Yaxındakı dağın başına qar
düşən gün Bağbanın meyvələrini bazara
daşıyan qonşu xəbər gətirdi ki, bazardakılar
alma istəyir, bilirsən də hansı almadan?
Bağbanı od götürdü.
Kötüyün üstünə taxdığı
baltanı götürüb bağa cumdu. Yol boyu alma
ağacının keçmiş keçəcəyini,
kökünü, köməcini, min arxa dönənini
asıb-kəsdi. Bağa girəndə ilk məhəbbətini
uzun illərdən sonra görən adam kimi ürəyi
azacıq yumşaldı. Bu bağ onun Güləbətindən
əvvəlki məhəbbəti idi. Ancaq bunu heç vaxt
açıb ağartmamışdı. Xəzəli yara-yara
ağaclara tərəf getdi. Ağaclar barını yerə
qoyub yüngülləşmişdi. Birdən bağbana elə
gəldi ki, ağaclar birtəhərdir. Elə bağ da
gözünə birtəhər dəydi. Alma
ağacının yanına çatanda gözlərinə
inanmadı. İlin bu vədəsində ağac dəli olub
başdan-başa çiçək açmışdı.
Bu ağlı-çəhrayılı çiçəklər
gözlərini geniş acıb günəşi
axtarırdı.
Qoca bağban ömründə belə
möcüzə görməmişdi. Birdən heyrətinin
yerində qorxu bitdi.
Yaxınlaşan qarın soyuğu qocanı səksəndirdi.
Qorxudan çiçəkləmiş ağaca
yazığı gəldi. Amma neyləyə bilərdi. Bu boyda
ağacı evə aparası deyildi ha. Heç bükmək də
mümkün deyildi. Bağban xəcalətdən əlindəki
baltanı arxasında gizlətdi. Gözləri dolmuşdu,
başdan ayağa titrəyirdi. Elə titrək səslə də
pıçıldadı:
Sən yaxşı ağacsan.
Yaxşılığına heç söz olmaz. O il,
Qaraş oğlu Vəlinin uşaqları acından ölən
il sən bolluca bar verdin. Bizim külfəti ölməyə
qoymadın. Çox illər karımıza gəldin.
Görünür qocalmışam. Rəhmətlik babam deyərdi
ki, bağban bağın üstünə əlibaltalı gedəndə,
göydən daş yağar.
O gecə göydən daş yağmadı, qar
yağdı. Bağban ağacı bu vəziyyətdə qoyub
evə qayıtmadı. Heç qayıda da bilməzdi. Qar
lopa-lopa yağdıqca hər ikisi üşüyür,
bağban ağaca bir az da yaxın otururdu. Gecə yarıdan
keçəndə bağbanın son ümidi də boşa
çıxdı. Xırda qar başladı. Bağban
ağacın necə qorxduğunu, titrədiyini aydınca hiss
edirdi. Dünyanın bərkindən boşundan
çıxmış əlləri ilə gövdəni
sığallayır, nəfəsi ilə isidir, arabir
ağacı qucaqlayıb ana balasına laya dediyi kimi kal səslə
alma ağacına lala deyirdi.
Gecəynən kənd bir-birinə dəyib
Bağbanı axtarsa da xeyri olmadı. Səhər kiminsə
ağlına gəldi ki, bağa baş çəksin.
Qarı yara-yara gəlib Bağbanın cəsədini ağaca
sökəli vəziyyətdə tapdılar. Cəsəd buz
bağlamışdı. Səlim kişi bağbanın cəsədini
belinə alıb kəndə tərəf yönəldi. Qar
altında şaxta vurmuş çiçəkləri isə
kimsə görmədi...
Uzun illər Bağbanın müəmmalı
ölümü kənd camaatı üçün sirr olaraq
qaldı və gün gəldi ki, bu hadisəni kənddə
xatırlayacaq daha kimsə qalmadı...
Təranə VAHİDQIZI
525-ci qəzet.- 2011.- 26 noyabr.- S.30.