Məhəmməd
Əmin Rəsulzadə
Əsərləri Üçüncü cild
(1915-1916)
Nəşrin
redaktorları:prof. Şamil Vəliyev
və elmi işçi
Samir Mirzəyevdir.
Ön söz
Azərbaycan
milli qurtuluş hərəkatının ideoloqu və lideri,
ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin
zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik
irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə
işıq üzü görmüşdür. İndi onun
1915-1916-cı illərdə dövri mətbuatda dərc
olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm.
Zənnimcə, 10 ildə təmənnasız
hazırladığım bu əsər Azərbaycan tarixi və
bütövlükdə I dünya müharibəsi
dövrü tarixi ilə maraqlananlar üçün
faydalı olacaqdır.
(Əvvəli
ötən şənbə saylarımızda)
Gələcək duma seçkiləri
Şəhər
dumaları ilə zemstvolar Rusiyada mövcud kiçik miqyasda
birər cəmaət idarələridir. Dövlət
duması bütün Rusiyanın həyati-siyasiyyə və
ictimaiyyəsinə müdaxilə edər böyük bir xəlq
məclisi isə şəhər dumaları da kiçik
miqyasda şəhər cəmaəti işlərinə baxan
ümumi müəssisələrdir.
Şəhər
dumaları hər nə qədər həddi-zatində ancaq
şəhər işlərilə məşğul və səlahiyyətləri
məhdud birər müəssisələrsə də mənən
bundan daha böyük bir mahiyyət və əhəmiyyətə
malikdirlər. Şəhər dumaları və şəhər
idarələri adətən hökumət ilə Dövlət
dumasının kiçik miqyasda birər nümunələridir.
Dövlət idarəsi və Dövlət duması idarə və
üsuli-intixabi həqqində nə kibi mülahizə və
nəzəriyyələr mövcud isə onların eyni şəhər
idarə və dumaları həqqində də variddirlər.
Dumalar xəlqi intixab üsuluna ögrədir. Cəmaətin
arasındaki bacarıqlı və xəlq işini görə
bilən adamların zühura gəlib də təcrübə
kəsb eləməginə meydan verir. Ələlümum olar
ki, şəhər dumaları nümayəndəlik
üsuli-idarəsinin kiçik bir təcrübəgahlarıdır.
Bu təcrübəgahlar
nə qədər müvafiq, azad və ədalət üzərinə
təsis və təşkil olunarlarsa, o dərəcədə
də şəhər işləri təbii bir yolda tərəqqi
edər, həm də xəlqin tərbiyeyi-siyasiyə və
ictimaiyəsi təbii və məmul bir yolda artar.
Buna
görədir ki, dövlət idarəsi və Dövlət
duması həqqində nə kibi bir üsul və intixab arzu
edirlərsə hər hankı bir parti və nəzəriyyəyə
tərəfdar olan şəxslər, haman arzularını
zemstvolarla şəhərlərə də tətbiq etmək
istərlər.
Rusiyanı
kəndisində yaşamaqda olan bütün millətlər
üçün doğma bir ana halına qoymaq istəyən
siyasilər gərək hökumət tərəfindən qanunən
təmin olunan hüquqda və gərək əyan məclisi
(Dövlət şurası) ilə duma məclisləri
intixabatında bütün millətləri müsavi və bərabər
görmək istərlər.
Bu
müsavat bələdiyyə idarələri ilə şəhər
dumalarında da gözədilməlidir. Buna rəayət
olunmuyub da şəhər xəlqi “əali” və “ədna”
cinslərə bölünərsə o halda şəhərin
tərəqqisi bittəbii bir ünsürün ləhinə,
digər bir ünsürün əleyhinə olaraq artar ki, bu da
heç şübhəsiz müxtəlif millətlərdən
təşəkkül edən Rusiyada milliyyət nəzalərinə
olduqca meydan verər. Hələ bununla bir kəc siyasətin
Qafqasiya və bilxassə Bakı kibi qitələrdə nə
kibi bir nəticə verəcəgini uzun-uzadına söyləməgə
də ehtiyac yox.
Altı ay
sonra Bakı duması gələcək dörd il
üçün yeni qlasnılar seçəcəkdir. Şəhər
idarəsi imdidən bu seçgiyə
hazırlaşmaqdadır. Bu xüsusda məzkur idarənin
dumaya təqdim elədigi bir məruzəsi “İqbal” vasitəsilə
nəşr olunmuşdu. Bu məruzədə intixablardan əvvəl
iki cəhətin müəyyən olunması dumadan istənilmişdir.
Bunlardan birisi duma intixabatının texnikası
(üsuli-icrası) və digəri isə hüquqi cəhətinə
aiddir.
Texnikaya
aid olan xüsus qlasnıların bir məclisdəmi, yoxsa məhəllə-məhəlləmi
intixab olunmaları xüsusinin təyini məsələsidir
ki, bizcə bunun o qədər əhəmiyyəti yoxdur.
Çünki, məlum olduğu üzrə, bələdiyyə
intixabları olduqca məhdud olub şəhərin müqəddərati
həmin bir taqım şəxslərin əlindədir ki,
bunlarda əksəriyyətlə mülkdarlardan ibarətdir.
Şəhər idarəsinin məruzəsindən
anlaşıldığı vəchlə iki yüz mindən
ziyadə nüfuzu olan bir şəhərdə iştə bu
intixab həqqinə malik olub da seçgilərdə iştirak
edən xoşbəxtlərin sayı 1500-dən ziyadə təxmin
olunmiyor. İş bu surətdə ikən bittəbii
seçkilərin bir yerdəmi yoxsa müxtəlif yerlərdəmi
icra olunacağı seçiləcək duma heyətinin kəmiyyətini
bir o qədər dəgişdirə bilməz. Komiteyi-icrai təsir
edəcək xüsusin təğyir və təbdili isə
yalnız Bakı dumasının arzusu və yalnız onun istəməsi
ilə həll olunacaq bir şey degilsə də dumanın bu
xüsusda vaqe olacaq bir təşəbbüs və arzusu
şübhəsiz ki, maddi olmasa da mənəvi bir faidə verə
bilərdi. Məqsədimiz şəhər dumaları üsuli-intixabının
ümumiləşdirilməsidir. Duma qlasnıları heyətinin
kəmiyyətcə dəgişməsi arzu olunarsa imdiki
yüksək ləyaqəti-maliyyə üzərinə
qurulmuş olan intixab üsuli fəsx olunub, yerinə daha elmi
(demokratik) bir üsul tətbiq olunmalıdır ki, bu da
şübhəsiz ali hökumət müəssisələri
və nəşri-qəvamin yolu ilə hasil ola biləcəkdir.
Rusiya
demokratiyası hər bir şeyi müdhiş müharibəyə
sərf edən və vətəni müdafiə
üçün hal-hazırda hər istədigindən sərf-nəzər
edərkən ürəgində yalnız bir amal bəsliyor
ki, bu da müharibədən sonra Rusiyanın demokratik
üsullar üzrə idarə olunacağı ümidindən
ibarətdir. İştə, vətən üçün
yaralanan sinələrdə bəslənilən bu ümidlərə
ehtiram oluyorsa, o vəqt Rusiya bələdiyyələrinin
intixab cəhətindən vaqe olan bu üsulsuzluqları da təshih
olunmuş olur.
Şəhər
idarəsi məruzəsinin həll etmək istədigi ikinci
mühüm cəhət isə əhalinin hüsni-münasibəti
üzərinə pək çox ehtirami – təsir edən
hüquqi bir məsələdir.
Bələdiyyə
qərardadlarında ruslaşdırmaq politikasının ən
fəna ən təhqiramiz əlamətini təşkil edən
bir maddə vardır. – 44-cü maddə.
Bu maddə
mövcibincə “duma qlasnılarından xristian olmayanların
miqdarı beşdən bir dərəcəsindən artıq
olmamalıdır. Fəqət Qafqasiya şəhər
dumalarında isə qeyri xristianlar bütün qlasnı heyətinin
yarısından ziyadə olmıyacaqdır”.
İştə,
göriyorsınız ki, bu maddə Rusiya xəlqini “cins” və
“nacins” olaraq iki hissəyə bölüyor. Xristianlara “cins”
bir növdən kibi ayrıca bir üstünlük bəxş
olunuyor. Qeyrilərdə qeyri xristianların (müsəlman və
yəhudi) ədədi bütün qlasnı heyətinin
beşdə birindən bu qədri olmamaq qanun ikən Qafqasiya
şəhərlərinin əksəriyyətinə
qeyri-xristian (yəni müsəlman) əhalinin
çoxluğunu nəzərə alaraq moqənnən bir az
insafa gəlir kibi olmuş və buralara məxsus olmaq üzrə
bir az şəfqət olaraq qeyri-xristian qlasnıların
qlasnı heyətinin təsfi qədər seçilə biləcəklərini
caiz görmüşdür.
Böylə
bir ədalətsizligin nəticəsi olaraq Bakı kibi bir
müsəlman şəhərində sənələrdən
bəri duma heyəti xristian əksəriyyəti əlində
olduğu kibi, Quba, Şəki, Şirvan və sair bir çox
qitələr dəxi növ dumun qəzəbinə gəlmişlərdir.
Fəqət
son sənələrin vücudə gətirdigi bəzi tərəqqi
və təbəddülat bu bariz ədalətsizligi dəxi
bir az ixlal etmiş kibi oldu. Gəncə və Bakı kibi əksəriyyəti
müsəlman xəlqindən olan şəhərlər
üçün canişin tərəfindən müstəsna
bir surətdə 44-cü maddənin qərar verdigi hədd
götürülmüş oldu. Gəncə müsəlmanları
vaqe olan bu istisnadan kəmalınca istifadə etdilər.
Bakı kibi böyük və münəvvər olması icab
edə bir mərkəzin müvəffəq ola bilmədigi
seçgilər əldə etdilər. Bu gün Gəncə
şəhər idarəsi ilə şəhər duması ədalət
və insafında rəva gördügü bir halda olub, Gəncə
duması, şəhər əhalisinin ədəd və
etibari ilə mütənasib qlasnı və idarə heyətinə
malik bulunuyor.
Halbuki,
Bakı vaqe olan istinadan istifadə edə bilmədi. Müsəlman
qlasnıları artımına girən şəxsi-qərəz
və uyğunsuzluqlar bələdiyyə seçkilərini
gülünc bir hala qoydu və nəhayət isə məlum və
məşhur olduğu üzrə 44-cü maddənin
canişin tərəfdən təkrarən təzyiqə
müncər oldu.
Şübhəsiz
ki, bakılı müsəlman qlasnıları tənbih etmək
üçün canişin həzrətlərinin vaqe olan bu əks
qərarının bir nöqteyi-nəzərdən caiz görər
bulur. Fəqət böyük bir xəlqi mühüm və
müqəddəs bir haqdan amədəyə məhrum buraxmaq
üçün əlbəttə ki, dörd sənə
bundan müqəddəm mütaqibəyə Bakıda vaqe
olmuş o nüfusuz bir xətayi dəlil tutmaq olmaz.
Çünki bu ədalətə də, hökumət dairəyə
də müvafiq degildir.
Hökumətimiz
vaqe olan bəyannamə və elanları ilə
özünün kiçik millətlərin həqqi-həyat
və bəqası üçün müharibə etdigini
söylüyor. Əlbəttə ki, öylə böyük
bir qəlb və ali bir hisslə hərəkət etməkdə
olan bir qüvvət xaricindəki məzlum millətləri
qurtarmaq istərkən, daxilindəki ədalətsizliklərə
də barmaq arasından baxamaz.
Şübhəsiz
ki, hali-hərbdə olan bir dövlət üçün bir
çox müğləq və hali müşkül
xüsuslardan ibarət olan daxili məsələlərlə
ciddi və qəti surətdə məşğul olmaq fürsəti
olamaz və böylə bir zamanda kəndisindən bu yolda bir
takım tələblərdə bulunmaq da artıq olar.
Fəqət
44-cü maddənin Bakı həqqində tətbiq
olunmaması kibi cüzi bir tələbdə bulunmaq məsələsinin
əvvəlcə də mövcud olan nəzirəyə
görə idari bir surətdə həll olunmasını
canişin həzrətlərindən istəməkdə əlbəttə
ki, öylə bir məhzur yoxdur.
Zatən bunu
nəzərə almış olmalıdır ki, əgər
şəhər idarəsi dəxi bu məsələni araya
salmışdır.
Şəhər
idarəsi bu məsələni şübhəsiz ki,
qaldırmalıdır. Bu əsnada məzkur məsələnin
qaldırılıb da maddeyi-məzkurun tətbiq olunmaması
surətilə həll olunması yalnız şəhər
işləri nöqteyi-nəzərindən deyil, ümumi
Qafqasiya siyasəti nöqteyi-nəzərindən də
mühümdür.
Rusiyalılar
bilafərq millət və məzhəb müdafieyi-vətən
əmrində bulunmuşlardır. Bu ittihadı xələldar
edib də araya münafirət sala bilən hər cəhəti
haman ittihadi-ənasir xatirinə bir an əvvəl kəsib
atmalıdır. Bu nöqteyi-nəzərdən əhalidən
bir qismini milliyyəti və dini səbəbinə digərinə
mürəccəh tutmaqdan daha fəna, daha müzürr bir
şey olamaz. Şübhəsiz ki, bunu bizimlə bərabər
tərəqqipərvər və demokratik düşünən
bütün xristian vətəndaşlarımız da təsdiq
edərlər.
Ümid edəlim
ki, dumadakı xristian qlasnılar rus maarifpərvərlərinin
tərəqqipərvər və demokratik düşünür
qismindən olub da şəhər idarəsi ətrafında
verilən məruzənin bu cəhətini Qafqasiya millətlərini
biri-birinə uzaqlaşdıracaq bir yolda degil, qeyri-xristianlar
nöqteyi-nəzərindən müsbət bir surətdə həll
etməkdə müsəlman yoldaşları ilə həmrəy
olarlar.
Xristian
qlasnıların bu surətlə vaqe olacaq rəftarlarının
əhalimizin hüsni-münasibəti üzərinə
faydalı bir təsir icra edəcəginə heç bir
şübhə edilməz.
Fəqət
bu xüsusda ən böyük məsuliyyət yenə müsəlman
qlasnılara aid olduğunu bizimkilər unutmasınlar. Bilsinlər
ki, onların kiçik məqsəd və niyyətlər
ardında olub da öz aralarında uyuşa bilməmələri
böyük bir cəmaətin ən böyük mənfəətlərini
bərbad edib ən müqəddəs hisslərini təhqir
etdiriyor.
M.Ə.Rəsulzadə
“İqbal”,
13 aprel 1915, ¹911
Əali – əlalar,
yaxşılar
Ədna –
çox rəzil, çox alçaq
Moqənnən
– qanunvericilik
İran əhvalından bir az
İran
üçün keçirməkdə olduğu imdiki zaman
olduqca mühüm bir zamandır. İran bütün məhrumiyyətlərinə
və bütün səfalətlərinə rəğmən
istəmək və iş görmək həvəsinə
sahib olar və yaxud, bu xislətdə bir neçə fədakar
oğullara malik bulunursa, şübhəsiz ki, ümumi Avropa
müharibəsindən hasil olan şəraitdən istifadə
ilə kökündən titrəmiş istiqlalını təhkim
edə bilər.
Böylə
bir məqsədi əldə edə bilmək üçün
İran istiqlalının təmininə xidmət edər həqiqi
bir politika aparmalıdır. Şübhəsiz ki, böylə
bir politika dəxi macəraçuluqlardan mübərra bitərəflik
politikasından ibarət olur idi.
Türkiyə
ilə Rusiya münasibəti açıq müharibəyə
müncər olandan bəri İran hökumətinin bitərəflik
elan edib, həqiqətən də öz daxili işlərini
islahə məşğul olmaq istədigi görülməkdədir.
Fəqət bu istəməklə bərabər İran
bütün aləmi sarsıtmaqda olan vaqeələrin təsirindən
də tamamilə kənarda qalamıyor. Nasıl da qala bilər
ki, vüquat yalnız hüdudlarında vaqe olmaqla qalmayıb
İran qələmrovi daxilinə belə sirayət etməkdə
və bitərəf İran topraqları iki düşmən
üçün qanlı meydanlar təşkil etməkdədir.
İran hökuməti şahın təxtə
çülusundan sonra daxilən nüfuzunu artırmaq
üçün üçüncü dəfə olaraq məclisi-millinin
dəvətinə lüzum gördü. Əvvəlki məclislərə
təhtitlə naqis bir surətdə olsa da, məclisi inşad
etdi. İki əvvəlinci məclislərin keçirmiş
olduqları təcrübə üçüncü məclis
üçün böyük bir dərs təşkil etməli
idi. Məclis sarsılmaz və möhkəm-cəmaət
nümayəndələrinin etimad və etibarlarına malik – dövlət
heyəti vücudə gətirib də işlərin islah və
icrasını ondan istəməli idi.
Əvvəl
nəzərdə deyəsən ki, bu məclis öylə də
yaşamaq istədi. Vətənpərəstligi, namusi-siyasiyyə
və şəxsiyyəsi ilə məşhur olub da
İranın ən alim olmasa da, ən şərəfli və
namuslu bir ricalından tanınmaqla da məruf olan
Müstövfi Əlməmaliki iş başına gətirtdi.
Avropa müharibəsində bitərəf qalmaq şərtilə
İranın istiqlali-daxiliyyəsi ilə hakimiyyəti- milliyyəsinin
təminini məzkur heyət öhdəsinə buraxdı.
Müstövfi
Əlməmalik İran siyasi cərəyanlarından ingilis qəzetələrinin
təsbirinə görə “ifrad millətpərvər” məsləkinə
mail ricaldan ədd olunduğu üçün təbiətilə
ingilis-rus etilafını xoşlamıyanlardan olduğu məlum
idi. İranda mövcud siyasi nəzəriyyələr
miyanında hər nə surətlə olursa-olsun, “Firdovsi vətəninin
“Şahnamə”də təsvir olunan müstəqil və
müqtədir bir hal ilə yaşaması” üçün
rus-ingilis məntəqeyi-nüfuzu ədd olunan tordən (ayədən)
xilas olmasını tələb edən bir nəzəriyyə
İran demokrat sinfi arasında olduqca böyük bir nüfuza
malikdir. İran demokratları İran şəraiti daxilində
hər cəhətcə bərbad məmləkətin vəqtinə
bilnəsibə aməd bir təşkilatını vücudə
gətirmişlərdi. İkinci məclis zamanı demokratlar məclisin
açılışını təşkil etdikləri
halda, malik olduqları intizam və təşkilat sayəsində
ümuri-məmləkətə təsirsiz degillər idi. Bir
aralıq demokrat Hüseynquluxan Nuqabın da xariciyyə naziri
sifətilə iştirakı ilə yenə Müstovfi Əlməmalikin
rəyasəti altında bir İran kabinəsi təşkil
olunmuşdu ki, buna hətta “demokrat kabinəsi” diyorlardı.
Bunları zikr etməkdə məqsəd Müstovfi Əlməmalikin
İran siyasi məsləklərindən nə tərəfə
mail olduğunu bir dərəcəyədək təyin etmək
və bu məsləkin İranın bir rəhmayətkarları
ədd olunan rus və ingilis hökumətləri nəzərində
nə kibi bir tələqqiyə uğraya biləcəgi həqqində
bir fikir hasil etdirməkdir.
İştə,
Müstovfi Əlməmalik kibi rus-ingilis mənatiq nüfuzuna
xoş nəzərlə baqmayan bir şəxsin İran sərkarində
bulunması (məzkur dövlətin elan etdigi bütün bitərəfliklərinə
rəğmən) London ilə Petroqradı əndişəyə
salıyordu. Bittəbii özlərini bu əndişədən
xavatircəm bulundurmaq üçün İranda böyük və
qüvvətli siyasi və iqtisadi təşkilatə malik
bulunan etilaf dövlətləri lazım olan tədbirlər
inqazından aciz bulunmazlar idi. Bulunmadılar da.
Türklərin
Təbrizə daxil olub da təkrar oradan çıxmaq məcburiyyətində
qalmaları və Qafqasiya hüdudundan Sarıqamış vaqeələrinin
zühuri və nəhayət Dardanel boğazının
bombardmanı İran məclisi ilə “ifrat millətçilərə”
də təsir etmiş oldu. Bu sırada indiki Müstovfi Əlməmalik
də istefa etdi.
Müstovfi Əlməmalikin
istefasından bərlisan təəssüf bəhs edən
İran qəzetələri müşarileyhin İran
istiqlalını təhkim üçün icra etmiş
olduğu xidmətlərini sayarkən Azərbaycandan
Şücaüddovlə Səməd xanın əzlini, vəliəhdin
Təbrizə göndərilməsini, belçikalı maliyyə
məmurlarının amerikalılardan qalma fövqəladə
ixtiyarlarının təslimini və candarma təşkilatının
fəaliyyətini və məclisi-milliyyənin
iftitahını, kəndisinin parlaq müvəffəqiyyətlərindən
ədd ediyor və onun yerini tutan Müşirəldövlədən
dəxi o yolda hərəkət eləməsini tələb
ediyorlar idi.
Müşirəldövlə
cənabları dəxi bitərəflik elani ilə işə
daxil oldu. Başqa dürlü də olamazdı. Fəqət
Müşirəldövlənin aparacağı bitərəfliklə
Müstovfi Əlməmalikin gözlədigi bitərəflik
arasında böyük fərq bulanlar mövcud idi. Məntiq də
böylə bir fərqin olmasını icab etməz degildir.
Birisi gəlib, digəri gedirsə, şübhəsiz ki, gələn
ilə gedən arasında bir fərq olmalıdır. Bu fərqi
təyin etmək istərkən bəziləri Müşirəldövlənin
Moskva darülfünunda təhsil etigini bir çox zaman Rusiyaya
siyasi xidmətlərdə bulunduğunu və oranın xəddi-zatində
etedalpərvər bir zat olduğunu nəzərə alaraq bu dəfəki,
hökumətin etilaf hökumətləri belə razı
burakacaq bitərəflik təmiminə
çalışacağını təxmin ediyorlardı.
Halbuki, “N.V.” kibi qəzetələr bu kabinetin təşkilindən
sonra dəxi İran haqqında vaqe olan nəşriyyatlarından
vaz keçmədilər və “Şir və Xurşid” məmləkətinin
bitərəfligini həqiqi bir surətdə təmin etmək
üçün Tehrandaki Türkiyə – alman – Avstriya səfarət
heyətlərinin tərd və təbyidini tələbdə
israr edib durdular. Digər tərəfdən də İran
hökuməti ölkədən bir az məəttəl təriqlə
olsa da, öz siyasətini aparmaqda davam etdi. Bitərəfligi
saxlamaqda etilaf dövlətlərindən müavinət istəyərək
bu müavinətin məzkur dövlətlərin
qoşunlarını İrandan çıxarmaq surətilə
faidəbəxş olacağını izhardan çəkinmədi.
Etilaf əleyhinə
görünən bu kibi hərəkətləri ilə bərabər
Tehran hökuməti digər tərəfdən Türkiyə
dövlətinin bəzi təərrüzlərinə
düçar oldu.
Qəsri-Şirin,
Girmanşah kibi İranın (bitərəf məntəqəsində
mövcud olub da rus və ingilis əsakiri nizamiyyəsindən
xali olan yerlərə Osmanlı nizamiləri keçdilər.
Hər nə qədər Bağdad valisinin İran
personalına vaqe olan mübasasətə nəzərən bu
hal Hüseyn Rauf bəgin özbaşına icra etmiş
olduğu “mövsif bir vaqeə” isə də yenə İran əhval
və siyasəti üzərinə təsirsiz qalamaz, hətta
qalmamışdır belə.
Dün varid
olan teleqraflardan anlaşıldığına görə
Müşirəldövlə kabinəsi Girmanşah vaqeəsi
haqqında lazım gələn tədbirləri görməkdən
aciz qaldığından istefa vermişdir.
Etedalpərvər
Müşirəldövlənin kabinəsinin bu surətlə
istefası ilə bərabər Tehrandan digər bəzi xəbərlər
dəxi alınmışdır. Varid olan bir xəbərdə
deyilir ki, Tehranda əlavə seçkilər təmin olunaraq məclisə
5 nəfər məbus intixab olunmuş və bu dəfə ki,
intixablarda demokratlar qazanmışlardır. Demokratlara
Türkiyə və alman tərəfdarlıqları deyə
bitərəf ayrıca bir izah da dəxi olunur.
Demokratlara bəlkə
bir əməli-nəzərdən Türkiyə və alman tərəfdarı
demək doğru olur. Fəqət həddi-zatında onlar hər
şeydən əvvəl İran tərəfdarıdırlar
və bu tərəfdarlığı da etilaf dövlətləri
əleyhinə olmaqla bərabər diyorlar ki, nəticə
etibarilə teleqrafın izahı doğru çıxıyor.
Bu iki vaqeəni
yeni demokratların Tehran intixablarında qazanmaları ilə
Türklərin Girmanşah tərəflərindəki təərüzlərini
yanbayan qoyub da bir az düşündükdə Müşirəldövlə
kabinəsinin mütləq gərək daxili və gərək
xarici nüfuzlar nəticəsində süqut etdiginə
inanmaq lazım gəlir.
Demokratlarla
İran üləmasının türk tərəfdarlığı
həqqində rusca qəzetələrdə məbzulən
görünən xəbərlər doğru isə, o halda
gözləmək olar ki, hökumət başına təkrar
Müstövfi Əlməmalik və yaxud o məsləkdə
birisi gələcək, yəni İran bitərəfligi etilaf
nöqteyi-nəzərindən bir az əndişəli bir hal
ala biləcəkdir.
Fəqət
böylə bir siyasətin icrası üçün İran
təşkilati-siyasiyyə və nizamiyyəsi bəslik edərmi?
Əlbəttə
yox!
İş bu
halda ikən İrana qalan yeganə bir təsəlliyat var ki, o
da həqiqi bir bitərəflikdən ibarət olub mütləq
İranın siyasi və iqtisadi ittihadi-istiqlalını təmin
üçün bir an qəflət etməyərək
çalışmaqdan və bunun üçün dəxi
bütün milli qüvvətləri səfərbər hala
qoymaqdan və mövcud olan bilcümlə milli təşkilati-təbiiyyə
və siyasiyyəyi birləşdirməkdən və bir daha
kabinə böhranlarına meydan verməməklə
bütün tam mənası ilə həqiqi bir bitərəflik
saxlamaqdan ibarətdir...
M.Ə.Rəsulzadə
“İqbal”,
14 aprel 1915, ¹912
Tərd –
qovma, uzaqlaşdırma
Müşir
– müşavir, məsləhətçi
Təbzulən
– bolluca
Təbid –
sürgün etmə
Yenə darülmüəllimin həqqində
Bakıda
açılacaq darülmüəllimin məsələsi
keçən bir məqaləmizdə əsasən
alqışlanmış və bu məsələnin bir an əvvəl
vücudə gətirilməsini təşviq etmişdik.
İmdi bu
ürfan məsələsinin nə kibi bir ehtiyacı dəf
üçün hazır olunması və nə kibi bir
proqrama malik bulunması lazım olacağı cəhətindən
bir az bəhs etmək istəyiriz.
Bakı
şəhər duması təhtində vaqe məkatib
şöbəsi rəisi İonesyanın Tiflisə gedib
Qafqasiya məarif müdiriyyəti-ümumiyyəsi ilə
görüşdükdən sonra hasil olan məlumatından
anlaşıldı ki, açılacaq darülmüəllimin
əvvəlcə qəzetələrə
düşdügü kibi yalnız rus-müsəlman məktəbləri
üçün degil, rus-müsəlman və rus-erməni məktəbləri
üçün müəllimlər hazırlamaq vəzifəsi
ilə mükəlləf olacaqdır. Demək ki, Bakı
darülmüəllimini müsəlman və erməni
şöbələrinə malik bulunacaqdır.
Məsələnin
böylə bir şəkil alması, əlbəttə ki,
zati-məsələni dəyişdirəcək bir mahiyyət
alamaz. Müsəlmanlara məxsus bir darülmüəllimin
yoxsa da, hər halda müsəlmanlar üçün müəllimlər
hazırlayacaq bir darülmüəllimin vücudə gəliyor
deməkdir. Doğrudur ki, rus-müsəlman məktəblərinin
müəllimə olan ehtiyaclarını münhəsirən
müsəlman müəllimləri hazır edən
darülmüəllimin dəxi dəf edə bilməzdi. Təsis
olunacaq darülmüəllimin şərikli olursa, bittəbii
ehtiyacın çox az bir hissəsinə çarə
edilmiş olub, deməkdir.
Fəqət
külli-çarəni tələb edərkən cüzi əlacdan
imtina etmək dəxi mətlub olmasa gərək. Burası hər
halda məarif komisyonu və şəhər idarəsinin həll
edəcəgi bir məsələdir ki, bu xüsusda daha nə
kibi qəti bir qərarə gəldikləri bizcə bəlli
degildir.
Bu məqaləmizdə
biz məsələnin üzünü degil, digər bir
lövhəsini mütaliə etmək istiyoruz.
Bakı
darülmüəlliminin idari və mali cəhətindən
ümdə bir cəhəti vardır ki, o da məzkur məktəbin
proqram və hədəfidir.
Bu məktəb
milli məktəblər üçün müəllimlər,
mürəbbilər yetişdirəcək. Surəti-zahirdə
Qori darülmüəllimini ilə İrəvan darülmüəlliminləri
də bu məqsəd və bu hədəflə təsis
olunmuşlardır.
Fəqət
bu ilki darülmüəlliminin fariqül-təhsilləri olan
seminaristləri tədqiq etsəniz, milli bir məktəbin
mürəbbisi olmaq məziyyətindən nə qədər
uzaqdırlar. Seminaristlər miyanında həqiqi millət
müəllimi olaraq yalnız o kəslər zühur ediyor ki,
darülmüəlliminə girərkən türkcədən
az-çox biligi olub və müsəlman həyat və məarifi
ilə bir az da olsa, aşinalığı olmuş, yoxsa
seminariya qurtaran əfəndilər ana dilindən və
türkcə üsul və qəvaidindən olduqca piyada və
aciz olaraq müəllimlik diplomu alıyorlar və bittəbii
öhdələrinə məhvəl olunan vəzifəni
biarzui-ümumiyə uyğun bir surətdə yola verə
bilmiyorlar. Seminaristlərdən olunan şikayət və
mövcud seminariyalara qarşı ibraz olunan ədəmi-məmnuniyyət
zatən bir məsələdir.
Rus-müsəlman
məktəbləri müsəlman cəmaəti arasında
ibtidai məlumat nəşr etmək üçün təsis
olunmuş bir növ xəlq məktəbləridir. Burası xəlqə
iki növ məlumat və iki növ tərbiyə vermək məcburiyyətindədir:
1) Dövlət
dilinin təlimi və 2) vətəndaşlıq hissinin tərbiyəsi
və milli dilin tədrisi ilə milliyyət və din sevgisinin
təlqini.
Rus-müsəlman
məktəbləri mümkün olduğu bir hüdud daxilində
öz şagirdlərini qövmiyyət və milliyyətini,
dilini və dinini sevər, eyni zamanda da təbəə
olduğu dövlətə qarşı yabançı bulunmaz
adamlar hazırlamalıdır. Yaxud bu fikir və tərbiyələri
təhsilə yarar məvad yaratmalıdır. Digər bir təbirlə
müsəlmanlara məxsus olan ibtidai məktəblər mədəni
bir həyatın sefayəsini təşkil edən milliyyət,
dəyanət və məişət əsaslarını
möhkəmləndirən tərbiyə və təlimlərə
müqtədir olmalıdırlar.
Böylə
bir məktəb vücudə gəlmək üçün
müəllimin yalnız üsuli-cədidə aşina
olması kafi degildir. Burada üsuli-təlim ilə bərabər
müəllim şagirdlərinin dili ilə dininə də kəmalincə
aşina olmalı və bu iki amilin (yəni dil ilə dinin)
keçirmiş olduğu tarix və ənənatı da
olduğu kibi bilməlidir. Yoxsa öz millətinin
ehtiyacati-diniyyəsindən bixəbər və öz dilinin, əvamnasın
ədəbiyyəsindən qafil bir müəllimin nə
özündə həyəcanlı bir hissi-milli olur, nə də
öylə həyəcansız bir müəllim kəndi
şagirdlərinə arzu olunur milli bir tərbiyə bəxş
edə bilir.
Bizə deyə
bilərlər ki, istədiginiz müəllimləri hökumət
tərəfindən təsis olunan darülmüəllimlərdən
ala bilməzsiniz. Bu xüsusda milli bir darülmüəlliminə
ehtiyacat vardır. Böylə bir etirazda heç şübhəsiz
ki, bir çox hisseyi-həqiqət vardır. Məəmafihə
bir az səy olarsa, mümkündür ki, açılacaq
Bakı darülmüəllimini də bu arzu olunur bir halə
qoymaq mümkün olmasa da, mətlubinə yaxın bir halda
bulundurmaq olsun. Bundan ötrü lazımdır ki, məzkur
darülmüəlliminin milli tədrisatına ziyadəcə əhəmiyyət
verilib orada keçiləcək tədris həqiqətən də
hədəfə isabət edəcək bir halda olsun. Məsələn,
bənə öylə gəliyor ki, bu darülmüəllimini
qurtaracaq əfəndilər türkcə üsul və qəvaidini,
türk ədəbiyyatının tarixini, türk və
müsəlman tarixinin ədvari-mühümməsini
seminariyada ögrənərək çıxmalı və
şəriyətdən əsaslı məlumat
almalıdırlar.
Böylə
bir məqsədi əldə etmək üçün də
yalnız gözəl proqramlar tərtib edib də qalmaqla olmaz.
Bu gözəl proqramı tətbiq edəcək ustadlarda
lazımdır ki, açılacaq darülmüəllimində
bulunsunlar. Demək ki, darülmüəlliminin proqramına
fövqəladə əhəmiyyət verildigi kibi idarə və
müəllimləri heyətinə də bir o qədər, bəlkə
də daha ziyadə əhəmiyyət verilməlidir.
Yuxarıda məmul
görülən proqramı tədris etmək
üçün layiqli adamlarımız bulunduğu kibi, o
proqramın tədrisinə lazım olan vəsaiti də
bulundurmaq imkan xaricində degildir. Yetişir ki, bu hissəyi-səddə
bir istək olsun və yetişər ki, bu istəgi iqbal edib də
təşviq etsinlər və müqabilinə maneələr
və əngəllər çıxarmasınlar.
Ancaq səmimi
bir arzu ilə təsis olunub da milli məktəblərin həqiqi
və təbii ehtiyaclarını təmin üçün
hazırlanmış bir darülmüəllimindir ki, Qafqasiya
ibtidai məarifini aksamaqdan xilas edər, yoxsa Bakı
darülmüəllimini də Qori və İrəvan
seminariyaları kibi olarsa, bundan hasil olan faidə gözləndigi
qədər olmaz və “su yenə körpüdən o tərəfdə
qalar”.
M.Ə.Rəsulzadə
“İqbal”,
15 aprel 1915, ¹913
Sefayə –
üçayaqlı
Ədvar –
dövrlər
(Ardı var)
Şirməmməd Hüseynov
525-ci qəzet.- 2011.- 26 noyabr.- S.26-27.