MƏŞƏDİ SƏMƏD KƏRBƏLAYI
MƏHƏMMƏDHƏSƏN OĞLU (1885, Sərkar kəndi-Samux
rayonu – 1945-dən sonra, ?)
(Başlanğıcı
ötən şənbə
sayımızda)
Şəmkirdə Forel familiyalı 4
alman qardaş olub. Onlardan biri Karayeridə toy edib. Onlar Gəncəbasarın
bütün tanınmış adamlarını da toya
çağırıblar. Məşədi Səməd və
Dəli Alı da orada olub. Toyda qardaşlardan birinin
qızı oynamağa çıxanda onun atası almanca deyib
ki, Dəli Alını da çağır. Qız elə
bilib ki, Dəli Alı Məşədi Səməddir,
çünki onun fikrincə, boylu-buxunlu adam Dəli Alı ola
bilərdi, halbuki Dəli Alı bəstəboymuş. Bəli,
qız gəlib pəhləvan cüssəli Məşədi
Səmədin qarşısında dayanaraq onu oyuna dəvət
edir. Atası yanıldığını, bu kişinin Dəli
Alı olmadığını desə də artıq Məşədini
bəyənmiş qız razılaşmır, “bu məclisin Dəli
Alısı budur, mən də onunla oynayacağam” deyir və
sözünü də göyərdir.
Qızın camaat içində ona yox, Məşədi
Səmədə üstünlük verməsi Gəncəbasarın
ən qoçaq, igid, çar hökumətinə qan udduran
qeyrətli oğullarından biri olan Dəli Alının
şəstinə toxunur. Bunun heyifini Məşədi Səməddən
çıxmağı qərara alır. Belə plan qurur ki,
toydan qayıdanda atları yarışdırmaq bəhanəsiylə
Məşədi Səmədi qabağa keçirərək
vursun. Ancaq onun dəstəsindən Məhəmməd adlı
birisi onun bu niyyətini Məşədiyə
anışdırıb. Qovlar Sarı kəndinin yanına
çatanda Dəli Alı deyib ki, ay Səməd, gəl
atlarımızı ötüşdürək, görək
kiminki yeyin qaçır. Məşədi Səməd üzdə
razılaşıb, ancaq əlsuyuna getmək bəhanəsiylə
bir qırağa çəkilib, bir səngər dalından Dəli
Alıya silahını tuşlayaraq deyib ki, sən məni
öldürmək istəyirdin, ancaq mən sənə dəymirəm.
Yolunla get. Bundan sonra səninlə mənimki tutmaz. Beləcə
onlar sonadək küsülü qalıblar.
Bu rəvayəti Məşədi Səmədin
başısı Şəkər xanımın nəvəsi
Knyaz Abdullayev də təkrarladı, ancaq onun söyləməsinə
görə, həmin toy Tiflisdə olub. Həm də
oynadıqları vaxt Məşədi Səməd bir stolu əlinə
götürərək qıza deyib ki, çıx,
üstündə oyna. Qız da stolun üstündə rəqs
edib və hamı Məşədi Səmədin gücünə
heyran qalıb. Dəli Alıya gəlincə, o, atları
yarışdırmaq təklifini Ceyrançöldə edib. Bu
zaman Məşədi Səməd razılaşıb, ancaq yəhəri
bərkitmək bəhanəsiylə geri qalıb. O, möhkəm
bir yerdə qırağa çəkilərək özünə
səngər düzəldib və oradan Dəli Alıya deyib
ki, dəstəni də götür get, getməyəni
qıracağam. Onun sərrast atıcılığına bələd
olan Dəli Alı da dəstəsiylə oradan
uzaqlaşıb. Sonra o, özüylə bir molla da
götürərək Məşədi Səmədin
anası Xanımın yanına barışığa gəlib
və anası onları barışdırıb.
MƏŞƏDİ
SƏMƏD VƏ QATIR MƏMMƏD
Gəncəbasarın tarixində mənhus
rol oynamış, başına əsasən erməni başkəsənləri
toplayaraq yerli Türk-müsəlman varlılarını,
tacirlərini soyan quldur Qatır Məmməd haqqında
düşüncələrimi vaxtilə “525-ci qəzet”in səhifələrində
bildirmişəm (Qatır Məmməd – “xalq qəhrəmanı”,
yoxsa erməni aləti? – “525-ci qəzet”, 13 dekabr 2008, ¹230), ona
görə də onun şəxsiyyəti haqqında burada əlavə
söz demək istəmirəm. Ancaq burası
danılmazdır ki, camaat onu qabağından yeməyən bir
qabadayı kimi tanıyıb.
Knyaz Abdullayevin dediyinə görə, Məşədi
Səmədin gözəl bir atı varmış. Qatır Məmməd
də rus zabitindən əldə etdiyi əla bir at
minirmiş. Bir dəfə Məşədinin atını
görən Qatırın ona gözü düşür,
atları dəyişdirməyi camaatın içində ona təklif
edir. Bunu çox normal qarşılayan Məşədi Səməd
razılaşır. Qatır Məmməd onun atının
belinə qalxanda adamların baxışından hiss edir ki,
onun razılığını quldurdan qorxmaq kimi başa
düşüblər. Tez uca səslə Qatıra
qışqırıb: “Atdan düş!”. O da tez
düşüb. Sonra deyib: “İndi də min!”. O da minib.
Bununla Məşədi Səməd camaata göstərib ki, mən
istəsəm Qatır Məmmədi ata mindirərəm, istəsəm
düşürərəm.
PARLAMANDA
Xalq içərisində bu cür dərin
nüfuz qazanmış adamın Azərbaycan Cümhuriyyəti
Parlamentinin üzvü seçilməsi tamamilə təbiidir.
Azərbaycan Dövlət Arxivinin 895-ci fondundakı iki işdə
Məşədi Səmədin deputatlıq fəaliyyəti
haqqında etibarlı bəlgələr var. Həmin bəlgələr
1920-ci ildə baş verənləri güzgü kimi əks
etdirir.
Bəlli olur ki, 5 yanvar 1920-də Parlaman
üzvlüyündən istefa vermiş Hacıəli Qasım
oğlu’nun yerinə Gəncə qəzasında yeni
deputatın seçilməsi gündəmə gəlir.
Parlaman rəisi 6 yanvar 1920-də Daxiliyyə Nəzarətinə
müraciət edərək yeni seçkilər keçirilməsini
tələb edir və bu tələb tezliklə yerinə
yetirilir. Gəncə şəhər sülh məhkəməsinin
sədr əvəzi, Gəncə Dairə Məhkəməsinin
üzvü Həsənbəyov’un bir aydan sonra – 7 fevral 1920-də
Gəncə şəhərində imzaladığı
mandatda oxuyuruq: “Bu sənədi təqdim edən Gəncə qəzası
Sərkar kəndinin sakini Məşədi Səməd Kərbəlayı
Məhəmmədhəsən oğlunu Gəncə qəzasının
müsəlmanları Azərbaycan Parlamentinə deputat
seçiblər və bunu imzamla və möhür basmaqla təsdiq
edirəm”. Mandatın aşağısında ərəb əlifbasında
bu sözlər yazılıb: “19 fevraldan isbati-vücud
etmişdir” (yəni iclaslarda iştirak edib).
18 fevral 1920-də Parlaman dəftərxanasının
rəisi Məhəmməd ağa Vəkilov Gəncə qəzasının
rəisinə məktub yazaraq Məşədi Səmədin
seçki sənədlərinin Parlaman Divani-rəyasətinə
təcili göndərilməsini tələb edib. Artıq
üç gün sonra – 21 fevral 1920-də Parlaman idarəsinin
müdiri Parlamanın etimadnamə komisyonuna Gəncə qəzası
qaimməqamlığından göndərilmiş seçki sənədlərini
təqdim edib. Təəssüf ki, ARDA-da həmin sənədləri
tapmaq mümkün olmadı.
24 fevral 1920-də Gəncə valisi
(qubernatoru) Xudadad bəy Rəfibəyov’un Azərbaycan
Cümhuriyyəti daxili işlər nazirinə göndərdiyi
3102 saylı raportda Gəncə vilayəti müsəlmanlarının
Sərkar kəndinin sakini Məşədi Səməd Kərbəlayı
Məhəmmədhəsən oğlunu Azərbaycan Parlamentinə
seçdikləri və həmin Parlamentdə iştirak etmək
üçün Bakıya getməkdən ötrü ona
lazımi mandat verildiyi bildirilir.
Arxivdə Məşədi Səmədin
özünün imzaladığı sənədlər də
qalır. 4 mart 1920-də Azərbaycan Parlamanı Divani-rəyasətinə
yazdığı ərizəsində oxuyuruq: “Gəncə qəzasından
intixab edilib gəldiyim halda məsarifi-rahiyyəmin tədiyyəsinə
(yol xərclərimin ödənilməsinə) əmr vermənizi
rica edirəm. Məsarifi-rahiyyəm: Gəncədən
Bakıya qədər, fayton və vağon, sair xırda xərc
olaraq beş yüz əlli manata qədər”. Ərizənin
aşağısında yazılıb: “Divani-rəyasətin 6
mart tarixli iclasında mumileyhə beş yüz əlli rublə
verilməsi qərara alındı”.
11 mart 1920-ci ildə Məclisi-Məbusan
(Parlaman) özünün 133-cü iclasını keçirir.
Sədr Məhəmmədyusif Cəfərov, katib Rza bəy
Qaraşarlı’dır. Rza bəy Məşədi Səmədin
“Əhrar” fraksiyasına mənsub olması haqqında ərizə
verdiyini bildirir. Azərbaycan Məclisi-Məbusanı Divani-rəyasətinə
yazılmış həmin ərizə də arxivdə
saxlanır: “Möhtərəm əfəndim! Türk el firqəsi
“Əhrar”ın üzvü olub Parlamanda həman fraksiyona daxil
olduğum rəsmən elan edilməmişdir. Binaənəleyh
zati-aliniz məzkur fraksiyona daxil olduğumu elan edəsiniz.
Parlaman əzası Məşədi Səməd Həsən
oğlu”.
Parlamentdə 19 fevral – 27 aprel arasında
çalışdığına görə onun deputat fəaliyyəti
haqqında geniş bilgi yoxdur.
SOVETSONRASI DÖNƏM
İlk müstəqil Azərbaycan
Cümhuriyyəti qırmızı süngülərlə məhv
edildikdən sonra bu dövləti qurmuş ərdəmli
kişilər ya güllələndilər, ya gedərgəlməz
sürgünlərə göndərildilər, ya da cəlayi-vətən
edilərək dərbədər salındılar, ağır
mühacir həyatı yaşamağa məcbur edildilər. Məşədi
Səməd də onların arasındaydı. Vur-tut iki ay
Cümhuriyyət deputatı olması ona və bütün nəslinə
çox baha başa gəldi. “ÇK” ona göz verib işıq
vermədi. Doğrudur, sovet hakimiyyətinin ilk illərində
onunla çox da işləri olmadı, çünki kənddə
bacarıqlı adamlara ehtiyac vardı. Onun hətta kənd
sovetinə başçı qoyulduğu da deyilir. Ancaq hakimiyyət
gücləndikcə basqılar da amansızlaşdı. Onun Sərkardakı
ikimərtəbəli mülkünü əlindən alıb
xəstəxana etdilər. (Bu binanı sonradan tamam
sökdülər). Aramsız təqiblərdən bezmiş Məşədi
1920-ci illərin başlanğıcında el-obasını,
yurdunu tərk etməyə məcbur oldu, ancaq çox da
uzağa getmədi, ticarət əlaqələrində bulunduğu
Güney Azərbaycanı seçdi, Təbrizə sarı
üz tutdu.
Knyaz Abdullayev:
Məşədi Səmədi Arazdan o taya
Məmiş kişi keçirib. O, qabaqca Məşədinin
qızıllarını, sonra da özünü keçirib.
Şəkər nənəm İmamzadada bir nəfərdən
onun göndərdiyi məktubu alıb ki, sağam. O söyləyirdi
ki, qardaşımın Təbrizdə xalça-palaz
dükanı olub.
Sabir Zeynalov:
Şəkər xanımdan eşitdiyimə
görə, İrandan gəlmiş “Seyid” deyilən birisi
1920-ci illərdə Məşədi Səmədi Arazdan o taya
keçirməyə boyun olub. Məşədi, Şəkər
xanım və Seyid üçlükdə belə şərtləşiblər
ki, Seyid Məşədi Səmədin saatını gətirib
Şəkərə versə, deməli, Arazı sağ-salamat
keçiblər, Seyidin zəhməthaqqı verilsin (bundan
ötrü bacısına pul verib). Ancaq Məşədi Səməd
Seyiddən xəlvət bacısıyla danışıb ki, sənə
saatı gətirsələr bil ki, məni öldürüblər,
sən də onu gətirəni öldür; yox,
üzüyümü gətirsələr bil ki,
sağ-salamatam, narahat olma, kişinin pulunu ödə. Yolda
Seyidə deyib ki, üzüyümü verməsən səni
öldürəcəklər. Məni sağ-salamat keçir,
üzüyü apar. Beləliklə, uzaqgörənliyi və
tədbirliliyi sayəsində Məşədi Səməd
mümkün ola biləcək təhlükədən
sovuşub. Yeri gəlmişkən, mən Şəkər
xanımda Məşədi Səmədin qızıl
saatını və üzüyünü görmüşəm.
Səfurə
xanım Hümbətova:
Məşədi Səməd öncə Cənubi
Azərbaycana gedib. Konkret harada yaşadığını demək
çətindir, çünki bir neçə yer dəyişib,
ancaq orada da Sarvan adlı məhəllə
yaratdığını eşitmişəm. Orada da ailə
qurub və iki oğlu olub. 1946-cı ildə Demokrat Həsən
Cənubi Azərbaycandan bizim Sərkara köçüb gəlib.
O, ərim Yolçuya deyib ki, Məşədi Səməd
orada bizim qonşumuzdu.
Yazardan: Mən Eldar və Yusif Hümbətovlarla
birgə həmin Demokrat Həsənin Sərkarda yaşayan
oğlu Sadıq Axundov’la (1957) görüşdüm. O,
atasının 1947-də Təbriz mahalına bağlı Əhərdən
gəldiyini dedi. Deməli, bu vaxt Məşədi Səməd
Əhərdə yaşayırmış.
Sabir Zeynalov:
Məşədi Səmədin Arazın o
tayında da iki oğlu olub. Müharibə dövründə
bizim qoşunlar Cənubi Azərbaycana girəndə Məşədi
sağ imiş və oğlanları turnikdə oynayan
böyük uşaqlarmış.
TÜRKİYƏ???
Hörmətli oxucularıma bunu da bildirməliyəm
ki, Məşədi Səmədin qohumları arasında onun
Güney Azərbaycandan sonra Türkiyəyə
köçüb orada yaşaması və iki oğlunun orada
doğulması və Məşədinin Türkiyədə
dünyaya göz yumması haqqında fikir də
dolaşmaqdadır. Açığı, Knyaz Abdullayev, Sabir
Zeynalov, Səfurə Hümbətova, Məhəmməd
Hümbətov kimi mötəbər insanların heç
birinin təsdiqləmədiyi bu müddəaya mən də
bel bağlamıram. Ancaq bu gün əlimizdə onu inkar edəcək
dəlil-sübut da yoxdur. İnşallah, sonrakı
araşdırmalar bu məsələyə aydınlıq gətirər.
TƏQİBLƏR
Məşədi Səmədin “cinayəti”
üzündən onun qohumlarının başına çox
müsibətlər gətirilib. Oğullarını “KQB” məhv
edib. Ona qohumluğu çatan insanların vətəndaş
hüquqlarından məhrum edilməsi hətta 1970-1980-ci illərədək
sürüb. Qardaşı Həmzə’nin nəvəsi, bu
gün Gəncə Şəhər Baş Polis İdarəsinin
əməkdaşı, polkovnik-leytenant Məhəmməd
Yolçu oğlu Hümbətov (1954) danışdı ki,
1976-cı ildə məni təhlükəsizlik orqanlarında
işə götürmək istəyirdilər. Sənədlərimi
hazırlayandan bir həftə sonra bidirdilər ki, “sənin
baban Müsavat Parlamentinin deputatı olub”, ona görə də
o iş bir daş altda, bir daş üstdə qaldı...
SON
BİR-İKİ SÖZ
Haqqında 90 il susulmuş,
varlığı bütünlüklə unutdurulmuş, bu
müddətdə bircə sətir yazıyla belə
anılmamış şərəfli bir
yurddaşımızın adını xalqımıza
tanıtmağın “bismillah”ını etdik. İnanmaq istərdik
ki, Gəncənin, Samuxun rəhbərləri 90 illik
haqsızlığa son qoyacaq, Məşədi Səmədin
müqəddəs adını gənc nəslin
yaddaşında əbədiləşdirmək
üçün layiqli işlər görəcəklər.
16-17 noyabr 2011.
Ədalət
TAHİRZADƏ
525-ci qəzet.-
2011.- 26 noyabr.- S.22.