“Dünyanın ağrıyan yeridi şair”

 

50 ildi ağrıyan şair dostum Hüseyn Bağıroğluya yubiley mesajı...

 

Demə, “Ağrın alım, haran ağrıyır?”

Yaram yoxdu deyim, yaram ağrıyır.

Eh, mənim hər yerim hər an ağrıyır,

Dünyanın ağrıyan yeridi şair...

 

Qəlbində dil açıb, söz can istədi.

Hər sözü bir gündə yüz can istədi.

Bir an ağrımasa, bil, can üstədi,

Hər an ağrıyırsa, diridi şair.

 

Bu şeiri nə vaxt yazıb, bilmirəm. Amma onu dəqiq bilirəm ki, Hüseyn Bağıroğlu şair olanlardan yox, şair doğulanlardandır deyə, 50 ildir ki, ağrıyır. Ağrıdığı üçün də sözə sığınıb, sözə pənah gətirib. Axı Tanrı insanları sözlə ovutduğu kimi, Hüseyn Bağıroğlu da sözə sığınıb ki, bir az ağrılarını dindirsin, ağrılarını sözlə ovutsun...

Hər şeir yazdığında ağrılarının ən şiddətli anını yaşayır şair. Bir dəfə belə bir məqamında anası onun ağrısına şahid olur. Ana ürəyidi axı. Necə dözsün. Bir ah çəkir ki, şair ağrılarını unudur. Yox, unutmur, o ahdan ağrıları dinir. Ana ahı ona ağrıdan bir şeir bəxş edir. Elə oradaca qələmindən süzülən bu misraları pıçıldayır vərəqlərə...

 

Dərd çəkmirəm ki, ay ana,

Ah çəkmə ahın dağlara.

Dərdin üzün köçürürəm

Ürəyimdən varaqlara.

 

Əslində qoca anasının ahlarına sığal çəkir şair. Amma bu sığal da ana ürəyi sakitləsin deyədir... Çünki Hüseyn Bağıroğluya görə şair olanların qisməti el dərdini çəkməkdi, yurd yaddaşını təzələməkdi. Peyğəmbərlər Tanrı əmri ilə azmış qövmlərə göndərildiyi kimi, şairlər də dərdləri başlarından aşan, sinələri çalın-çarpaz dağa dönən insanları ovutmaq üçün göndərilir.

...1961-ci ilin 26 noyabrında Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində dünyaya göz açıb Hüseyn Bağıroğlu. Bu gün o, əsrin ekvatorunda dayanıb. Hüseyn Bağıroğlunun yarıməsrlik ömrünə nələr sığınıb? “Adam kölgəsinə səsləmə məni”, “Mən çiynimdən yerə qoydum dünyanı”, “Başımda qar olur, ayağımda yaz”, Təbrizdə təkrar nəşr olunan “Mən çiynimdən yerə qoydum dünyanı” şeirlər kitabı. Mehdi, Gülşən və Orxan adlı üç şirin övlad. Qələm, varaq və bir də fikirləriylə dərdləri...

“Ömrünün ən müdrik çağındadı” demək də bir az qəribə gəlir mənə. Şeirlərini hələ tələbəlik illərimdən oxusam da, sevsəm də, şəxsi tanışlığımız 2003-cü ildən başlayır. Şeirlərində müdrik görünən bu adamı şəxsən tanıyanda isə elə bilirdim məni əhatə edən insanların ən müdriki ilə qarşılaşmışam, hətta bir ruh adamıyla yanaşı addımladığını düşünürsən. Çoxlarına boğazdan yuxarı söz kimi də gələ bilər, amma onu şəxsən tanıyanlar da mənimlə eyni qənaətdə olduqlarını etiraf edərlər. Həddindən artıq sakitdi(baxmayaraq ki, daxilində daim püskürməyə hazır bir vulkan olduğunu hiss etmişəm), həddindən artıq səbrlidi, həddindən artıq dözümlüdü və həddindən artıq müsbət auralı biridi.

Tanışlığımızın ilk illəri idi. Ədəbiyyat, ədəbi tənqid və digər söhbətlər edərdik. Mən hamının şeir yazmasından, özlərini sözə sırıdığından, qələmə söykənmək istədiklərindən şikayətlənəndə qayıtdı ki, ay Elxan, neyniyirlər ki, şeir yazırlar da. Təəccübləndiyimi görəndə isə belə davam elədi: “Gedib adam öldürmürlər, oğurluq eləmirlər, kimisə söymürlər, döymürlər, qaçaqmalçılığınan məşğul olmurlar ki, şeir yazırlar da. Qoy yazsınlar. Lap şeir yazmasalar da, zəif yazsalar da qoy yazsınlar. Əliəyrilikdəndisə, oğurluqdandısa, mən elə zəif şeir yazmalarının tərəfdarıyam. Söz elə bir məfhumdur ki, istər-istəməz insanı tərbiyə edir, doğru yola çəkir. Qoy sözlə məşğul olsunlar.

Hətta bir dəfə gənc bir oğlan ilk şeir kitabını çıxartmışdı... “Ana həsrətiylə döyünən ürək” adlanan həmin kitabı vərəqləyəndə dəhşətə gəldim. Bu gənc “yazar” kitabına daxil etdiyi şeirlərinin əksəriyyətini Hüseyn müəllimin şeirləri idi. Bu necə ola bilərdi axı... Elə oradaca “Plagiat” adlı bir yazı yazdım və gəncliyin də verdiyi od-alovlu cümlələrlə o gənci yaxşıca tənqid elədim. Sabahısı yazı qəzetdə çıxandan sonra Hüseyn müəllimdən zəng gəldi, razılaşdıq və bir çay süfrəsində söhbət etdik. Sən demə, bu hadisədən Hüseyn Bağıroğlunun xəbəri varmış. Mənə dedi ki, gərək o cavanı tənqid eləməyəydin. Uşaqdı hələ, sözə marağını gözündə qoya bilərsən. Evimə girib oğurluq eləməyib ki, xoşuna gələn 3-5 şeirimi (düz 14 şeirini mənimsəmişdilər) öz kitabında çap etdirib. Sən bilirsən axı, şeir ki, yazıldı, oxucuya təqdim olundu, o artıq sənin deyil. Oxucunundur. Cavan oğlan da oxuculuq haqqından istifadə edib.

Əvvəl elə bildim, Hüseyn müəllim zarafat edir.. Amma yox, ciddi idi.

Hə, o belə bir insandı, özü nə qədər müsbət auralı biridirsə, hər kəsin də müsbət düşüncəli olduğunu düşünür, hər kəsi özü kimi təsəvvür edir, bəzən yanılsa da, bəziləri onun bu sadəliyindən (sadəlövhlüyündən yox ha...) istifadə etsələr də, o öz dünyasına xəyanət etmir və daim böyüklüyündə qalır. Ona daş atanlara belə əhəmiyyət vermir, çünki o dumdurudur, şirin dadlı bir kənd çeşməsi kimi.

 

İnsan eşq oduna qalanaydı kaş,

Sevgisiz daş olub qaralaydı kaş.

Daş atıb dedilər, bulanaydı kaş,

Gördülər bulaq tək durudu şair.

 

“Şərq qapısı” qəzetində işlədiyim vaxtlarda Hüseyn Bağıroğlu ilə dəfələrlə ədəbi söhbətlərimiz olub. Müsahibələr almışam, haqqında yazılar yazmışam. Naxçıvan Televiziyasında müəllifi olduğum “Oxucu və zaman” verilişində onunla doyunca ədəbiyyatdan danışmışıq.

Bir dəfə onun şeirləri haqqında “Gərəkli adama gərəkdi Vətən” adlı bir yazı yazmışdım. Oradakı bir abzası olduğu kimi vermək istəyirəm:

“Mənə görə hər bir insanın varlığı onun boya-başa çatdığı torpağa, yurda, müqəddəs ocağa olan sevgisi qədərdir. H.Bağıroğlu da bir-birindən doyumsuz olan misralarında elə o sevgi boyda varlığını göstərir. Bəzən adi bir qara daş da, heç birimizin diqqətini çəkməyən çopur bir qaya da böyük bir Vətən anlamını ifadə edir onun şeirlərində:Diz çöküb Vətənin qara daşına, Çopur qayasına salam verərəm”.

Azərbaycanın hər qarış torpağı kimi Naxçıvan da özünün qara daşıyla, çopur qayasıyla da şairlərin sözündə özünün həqiqi dəyərini həmişə tapıb. Hələ Məmməd Araz sözündə sehr kimi müqəddəsləşən məfhumlar bu gün Hüseyn Bağıroğlu misralarında bir daha möcüzələşir.

11 il bundan əvvəl nəşr olunan ilk kitabı belə bir şeirlə başlayır:

 

Mən bu şeiri gör haçandı

Ağlım kəsəndən yazıram.

Yadda qalan günahlarım

Məni üzəndən yazıram.

 

Şeiri ağlı kəsəndən yazdığına inanıram Hüseyn müəllimin. Amma günahlarının onu üzəndən yazmasını Füzulinin “Aldanma şair sözü əlbəttə yalandır” misrasıyla yozduğuma bağışlasınlar...

Hüseyn Bağıroğlunun yaddaşlara hopan o qədər misrası var ki, hərdən öz-özümə pıçıldadıqlarımı, hər hansı bir hadisə gərəyincə söylədiklərimi elə bura yazsam onun sözünün dəyərinin hansı mərtəbədə dayandığını özünüz yəqinləşdirəcəksiniz.

 

Mən hərdən havamı dəyişmək üçün

Gedib o dünyaya dəyib-gəlirəm.

 

lll

 

İlahi, görürsən bəndələrini

Məndə yaşamağa hal qoymadılar.

Dərdinən hördülər dörd tərəfimi

Bir yana çıxmağa yol qoymadılar.

 

lll

 

Gah başım üstündən göyü aparır,

Gah ayağım altdan Yeri çəkirlər.

Vaxtı qabaqlayan saat kimiyəm,

Gündə neçə dəfə geri çəkirlər.

 

lll

 

Bu sənin ətrindi hər yandan gələn

Yoxsa ki, dünyanın ətiri yoxdu.

 

lll

 

Bəlkə, bəxtimin də heç bəxti yoxdu,

Bəlkə ona görə mənə tuş gəlir.

 

lll

 

Mən bu köhnə sözlərə,

Təzə tale yazıram.

 

lll

 

Fikirsiz ötən gün dərd olur, şair,

Çəkdiyim ahı da fikir aparır.

Yerdə fikirlərə qərq olur şair,

Göydə Allahı da fikir aparır.

 

Hüseyn Bağıroğlunun bu cür misralarının sayı bilinmir. Bir çox şeiri isə bütövlükdə bir insan taleyidi. Elə bil o şeirlərdə bir ömürün ağırlığı, ağrısı var. “İnsana insanı sevmək qalacaq”, “Mən çiynimdən yerə qoydum dünyanı”, “Badam ağacının ağ çiçəkləri”, “Ömür uzaqlarda qaldı”, “Tanrı kölgəsidi ağac kölgəsi”, “Gəl qoyaq sapanda ataq Hüseyni”...

Hansını deyim, hansından söz açım bilmirəm ki... Bu şeirləri təkcə oxumaq kifayət etmir, gərək həm də yaşayasan. Özü də şair ağrısıyla yaşayasan.

Bu gün Hüseyn Bağıroğlunun 50 yaşı tamam olur. Zarafat deyil, 50 yaş. Amma hələ də bəzi yazılarda o ədəbi mühitin gənc üzvü kimi təqdim olunur. Bunun bir səbəbi də Hüseyn müəllimin özünün sadəliyindəndir. İlk kitabı 1998-ci ildə nəşr olunub. 37 yaşında. O vaxta kimi isə yazdıqlarını ancaq özü üçün yazıb, özü oxuyub, bir də çəkinə-çəkinə, utana-utana dediyi dost-tanışları bilib şeir yazdığını. Bir şeirində də işarə edir bu məqama:

 

Dərdimin yanında çox oluram mən,

Dərdinən, qəminən tox oluram mən.

Bəzən bilə-bilə yox oluram mən,

Bəzən bilə-bilə gözə dəymirəm.

 

Doğrudur, o bilə-bilə gözə dəyməməyə çalışıb. Bir şeyi unudub şair dostum. Sən sözünü gizlətsən də sözün səni gizlətməyəcək. Dəyərli söz hər zaman ona dəyər verəni dəyərləndirib, qiymətləndirib.

Hüseyn müəllim, bu gün – 50 yaşınızda telefonunuza bir mesaj yazmağı düşünürdüm. Uzun alınacağını bildiyim üçün bilgisayarımın arxasına keçdim. Bu yazı sizə yubiley mesajım kimi ərsəyə gəldi. Sizə nə arzulamaq olar ki, hər zaman sözlə qalın. Bir şeirinizdə deyirdiniz ha...

 

Gah ah qopar, gah da nida dilimdən,

Günlər ötər, nələr bitər külümdən.

Nə yaxşı ki, qələm tutur əlimdən,

Nə yaxşı gümanım sözə qalıbdı.

 

Arzu edirəm ki, əlinizdən tutan qələm heç vaxt əlinizdən düşməsin. Bir də ki 50 yaş hələ nədi ki, bunu da siz demişdiniz axı...

 

Od qala sinəndə odun eşqinə,

Yurda bayraq olan adın eşqinə.

Dar gündə təklənən yurdun eşqinə,

Dəyər bu dünyada yaşamağına.

 

 

Dostun

Elxan YURDOĞLU

 

525-ci qəzet.- 2011.- 26 noyabr.- S.20.