Ürəyə batmış tikan

 

QƏNİRƏ PAŞAYEVANIN “ ONUN SEVGİ MƏKTUBLARI” ROMANIYLA BAĞLI MÜƏLLİFƏ AÇIQ MƏKTUB

 

“Aşka dair nə söyləsəm içi yanmayanlar, aşık olmayanlar anlamazlar ki”

 

Mövlana

 

 

Cəmiyyətimiz üçün xidmətlərinin sayı- hesabı olmayan, zərif çiyinlərini türk dünyasının dərdinin, ələminin altına verməyə çəkinməyən, gözəl-göyçək Azəri qızı Qənirəyə birinci növbədə qəlbinin dərinliyində gizlətməyi bacardığı ümmanlar qədər dərin sevgisinə, bu sevgidən qəfildən cəsarətlə söz açdığı, mən deyərdim ki, “sevgi antologiyası” olacaq qədər maraqlı romanı üçün çox-çox təşəkkürlər.

Müəllifin özünün sitat gətirdiyi Mövlanə sətirləri ilə yazını təsadüfən başlamadım. Bəli, gözəl xanım, aşiq olmayanlar anlamazlar ki, sevgi acısını. Sizdə kəşf elədiyim bu incə ürəyə görə çox sağ olun. Tüstüsüz, alovsuz yanan közə bənzədərdim siyasətin çətin yollarında addımlamağı bacaran, hər çətinliyə şəstlə sinə gərən, vətənpərvər qəlbinizi.

Sevgiyə aid oxuduğum axırıncı roman “Əli və Nino” əsəridir. Kitabın sərlövhəsi məni əvvəlcə çaş-baş saldı. Fikirləşdim ki, sevgi romanı oxuyan yaşım deyil ki. Birinci səhifəni oxumaq kifayət elədi. Mübaliğə olmasın, bir də ayıldım ki, artıq romanı bitirmişəm.

Azərbaycan ədəbiyyatında epistolyar janrda yazılmış heç bir nümunəyə rast gəlməmişəm. Bu sahədə də birinci oldunuz, Qənirə xanım.

Epistolyar roman birya bir neçə qəhrəmanın yazışmasında onların dünyasını, qəlb iztirab və sevinclərinin təzahürünü oxucuya çatdırır. Avropa ədəbiyyatında ilk epistolyar janrın müəllifi “Portuqaliya məktubları” əsəri ilə tanınan Qabriel Qiyeraqdır. XVIII əsrdə Fransa yazıçısı Jan Jak Russo, alman ədəbiyyatında isə dahi Hote bu üsluba müraciət edib.

Epistolyar janrın gündəlik yazılardan fərqi odur ki, ikinci janr heç bir dəqiq ünvan tələb etmir. Epistolyar üslubun mövcudluğuna baxmayaraq, dahilərin məktubları, xatirə və gündəlikəri heç də hər zaman kütləvi oxucu üçün açıq olmayıb. Buna görə də onların həyatı barədə çoxlu uydurmalar əmələ gəlib.

Böyük yazıçı Viktor Hüqonun aktirisa Julyetaya yazdığı məktublar onların 50 illik münasibətinin şahidi kimi epistolyar janrın klassikasına çevrilib, bəzən çox ehtiraslı, bəzən isə həddən artıq intellektual olan 15.000 məktub qalıb.

Q.Paşayevanın “ Onun sevgi məktubları ” romanında istinad etdiyi məktubların müəlliflərindən ikincisi Cəlaləddin Rumi kimi tanıdığımız Həzrəti Mövlanadır. Mövlananın Rumi kimi tanınması Rum diyarında uzun müddət yaşaması və nəhayət, türbəsinin orda olmasıdır. Epistolyar məktublar əsasında yazılmış bu sevgi romanında hər şeyi sevgi dili ilə izah edən mistik şəxsiyyət olan Mövlananın ünvanı Şəms Təbriziyə olan məhəbbət məktubları ilə tanışlıq insanı sanki paklaşdırır.

Qələm adamları müxtəlif mövzulara müraciət etsələr də, bu bir həqiqətdir ki, hər bir şair, yazıçı özünü yazır. Yaxın rəfiqəsinin bir türk sevgilisi ilə və Mövlananın Şəms Təbrizi ilə yazışması əsasında qələmə alınmış romana, əslində, Qənirə xanımın öz daxili dünyası, öz ovqatı, öz hisslərinin hakim kəsildiyini, hətta ən naşı oxucu da duya bilər.Onun sevgi məktubları”nda bir özünəməxsusluq, buradan bir “Qənirə xarakterisezilir. Dahi şəxsiyyətlərin sevgi haqqında söylədiklərini yerli-yerində işlətmək bacarığı oxucunu heyran edir. Romanı oxuduqca Mövlana və rəfiqəsinin timsalında yazıçının içindən gələn kədərin özünü dinlədim.

Qənirə xanım müasir insana məktub yazmaq, məktub almaq həzzinin nə qədər gözəl bir duyğu olduğunu bir daha xatırladır. Görəsən bu günkü gənclik məktub yazmağı, duyğu və hisslərini qələmə sarılaraq vərəqə boşaltmağı bacarırmı? Elektron poçtun hökmranlıq etdiyi bir dönəmdə inanmıram bu üsluba müraciət edən olsun. Deməli, hisslərimiz əslində korşalır, şablonlaşır. Mənə etirazı olan sevən gənclər, ömrünüzdə heç olmasa bir dəfə sevdiyinizdən intizarla məktub gözləyib, alandan sonra titrək əllərlə açaraq əvvəlcə qoxlayıb sonra bir nəfəsə oxumusunuzmu? Məktubun üstündəki xəttə baxıb “ bu mənim sevgilimin xəttidir ” demisinizmi? BaxOnun sevgi məktubları ” romanı bizə bu gözəl hissləri aşılayır.

Bir anlıq uşaqlığıma dönmək istədim. Yadıma epistolyar janrın ibtidai nümunəsi sayıla biləcək “ parta yazıları ” düşdü. Nə qədər intizamsızlıq nümunəsi olsa da, bunu çoxlarımız gizlicə bir günah kimi işlədirdik. Sinfə girən kimi birinci növbədə hər birimiz oturduğumuz partanın üzərində müasir terminlə ifadə etsək “ mesaj ” axtarırdıq. “ Mən səni sevirəm ”, yaxud “R+F” və s. Bir az irəli gedənlər isə partanın çanta qoyulan hissəsində bir parça şagird vərəqinə yazılmış məktub gizlədirdilər. O, bir balaca kağız parçası orfoqrafik səhvlərdən xali olmasa da, təmiz uşaq qəlbinin ilk eşqinin müjdəçisi idi.

Hər kəsə məlumdur ki, sevgi müsbət bir emosiyanın ifadəsidir. Lakin həmişə böyük sevgilər özündən sonra böyük kədər qoyaraq, yavaş-yavaş qeyb olur.

SondaOnun sevgi məktubları ” romanının qəhrəmanı Könül xanımın sevgilisi adından bir cavab məktubu yazmaq dəli bir sevda kimi keçdi könlümdən. Ünvanı çox əfsuslar olsun ki, məzarlıq olan bu gecikmiş və başqasının adından (yəni saxta) olan bu məktubu yazmasam sakitləşə bilmərəm.

“ Səssizcə gedirsən. Mənəsə üşüyən əllərini, həsrət dolu gözlərini, bir dünyalıq məhəbbətini yadigar qoyaraq gedirsən. Bir ruzigar idin, əsdin, keçdin həyatımdan. Sən sevməyi bacardın, mən isə sevməməyi. Əsməyi qadağan olunmuş bir külək idin sən. Ümidlərinin boynu isə həmişəlik bükük. Qəlbin qırıq şüşə kimi yerlərdə. Əyilib qəlbinin parçalarını toplamaq istəyirəm, ayağıma ilişsə, qorxuram incidər. Mən hər şeyi əzib keçməyi adət etmişəm axı. Sevmə mənim kimi duyğusuz bir insanı. Gəl indi sən məni səndən qurtar.”

Mənə elə gəlir, həmin məktubların müəllifinin sevdiyi insan bu gözəl eşq romanını oxusa, məhz belə fikirləşər.

Qənirə xanımın gözəl qələminin və gözəl qəlbinin bir daha şahidi olmaq istəyirsinizsə, bu romanı oxuyun.

 

 

Aşabel Məmmədova

Nizami adına Ədəbiyyat İnstitutu,

elmi işçi

 

525-ci qəzet.- 2011.- 29 noyabr.- S.7.