Həmidə xanım Cavanşirin “Xatirələrim” əsəri tam şəkildə nəşr edilib

 

Azərbaycan tarixində özünəməxsus mövqeyə malik şəxsiyyətlərdən biri olan Həmidə xanım Cavanşirin “Xatirələrim” əsərinin tam mətni kitab halında çapdan çıxıb. Yazıçı-publisist Mehriban Vəzirin tərtib etdiyi kitabda görkəmli ictimai xadim, zadəgan-ziyalı zümrəsinin ən ünlü qadın təmsilçilərindən biri, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşirin qiymətli xatirələri öz əksini tapıb. Müəllif burada atası Əhməd bəy Cavanşir, həyat yoldaşı Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” jurnalı, Qafqaz-İslam Ordusunun Şuşaya gəlişi, Cümhuriyyət dövründə Qarabağın vəziyyəti haqqında geniş məlumat verib. O, “Molla Nəsrəddin”nin Təbrizdə nəşrini, Bakıya döndükdən sonra ailənin üzləşdiyi ağır vəziyyəti, “Molla Nəsrəddin”in sovet Bakısında nəşrini və başqa hadisələri cəlbedici bir dillə təsvir edib.

Mehriban Vəzir kitaba yazdığı “Həmidə xanım Cavanşironun xatirələri” başlıqlı yazısında maraqlı bir faktı vurğulayıb. O yazır ki, otuzuncu illərin ortalarında yazıçı Mirzə İbrahimov Həmidə xanımı Yazıçılar İttifaqına dəvət edirona Mircəfər Bağırovun arzusunu çatdırıb deyir: “Yoldaş Bağırov arzu edir ki, siz öz xatirələrinizi yazasınız, o dövrdə Qarabağda olan hadisələri, inqilabi hərəkatları, o illərin mühüm bolşevik simaları haqqında bildiklərinizi qələmə alasınız”. Həmidə xanım bu təklifi qəbul edir və başlayır xatirələrini qələmə almağa. Ancaq bir aydan sonra Mirzə İbrahimov yenidən Həmidə xanımın yanına gələrək ona Bağırovun Qarabağdakı bolşevik fəaliyyətindən də əsərdə geniş şəkildə bəhs etməsinin vacibliyini bildirdikdə Həmidə xanım Mirzə İbrahimovu heyrətli bir nəzərlə süzərək, təmkin və təəssüflə belə cavab verir: “Mən görmədiklərimi yaza bilmərəm”. Həmidə xanım gördüyü həqiqətləri qorxmadan qələmə aldı. O, Mircəfər Bağırovun Qarabağda ad çıxarmış quldur dəstələrindən birinə başçılıq etdiyini, onun uzun müddət nüfuz davasında olduğu başqa bir quldur dəstəsi ilə atışmada mühasirəyə düşdüyünü və Həmidə xanımın qapısına adam göndərib ondan imdad dilədiyini yazır. Elə ona görə də Həmidə xanımın “Xatirələrim” i Mircəfərin qəzəbinə gəlir, əsər illərlə arxiv künclərində məhbus qalır: “Aradan neçə onillik keçəndən sonra mərhum professor Abbas Zamanov onun Mirzə Cəlillə bağlı bölmələrinə həyat verir. Ancaq bütövlükdə “Xatirələrim” 80 ildən artıq öz nəşrini gözlədi”.

Kitaba ikinci önsözü Ədalət Tahirzadə yazıb. “Çağının ləkəsiz güzgüzü” başlıqlı bu yazıda bildirilir: “Bugünkü oxucu üçün bu əsərdə qeyri-adi, təəccüblənəsi heçyoxdurbir xanım başına gələnləri, gördüklərini, bildiklərini qələmə alıb, vəssalam. Ancaq belə düşünən çağdaşım bir şeyi unudur –burdakı sözlərin haçan deyildiyini. Həmidə xanım Cavanşirin bu əsərdəki doğruçuluğu, qorxmazlığı məni əməlli-başlı mat qoyub”.

Əsərdə möhtəşəm bir qadının əzm və dözümünü görmək mümkündür. Həmidə xanım Cavanşir xalq qatilindən xalq qəhrəmanı yaratmağa razı olmayan ləyaqətli bir qadın kimi tarixin şanlı səhifələrinə öz adını yazıb.

Həmidə xanım bu əsərində həm də onu göstərir ki, aristokratlıq təkcə var-dövlət içində yaşamaq deyil, böyük zənginlik içində ola-ola, eyni zamanda təhlükə və müsibətlər çəkərək Vətən, xalq, tarix qarşısında məsuliyyət daşımaqdır.

 

 

Günel CABİRQIZI

 

525-ci qəzet.- 2011.- 30 noyabr.- S.7.