Tanınmış aktrisa Sevil Xəlilova vəfat edib

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Sevil Xəlilova dünyasını dəyişib. Aktrisa noyabrın 28-də saat 18:00 radələrində 58 yaşında vəfat edib. Yaxınları bildiriblər ki, ölümündən əvvəl onun yüksək temperaturu olub, hətta iki gecə yuxusuz qalıb. Vəfatının əsas səbəbinin infarkt keçirməsilə bağlı olduğu bildirilib.

Aktrisa ilə vida mərasimi öz mənzilində keçirilib. Mərhum sənətkar Novxanıdakı qəbiristanlıqda dəfn edilib.

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Sevil Xəlilovanı hələ tələbəlik illərindən tanıdığını deyib: “İstər həyatı, istər fəaliyyəti mənim gözümün qabağında olub. O, çox özünəməxsus istedad sahibi idi. Sevil xanım sadə həyatı, sadə davranışı ilə hər zaman hörmət sahibi olub. Hələ heç kim Sevil xanımın zəif, uğursuz rolunu görməmişdi. Böyük fədakarlıqla sənətindən yapışmışdı. Hələ oynamaq istədiyi çox rollar var idi”.

Rejissor Rövşən Almuradlı aktrisanı sonuncu görənlərdən biri olub: “Bütün kollektiv kimi mən də onun ölümünə inanmıram. Sevil çox kövrək, səbrli, əxlaqlı xanım idi. Teatrda, kinoda, sənətdə əxlaqını qoruyub saxlayırdı, səmimiyyəti ilə seçilirdi. Sözün əsl mənasında teatr Sevili itirdi. Zamanmı, mühitmi imkan vermədi? Əslində çox səbəbləri var...”

Teatrın truppa müdiri Elnur Məmmədov iki gün bundan əvvəl Sevil Xəlilova ilə zəngləşdiyini deyib: “Özü telefonu götürə bilmədi, qızı bir az nasaz olduğunu dedi. O bizə ana kimi əziz idi. 10 ildən çox müddətdə onun bir dəfə məşqə gecikməyinin şahidi olmamışam. Düzdür, bütün yaradıcı insanlar kimi onun da çətinliyi var idi. Çox təəssüf ki, biz yaxşı insanlarımızın qədrini öləndən sonra bilirik”.

Qeyd edək ki, Sevil Rza qızı Xəlilova 10 yanvar 1953-cü ildə Bakıda anadan olub. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdindəki “kino aktyorukursunun axşam şöbəsində (1969-1970) oxuyub, 1970-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino aktyorluğu fakültəsinə daxil olub. Hələ tələbə ikən Akademik Milli Dram Teatrında N. Hikmətin “Şöhrət və ya unudulan adampsixoloji dramında professorun qızı rolunu ifa edib. Aktrisa 1974-cü ildən təyinatla Akademik Milli Dram Teatrında işləməyə göndərilib. Ötən illər ərzində millidünya klassiklərinin, müasir Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarında oynayıb. “Kölgələr pıçıldaşır”da Çeşmə, “Şəhərin yay günləri”ndə Qumru, “Dəli yığıncağı”ında Zəvvar, “Əliqulu evlənir”də Humay, “Kimdir haqlı?”da Məlahət, “Büllur sarayda” tamaşasında Səadət, “Təhminə və Zaurda Mədinə, “Üç quruşluq operada Kitti, “Nişanlı qız”da Zərifə, “Vaqif” tamaşasında Gülnar, “Fedrada Enona, “Poçt şöbəsində xəyal”da Züleyxa, “Köhnə ev”də Mələk və başqa rolları məharətlə ifa edib. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı tamaşalarda da maraqlı obrazlar yaradıb. Bunlardan “Atayevlər ailəsi”ndə Mehrican, “Hacı Qarada Sona, “Şərqin səhəri”ndə Nataşa, “Kişilər”ində Səlimə, “Ötən ilin son gecəsi”ndə Gülarə, “Yollar görüşəndə” teletamaşasında Rahidə və digər obrazları qeyd etmək olar. Sevil Xəlilova teatr sənətindəki xidmətlərinə görə 24 dekabr 2002-ci ildə respublikanın əməkdar artisti fəxri adına layiq görülmüşdü.

Allah rəhmət eləsin!

 

 

525-ci qəzet.- 2011.- 30 noyabr.- S.7.