Cəfər Cabbarlının tərcümə sənətkarlığı haqqında dəyərli monoqrafiya

 

XX yüzil Azərbaycan ədəbiyyatının klassiklərindən olan C.Cabbarlının həyatı və yaradıcılığı öz sağlığından başlayaraq araşdırılıb, dövrün tələbiylə çox zaman tənqid və təftişlərə məruz qalıb. Qısa və zəngin ömür yolu keşməkeşli illərə, çeşidli ictimai-siyasi quruluşlara təsadüf edən ədib bəllidir ki, həm çar Rusiyası, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də Sovet dövründə dupduru bulaq kimi çağlayan istedadıyla doğma xalqına və ədəbiyyata xidmətdən bir addım belə geri çəkilməyib.

Filologiya üzrə elmlər doktoru, tənqidçi-ədəbiyyatşünas Asif Rüstəmlinin yenicə çapdan çıxmış “Mütərcim Cəfər Cabbarlı” monoqrafiyası bu böyük şəxsiyyətin bütünlüklə tərcüməçilik sənətkarlığına həsr olunmuşdur. Kitabın elmi redaktoru akademik Bəkir Nəbiyev, rəyçi və ön sözün müəllifi filologiya üzrə elmlər doktoru Aida Feyzullayevadır.

“Çırpınırdı Qara dəniz”, “Tufanlardan keçən ömür”, “Susmaz duyğuların səltənətində”, “Ədəbi istiqlalımız”, “Cəfər Cabbarlı: həyatı və mühiti” və “Cefer Cabbarlı. Hayatı, Sanatı ve mücadilüsi” (Türkiyə) adlı əsərlərindən sonra işıq üzü görən bu kitabıyla müəllif yazıçının indiyədək kölgədə qalan başqa bir tərəfinə işıq salır, bu sahədəki boşluğu doldurmaqla yanaşı, Cabbarlı şəxsiyyətinin bütövkamil şəkildə ortaya çıxmasına kömək edir.

Böyük siyasi xadim, publisist və ədəbiyyatşünas M.Ə. Rəsulzadənin hələ XX yüzilliyin başlarında “Azərbaycan dramaturgiyasında mühüm bir mərhələ” adlandırdığı Cabbarlı yaradıcılığının tərcüməçilik qolu məhz A. Rüstəmlinin bu kiitabında ilk dəfə sistemli şəkildə tədqiqata cəlb olunur.

Rəsmi olaraq tərcüməçilik fəaliyyətinə Cümhuriyyət dövründə – 1918-ci ilin 03 oktyabrında Bakıda nəşrini davam etdirən “Azərbaycan” qəzetində başlayan gənc Cəfər sovet dövründə “Kommunist” qəzetində, “Ali İqtisadi Şuranın Əxbarı” jurnalında , Xalq Ərzaq Komissarlığında 10 ilə yaxın rəsmi sənəd və materialların çevrilməsiylə məşğul olsa da, bədii tərcümə məsələlərinə böyük önəm vermiş, hətta sonralarKommunist” qəzetində “Tərcümə məsələsinə əhəmiyyət verilməlidir” adlı ayrıca bir məqalə dərc etdirmişdir.

Cabbarlının Avroparus yazıçılarından U. Şekspirdən tutmuş L.Tolstoya qədər qısa bir vaxtda dilimizə çevirdiyi əsərlərin yalnız siyahısı, onun bu işə necə ciddi yanaşdığını və necə məhsuldar işlədiyini açıq-aydın göstərir.

Maraqlıdır ki, Cabbarlının ilk irihəcmli bədii tərcümə işi Avropadünya dramaturgiyasının şah əsəri sayılan U. ŞekspirinHamlet” faciəsidir. Özüona qədər bu əsər tanınmış yazıçı-dramaturq Ə. Haqverdiyev, A.Cövdətbəy və A.Əlverdili tərəfindən ana dilimizə çevrilmişdi. Bütün bunları nəzərdən keçirən və saf-şürük edən A.Rüstəmli bu qənaətə gəlir ki, “sətri tərcümə təsiri bağışlayan bu faciə milli koloritini, emosional təsir gücünü, fikrin səlisliyini və axıcılığını itirdiyi üçün səhnədə aktyor canlandırması ilə uğur qazana bilməmişdir”. Eyni zamanda o, əsasən D. Bünyadzadə adına Dövlət Türk Teatrosu tərəfindən gənc Cəfərə tərcümə təklifini yazıçının türkcə mükəmməl bədii tərcümə peşəkarlığı, səhnə dilinin özünəməxsus imkanlarına dərindən bələd olması, işinə yaradıcı münasibəti və milli təəssübkeşliyi ilə izah edir.

Tərcüməçinin orijinallardan başqa, rus dilinə olan bir neçə tərcümə variantından yararlanması, eyni zamanda “faydalandığı qaynaqlara yanaşma tərzi, tərcümə prinsiplərinə özəl və müstəqil münasibətini faktlarla açıb-göstərən A.Rüstəmli fikrini C.Cabbarlının “...Biz də “Hamleti ruhumuza yaxınlaşdırmaqda özümüzü haqlı gördük” sözləriylə sübuta yetirir;“... Çünki bizdə başqalarına qarşı kor bir tapqınlıq, özümüzə qarşı kor bir etinasızlıq vardır. Almanların Şekspiri almanlaşdırması haqlı, bizimki isə haqsız görünə bilər.”

Tədqiqatçının “Hamletin rus və Azərbaycan dilinə müxtəlif tərcümə variantları üzərində apardığı müqayisə və tutuşdurmalar, həqiqətən də tərcüməçinin müstəqil şəkildə verdiyi bayatı və tuyuqlarımızı andıran mənzum parçaları “ən uğurlu şeir nümunələri” kimi dəyərləndirməsi də olduqca inandırıcıdır. Eləcə də məşhur “to be, or not to be”? “bıt ili ne bıt” dilemmasının dilimizə “varlıqmı ya yoxluqmu”, “yaşamaq ya ölmək” tərcümə variantlarından sonra qısa, dolğun, süjet və məzmuna ən uyğunolum ya ölüm” şəklində tapıntısının incədən-incəyə araşdırılmasından sonra bu qənaətə gəlmək olur ki, doğrudan da yazıçı sadəcə sətri tərcümə ilə kifayətlənməmiş, əsərin “...milli-mənəvi koloritini, hiss və duyğularını dilimizə çevirmişdir”.

Azərbaycan oxucu və teatrsevərlərinə “Hamlet”dən qabaq tanış olanOtello” faciəsi üzərində C.Cabbarlının artıq səriştəli bir tərcüməçi kimi işləməsini tədqiqatçı diqqətlə nəzərdən keçirir, olduqca maraqlı nəticələrə gəlir. Doğma dilimizə yad və anlaşılmaz sözlərlə dolu olduğuna görə böyük Sabirə məşhur taziyanəsini yazdıran “Otellonun H. Vəzirov tərcüməsi milli və ədəbi istiqlal tərəfdarı olan Cabbarlını, təbii ki, qane edə bilməzdi. Həmin tamaşadan sonra nəşr etdirdiyi məqaləsində tərcüməçinin nöqsanlarını qeyd edən gənc Cəfər “...yoldaşına zəhmətləri üçün təşəkkürlə bərabər, tərcümələrinə yenidən göz gəzdirmələrini, ...mümkün qədər yabançı sözlərdən uzaqlaşıb, öz sözlərimizi işlətmələrini” tövsiyə edir. 22 yaşlı Cabbarlının artıq yetərincə yaş və təcrübəyə malik H. Vəzirova məsləhət gördüyü aşağıdakı sözləri bütün dövrlər üçün, demək olar ki, aktualdır: “Dilimizdə olan ən kobud və yaraşıqsız söz, ən gözəl yabançı kəlmələrdən əziz tutulmalıdır”. XX yüzilin ikinci onilliyində deyilmiş bu sözlər çox şair, yazıçı və alimlərimiz üçün bu gün də örnək ola bilər.

A.Rüstəmli, səhnə əsərlərini tərcümə edərkən Cabbarlının mütərcimlikdən əlavə redaktorteatr rejissorluğu funksiyasını da öz üzərinə götürdüyünü, ixtisar və əlavələr edərkən səhnənin sərt tələblərinə, zaman və məkan meyarlarına əsaslandığnı da xüsusi olaraq qeyd edir.

ŞillerinQaçaqlar” faciəsinin tərcüməsində də Cabbarlının ana dilimizin zəngin frazeoloji birləşmələrindən, idiomatik ifadələrindən ustalıqla yararlandığını, “lül vuracağam, mil duracağam” , “sənin ki fatihən oxunmuşdur”, “qənbərqulu çıxartmaq”, “küfr danışmaq” kimi frazeoloji vahidləri işlətməkdən çəkinməməsini məhz “yaradıcı tərcümə işinin nəticəsi” kimi izah etməsi də yerində və başadüşüləndir.

Böyük dramaturqun tərcümə yaradıcılığında XVIII əsr klassiki P.O.K. de Bomarşenin məşhur “Fiqaronun toyu” komediyasının ayrıca yeri vardır. A. Rüstəmlinin araşdırmalarına görə, əsərin C.Cabbarlı tərəfindən tərcümə edildiyitamaşaya qoyulduğu vaxt dəqiq məlum olmasa da, komediya 1935-ci ildə, yazıçının vəfatından sonra Azərnəşrdə böyük tirajla nəşr olunmuş, geniş oxucu auditoriyasına çatdırılmışdır.

Əsərin rus dilinə N.M.Lyubimovanın tərcüməsiylə Cabbarlının Azərbaycan türkcəsinə etdiyi tərcüməni tutuşduraraq, tədqiqatcı bu nəticəyə gəlir ki, ilk bədii tərcümələriylə müqayisədə burada bir-iki məhnı mətni istisna olmaqla, tərcüməçinin daha çox orijinala əsaslandığı, sərbəst tərcüməyə meylin zəiflədiyi müşahidə olunur. O, satirikyumoristik elementlərin sıx-sıx işləndiyi bu komediyanın tərcümə prosesində Cabbarlının yeni yaradıcılıq və tərcüməçilik keyfiyyətlərinin üzə çıxdığını faktlarla göstərir. Doğrudan da, “Bazil, heç eybi yoxdur, mən sənin atanı yandıraram”, “Kor kora kor deməsə bağrı çatlar”, “Cəhənnəm ol buradan, qırışmal”, “Vay, dədəm, vay! İşim bitdi.”, “Burnunu o yana çəksənə, gözümü çıxartdın ki...” və s. ifadələrin sayəsində safoynaq gülüş elementləri, incə və səmimi yumor detalları üstünlük təşkil edir. C.Cabbarlının bütün tərcüməçilik sənətkarlığını geniş təhlilə cəlb edən A. Rüstəmlinin fikrincə, “fransız həyatının özəlliklərini və milli koloritini” özündə əks etdirən bu komediyanın tərcüməsində Cabbarlının “komik elementləri xalq danışıq dilinə məxsus ifadələrlə yüksək peşəkarlıqla əvəzləməsi” xüsusi önəm daşıyır. Tərcüməçi yeri gəldikcə əsərin ruhu ilə səsləşən müstəqil və oynaq mahnı mətnini əsərə daxil etməkdən də çəkinməmiş, eyni zamanda, iştirakçıların xasiyyət və geyimləri haqqında Bomarşenin veridiyi geniş məlumatı ixtisar etmək cəsarətində bulunmuşdur.

Bütün bu kimi incələmə və təhlillərlə yaxından tanışlıq göstərir ki, C.Cabbarlı səhnə əsərlərinin tərcüməsi zamanı ilk növbədə mövcud tamaşanın və tamaşaçının mənafeyinə xidmət göstərməyi, zövqlərin və dünyagörüşlərin inkişafına təsir etməyi qarşısına məqsəd qoymuş, tərcümə etdiyi əsəri xalqımızın malına, mənəvi sərvətinə çevirməyi bacarmışdır.

Cəfər Cabbarlı yaradıcılığı sahəsində tanınmış mütəxəssis A.Rüstəmlinin araşdırmalarından görkəmli dramaturqun yalnız bədii əsərləri deyil, həm də ictimai-siyasi mövzuda olan əsərləri Azərbaycan türkcəsinə çevirdiyi bəlli olur. Söhbət 1926-cı ildə “Bakı işçisi” nəşriyyatı tərəfindən çap olunmuşİran istiqlaliyyət mübarizəsi uğrunda” adlı kitabdan gedir. C.Cabbarlının ilk tərcümə kitabı olan, adı elmi mənbələrdə xatırlanmayan, hətta böyük sənətkarın biblioqrafik göstəricilərinə salınmayan bu kitaba M.P.Pavloviçinİranda siyasi mübarizə” və S. İranskininİranda milli azadlıq hərəkatının yolları” adlı əsərləri daxildir.

Bilirik ki, C. Cabbarlının 1925-ci ilədək İranın ictimai-siyasi həyatı, Rza şah və Əhməd xandan bəhs edən silsilə satirik feleyton və şerləri “Molla Nəsrəddin ” və b. mətbuat orqanlarında çap olunmuşdur. O dövrdə çox geniş yayılmış, dillər əzbəri olmuş “Məhkum şərqə” şerini də xatırlatmaq kifayətdir. Görkəmli sənətkarın həm bədii, həm də tərcümə yaradıcılığında İran mövzusunun əsas yerlərdən birini tutmasının tədqiqatçı, haqlı olaraq, müəllifin şəxsi təşəbbüsü və milli təəssübkeşliyindən qaynaqlandığını irəli sürür. A.Rüstəmlinin fikrincə, Səttar xanın rəhbərlik etdiyi milli-azadlıq hərəkatı Məşrutə inqilabının geniş təhlil edildiyi bu kitabın seçilməsi, keyfiyyət və sürətlə çevrilməsində parçalanmış və işğal edilmiş Azərbaycanın dünəninə, ağrılarına diqqəti yönəltmək tərcüməçinin başlıca məqsədi olmuşdur.

İranda milli-azadlıq hərəkatının yolları”adlı əsərin II hissəsində isə Ş.M.Xiyabani hərəkatının inkişaf və tənəzzül mərhələləri təhlil edilir, Azərbaycan xalqının keçmişinə və bugününə işıq salınır. Sovet hakimiyyətinin sonrakı dönəmlərində bu əsərin təbliği və tədrisinin dayandırılmasını, geniş oxucu kütləsinin bu elmi-tədqiqat əsəri ilə təmaslarının məhdudlaşdırılmasını Cabbarlışünas alim bu əsərin məhz Azərbaycan xalqının milli-azadlıq mübarizəsiylə sıx bağl olmasıyla əlaqəli izah edir.

Bəzi mənbələrdə tərcümə kimi qeyd olunan, əslində isə, A.Rüstəmlinin dəqiqləşdirdiyi kimi L.N. Tolstiyun “Hacı Muradpovestinin C.Cabbarlı tərəfindən təbdili də kitabda ğeniş elmi təhlilə cəlb olunur. Qafqaz xalqlarının rus imperiyasına qarşı milli-azadlıq mübarizəsindən bəhs edən bu əsəri Cabbarlının təbdil etməsi təsadüfi deyildi. Böyük rus yazıçısının anadan olmasının 100 illiyilə bağlı “Uşaqlıq” əsərini Azərbaycan dilinə tərcümə edib, 1928-ci ildə Bakıda çap etdirən Cəfərin məşhur “Hacı Muradpovestinin təbdilini tədqiqatçı, tamamilə yeni pyes kimi dəyərləndirir. Əsərin sovetlər dönəmində heç vaxt çap olunmadığını, tədqiqatdan kənarda qaldığını, hətta C.Cabbarlının biblioqrafiyasına da salınmadığını, pyesi 2008-ci ildə ərəb qrafikasından latın əlifbasına çevirərək, ilk dəfə nəşr etdirən BDU-nun dosenti Fikrət Rzayevin müstəqil yaradıcılıq işi olan təbdili tərcümə adlandırmaqla C.Cabbarlının müəlliflik hüququ üzərinə kölgə salmasını təəssüflə qeyd edir. Ədəbiyyatşünas alimin sözləriylə desək, Şeyx Şamili və Hacı Muradı sovet dövründə ilk dəfə bədii ədəbiyyata gətirən böyük dramaturqumuz C.Cabbarlı “Hacı Muradpovestinin mövzusu əsasında yeni pyes yaratmış, prozanın emosional-psixoloji ruhuna dinamik elementlər əlavə edərək, səhnə müstəvisinə gətirmiş, həmişə olduğu kimi, sərbəst yaradıcılıq üsuluna üstünlük vermiş, mahnı mətnləri artırmış, hətta müəllifi qraf L.N.Tolstoyu obraz kimi əsərə daxil etmişdir.

Tədqiqatçı alimin C.Cabbarlının həyatı, mühiti və yaradıcılıq axtarışları sahəsində araşdırmalarından yazıçının uzun illər işlədiyi “Kommunist” qəzetində işdən çıxarılması, əsərləri üzərində senzura və ədəbi məhkəmələrin təşkili və müxtəlif növ təzyiqlərin güclənməsində məhz “Hacı Muradpyesinin təbdilinin də rolu bəlli olur. Bütün bunları izləyincə müəllifin, sonralar Azərbaycan xalqının böyük filosofu H.Hüseynovun “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” əsərində Şeyx Şamilə və onun rəhbərlik etdiyi azadlıq hərəkatına elmi bəraət verdiyinə görə üzləşdiyi faciələrin C.Cabbarlıdan başlandığını deməsi inandırıcı səslənir.

Tədqiqatçı A.Rüstəmlinin C.Cabbarlının məşhur “Rövşən bəy - Koroğlunun atlanışı” şeiri haqqında araşdırmaları da maraq doğurur. Özününqeyd etdiyi kimi, 1938-ci ildən 1969-cu ilədək ədibin nəşr olunan bütün kitablarında orijinal əsər kimi yer alan bu şeir H.U.Lonqfellonun məşhur şərqşünas A. Xodzkonun ingilis dilinə tərcüməsində “Koroğlueposundan təsirlənərək, yazdığı 109 misralıq şeirin ingiliscədən tərcüməsidir. Kitabı oxuduqca Amerika əsilli ingilis şairi, yazıçı və folklorşunası H.U.Lonqfellonun (1807-1882) Azərbaycan xalq qəhrəmanının cəsurluğundan, igidliyindən vəcdə gəldiyinin və bu şeri heyranlıqla yazdığının şahidi oluruq. “Koroğlunun ingiliscə tərcüməsinin 1842-ci ildə Londonda nəşr olunması və Avropada geniş şöhrət qazanması daha çox folklorepos yaradıcılığına meylli Lonqfellonun diqqətini cəlb etməsi təsadüfü deyildi. Məşhur “Hayavat haqqında nəğmə” müəllifi dastanın üçüncü məclisinin təsiri altında olduqca maraqlı, orijinal və möhtəşəm lövhələrlə süslənmiş bir şeir örnəyi yaratmış, qoşmalardakı fikirləri, hətta “hey” rədifini mənzuməsinə salmış, dastanın özünəməxsus gözəlliklərinə heyranlığını gizlədə bilməmişdir. Görünür məhz bu heyranlıq və möhtəşəmliyin ingiliscə təsviri C.Cabbarlının diqqətini çəkmiş, bu şeiri yüksək poetik səviyyədə tərcümə etmiş, xalq yaradacılığının özünəməxsus cizgilərini, milli koloritini, qəhrəmanlıq pafosunu məharətlə qoruyub, saxlaya bilmişdir.

Tədqiqatçının qeyd etdiyi kimi C.Cabbarlının dünya ədəbiyyatı klassiklərindən C.Uelsin “Yeraltı dünya”, F.DüseninTamilla”, N.Qoqolun “Müfəttiş”, L.TolstoyunCocuqluq”, A.AfinogenovunQorxu”, L.Slavinin “Müdafiə”, M.Qorkinin “Üzügülər”, F.QladkovunSement” və b. tərcümələri də məlumdur. Bütün bunlar C.Cabbarlının tərcümə sənətinə nə qədər önəm verdiyini göstərməklə yanaşı, “müsbət yaradıcı yenilikləri ilə tərcümə tariximizi, mədəniyyətimizi zənginləşdirdiyini, tamaşaçı zövqünün, oxucu dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərdiyini” bir daha sübut edir.

Kitaba ön söz yazan professor Aida Feyzullayevanın də qeyd etdiyi kimi C.Cabbarlının tərcümə prinsiplərindən səmərəli istifadəsini və ümumən tərcüməçilik məktəbinin varlığını, tarixi inkişafını ilk dəfə sistemli şəkildə öyrənən tədqiqatçının, böyük dramaturqun tərcümə yaradıcılığını “xalqımızın milli mədəniyyəti üçün əvəzsiz mənəvi sərvət” kimi dəyərləndirməkdə nə qədər haqlıdır.

 

 

Zəkulla BAYRAMLI,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2011.- 30 noyabr.- S.7.